Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:14

Xəzər TV «Həyata baxış»ı niyə bağladı?


Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı
-
«Müğənni Jennifer Lopez’i Azərbaycana gətirmək üçün çəkilən xərc ölkədə ağır vəziyyətdə yaşayan insanlara sərf edilsəydi, onların maaşları, pensiyaları qaldırılsaydı, daha yaxşı olardı. 18 ildir ki, məsələn Oğuzdakı Vidadi, «Taxta körpü»dən qovulmuş Nizami, yaxud adicə fəhlə olan Hacı Akif və digərləri –hamı pul gözləyir. O sadalanan layihələrdən, o Neft Fonduna toplanan külli miqdarda vəsaitdən hələ xalq kifayət qədər bəhrə görməyib. Ona görə də, mən digər layihələrə də şübhə ilə yanaşıram».

Bu, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlının Xəzər TV-nin «Həyata baxış» verilişində iki həftə əvvəl dedikləri idi. Bu zaman verilişin aparıcısı deyir ki, «gəlin, hər şeyi neftin ayağına bağlamayaq».

«O DƏQİQƏ VERİLİŞİ SAXLADILAR»

«Həyata baxış» verilişi canlı yayımlanırdı. Artıq veriliş bağlanıb. Bir sıra media orqanları verilişin bağlanmasını efirdə belə tənqidi fikirlərin səslənməsi ilə əlaqələndirirlər. Mirvari Qəhrəmanlı da hesab edir ki, «Həyata baxış» onun və digər həmkarlarının tənqidi fikirlərinə görə bağlanıb:

«Bu, adicə bir çıxış idi. Sadəcə olaraq konkret ünvanı var idi. Deyilənlərdən hər kəs öz payını götürdü. Yəqin ki, atılan daş çox yuxarılara dəyib. Çünki o dəqiqə verilişi saxladılar. Aparıcı çox pis vəziyyətə düşmüşdü. Özünü itirmişdi. Çünki yuxarıdan təzyiq olunurdu».

Mirvari Qəhrəmanlı verilişin vaxtından tez yekunlaşdırıldığını bildirir. Deyir, onun da 10 dəqiqəsini reklamlara sərf ediblər. Mətbuatda verilişin aparıcısı Ramal Hüseynovun da işdən kənarlaşdırılması bildirilirdi.

«DƏYİŞİKLİK YENİ MÖVSÜMLƏ BAĞLIDIR»

Xəzər TV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qulamova «Həyata baxış» verilişinin bağlandığını təsdiqləsə də, bunun efirdə hansısa tənqidi fikirlərə görə baş verdiyi barədə məlumatların əsassız olduğunu deyir. O, həmçinin verilişin aparıcısı Ramal Hüseynovun işdən kənarlaşdırılmadığını da bildirir:

«Deyilənlər əsassızdır. Sadəcə yeni mövsümlə əlaqədar olaraq «Həyata baxış» da daxil olmaqla bir neçə verilişimiz dayandırılıb. Bu da ona görədir ki, köhnə layihələr yeniləri ilə əvəzlənir. Məsələ bundan ibarətdir. Hətta mediada belə xəbərlər də yayılıb ki, guya, veriliş yarımçıq kəsilib. Amma belə deyil, istəyən proqramın video yazısını əldə edib baxa bilər. Mirvari xanım da daxil hamıya söz verilib və həmişəki qaydada sonda vidalaşma olub. Sadəcə, ondan sonra artıq bu verilişin efiri dayandırılıb. Biz yeni mövsümlə, beş illiyimizlə bağlı bəzi layihələri yeniləri ilə əvəzləyirik».

Xəzər TV-nin «Həyata baxış» verilişi
Xəzər TV-nin «Həyata baxış» verilişi
Bu günlərdə ATV-nin keçmiş əməkdaşı, xəbərlər departamentinin rəhbəri vəzifəsində çalışmış İnqilab Məmmədov Xəzər TV-də baş direktorun ictimai siyasi və xəbərlər departamenti üzrə müavini, vitse-prezident təyin edilib. Mətbuat həmin hadisənin ardınca bu təyinatın da təsadüfi olmadığını qeyd edir.

Məryəm Qulamova isə deyir ki, bu, heç də belə deyil. Sadəcə Xəzər TV-də ictimai-siyasi şöbə yaradıldığı üçün bu təyinat baş verib.

BİRBAŞA YAYIMDAN MÜMKÜN QƏDƏR AZ İSTİFADƏ

Bu günlərdə AB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Rolan Kobia deyib ki, (o, Azərbaycanda media mühitinə dair Bakıda keçirilən beynəlxalq konfransda danışıb) Azərbaycan televiziyalarında tənqid yoxdur:

«Dövlət televiziyasında görülən işlərin təriflənməsi yaxşıdır. Amma insanlar tənqid də eşitmək istəyirlər. Tənqid isə gözə dəymir».

TELEVİZİYALARA TƏZYİQİN RESEPTİ

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı hesab edir ki, Azərbaycanda efirə gedən tənqidi fikirlərə görə nəinki hansısa proqramın bağlanması və ya işçinin kənarlaşdırılması, hətta televiziya üçün bundan da ağır nəticələr mümkündür. Ona görə də, televiziyalarda elə bir ciddi özünüsenzura yaranıb ki, onlar hətta mümkün qədər birbaşa yayımdan az istifadə etməyə çalışırlar. Bunun nəticəsidir ki, Rəşid Hacılının fikrincə, bu gün təkcə dövlət televiziyasında və özəl telekanallarda deyil, hətta İctimai Televiziyada da canlı yayımlanan ictimai-siyasi mövzularda
Rəşid Hacılı
Rəşid Hacılı
tok-şoular yoxdur:

«Efirdə birbaşa yayımlanan ancaq əyləncəli verilişlərdir. Onlarla da bağlı tez-tez söz-söhbətlər yaranır. Məsələn, son belə hallardan biri ANS televiziyası ilə bağlı olub. Hətta MTRŞ ANS-lə bağlı qərar da verdi. Ümumiyyətlə, ölkədə elə bir mühit var ki, hamı çalışır əvvəlcədən hər şeyi diqqətlə ölçüb-biçsin, öz senzurasından keçirib sonra efirə buraxsın. Çünki nəyinsə kiminsə xoşuna gəlməyə biləcəyi qorxusu var. Televiziyalar hətta neytral görünə bilən mövzulara da ehtiyatla yanaşırlar».

Rəşid Hacılının fikrincə, Azərbaycanda televiziyalar tam şəkildə asılı olduqları üçün nəinki özünü senzuraya etiraz etmək gücündədirlər, hətta bu senzura barədə fikir yarada biləcək ifadələr işlətməkdən belə çəkinirlər. Ona görə də, özlərinə hansısa təzyiqlər olanda, bunu təkzib etmək məcburiyyətində qalırlar.
XS
SM
MD
LG