Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:01

«2 şairi də İran «casus» və «terrorçuları»nın aqibəti gözləyə bilər»


Elman Abdullayev
Elman Abdullayev
-
«NAZİRLİK ÜÇÜN PRİORİTET ONLARLA GÖRÜŞMƏK, VƏZİYYƏTLƏRİ İLƏ MARAQLANMAQDIR»

İki Azərbaycan vətəndaşı və şairi Şəhriyar del GeraniFərid Hüseynlə bağlı məsələ düyünə düşüb elə bil. Bir aydan çoxdur ki, bu 2 şair İranda saxlanıb. Bu haqda onlar özləri ailələrinə deyiblər. Azərbaycanın Xarici İşlər Nazirliyi isə bildirir ki, ciddi cəhdlərinə rəğmən Tehrandan bu 2 şairin saxlanması haqda hər hansı açıqlama ala bilmir.

İyunun 6-da AzadlıqRadiosu da İranın Azərbaycandakı səfirliyinə zəng vurub məlumat almaq istədi. Amma israrlı zənglərdən və ötür-ötür oyunundan sonra mətbuat xidmətindən dedilər ki, onlar bu haqda heç nə deyə bilməzlər. Yalnız Azərbaycanın Tehrandakı səfirliyi sualları cavablandıra bilər. Yeri düşmüşkən, İranın Azərbaycandakı səfiri məsləhətləşmələr üçün mayın sonlarında Tehrana çağırılıb. Amma hələ də geri qayıtmayıb. Səfirlikdən bildirirlər ki, səfirin nə zaman qayıdacağı indilik bəlli deyil.

Bakıda olan Azərbaycanın səfiri Cavanşir Axundzadə isə iyunun 6 və ya 7-də İrana yola düşməlidir. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyir. Amma bildirir ki, səfirlik və baş konsulluq 2 şairin geri qayıtması üçün onsuz da hər gün əlindən gələni edir.

- Artıq bir aydan çoxdur ki, Azərbaycanın həm Tehrandakı səfirliyi, həm Təbrizdəki baş konsulluğu bu şairlərlə bağlı davamlı olaraq, hər gün təlimatlandırılır. İkincisi, notalar göndərilib, görüşlər keçirilib ki, həmin vətəndaşlarla bağlı məlumat verilsin. Azərbaycanın istəyi odur ki, həmin şairlərin orda olub-olmaması və nə üstündə saxlanması haqda məlumat verilsin. İranın şairləri saxlaması və Azərbaycana məlumat verməməsi Vyana Konvensiyasına ziddir. Ən azından Azərbaycan konsuluna şərait yaradılmalıydı ki, şairlərlə görüşsün.

- Notalar verildi, məktublar yazıldı. Bəs növbəti addım nə olacaq?

- İran tərəfdən təsdiq gəlməlidir. Yəni, şəxslər həbs olunublarmı? Ya niyə tutulublar?...

- Cavab gəlməsə?
Əliyar Səfərli
Əliyar Səfərli
​- Azərbaycan dövləti vətəndaşlarının problemini əsas tutur. Nazirlik üçün bu dəqiqə prioritet onlarla görüşmək, vəziyyətləri ilə maraqlanmaqdır. Bunun üçün şərait yaradılmasını istəyirik.

«AZƏRBAYCAN İRANLA DAHA QƏTİYYƏTLƏ DANIŞMALIDIR»

Azərbaycanın İrandakı sabiq səfiri Əliyar Səfərli bu fikirdədir. Onun fikrincə, Azərbaycan diplomatları tez zamanda İran rəsmiləri ilə görüşə nail olmalı, eyni zamanda tələblərini qəti şəkildə səsləndirməlidirlər.

«Azərbaycan hökuməti tələb etməlidir ki, 2 vətəndaşımı geri qaytar. Nota verilməsə, tələb qoymasa, azad edilməyəcəklər. Gərgin şəkildə tələb qoyulmalıdır ki, 2 şair azad edilməlidir. Vuruşası deyilik ki. Tələbimizi deməliyik».

«QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ PROSESƏ QOŞULSUN»

Politoloq Ərəstun Oruclu da düşünür ki, Azərbaycan hökuməti 2 vətəndaşını azad etmək istəyirsə, əlavə rıçaqları işə salmalıdır. Hətta Qafqaz Müsəlmanları İdarəsini də prosesə qoşmalıdır:

«Amma əgər hədəf bu 2 nəfəri geri qaytarmaqdırsa... Əgər bu hədəf deyilsə, onlar da Azərbaycanda həbs olunan «terrorçular», «casuslar» kimi 2 dövlət arasındakı gərginləşmənin qurbanı olacaqlar».

Ərəstun Oruclu
Ərəstun Oruclu
Ərəstun Oruclu bir məqama da diqqət yönəldir ki, adıçəkilən məsələdə şəffaflıq yoxdur. Dövlət orqanları məsələnin mahiyyəti ilə bağlı yetərincə məlumat vermirlər. «Amma ehtimal etmək olar ki, bu da təxminən elə Azərbaycanda «İran terrorçuları»nın, «casusları»nın həbsi kimi bir şeydir. İran da qarşılıqlı addımlar atır» deyir politoloq. Və bu ehtimalı elə sabiq səfir Əliyar Səfərli də bölüşür.

O ki qaldı, Azərbaycan diplomatlarının səylərinə, Ərəstun Oruclu müsbət nəticəyə ümid etmir:

«Çünki 2 ölkə arasında diplomatik münasibətlər o dərəcədə gərgindir ki, tərəflər səfirlərini geri çağırırdılar. Bundan o yana diplomatik münasibətlərin kəsilməsidir. Ona görə güman etmirəm ki, nəsə alınsın».

«10 GÜN DƏ KEÇDİ»

Şəhriyar del Geraninin atası Mail Hacızadə isə intizarla yol gözlədiyini deyir. O, mayın 27-dən bəri oğlundan bir xəbər ala bilmir. Sonuncu dəfə oğlu ilə 10 gün əvvəl danışıb.

İndi oğlundan soraq almaq üçün Mail Hacızadənin qulağı telefonda, gözü televizordadır. Bütün xəbər proqramlarını izləyir:

«Bizə demişdi ki, sənəd var, tələbnamə, o gələn kimi bizi buraxacaqlar. Amma artıq 10 gün də keçdi. İran səfirliyinin nümayəndəsi dedi ki, iyunun 5-də İran rəsmiləri açıqlama verəcəklər. Dünən gözlədik, bir xəbər çıxmadı. Bəlkə bu gün oldu? Gözləyirik».
XS
SM
MD
LG