Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:02

Bulvarda yenə daş üzlüklər sökülür


Bir neçə il əvvəl vurulmuş daş üzlüklər sökülür
Bir neçə il əvvəl vurulmuş daş üzlüklər sökülür
-
Bu günlər texnikanın səsi Bakı Bulvarını başına götürüb. Bir neçə il əvvəl vurulmuş daş üzlüklər sökülür. Kukla Teatrı həndəvərlərinə, Saat Qülləsi çevrəsinə və tennis kortunun arxasına gedib göz gəzdirsən, eyni mənzərəni görərsən. Daş üzlükləri –döşəmə tavalarını kimi bellə söküb-çıxarır, kimi də qazıcı texnikayla. Fəhlələr işarəylə bildirirlər ki, «göstəriş yuxarıdandır».

Söküntünü izləyən bəzi sakinlər deyir ki, belə görüntülərə öyrəşiblər. Əlişir Əhmədov deyir ki, səhnə ona tanışdır:

«Bu dəqiqə Azərbaycanda təmirdən kütləvi şəkildə pul yeyilir. Mən belə fikirləşirəm ki, bu da onlardan biridir. Tək bu deyil ki. Xırdalan yolunda keçiddə mərməri sökdülər ki, bunun rəngi başqa cürdür. Başqa mərmər döşədilər. Çox mənasız şəkildə pul xərclənir. Mənə elə gəlir ki, tək səbəb büdcədən yeməkdir. Hərə də yeməyin bir üsulunu tapıb».

BƏLKƏ GEDİB ORALARI TƏMİR ETSİNLƏR?

Qurban Cəfərov deyir ki, görünən odur ki, sökülən daşlar salamatdır:

«Örtükdə problem yoxdursa, məncə, sökülməməlidir. Sökülməyə ehtiyac varsa, sökülməlidir. Bunlar salamat daşlardır».

Bu mənzərəni izləyən digər sakinlərin də öz fikri var:

- O qədər təmirə ehtiyacı olan yollar var ki, keçmək mümkün deyil. Bəlkə gedib oraları təmir eləsinlər?

Bu da son deyil. Ola bilsin, gələn qış bu işlərin müəyyən hissəsi davam etdirilsin
Bu da son deyil. Ola bilsin, gələn qış bu işlərin müəyyən hissəsi davam etdirilsin
- Dəyişməli yerlər çoxdur. O yerləri düzəltsələr, daha yaxşı olar.

- Şəhərin qonaqları burada gəzdiyinə görə bəzəyib-düzəyirlər. Amma elə küçələr var ki, sökülüb-dağılır, keçmək mümkün deyil. Güman var ki, buranı azı 15 dəfə söküb-tikəndən sonra o biri küçələrə keçərlər. Amma buna inanmıram.

- Özləri bilərlər, nə deyək...

İqtisadçı Samir Əliyev deyir ki, bu söküntülər şəhər təsərrüfatının düzgün idarə edilməməsinə misaldır:

«Böyük həcmdə neft pulları ölkə büdcəsinə daxil olur. Pulun acgözlüklə xərclənməsi prosesi gedir. Bunun kökündə idarəetmə, məmurların dövlət vəsaitlərini artıqlaması ilə xərcləməsi, xərcləri şişirdərək daha çox pul yeməsi, vəsaitlərin öz təyinatı üzrə xərclənməməsi dayanır. Nəzərə almaq lazımdır ki, xərclənən pullar vətəndaşların puludur. Bu, onu xərcləyənlərin, ya da onun üzərində sərəncam verənlərin pulu deyil. Ona görə də sərəncam verənlər insanlar qarşısında hesabat da
Nazim Məcidov
Nazim Məcidov
verməlidir».

BU DA SON DEYİL

Bakı Bulvar İdarəsi rəisinin müavini Nazim Məcidov deyir ki, bulvardakı daş üzlüklər 2008-ci ildə salınıb. İdarə son illər çoxlu ağır texnika alıb. Dövlət tədbirlərinin, bayramların, beynəlxalq tədbirlərin müəyyən hissəsi Bulvarda keçirilir. Ona görə də ağırlığa tab gətirməyən ərazilərin daş üzlükləri dəyişdirilir. Nazim Məcidov deyir ki, bunlar öncədən planlaşdırılmış işlərdir və hissə-hissə görülür:

«Ona görə də keçən ilin qış ayından başlayaraq «Azneft meydanı»ndan Kukla Teatrınadək ərazidəki daşlar dəyişdirildi. Yeniləri həmin formada olan daşlardır. Sadəcə, nisbətən ağır yükə davamlı daşlardır. İndiki də həmin prosesin davamıdır. Bu da son deyil. Ola bilsin, gələn qış bu işlərin müəyyən hissəsi davam etdirilsin. Burda gedən proseslər haqda başqa fikir söyləyən adamlar isə düz adam deyil».

Nazim Məcidov indiki təmirə sərf olunan məbləğ haqda məlumat vermədi. Bir onu dedi ki, Bulvar İdarəsinin böyük büdcəsi var. Bütün işlər də idarənin hesabına aparılır. O ki qaldı çıxarılan üzlüklərə, onlardan da bulvarın piyadalar gəzən hissəsində istifadə olunacaq.
XS
SM
MD
LG