Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:51

Məşhur rejissor Zanussi Bakıda: «Söz azadlığı olmayan yerdə həqiqət də olmaz!»


Krzysztof Zanussi
Krzysztof Zanussi
-
Ünlü polyak kino rejissoru, Kann, Venesiya və başqa mükafatların sahibi Krzysztof Zanussi Bakıda ustad dərsləri keçir. Onun AzadlıqRadiosunun əməkdaşı Çingiz Sultansoya rus dilində verdiyi müsahibədən bəzi önəmli fraqmentləri dilimizə çevirib AzadlıqRadiosunun «İz» proqramında səsləndirdik. Müsahibənin Azərbaycan dilli oxucular üçün də maraqlı olduğunu düşünüb müsahibədən parçanı diqqətinizə yetiririk.

-- Azərbaycanda vaxtilə ustad dərsləri keçmisiniz. Təşkilat, tərkib və səviyyə baxımından indiki dərsinizin hansı fərqli özəllikləri var?

-- Demək çətindir, axı mən dərslərə bir tərəfdən baxıram və üstəlik, o biri tərəfdən baxanları yaxşı tanımıram. Əvvəlki gəlişlərim dostum Rüstəm İbrahimbəyovun dəvətiylə gerçəkləşib. Ona tam güvənirəm. Dinləyici kimi seçilənlər də onun seçimiydi. Ümidverən adamlara üz tutduğumu düşünürdüm. Bu dəfə seçimi nazirlik edib və bu seçimin necə aparılması barədə heç bir təsəvvürüm yoxdur. Bu heç mənlik iş də deyil. Qarşımda kim oturacaqsa, ona xidmət göstərməliyəm. Bu işin təzadlı, həm də böyük təzadlı tərəfi də var: büsbütün gənc insanlarla yanaşı, artıq təcrübəli adamlara da dərs keçməli olursan. Eyni zamanda hər ikisinə üz tutmaq çətindir, axı, onların təcrübəsi də çox fərqlidir, maraqları da. Amma əlimdən gələni edirdim ki, bu dərslərdən nəsə yadlarında qalsın. Di gəl, sonra başlarında nə qaldığını, görüşün faydalılıq dərəcəsini, dərslərin bəyənilib-bəyənilmədiyini heç vaxt bilmirəm.

-- Bu günlərdə Azərbaycan kinosu haqqında sualı cavablarkən demişdiniz ki, «Rüstəm İbrahimbəyov çağdaş Azərbaycan mədəniyyətinin ən önəmli simasıdır, çünki ssenarist və dramaturqluğun, kino və teatr rejissorluğunun, eləcə də prodüserliyin eyni şəxsdə cəmləşdirilməsi yetərincə azrastlanan olaydır».

-- Elədir, hamısı doğrudur. Elə demişəm və elə də düşünürəm.

-- Sonra demisiniz ki, «Özünün belə dahisi, ABŞ Kino Akademiyasının «Oskar» ödülünü almış və böyük daxili mədəniyyəti olan bir insanla öyünə biləcək az ölkə var». Daha sonra bunu da bildirmisiniz ki, «Azərbaycanla tanışlığınız və Azərbaycan kinosu barədə təsəvvürləriniz Rüstəm İbrahimbəyovun adı ilə bağlıdır və bu adın təkcə Azərbaycan deyil, dünya kinematoqrafiyasında önəmini anlayırsınız». Doğrudurmu?

-- Hamısı doğrudur.

-- Müsahibəni dərc edən saytın sonra bu parçanı çıxardığından xəbəriniz var?

-- Yox, bunu bilmirəm. Amma təəccüblənmirəm də, çünki İbrahimbəyovun məqaləsini oxuyub- anlamışam ki, o, Azərbaycanın indiki hakimiyyətinin hansısa hissəsiylə güclü, dərin və açıq bir konfliktin içərisindədir. Buna da təəccüblənmirəm və sözsüz, bu barədə onunla da danışmışam. Bir addım irəlidə olmaq sənətçinin, dahinin roludur. İbrahimbəyov reallığa belə tənqidi yanaşırsa, demək, bunu düşünmək lazımdır, axı ictimai və ciddi adamdan söhbət gedir. O, ölkəsinin və bu ölkənin mədəniyyətinin gələcəyindən rahatsızlığını dilə gətirir və çoxdandır ki, Azərbaycan ziyalılarının durumundan nigarandır. Bu ölkədə artıq çoxdan yüksək ziyalı təbəqəsi oluşub, ancaq həmin ziyalılar həmişə xalqın, ölkənin içərisində elə əriyib-itirlər ki, sonra heç gözə də dəymirlər. Axı onlar xalqın taleyini bəlirləyir, ziyalılar və elita -- seçkinlər bəlirləyir. Burada dəyişikliklər böyük sürətlə gedir və mən bilirəm ki, Rüstəmin çox tənqidi baxışı var.

-- Bir başqa, amma xeyli öncələr verdiyiniz müsahibədə demişdiniz ki, «Biz nə istədiyimizi bilmirik. Fellini'ni görməyən birisi ortaya bir Fellini çıxmasını tələb edə bilərmi? Bunun mümkün olduğunu bilmirdik! Medianın yaradıcı rolu -- görməyi gözləmədiyimiz şeyi demək və göstərməkdir». Bir müsahibə saytda veriləndən sonra çıxarılırsa və bir bölümü kəsilib-atılaraq, ardından təkrar sayta qoyulursa, başqa bir saytsa həmin müsahibəni ümumiyyətlə vermirsə, medianın belə davranışlarını, qayçılamalarını necə qiymətləndirirsiniz?

- Məni gülmək tutur, axı bütün ömrümü senzurayla keçirmişəm. Buna alışmışam və bilirəm ki, hakimiyyət nədəsə-haradasa özünə yetərincə arxayın deyilsə, belə yollara əl atır. Və bu, çox pis əlamətdir. Demək, nəsə pisdir. Belə şeylər ola bilməz. Azərbaycanın ən böyük simalarından biri haqqında bir əcnəbinin yaxşı sözləri heç kimi qorxuda bilməz. O bölümü kim kəsib-atıbsa, çox dar düşüncəli adamdır. Belələri həmişə tapılır. Nə deyə bilərəm ki? Sadəcə, gülümsəyə bilərəm. Daha nə etmək olar ki?

- Sovet dönəmi olsaydı, belə davranışlar anlaşılar və tanış gələrdi. O dönəm bunları tam anlamaq olardı. Di gəl, mediaya belə münasibəti, belə olayı söz azadlığı baxımından necə qiymətləndirmək olar?

- Bilirsiniz, söz azadlığına gözəl saydığımız – biz ziyalılara gözəllik lazımdır, axı – bir şey kimi bağlı deyiləm. Amma söz azadlığına bir başqa baxış da var və bu baxış istər məndən, istərsə cəmiyyətdən ötrü qat-qat daha önəmlidir. Söhbət ondan gedir ki, söz azadlığı olmayan yerdə iqtisadiyyat da gəlişmir! Ölkə varlanmır! Bu, bizim ziyalı üzüntülərimizdən qat-qat çox önəmlidir. Söz azadlığının yoxluğu ucbatından gerçək tenderlərin olmaması daha ağrılı məsələdir. Azad söz yoxdursa, demək, o dəqiqə tənqid də yoxa çıxacaq. Deməli, ən yaxşı olan deyil, adamı, əlaqəsi, tapşıranı olan qalib gələcək... Kimsə telefonla tapşıracaq və filan şirkət qalib olacaq və yollar çala-çuxur qalacaq və cəmiyyətin pulu itib-batacaq. Bunu misal kimi deyirəm. Bir tenderdə ən yaxşı namizəd deyil, tanışı olan qalib gəlirsə, demək, yarış yoxdur, rəqabət yoxdur. Və belə olanda bütün azad bazar sistemi çalışmayacaq. Azad bazar yalnız söz azadlığı şəraitində işləyir. Biz ziyalılara gəlincə, bazar cürbəcür səbəbə görə, insanın hərtərəfli inkişafı üçün lazımdır. Ancaq yaddan çıxarmaq olmaz ki, azad bazara bütün insanların ehtiyacı var -- ən sadə adamların da, hətta yazı-pozu bilməyənlərin, söz azadlığından tam xəbərsiz olanların da. Axı, söz azadlığı olmayan yerdə nə tənqid olar, nə də həqiqət! Və elə olanda həmişə ən yaxşılar deyil, tanışı olanlar qalib gələr. Söz azadlığı istənilən cəmiyyətin modernləşməsi, düşüncə və mentalitetin modernləşməsi deməkdir. Kiminsə yeni cihaz alması, yeni zavod tikə bilməsi yeniləşmə deyil, bunlar heç kimi modernləşdirmir. Modernləşmə -- düşüncənin dəyişməsi, insan beyninin köhnəlikdən qurtulması deməkdir. Söz və mətbuat azadlığı olmadan modernləşmə də ola bilməz...

Polşanın ünlü kino sənətçisi Krzysztof Zanussi'nin AzadlıqRadiosuna rusca verdiyi müsahibənin tam məzmunuyla radionun saytında tanış ola bilərsiniz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG