Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:52

Avroya müharibə elan edən partiya yarandı


Professor Bernd Lucke, anti-avro partiyasının yaradıcılarından biri yeni qurumu təqdim edir

Professor Bernd Lucke, anti-avro partiyasının yaradıcılarından biri yeni qurumu təqdim edir

Bu həftə Almaniyada yaradılan yeni siyasi partiyanın bircə əsas məqsədi var – o, avroya siyasi üsyan edir və avroya müharibə elan edir.

Partiyanı yaradan təşəbbüs qrupu yüksək səviyyəli iqtisadçılardan və akademiklərdən ibarətdir. Onlar avrodan təəsüflərini bildirirlər və milli pullara qayıtmağa və yaxud bir neçə güclü ölkəni birləşdirən pul birliyinə çağırırlar.

Hazırda avro məkanına 17 ölkə daxildir. Təkcə Avropada avrodan gündə 334 milyon adam istifadə edir.
Almaniyanın yeni siyasi partiyasını yaradanlar isə təklif edirlər ki, vahid pul birliyini Avropanın sağlam iqtisadiyyatlı ölkələri ilə yaratmaq lazımdır, məsələn, Almaniya bu birliyi Avstriya, Finlyandiya və Niderlandla yarada bilər.

Yeni partiyanı yaradanlar Almaniyanın aparıcı iqtisadçılarıdır. Onlar hesab edirlər ki, heç bir ölkə digər ölkənin borcunu öz üzərinə götürə bilməz və Avropa Sabitlik Mexanizmi adlı fond buraxılmalıdır.

Xatırladaq ki, Yunanıstanın borcunun çox hissəsini Almaniya öz üzərinə götürür, həmin sabitlik fondunun isə
27 faizini tək Almaniya verir.

"ALMANİYA ÜÇÜN ALETERNATİV"

Yeni siyasi partiya formal olaraq aprelin ortalarında qeydiyyatdan keçəcək və adı “Almaniya üçün Alternativ” olacaq. Təşkilatın sözşüsü Frauke Petry deyir ki, bu təşkilat avronun əleyhinədir, Avropanın əleyhinə deyil:

“Avro özünün indiki formasında Avropaya ziyan vurur. Rəqabət qabiliyyətyi ölkədən-ölkəyə fərqlidir, məsələn, Yunanıstan və Portuqaliya kimi zəif ölkələr məcbur olub, sərt sosial tədbirlər görürlər, bu da gənclər arasında yüksək işsizliyə gətirir. Hər bir ölkənin avronu tərk etmək haqqı olmalıdır”.

Avronu tərk etmək avrozonada, o cümlədən Almaniyada yeni ideya deyil. Bir vaxtlar avronun böyük təşəbbüskarı olan almanlar indi avronu qorumağın xərclərindən getdikcə daha çox narahat olurlar.

SORĞU

ZDF televiziyasının bu yaxınlarda keçirdiyi sorğuda respondentlərin 50 faizi hesab edir ki, onların ölkəsi üçün avrosuz daha yaxşı olardı.

“Focus” jurnalının sorğusunda almaniyalı seçicilərin 25 faizi deyir ki, onlar avrozonadan çıxmağı təklif edən partiyaya səs verərdilər.

Frauke Petry deyir ki, “Almaniya üçün Alternativ” siyasi partiyası bu əhvaldan yaranır.
“Almanlar küçələrə çıxmırlar, çünki Almaniyanın əmək bazarında vəziyyət sakitdir. Almanlar nəyin bahasına olursa, olsun etiraz etməyi xoşlamırlar, onlar çox intizamlı və çox səbirlidirlər. Ancaq biz hər gün minlərlə mesaj alırıq. Orda insanlar deyirlər, axır ki, bu məsələlərdən danışlmağa başladı. Bu məsələlər isə siyasi tabuya çevrilib. Biz hiss edirik ki, əhalinin damarını tutduq”.

O da maraqlıdır ki, yeni siyasi partiyanın üzvlərinin çoxu kansler Angela Merkelin Xristian Demokratik Birliyinin (XDB) üzvləri olublar, hökumətin avro böhranı ilə davranışına etiraz olaraq bu birliyi tərk ediblər.

“Almaniya üçün Alternativ”i yaradan Bernd Lucke iqtisadiyyat professorudur, Dünya Bankının keçmiş müşaviridir. O, 33 il üzv olduğu XDB-ni 2011-ci ildə tərk etdi.

Partiyanın ən tanınmış tərəfdarı Hans Olaf Henkeldir. O, Almaniya Sənayelər Federasiyasının keçmiş prezidentidir. Avronun ən qatı əleyhdarıdır.

"AVRODAN ÇIXMAĞIN FAYDASI YOXDUR"

Ancaq avrodan çıxmağı təhlükəli hesab edən tanınmış alman iqtisadçıları da var. Bremen Universitetində Əmək və İqtisadiyyat İnstitutunun keçmiş rəhbəri Rudolf Hickel deyir ki, avrodan çıxmaq təklifinin faydası yoxdur və bu, hətta təhlükəli ola bilər:

“Mən müəllifləri yaxşı tanıyıram. Onlar Avropaya sadiqliyə iddialıdırlar. Ancaq onların partiyasının millətçi xüsusiyyətləri var. Məni ən çox əsəbiləşdirən Döyçmarkın qızıl günlərini, mən hətta ziddiyətli ifadə işlədim- Döyçmark imperializmini çağırmaqdır. Bu yeni millətçilikdir, anti-Avropa siyasətidir, qabağa baxmaq əvəzinə geri dartmaqdır”.
Hickelin fikrincə, sentybardakı parlament seçkilərində bu partiyanın şansı yoxdur.

Ancaq son vaxtlar Merkelin hakim koalisiyası Almaniyanın müxtəlif yerlərində seçkilərdə ağır məğlubiyyətə uğrayır və bunun əsas səbəblərindən biri hökumətin məhz avrozonadakı böhranla mübarizə üçün büdcə intizamı, qənaət tədbirləridir.
XS
SM
MD
LG