Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:42

Prezidentin kitabını oxumaqdan imtina edən məhbusa işgəncə


Yaslık həbsxanasından gələn məktubun bir fraqmenti, 3 sentyabr 2012
Yaslık həbsxanasından gələn məktubun bir fraqmenti, 3 sentyabr 2012
-

Özbəkistan prezidenti İslam Kərimovun kitabını mütaliə məşğələsindən imtina edən məhbusa işgəncə verilib.

Onun dabanına dəyənəklə o qədər vurublar ki yerimək qabiliyyətini itirib.

Bu haqda Özbəkitsanın Yaslık həbsxanasından çıxarılmış və Fransadakı hüquq müdafiəçilərinə çatdırılmış məktubda deyilir.

Məhbusların yazdığı deyilən məktubun bir fraqmentinin fotosunu Fransada yerləşən “Orta Asiyada İnsan Haqları Uğrunda Assosiasiya” yayıb.

Təşkilatı Özbəkistandan olan mühacirlər yaradıblar.

Məktubda ötən ilin dekabrında Ortikali adlı məhbusun prezident Kərimovun kitabının 1 saatlıq məcburi mütaliəsinə maraq göstərməməsi səbəbindən möhkəm döyüldüyü bildirilir.

Kərimovun indiyəcən 4 kitabı çap edilib

Onlardan adı ən çox hallanan “Özbəkistan 21-ci əsrin astanasında” kitabıdır. Orada Özbəkistanın gələcək inkişaf yollarından bəhs edilir.

Amma məktubda konkret olaraq hansı kitabdan söhbət getdiyi deyilmir.

Məktubda qeyd olunur ki, həbsxananın tədris bölməsinin rəhbəri İkrom Berdıbayevdir. O, Ortikaliyə işgəncə verilməsini şəxsən izləyib.

O, göstəriş verib ki, məhbusun dabanına 30-40 zərbə vurulsun.

İşgəncədən sonra ondan soruşub ki, bəs indi prezidentin kitabının oxunuşuna qulaq asmağa hazırdımı?

Ortikali öz mövqeyində qaldığını deyəndən sonra bölmə rəisi daha 20-30 zərbə təyin edib.

İslam Kərimov
İslam Kərimov
İşgəncələr nəticəsində Ortikalinin dabanları şişib və o, yerimək iqtidarında olmayıb.

Məktuba görə, bundan sonra məhbusu 10 günlüyünə karserə salıblar.

Onu dəstəkləyən bir neçə məhbus da karserlə cəzalandırılıb.

Onlardan dördü hətta dörd gün aclıq aksiyası keçirib

Məktubun fraqmentini Azad Avropa və Azadlıq Radioları Korporasiyasının əməkdaşı da görüb. Və həqiqiliyinə şübhə etmir.

Məktub sadə dillə yazılıb.

Amma aydın deyil ki, ciddi şəkildə qorunan həbsxanadan onu necə çıxara biliblər?

Yaslık həbsxanasında işgəncələr haqda bundan əvvəl də iddialar səslənib.

Həbsxananın keçmiş məhbusları oradakı işgəncə növləri arasında elektroşok, cinsi təcavüz, dırnaqların çıxarılması, yeməksiz-susuz uzun müddət karserdə saxlanma cəzalarının da adını çəkirlər.

Həbsxanada 5000-7000 məhbus var.

“Yaslik” beynəlxalq medianın gündəminə ilk dəfə 2002-ci ildə gəlib.

O zaman beynəlxalq insan haqlarını müdafiə təşkilatı olan Human Rights Watch təşkilatı həbsxanada ölən iki nəfərin hekayətini ictimaiyyətə açıqlamışdı.

Meyit müayinəsi onların işgəncə ilə - suda boğularaq öldürüldüyünü aşkar edib.

Yaslık həbsxanası 1999-cu ildə yaradılıb - həmin il Daşkənddə törədilən və 16 nəfərin ölümünə səbəb olan partlayışdan sonra.

Hökumət partlayışa görə islamçıları suçlamışdı

O zaman həbsxanaya həbs olunan islamçılar salınırdı.

Amma son illərdə oraya siyasi məhbusları da göndərməyə başlayıblar.

Özbəkistan hətta BMT məruzəçilərinə də həmin həbsxanaya baş çəkməyə icazə vermir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG