Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:36

İnternetə ikili yanaşma


Foto: Arxiv
Foto: Arxiv
-
2013-cü ilin ilk 2 ayı geridə qaldı. Azərbaycanda ötən iki ayda azı 4 dəfə internet azadlığı, internetin tənzimlənməsi və məhdudlaşdırılması kimi fikirlər səsləndi.

İlk təklif yanvarın 10-da Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlidən gəldi. O, internet televiziyalarının lisenziyasız fəaliyyətini rəsmi icazə alan digər telekanallara haqsızlıq saydı. Üstəlik, internet TV-lərinin lisenziyalaşdırılma zərurətini dilə gətirdi və bunu onların fəaliyyətini tənzimləmə mexanizminin olmaması ilə əsaslandırdı.

İNTERNETDƏ QANUNİ MƏSULİYYƏT MÜHİTİ

Başqa bir şura, bu dəfə Mətbuat Şurası təklif yox, real əmələ üstünlük verərək xəbər saytları və portallarla bağlı komissiya yaratdı. Komissiyanın sədri Elnur Baimov özlərinin tanıtma toplantısındaca internet mediasında da qanuni məsuliyyət mühitinin artırılmasını vurğuladı. İnternetlə bağlı növbəti fikir nə təklif, nə də məsuliyyət – birbaşa məhdudiyyət sayıla bilər.

Milli Məclisin üzvü Hadı Rəcəbli bir başqa məsələdən – uşaqların internetdən istifadəsinin məhdudlaşdırılmasından söz açdı. O, bəzən azyaşlıların internetdə heç böyük adamların baxması düzgün sayılmayan görüntüləri izləməsinin ziyanından danışdı. Beləcə, Ümumdünya Elektron Şəbəkəsinin tənzimlənməsində daha bir məhdudiyyətə yaşıl işıq yandırmağa cəhd göstərildi. Deputat sözlərinə onu da əlavə etdi ki, Rusiya da daxil, bəzi ölkələrdə belə məhdudiyyətlər artıq qüvvəyə minib.

Sonuncu təklif deputat Fəzail Ağamalıdan gəldi. O, Azərbaycanda sosial şəbəkələrə, özəlliklə «Facebook»a nəzarət olunması zərurətini dilə gətirdi. Fikirlərini də bununla əsaslandırdı ki, son zamanlar Bakıda keçirilən etiraz aksiyaları məhz «Facebook»da təşkil olunur:
Fəzail Ağamalı
Fəzail Ağamalı
«Azərbaycanda «Facebook» təhlükəsi var. Orada ayrı-ayrı mərkəzlərdən siyasi xarakter daşıyan çağırışlar var. ​Bu çağırışların ətrafında toplaşan və idarəolunmaz vəziyyətə gətirib çıxara biləcək insanlar var. «Facebook»da müəyyən profilaktik işlər görülməsə, məhdudiyyətlər tətbiq edilməsə, Azərbaycanı qarşısıalınmaz fəlakətlərə gətirib çıxara bilər».

Yanvarın 12-də və martın 10-da Bakıda «Əsgər ölümünə son» tələbi ilə etiraz aksiyaları keçirilmişdi. Aksiyaların təşkili haqda ilkin təkliflər də elə «Facebook»da səsləndirilmişdi.

Fəzail Ağamalı «Facebook»a məhdudiyyətlərlə yanaşı, həm də Müdafiə Nazirliyi əməkdaşlarının sosial şəbəkələrdə insanların suallarını cavablandırıb, onları narahat edən məsələləri aydınlaşdırmasını da təklif edir.

HAKİMİYYƏTİN SEÇKİÖNCƏSİ İNTERNET PLANLARI

«Bütün bunlar eyni məqsədi güdür: Azərbaycanda ifadə azadlığına, qismən də olsa, təminat verilən bir məkanı – interneti seçkiöncəsi şəraitdə hakimiyyətin nəzarətində saxlamaq».

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov belə düşünür. O, internetə dair ard-arda müxtəlif səviyyələrdə səslənən fikirləri hakimiyyətin həmin niyyətinin göstəricisi sayır:
Emin Hüseynov
Emin Hüseynov
«Rusiya, Belarus, Qazaxıstan kimi ölkələrdə internet məhdudlaşdırılıb və hakimiyyətin nəzarətinə verilib. Bu barədə səslənən fikirlər göstərir ki, Azərbaycan hakimiyyəti də seçkiöncəsini gözə alaraq interneti məhdudlaşdırmaq üçün planlar qurur».

«BU, İNTERNETİN SENZURASIDIR»

Azərbaycanın təhsil ocaqlarında azı 10 min sayta giriş məhdudlaşdırılıb. Bundan başqa, uşaqların tərbiyəsi baxımından erotik, porno və digər təhlükəli saytlara girişi məhdudlaşdırmaq üçün xüsusi süzgəc paketindən yararlanmaq və beləcə, bənzər saytlara girişi əngəlləmək də olar. İstər-istəməz, bir sual ortaya çıxır: Azyaşlıları sözügedən saytlardan qorumağın belə asan yolları varkən, ayrıca qanuna nə ehtiyac?

Suala cavablayan media hüququ eksperti Ələsgər Məmmədli ayrıca qanun söhbətini fərqli ad altında hakimiyyətin bütövlükdə interneti məhdudlaşdırmaq cəhdi sayır:

«Adını uşaqları, qadınları, yaşlıları qorumaq qoymaq, yəni istənilən adda bəhanə uydurmaq olar. Amma uydurulan bəhanə hüquqların özünə sayğısızlığa yönəlməməlidir. Qanunla hər kəsin internetinə eyni senzura tətbiq olunacaq. Onlar bəlli sayda, bəlli məzmunda informasiyaları görə,
Ələsgər Məmmədli
Ələsgər Məmmədli
oxuya biləcəklərsə, bu, internetin məhdudlaşdırılması və senzura deməkdir».

Ələsgər Məmmədlinin fikrincə, internetə çıxış informasiya azadlığının ən önəmli tərkib hissəsidir.

OİT AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ MÜRACİƏT EDİR

Fevralın 26-da Onlayn İfadə Təşəbbüsü (OİT) koalisiyası da bu barədə bəyanat yayıb. Koalisiya Azərbaycanda uşaqları zərərli məzmundan qorumaq adı ilə hakimiyyətə interneti tənzimləmək səlahiyyəti verəcək yeni qanunların qəbulundan narahatlığını dilə gətirib.

OİT təəssüflə bildirir ki, hökumət bütün bu mürtəce planları Azərbaycanda BMT-nin İnternet İdarəçiliyi Forumu (İİF) keçirildikdən sonra reallaşdırmağa başlayıb. Həmin forumla Azərbaycanı internetin inkişafında qlobal tərəfdaş kimi göstərmək istəyən hakimiyyət bu gün, əslində, internet azadlığına dair dəfələrlə səsləndirdiyi vədlərdən geri çəkildiyini göstərir.

​OİT bir daha Azərbaycan hakimiyyətinə üz tutaraq beynəlxalq öhdəliklərə əməl etməyə, internetlə bağlı dövlət siyasətini beynəlxalq hüquq normalarına uyğunlaşdırmağa və internetin ifadə azadlığı məkanı kimi qalmasını təmin etməyə çağırır.

Osman Gündüz
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti, Rabitə Nazirliyi yanında İKT ilə bağlı tədbirlər planı hazırlayan işçi komissiyasının üzvü Osman Gündüz ölkədə internetin inkişafına dair görülən işlərdən danışır. O, yada salır ki, 2013-cü il «İnternet Kommunikasiyaları İli» elan olundu. İnternet üçün ikinci şad xəbər Dövlət Neft Fondundan elektron şəbəkənin inkişafına 105 milyon manat ayrılması oldu. AİF prezidenti internetin inkişafı ilə bağlı Rabitə Nazirliyinin tədbirlər planı hazırladığını və bu planın Prezident Administrasiyasına göndəriləcəyini də diqqətə yetirir.

OSMAN GÜNDÜZ: «ANLAYA BİLMİRƏM»

Osman Gündüz hakimiyyət nümayəndələrinin bir tərəfdən internetin inkişafından, digər tərəfdən onun məhdudlaşdırılması haqda fikirlərini anlamadığını bildirir:

«Ali hakimiyyət internetin inkişafı üçün ciddi addımlar atır: vəsait ayrılır, siyasi iradə qoyulur ortalığa, «İnternet Kommunikasiya İli» elan edilir. O biri tərəfdən məmurlar «Facebook»a nəzarətdən, internet TV-lərin lisenziyalaşdırılmasından söz açır. Sanki hakimiyyətin bir liberal qanadı var ki, demokratiyanın inkişafından danışır, ikinci bir qanad da məhdudlaşdırmadan. Bunu anlaya bilmirəm. Hakimiyyətin bu məsələyə konseptual baxışı olmalıdır. Bir tərəf inkişafdan, digər tərəf məhdudiyyətlərdən danışmamalıdır. Mən düşünürəm ki, internetin məhdudlaşdırılması, tənzimlənməsi haqda söylənənlər həmin məmurların öz fikirləridir və hakimiyyətin belə bir düşüncəsi yoxdur».

Əli Əhmədov
Əli Əhmədov
Yeni Azərbaycan Partiyası sədrinin müavini, deputat Əli Əhmədov da martın 14-də bildirib ki, Azərbaycanda nə internet resurslarının, nə də «Facebook» sosial şəbəkəsinin məhdudlaşdırılması gündəmdə deyil. O, Azərbaycanda vətəndaşların internet resurslarından sərbəst istifadəsi üçün hər cür şəraitin olduğunu düşünür.

Martın 12-də Kiber Senzura ilə mübarizə günündə Sərhədsiz Reportyorlar Təşkilatı ənənəvi «İnternetin düşmənləri» siyahısını və «İnternetə nəzarət» hesabatını açıqlayıb.
İnternetin düşmənləri siyahısında 5 ölkənin – Suriya, Çin, İran, Bəhreyn və Vyetnamın adı sadalanır.

Həmin ölkələrdə qurumlar, sadəcə, internetdəki məlumatlara göz qoymur, senzura süzgəclərindən yararlanır, bağlantıları məhdudlaşdırır, internet fəallarına qarşı virus və başqa vasitələrlə mübarizə aparır, virtual məkanda fəaliyyətə görə onları real həyatda da təqib edir.
XS
SM
MD
LG