Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:32

Kipr hökuməti banklardakı əmanətlərdən vergi tələb edir


Yunan Kiprində vətəndaşlar bankomatlardan pullarını çıxarmağa çalışırlar. 17 mart 2013
Yunan Kiprində vətəndaşlar bankomatlardan pullarını çıxarmağa çalışırlar. 17 mart 2013


AĞILLARINA GƏLMƏYƏN BAŞLARINA GƏLİB

Təsəvvvür edin ki, bank hesabındızda bir qədər pulunuz var. Hökumət gəlib həmin pulun 10 faizi qədər vergi tələb edir.

Bir zamanlar sovet banklarındakı əmanətlərini büsbütün itirmiş Azərbaycan vətəndaşları bəlkə də belə vəziyyətə az təəccüblənərlər. Amma Kipr Respublikasında – yunan Kiprində vətəndaşların ağılllarına gəlməyən başlarına gəlib.

Ötən şənbə günü hökumət elan edib ki, ölkəni bürüyən maliyyə böhranına dayana bilmək üçün kimin bankda pulu varsa, vergi verməlidir. Plana görə 100 000 avroya qədər pulu olanlar onun 6.75 faizi, 100 mindən çox əmanətə sahib olanlar isə 9.9 faizi qədər vergi verməlidir.

Hökumət bu yolla 10 milyard avro əldə edərək böhran qarşısında olan bankları yenidən maliyyələşdirmək, ölkənin müflisləşərək avrozonadan qovulmasının qarşısını almağa çalışdığını deyir.

PREZİDENT QAZDAN PAY VƏD EDİR

Prezident Nicos Anastasiades şənbə günü çıxışında son çarə kimi bu ağrılı addımı atmağa məcbur qaldıqlarını deyib, planı müdafiə edib:

- Dövlət də öz öhdəliklərini qəbul edir. Qarşıdakı iki ildə əmanətlərini banklarda saxlayanlara itkilərinin əvəzində gələcəkdə ölkənin təbii qaz satışından əldə etdiyi gəlirlərdən pay veriləcək.

HAMI PULUNU BANKDAN GERİ ALMAĞA ÇALIŞIR

Amma prezidentin bircədəflik vergi adlandırdığı bu plan ölkə vətəndaşlarını əməlli-başlı qəzəbləndirib. Bu çıxışdan dərhal sonra vətəndaşlar bankomatlara axışaraq pullarını götürməyə çalışıblar. Bəzi banklar hətta buna da imkan verməyiblər.

Bazar ertəsi Yunan Kiprində banklar üçün iş günü deyil. Müşahidəçilər deyirlər ki, martın 19-da iş günü başlayan kimi adamların il işi bankdakı pulunu götürüb cibində saxlamaq olacaq. Nikosiada yaşayan bu Britaniya vətəndaşı da yerli hökuməti oğru adlandıraraq bank açılan kimi pullarını geri tələb edəcəyini deyir:

- Sabah banka gedib nəyim var, geri götürəcəm. Mən daha onlara inana bilmərəm. Bu, sadəcə oğurluqdur. Onlar mənim pulumu oğurlayırlar.

Hökumətin planının icrası üçün parlamentin də onu qəbul etməsi lazımdır. Parlamentdə məsələ martın 18-də müzakirəyə çıxarılmalı idi. Amma sonra anda müzakirə bir gün sonraya təxirə salınıb.

KİPRDƏ VERGİ QALXIR, RUSİYADA TƏLAŞ ARTIR

Plan həm də bu ölkənin banklarında pul saxlayan əcnəbilərdən vergi tutulmasını nəzərdə tutur. Ona görə də təlaşlanan təkcə bu ölkənin ölkə vətəndaşları da deyil. Rusiya prezidenti Vladimir Putin yunan Kiprinin əmanətlərdən vergi tutumaq planlarını “ədalətsiz, qeyri-peşəkar və təhlükəli” addım adlandırıb.

Moods reytinq agentliyinin məlumatı doğrudursa, Rusiya prezidentinin narahatlığa əsası da var. Agentliyin hesablamalarına görə 2012-ci ilin sonunda Rusiya bankları və şirkətlərinin Kipr banklarında 30 milyard dollardan çox pulu olub.

OFŞORDAKI PULLARA TƏHLÜKƏ?

Kipr Respublikasi beynəlxalq iqtisadi əməliyyatlarda ofşor zona şərtləri ilə tanınır. Ona görə öz ölkəsində vergi ödəmək istəməyən, yaxud biznesini gizlətməyə çalışanlar adətən belə ofşor zonalara üz tuturlar. Yeri gəlmişkən, Azərbaycanda da biznesini gizlətməyə çalışan varlı məmurlar haqqında tez-tez mediada məlumatlar səslənir. Amma onları da yunan Kiprində nə qədər pulları olması barədə hələlik məlumatsızıq.

Moskvadakı Kornegi mərkəzinin siyasi təhlilçisi Nikolay Petrov isə hesab edir ki, əslində yunan Kiprinin indiki vəziyyəti kremlin əlinə oynayır:

- Belə vəziyyətdə pulları Kipr banklarında saxlamaq mənasız və az gəlirli ola bilər. Bu da Putinin bir qədər əvvəl irəli sürdüyü “ofşorsuzlaşdırma” siyasətinə əl verir.

Eyni zamanda Rusiya borc vermək üçün öz vətəndaşlarının Kipr banklarındakı əmanətləri haqqında məlumat tələb edə bilər. Belə məlumatlar “ofşorsuzlaşdırma” siyasəti aparan Kremlə çox lazımdır.

Hələlik 56 üzvü olan yunan Kipri parlamentinin nə qədər verəcəyini müşahidəçilər bəri başdan söyləməyə çətinlik çəkirlər. Amma ölkə vətəndaşlarının martın 19-u səhər tezdən bankların qarşısını kəsib pullarını tələb edəcəyini çoxları əminliklə söyləyirlər.

BRÜSSEL AVROPALILARI TƏLAŞLANMAMAĞA ÇAĞIRIR

Son bir neçə ildə avro pul vahidini işlədən İspaniya, İtaliya kimi başqa ölkələri də banklarında ciddi böhran olduğunu bildiriblər.

Avropa Birliyinin rəsmiləri isə öz vətəndaşlarını sakit olmağa çağırırlar. Brüssel məmurları deyirlər ki, əhalisinin sayı bir milyona çatmayan bu ölkənin əmanətlərə vergi tətbiq etmək planları maliyyə çətinliyində olan başqa iri avrozona ölkələrinə örnək ola bilməz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG