Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 17:11

Bakı Bulvarında sərbəst bazar aldanışı


Bulvarda attraksion
Bulvarda attraksion
-
«Bulvarda qiymətlər çox bahadır. Xüsusən, attraksion və yelləncəklərin qiyməti. Çalışırıq, heç olmasa, ayda bir dəfə uşaqları bura gətirək. Onlara qalsa, hər gün gələrlər...».

Sevil Nəsirova sözünü tamamlaya bilmir. 3 yaşlı oğlu əlindən dartaraq, onu maşına mindirməsini istəyir. Bu əyləncənin 3 dəqiqəsinə 2 manat ödəyən ana söhbətinə davam edir:

«Uşaqların oynamaqdan gözü doymur. Ən çoxu 3, ya da 4 oyuna imkanımız çatır. Bundan çox olsa, evə qayıtmağa cibimizdə yolpulu tapılmaz. Uşağın gözü arxada qala-qala, birtəhər evə aparırıq».

«BİZİ YALNIZ BÖYÜK UŞAQLAR ANLAYIR»

Bakı Bulvarında hər cür attraksion var: sehrli aləm, gülən güzgülər otağı, qorxu evi, adi və fırlanan yelləncəklər və daha nələr göz oxşayır. Necə deyərlər, ürəyin istəyəni seç... İstəyirsən lap ata min çap... Təkcə bir şey qan qaraldır – qiymətlərin od tutub yanması:

– Qiymətlər bizi qane etmir. Uşaqlar nə görür, minmək istəyir. Cibimizdəki pul, olsa-olsa, 1-2 əyləncəyə çatır. Təsəvvür edin, 3 uşağı bir yelləncəyə mindirsən, demək, 6 manatın getdi. 3-cə dəqiqəyə çatır bu 6 manat. Uzaqbaşı, ikinci yelləncəkdə də oynarlar. Vəssalam...

– Uşağı bura gətirməmək də olmur. Gətirəndə də başa sala bilmirik ki, ay uşaq, mənim pulum yoxdur səni bunlara mindirməyə...
Bulvar - 1 mart 2013
Bulvar - 1 mart 2013

– Yalnız böyük uşaqlar bizi anlayır, sözümüzə baxırlar. Amma hiss edirsən ki, onların da gözü qalır yelləncəklərdə...

«GƏRƏK MAAŞIN 1500-2000 MANAT OLA Kİ...»

Bakı Bulvarında 2 manatdan başlayan qiymətlər 10 manatacan dəyişir. Buraya gələn paytaxt sakini Gültəkin Əhmədova dövlət qurumunda çalışır. Harada işlədiyini açıqlamasa da, deyir digər dövlət qurumları ilə müqayisədə onun aylıq əməkhaqqı yaxşıdır – 350 manat. Evə əsas qazancı həyat yoldaşı gətirir. Gültəkin Əhmədova çoxundan yaxşı, orta səviyyədə yaşadıqlarını deyir. Amma əlavə edir ki, bulvardakı qiymətlər onların da imkanı xaricindədir:

«Büdcəmizə uyğun deyil. Hər yerdə 50 qəpik olan meyvə şirəsi burada 1 manatdır. Attraksionların qiyməti isə heç danışılası deyil. 3 dəqiqə maşın sürmək 3 manat. Qiymətlər çox bahadır. Gərək ən azı aylıq gəlirin 1500-2000 manat ola ki, uşağı rahatlıqla bura gətirə biləsən. Yoxsa, bizim maaşla mümkün deyil».

QİYMƏTLƏR 30-50 QƏPİK BAHADIR

Attraksionlara bilet satışı üçün kassaya yaxınlaşırıq. Qiymətlərlə bağlı sualları ancaq Bulvar İdarəsindən soruşmağı tövsiyə edirlər. Meyvə şirəsi, dondurma və s. satılan iaşə köşklərində də qiymətlər adi mağazalardan 30-50 qəpik bahadır. Səbəbini soruşduqda deyirlər ki,
Nazim Məcidov
Nazim Məcidov
onlar aylıq maaşlarını alırlar və nəyin neçəyə satılmasının onlara heç bir aidiyyəti yoxdur:

«Qiymətlərdə elə böyük fərq yoxdur – 20-30 qəpik fərq ola-olmaya. Bu qiymətləri Bulvar İdarəsi qoyub. Biz yalnız satıcıyıq, aylıq maaşımızı alıb malı satırıq».

Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, burada qiymətləri bazar müəyyənləşdirir. O, süni qiymət artımı istisna edilməklə, digər hallarda qiymət məsələsinə hər hansı nəzarətlərinin olmadığını bildirir. Sözlərinə onu da əlavə edir ki, qiymətlərin baha olması iddiasında olanlar ayda bir dəfə pulsuz xidmətdən yararlana bilərlər. Bulvar İdarəsi sahibkarlarla razılığa gəlib ki, uşaqlar ayda bir dəfə günboyu buradakı əyləncələri pulsuz dada bilərlər:

«Azərbaycanda bazar iqtisadiyyatıdır, qiymətləri də bazar tənzimləyir. Yeyinti məhsulları, eləcə də attraksion və yelləncəklərə qiymətlər sahibkar tərəfindən bazara uyğun qoyulur. Bulvar İdarəsinin qiymətlərə heç bir aidiyyəti yoxdur».

«SİZ NƏ MÜFƏTTİŞSİNİZ, NƏ DƏ KOMİSSİYA»

Nazim Məcidov qiymətləri məhz Bulvar İdarəsinin müəyyənləşdirməsi barədə bəzi satıcıların fikirlərinə də münasibət bildirərək, onlarla üzləşdirilmək istədi. «Bəlkə bulvarda yerhaqqı yüksəkdir deyə,
Bulvarda qiymətlər
Bulvarda qiymətlər
qiymətlər yüksəkdir» sualını rəis müavini belə cavabladı:

- Şəhərin mərkəzində, elə digər yerlərdə də qiymətlərlə maraqlanın. Kafe və restoranlardakı qiymətləri öyrənin, sonra bulvardakı qiymətlərlə tutuşdurun. Görəcəksiniz ki, bulvarda çay da, yemək də digər mərkəzi yerlərlə müqayisədə daha ucuzdur. Attraksion və yelləncəklərə gəlincə, onların qiyməti rəqabətlə bağlıdır. Bu qədər yelləncək təkcə bulvardadır, axı. Başqa yerdə olmadığı üçün və rəqabət yoxdur deyə, qiymətlər belədir.

- Nazim müəllim, bulvarda təxminən 1 kvadratmetrlik yer götürmək üçün nə qədər pul ödəmək lazımdır?

- Siz nə müfəttişsiniz, nə də komissiya. Hələ mənə çox sağ ol deyin ki, suallarınızı belə səbirlə cavablandırıram. Bütün dünyadan gələnlər bizim bulvarın gözəlliyindən danışır, amma bəziləri burada problem axtarır.
«BULVARDA QİYMƏTLƏR İNHİSARÇILARIN DİKTƏSİ İLƏ MÜƏYYƏNLƏŞİR»

Natiq Cəfərli
Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, bulvarda qiymətlər bazarın tələbatı ilə deyil, inhisarçıların diktəsi ilə müəyyənləşdirilir. O, bu qənaətini rəqabət mühitində qiymətlərin belə kəskin fərqlə satılmasının mümkünsüzlüyü ilə əsaslandırır:

«Bulvarda müxtəlif sahibkarların xidmət göstərməsi haqda fikirlər, sadəcə, aldanışdır, görüntüdür. Reallıq tam fərqlidir. Burada hətta dondurma satışına qoşula bilməzsən. Qıraqdan bir nəfərə də bulvarda ticarətlə məşğul olmağa, xidmət göstərməyə imkan verməzlər. Beləcə, rəqabət olmadığı üçün qiymətlər qeyri-leqal şəkildə və bir nöqtədən yönəldilməklə müəyyənləşdirilir. Bütün bulvar ərazisi bir idarənin nəzarətindədir. Qiymətlər də onların istədiyi kimidir».
XS
SM
MD
LG