Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 22:05

Canlı efirdə «bostan məhsulları» ilə necə mübarizə aparmalı?


«İkinci həyat» verilişindən kadr
«İkinci həyat» verilişindən kadr
-
ANS televiziyası yeni layihəsi olan «İkinci həyat» verilişini müvəqqəti dayandırıb, yaradıcı heyəti isə işdən çıxarıb. Səbəb kimi sentyabrın 18-də canlı yayımlanan verilişdə işlədilmiş ədəbsiz ifadələr olub.

XƏBƏRDARLIQ

Sentyabrın 20-də Milli Televiziya və Radio Şurası (MTRŞ) bununla əlaqədar ANS-ə xəbərdarlıq edib.

Canlı yayım zamanı baş verən neqativ halla bağlı məsuliyyəti verilişin yaradıcı heyətimi daşıyır?

Bu sualla ANS TV-nin sədri Mais Məmmədova müraciət etdik. O isə dedi ki, ANS rəhbərliyinin yaydığı bəyanatda bununla bağlı mövqeləri açıqlanıb:

– Təqsir bizdədir. Hamısını orda yazmışıq, üzr də istəmişik.

«YARADICI HEYƏTƏ XƏBƏRDARLIQ ETDİM»

ANS-in bəyanatında deyilir ki, hər şey sentyabrın 17-si və 18-də ANS TV-nin «İkinci Həyat» verilişində baş verən hadisədən başlayıb:

«Belə ki, verilişin qonaqlarından bəziləri söz azadlığını «hər şeyə icazə olar» kimi anlayaraq özlərini Azərbaycan xalqının milli dəyərlərindən qat-qat aşağı səviyyədə aparıblar və etik normalardan uzaq ifadələrə yol veriblər.
Mir Şahin Ağayev
Mir Şahin Ağayev
Bu faktları dərhal qeydə alan Milli Televiziya və Radio Şurası ANS TV-nin Baş direktoru Mir Şahin Ağayevi quruma dəvət edib və ona rəsmi xəbərdarlığını çatdırıb».

Mir Şahin Ağayev bildirib ki, o, dərhal təcili toplantı keçirib və elan edilmiş xəbərdarlığı verilişin yaradıcı heyətinin və struktur rəhbərlərinin nəzərinə çatdırıb. Birbaşa efirdə baş vermiş bu hadisənin araşdırılması və səbəbkarların ciddi cəzalandırılması məqsədilə müvafiq tapşırıqlar verib. Deyib ki, bu hadisə təsadüfi olmaya da bilər. Mir Şahin Ağayev burada ANS TV-nin imicinə zərbə vurmaq istəyən qüvvələrin əli olmasını da istisna etmir.

«Verilişin aparıcısı və prodüserinə xəbərdarlıq elan edildi və buna görə daha diqqətli olmağı tələb etdim», - Mir Şahin Ağayev bildirib.

BƏLKƏ TƏXRİBATDIR?

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev isə hesab edir ki, efirə ciddi şəkildə hazırlanaraq həyata keçirilmiş provokasiya yol tapıb.

Zeynal Məmmədli
Zeynal Məmmədli
ANS TV-nin sədri Mais Məmmədov AzadlıqRadiosuna bildirib ki, onlar efirdə baş verənlərin təxribat olub-olmadığını araşdırırlar.

«SENZURADIR, AMMA SİYASİ DEYİL»

Media məsələləri üzrə ekspert Zeynal Məmmədli deyir ki, canlı efirdə qeyri-etik ifadələrdən istifadə edilən zaman həmin adamın sözləri kəsilməlidir:

– Situasiyanı incəliyinə qədər bilmirəm. Amma peşəkar davranış tələb edir ki, aparıcı arqo (bayağı, vulqar - red.) sözlərdən istifadə olunduğu təqdirdə efiri dayandırsın. Özü də bu barədə auditoriyaya xəbərdarlıq etməlidir ki, sonradan arqo sözlərdən yararlanan şəxsin sözünü kəsəndə, bu, senzura kimi görünməsin. Əslində bir növ senzuradır, amma siyasi senzura deyil. Siyasi senzura kimi qavranmamağı gərəkdir».

Vahid Mustafayev
Vahid Mustafayev
Zeynal Məmmədli deyir ki, Milli Teleradio Şurasının uşaqlarla, yeniyetmələrlə bağlı məsələlərə diqqət yetirməsi təqdirəlayiqdir. Amma o, ANS-in «İkinci həyat» verilişinin heyətinin yalnız canlı efirdə yaşananlara görə işdən azad olunmasını «doğru davranış» saymır.

«ANS-İN MƏSULİYYƏTİ VAR»

ANS-in yaydığı bəyanatda Vahid Mustafayev deyib ki, baş vermiş hadisəyə görə ANS əməkdaşlarının da məsuliyyəti az deyil.

«Milli Televiziya və Radio Şurasının xəbərdarlığından sonra onlar ciddi xəbərdarlıq almışdır. Lakin təkrar olunan hadisəyə görə verilişin yaradıcı heyəti tam tərkibdə işdən azad olunub, proqramın yayımı hələlik dayandırılıb. Onun formatını dəyişdirilməsi istiqamətində təkliflər hazırlamaq tapşırığı verilib. Veriliş yeni yaradıcı heyətlə davam edəcək», - deyə Vaqif Mustafayev bildirib.
XS
SM
MD
LG