Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:46

Bulvarda velosiped sürməyin 10 şərti [Video]


Bulvarda velosiped sürməyin şərtləri
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

Bulvarda velosiped sürməyin şərtləri

-
- İcarəyə götürmüsünüz?

- Bəli.

- Necədir?

- Yaxşıdır.

- Bəs qiyməti?

- Saatı 2 manatdır.

Ruslan Əzizov iyunun 1-dən fəaliyyətə başlayan veloparkdan bundan əvvəl də bir neçə dəfə velosiped götürdüyünü deyib.

İyunun 1-dən fəaliyyətə başlayan velopark «Eurovision» mahnı yarışmasının keçirildiyi «Crystal Hall»dan bir qədər aralı, «Əl Oyunları Sarayının» arxasında yerləşir.

1-Cİ SAATI 2 MANAT, 2-Cİ SAATI İSƏ 1 MANAT

\
\
İcarədar Ceyhun Məmmədov deyir ki, parkda 84 velosiped olmasına baxmayaraq bəzən uzun-uzadı növbələr də olur. Onun dediyinə görə, yerli sakinlər velosipedləri daha çox bir neçə saatlığa, əcnəbilər isə sutkalıq icarəyə üstünlük verirlər. Həmsöhbətim bunu sutkalıq icarə qiymətinin ucuz olması ilə izah edir:

«Velosipedin 1 saatlıq icarəsi 1-ci saat üçün 2 manat, növbəti saatlar 1 manatdan hesablanır».

Velosipedləri bir və ya bir neçə günlük götürmək istəyənlər isə gününə 8 manat ödəməlidir.

BULVARDA VELOSİPED SÜRMƏYİN 10 ŞƏRTİ

Velosiped adamlara 10 şərtlə verilir. Birinci şərt odur ki, üstündə şəxsiyyəti təsdiq edən sənəd olmalıdır. Bu olmadısa heç kimə velosiped verilmir.

Elə mən ərazidə çəkiliş aparanda bir gənc oğlanla qız velosiped götürmək üçün şərtləri imzalamaq istəyəndə onların üzərində heç bir sənəd olmadığı üzə çıxdı. Bu səbəbdən də onların kassaya ödədiyi pul geri qaytarıldı.

- Mən velosiped idmanı ilə məşğul oluram və bura tez-tez gəlirəm...

- Bəs niyə sizə velosiped verilmədi?

- Üstümüzdə sənədimiz yox idi.

BİR VELOSİPED VƏ BİR MÜŞTƏRİ AXTARIŞA VERİLİB

İcarədar Ceyhun Məmmədov deyir velosipedi icarəyə verəndə şəxsiyyət vəsiqəsinin rekvizitləri icarə müqaviləsinə yazılır, bəzən tərəddüd etdikləri adamların sənədləri də girov kimi saxlanılır, əlaqə telefonları götürülür.

Söhbətimizə qoşulan digər velopark işçisi artıq bir nəfərin velosipedi götürüb aradan çıxdığını bildirdi:

«Bizdə bir şəxsiyyət vəsiqəsi var. Bir velosiped də yoxdur. Biz artıq onunla bağlı polisə məlumat vermişik ki, məsələ araşdırılsın».

VELOSİPED SÜRMƏYİN ƏN BAHALI ŞƏRTİ

Tərəflər arasında imzalanan 10 bəndlik icarə şərtlərinin 9-cu bəndinə görə, Yeni Bulvardakı piyada zolağında hərəkətə görə 20 manat cərimə nəzərdə tutulur. 10-cu bənd isə velosipedin Köhnə bulvarda hərəkətinə qadağa qoyur. Bu qadağanı pozanları da 20 manat cərimə gözləyir. Şərtlərlə tanış olan müştəri daha sonra velosipedi götürüb Yeni Bulvar ərazisində sürməyə başlayır. Pul velotur bitəndən sonra ödənilir. Əzilən və xarab olan hissənin xərci də müştərinin boynunadır.

Velopark işçisi: «Ayrı-ayrı hissələrin əzilməsinə görə 20 manat, əgər velosiped əzilib tam yararsız hala düşərsə, müştəri 700 manat ödəməlidir».

«ƏSAS ODUR Kİ, VELOSİPED ƏZİLMƏYİB»

Velosiped turunu başa vurub parka gələn Vüqar parka dönəndə yıxılıb qolunu əzmişdi. Amma zarafatla «mənim əzilməyim problem deyil, əsas odur ki, velosiped əzilməsin» deyib 1 saat əvvəl icarəyə götürdüyü velosipedi parkdakı dayanacağa yerləşdirdi.
İcarəçi Ceyhun Məmmədov bütün velosipedlərin Almaniyadan gətirildiyini deyir. Qiymətinə gəlincə, həmsöhbətim 1 velosipedin 400 avroya yaxın olduğunu bildirdi.
Yeni Bulvarda velosipedlərdən başqa 10 ədəd 3 təkərli, 3 yerlik velotaksilər də var.
«Eurovision» ərəfəsində həmin velotaksilər turistlərin xidmətində olsa da indi qeyri-müəyyən müddətə dayanıb. Çin istehsalı olan velotaksilərin bəzilərinin təkərləri artıq sıradan çıxıb. Həm akkumulyatorla, həm də pedalla hərəkətə gətirilən velotaksiləri 1 saat sürməyin qiyməti 5 manatdır. İcarədarlar burda 1-ci saatdan sonra qiymətlərdən endirim etdiklərini deyirlər. İcarəçi Ceyhun Məmmədov deyir ki, yaxın vaxtlarda həm velosipedlərin, həm də velotaksilərin sayı artırılacaq.
XS
SM
MD
LG