Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:26

Hilal Məmmədovun qanı ekspertizadan keçiriləcək


Hilal Məmmədov
Hilal Məmmədov
-
Həbsdə olan «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov iyulun 13-də Şüvəlandakı 3 saylı istintaq təcridxanasından 1 saylı Bakı istintaq təcridxanasına köçürülüb.

Vəkili Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, köçürülmə heç bir xəbərdarlıq olunmadan və təcili həyata keçirilib:

«Hilal Məmmədovun bəzi şəxsi əşyaları və dərmanları da orada qalıb».

İyulun 13-də Nizami rayon Məhkəməsində Hilal Məmmədovun saxlandığı vaxt ona işgəncə verilməsi şikayəti üzrə məhkəmə olub.

Məhkəmənin qərarı ilə ona işgəncə verilib-verilmədiyini araşdırmaq üçün iş Nizami rayon Prokurorluğuna göndərilib.

Vəkil deyir ki, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi Hilal Məmmədovun qanında narkotik maddə olub-olmamasını aydınlaşdırmaq üçün ekspertiza keçirilməsinə qərar verib:

«Hilal Məmmədov və müdafiə tərəfi Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin rəyinə etibar etmir. Buna görə də, öz hesabımıza ekspertiza keçirilməsini təklif edirik. Yəni, götürüləcək qan və sidik nümunəsi vaxtı biz də əlavə nümunələr götürək. Öz hesabımıza ekspertizadan keçirilməsini təmin edək».

Hilal Məmmədov Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 234.4.3-ci (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) və 283.2.2 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. O, 1992-ci ildən İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

İttihamlar təsdiqlənsə, onu 15 ilədək həbs cəzası gözləyir.

Hilal Məmmədov isə hesab edir ki, onun həbsi sifarişlidir və siyasi xarakter daşıyır.
XS
SM
MD
LG