Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:53

Cənnət Səlimova da serial çəkə bilər


Foto: Arxiv
Foto: Arxiv
«Ailənin qızı uşaq vaxtı qəzaya düşür. Qız sağ qalır. Amma iş ondadır ki, ana ola bilməyəcək. Qız böyüyüb, onu ərə verəndə fəndə əl atırlar. Elçi gələn oğlanın bacısını öz oğullarına alırlar...».

Deyəcəksiz, belə şey ancaq serialda baş verə bilər. Rejissor Rövşən İsax isə bu əhvalatı həyatdan götürdüyünü deyir. Və düşünüb ki, serial üçün yaxşı süjetdir. «Pərvanələr rəqsi» adlı serial maydan ATV efirində yayımlanacaq.

Filmin rejissoru Rövşən İsaxVüqar Əmirovdur. Rövşən İsax Çexovun hekayəsi əsasında 1996-cı ildə «Məmurun ölümü» adlı qısametrajlı, ötən ilsə «Aktrisa» adlı tammetrajlı film çəkib.

Rövşən İsax çəkdiyi serialın tamaşaçıya maraqlı olacağı fikrindədir:

«Əks təqdirdə biz onu niyə çəkək? Allah eləsin, zənnimizdə yanılmayaq. Mövzu bir ailə dramıdır. Maksimum çalışdıq ki, tamaşaçılar orda uydurulmuş, şişirdilmiş nəsə görməsinlər. İnandırıcı olsun istədik. Azərbaycan cəmiyyətinə yaxın hadisələrin şahidi olacaqsız. Yalançı heç nə yoxdur. İstəyir süjet baxımından, istəyir aktyor oyunu baxımdan».

Adətən tamaşaçını gərginlikdə saxlamağı sevən, intriqalara boğan ATV televiziyası, deyəsən, serial seçimində də ənənəyə sadiq qalıb.

ANS DƏ ƏNƏNƏYƏ SADİQDİR

ANS televiziyası da ənənəyə sadiqdir, yenə də müharibə, Qarabağ itkiləri haqda serial çəkir. Xocalıdan bəhs edən «Xoca» serialı. Təxminən 10 seriya olacaq. Amma efirə veriləcəyi vaxt bəlli deyil. Televiziyanın baş müşaviri Mais Məmmədli:

- Fikirləşirik. Yayda mövsüm bitir. Payızdan, Allah qoysa, efirə gedəcək.

- Növbədə başqa serial varmı?

- Bunu da fikirləşirik. Temalar qururuq, tapşırıqlar veririk. Amma hələlik heç nə deyə bilmərik. Bu, bizim kommersiya sirrimizdir.
Cənnət Səlimova
Cənnət Səlimova

CƏNNƏT SƏLİMOVA DA SERİAL ÇƏKƏ BİLƏR

«Space» televiziyası Cənnət Səlimovaya serial çəkməyi təklif edib. Bu xəbəri rejissorun özündən aldıq.

Cənnət Səlimova Gənc Tamaşaçılar Teatrının baş rejissorudur. Buna qədərsə Kamera Teatrına rəhbərlik edib. Dünya və Azərbaycan klassiklərinin əsərlərinə quruluş verib. Birdən-birə onu serial sektorunda cəlb edən nədir? Və hansı mövzuda serial çəkəcək? Teatr rejissoru üçün televiziya və serial nə qədər doğmadır? Bütün suallar cavabsız buraxıldı. Cənnət Səlimova hələlik düşündüyünü və qərar vermədiyini söylədi:

«Mən dəqiq heç nə deyə bilməyəcəm. Amma iş gedir».

«AZƏRBAYCANDA HANSI KİTAB, HANSI QƏZET OXUNURSA, O MÖVZULAR DA SERİALLARA GƏLMƏLİDİR»

Maydan Azərbaycanda xarici seriallar yayımlanmayacaq. İndi televiziyalar da dövlətin ayırdığı vəsait hesabına yerli seriallar çəkib efirə çıxarmağa çalışırlar. Necə alınır? Televiziyaşünas Elçin Əlibəyli Azərbaycan teleməkanındakı seriallara qiymət verməyə, tənqid etməyə tələsmir:

- Qoy bir çıxsınlar. Hələlik bir-ikisi çıxıb. Bütün telekanallar versin, ümumi mənzərə yaransın sonra. Mən də yazmağa hazırlaşıram bu haqda. Sifariş veriblər.

- Sizcə, seriallar hansı mövzuda çəkilməlidir?

- Azərbaycanda hansı kitab, hansı qəzet oxunursa, o mövzular da seriallara gəlməlidir. Amma kanallar da profilləşməlidir. Yəni, həm o, həm bu, olmalıdır. Tarixi filmlər olsa, daha yaxşıdır. Məncə, dövlət televiziyası da tarixi mövzuda serial çəkir.

- Bəlkə dövlət bu işə müdaxilə etməməliydi? Buraxmalıydı televiziyalar, prodakşnlar özləri vəsait tapıb serial çəkəydilər?

Elçin Əlibəyli
Elçin Əlibəyli
- Haradan tapsın prodakşn həmin vəsaiti? Elə ona görə müdaxilə edildi ki, televiziyalar, prodakşnlar şirkətləri seriallara həvəsləndirilə bilmədilər, sponsorluğa getmədilər. Ona görə dövlət ağıllı və məntiqli müdaxilə etdi.

Rejissor Əbdül Mahmudbəyov isə AzadlıqRadiosuna bir neçə ay öncə müsahibə verərkən məsələni başqa cür dəyərləndirmişdi:

«Azərbaycanda milli burjuaziya formalaşmayıb. Beş-on nəfər arxalı-dayaqlı, icazəli milyonçular var. Onlar da oğurluq pulu necə ortaya qoysunlar, heç ondan balalarına aliment də verə bilmirlər».

MTRŞ SERİALLARA PUL VERMƏYƏ BİLƏR?

Aprelin 6-da isə Milli Televiziya və Radio Şurası serial çəkilməsi üçün telekanalların hər birinə 500 min manat vəsait ayıracaq. Eyni zamanda, yeni serialları müzakirə edəcək, onlara qiymət verəcək. Qurumdan AzadlıqRadiosuna verilən məlumatda belə deyilir. Şura bəyənmədiyi seriallara maliyyə ayırmaya bilərmi? MTRŞ-dan dedilər ki, bu, müzakirələrdə bəlli olacaq, indilik heç nə deyə bilməzlər.
XS
SM
MD
LG