Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:40

Rüstəm İbrahimbəyov: «Tərk edənlərə baxmayaraq, bizim təşkilata gələnlər də var»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
Kinodramaturq Rüstəm İbrahimbəyovun rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk edənlərin sayı artmaqdadır. Onlar bu quruma alternativ kimi yaradıldığı deyilən və xalq artisti Şəfiqə Məmmədovanın sədri olduğu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv yazılırlar.

Bu günlərdə daha bir qrup kino işçisi eyni addımı atıb.

Rüstəm İbrahimbəyov bu məsələ ətrafında baş verənlərlə bağlı fikirlərini AzadlıqRadiosu ilə bölüşüb.

- Rüstəm müəllim, yeni yaranan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı haqqında fikrinizi bilmək maraqlıdır.

- Təşkilat artıq yaranıb. Onu hökumət yaradıb. İndi görək nəticəsi nə olacaq. Kinomuza bir xeyir versə, nə gözəl. Allah köməkləri olsun. Əsas odur ki, ziyan vurmasınlar.

- Artıq belə bir təşkilat mövcud olduğu halda Sizcə, hökumət ikincisini nədən yaratdı?

- Hökumət özü üçün bir əldəqayırma ictimai təşkilat düzəldib ki, onu özü idarə eləsin. Yəni, onunla nə istəyir eləsin. Gözləyək görək nəticəsi nə olacaq.

- Nəticə odur ki, Sizin rəhbərlik etdiyiniz təşkilatı tərk edib ora keçənlərin sayı artır.

- Əvvəla bu, hər kəsin öz işidir. Kim hansı təşkilatı istəyir, seçə bilər. Digər tərəfdən, onlara təzyiq olunub. Mən başa düşürəm. Onların ailələri var. İşləmək, maaş almaq istəyirlər. Mükafat almaq istəyirlər. O boyda hökumətlə necə baş başa gəlsinlər. Onlar hökumətə müqavimət göstərə bilməzlər axı. Mən onları anlayıram. Çünki onlar çox çətin vəziyyətdədirlər.

- Sizin təşkilatdan getmələr olanda, bu barədə məlumatlar çox operativ yayılır. Amma təşkilata gələnlər barədə məlumatlar gözə dəymir. Varmı Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni üzv olanlar?

- Əlbəttə var. Tərk edənlərə baxmayaraq, bizim təşkilata gələnlər də var. Amma nədənsə bu barədə heç kim danışmır. Son 10-15 gündə təxminən 15 nəfər üzv qəbul eləmişik. Özü də çox hörmətli adamlardır bunlar. Məsələn, Vaqif Səmədoğlu, Ramiz Məlikaslanov və digərləri. Eləcə də cavan rejissorlar, ssenaristlər, yəni bir 15 nəfər yeni üzv qəbul eləmişik. Amma bu barədə heç kim danışmır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG