Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:18

Onun macəra romanlarını bütün dünya oxudu


Babək Yusifoğlu
Babək Yusifoğlu
.
...İlk dəfə 1935-ci ildə məşhur amerikan kinorejissoru Maykl Kertits onun "Kapitan Bladın odisseyası" əsərini ekranlaşdırdı və film müəlliflərə inanılmaz şöhrət gətirdi...



Babək Yusifoğlu


ITALYAN OLAN İNGİLİS YAZIÇI...

Mən inanıram ki, Tanrının yaratmaq, kəşflər etmək üçün göndərdiyi adamlar da Seçilmişlər sırasındadır.

Onlar yalnız mənsub olduqları xalqın deyil, bəşəriyyətin övladları sayılırlar.

Lakin mən onu da bilirəm ki, məhz "yaradıcı", "sənətkar", "söz adamı"... adını qazanmaq üçün min oyundan çıxan diletantlar da var və bu cür insanlar müəyyən zaman kəsiyində hansı nədənlərə görəsə, heç olmasa mənsub olduqları cəmiyyətdə tanınmağı bacarıblar, lakin tarix onları sonradan unudub.

Çünki belələri Allahın missiya verdiyi şəxslər yox, iddialarının əlində qalmışlar olublar. Dahilər, söz adamları, məşhurlar... isə kimsələrin bilmədiyi səbəblər üzündən mükafatlandırılmışlardı.

Onlar məgər Tanrının verdiyi imkanlar, istedad hesabına Nizami, Füzuli, Şekspir, Van Qoq, Dostoyevski, Bethoven... olmadılarmı? Onlar dünyadakı insanlar üçün yaratmadılarmı?

Əlbəttə, hər bir məsələdə müqayisələr olduğu kimi yaradıcılıqda da təbii bir müqayisə mövcuddur. Yəni xüsusi missiya ilə gələnlərin hansı daha çox üzərinə düşəni layiqincə yerinə yetirə bilib? Məhz bu ampluada da dediyimiz müqayisələr və belə demək mümkünsə, şöhrət formalaşıb. Hətta bəziləri zamanında layiq olduğu qiyməti ala bilməsələr də...

RAFAEL

Onu bəzən ingilis, bəzən də italyan yazıçısı hesab edirlər. Maraqlıdır ki, 40-dan çox
Rafael ailəsi ilə birlikdə İtaliyada
Rafael ailəsi ilə birlikdə İtaliyada
tarixi və macəra romanlarının müəllifi olan bu böyük sənətkardan hər iki tərəfin ədəbiyyat tarixlərində çox xəsisliklə məlumatlar verilib. Onun bioqrafiyası köklü yazılmayıb, əsərləri digər müəlliflər kimi geniş tənqidi müzakirələrə çıxarılmayıb, nədənsə müasirləri nadir hallarda onun adını yazılarında xatırlayıblar. Yazıçı haqqında indi əldə olan bütün məlumatları sonradan tədqiqatçılar müxtəlif yerlərdən toplayıblar.

Əslində Rafael Sabatinin ana vətəni İtaliya idi, amma o, əsasən ingiliscə yazmış, daha çox ingilis yazıçısı kimi tanınmışdır. Əlbəttə, hər iki xalqa aid olmasının genetik, "vətən" kimi nədənləri olsa da, məncə, onun sənətkar kimi hansı tərəfə mənsubluğunu birmənalı şəkildə söyləmək də asan deyil. Təkcə ona görə yox ki, onun atası italyan, anası isə ingilis, doğulduğu yer, yaşadığı və yaratdığı ölkələr fərqli idi. Yaxud yaradıcılığında hər iki xalqın milli koloriti hiss olunurdu. Xeyr. Məhz ona görə ki, Rafael Sabatini yalnız hansısa xalqlar üçün deyil, bütün dünya üçün yazmışdı. Hər yerdə onu sevə-sevə oxuyurdular. Çünki ona da bu missiya verilmişdi...

Rafael 1875-ci il, aprelin 29-da İtaliyada, Adriatik dənizi sahillərindəki Ankoni yaxınlığında - Yezi şəhərciyində anadan olub. Əvvəldə qeyd etdiyim kimi, atası Vinçenço Sabatini italyan, İngiltərənin Liverpul şəhərindən olan anası isə Anna Trafford ingilis idi. Belə hesab etmək mümkündü ki, Rafaeldəki istedadın uşaqlıqdan formalaşmasında valideynlərinin incəsənət adamı olması az rol oynamamışdır. O dövrlərdə müğənni kimi ad qazanmış Anna tez-tez konsertlər verir, ara-sıra əcnəbi ölkələrə uzun müddətli qastrollara çıxırdı. Yeri gəlmişkən, onu da qeyd edim ki, Anna Filippində qastrolda olarkən Vinçenço ilə tanış olmuş, sonradan da onlar evlənmişdilər. Daha sonra Rafael dünyaya gəldi və bununla da ailə iki yol ayrıcında qaldı. Anna ya işini buraxıb övladına baxmalı, qastrollardan imtina etməliydi, ya da uşağı öz atasıgilin yanına - İngiltərəyə göndərməliydi. Belə qərara alındı ki, Rafaeli müvəqqəti Annanın Liverpulda yaşayan valideynlərinin himayəsinə versinlər. Və belə demək mümkünsə, bununla da Rafaelin həyatındakı səyahətlərin, yerdəyişmələrin bünövrəsi qoyuldu.

Liverpula yaxın bir kəndə gələn Rafael burada ingilis dilini daha da mükəmməl öyrənməyə başladı və ədəbiyyata, nağıllara olan marağı onu kitablara bağladı. O, əlinə düşən kitabları həvəslə oxuyur, uşaq təsəvvürlərində özünəməxsus xəyallar qururdu. Bir müddət sonra isə valideynləri artistlik karyeralarına son verib işlərini dəyişdilər. Yəni artıq konsert salonları, qastrollar bitdiyindən İtaliyada daimi yaşamaq da onlar üçün mütləq məna kəsb etmədi. Onun üçün də Anna ilə Vinçenço bu dəfə Portuya gəlib şəxsi musiqi məktəblərini açaraq orada ifaçılıqdan dərs verməyə başladılar.

TƏHSİL İLLƏRİ VƏ TƏRCÜMƏÇİLİK

Onların o vaxtadək qazandıqları musiqi bacarıqları işlərini çox asanlaşdırmışdı. Xüsusilə bu sahənin bilicisinə çevrilmiş Vinçenço Sabatini qısa müddət ərzində işində böyük
Rafael Sabatini birinci arvadı Ruth-la
Rafael Sabatini birinci arvadı Ruth-la
uğurlar qazanaraq adını ətrafda məşhurlaşdırmışdı.

Artıq övladlarına musiqi savadı vermək istəyən imkanlı və vəzifəli şəxslərin əksəriyyəti məhz ona müraciət edirdilər.

Bu cür effektli fəaliyyəti onun şöhrətini kral sarayınadək daşıdı.

Elə bu üzdən idi ki, bir müddət sonra Portuqaliya kralı Vinçençoya rıtsar rütbəsi verdi.

Bu ad artıq ailə üçün çox böyük bir uğur idi. İndi Rafaelin uzaqda yaşamasına zərurət qalmamışdı.

Tezliklə artıq 7 yaşını adlamış oğlanlarını yanlarına gətirərək onu səviyyəli bir katolik məktəbə qoydular.

Və Rafael məktəbdə italyan və ingilis dillərini dərindən öyrənməklə yanaşı, həm də portəgiz dilində dərslər almağa başladı. İti zəkasına görə az vaxtda bu dili də mənimsədi.

Lakin ailə heç Portuda da təməlli otura bilmədi.

Bir neçə ildən sonra onlar yenidən İtaliyaya gəlməyə qərar verdilər və bu dəfə Yeziyə yox, Milana yerləşdilər.

Burada uşaqlarının oxumağa həvəsini görən valideynlər təhsilini davam etdirmək üçün Rafaeli İsveçrəyə göndərdilər və o burada bildiyi nəhəng dillər sırasına alman və fransız dillərini də əlavə etdi, özü də mükkəməl şəkildə.

Mən ona görə mükəmməl deyirəm ki, Sabatini məhz təhsil illərində ilk bədii qələm nümunələrini məhz fransız dilində ərsəyə gətirdi.

Əslində Rafaelin Avropanın, elə dünyanın da ən böyük dillərini bilməsi onun daha çox məlumat almasına, daha çox mənbələrə müraciət etməsinə maneəsiz şərait yaradırdı.

O, Şekspri, Dümanı, Mantsonini, Valter Skottu, Jül Verni və digərlərini orjinaldan oxuyurdu. Məşhur amerikalı tarixçi Uilyam Preskottun tarixi əsərlərini dönə-dönə mütaliə edirdi.

On yeddi yaşında məktəbdən ayrılan Rafael Sabatini evə qayıtdıqdan sonra atası oğlunun beş dili yüksək səviyyədə bilməsindən yararlanaraq onun gələcəkdə daha yaxşı işlərdə çalışa bilməsi üçün yenidən İngiltərəyə göndərdi.

Az sonra Rafael kommersiya firmalarının birində - "Liverpul Merkurisi"ndə tərcüməçi vəzifəsində çalışmağa başladı.

Lakin Sabatini daim hiss edirdi ki, bütün bu işlər onun ürəyincə deyil. İndi onu yazmaq, ədəbiyyat daha çox özünə çəkirdi.

Və bu istək Rafaelin fikrini o həddə qədər məşğul etməyə başlamışdı ki, o, təsəvvürlərindəkiləri qələmə almağa girişdi və yazdıqlarını yerli jurnallara göndərməkdən çəkinmədi.

1922-ci il nəşri
1922-ci il nəşri
Qeyd edim ki, fitri istedadı və zəngin mütaliəsi ona imkan verirdi ki, hələ çox gənc yaşlarında aparıcı nəşrlərin diqqətini özünə cəlb etsin.

Bəlkə də elə bu səbəbdən idi ki, heç vaxt iri həcmli əsərlərdə qələmini sınamayan Rafael Sabatini naşirlərdən biri ilə hələ yazmadığı roman üçün müqavilə də bağladı.

YAZIÇILIĞA GEDƏN YOLUN BAŞLANĞICI

Onun ilk romanı "Meyxana rıtsarı" işıq üzü görəndə Rafael Sabatininin cəmi 29 yaşı vardı. Bir il sonra Sabatininin ikinci romanı - "İvonnanın pərəstişkarları" çap ediləndə ilk əsəri kimi diqqəti cəlb etmədi.

Demək olar ki, bu roman uğur qazanmadı. Amma Rafael heç də adi həvəs üzündən ədəbiyyata gələnlərdən deyildi.

O, ruhdan düşmədi. İnadla yazmağını sürdürdü.

Hətta kommersiya karyerasını bir kənara qoyaraq özünü bütünlüklə yaradıcılığa həsr etməyə qərar verdi. Və əslində onun bədii uğurlara imza atması məhz XX əsrin ilk dövrlərindən başlayır.

Ümumiyyətlə, məhsuldar yazıçı hesab edilən Sabatini 1905-ci ildən başlayaraq, hekayələri nəzərə almasaq, hər il roman, povest yazıb.

Onu da qeyd etmək lazımdı ki, ilk uğursuzluqlarına və uğurlarına rəğmən gənc yazıçı artıq ətrafda tanınırdı.

Təkbaşına yaşaması, maddi imkanlarının yaranması və artıq 30 yaşı haqlaması onu bu illərdə ailə qurmağa həvəsləndirdi.

Özü də gözaltısı da vardı. Liverpulun irəlidə gedən kommersantlardan birinin qızı ilə evlənərək Londona köçdü. Həm də indi ona daha böyük auditoriya gərək idi.

Qeyd edim ki, Rafael Sabatinin beş dil bilməsi ona yaradıcılıqda əvəzsiz imkanlar verdiyi kimi, karyerasında da müəyyən rol oynadı.

Belə ki, Birinci Dünya Müharibəsi illərində dövlət onun imkanlarından istifadə etməyə qərar verdi və o, Britaniya kəşfiyyatında tərcüməçi kimi fəaliyyətə başladı. Lakin buradakı işin çox məsuliyyətli və çətinliyinə baxmayaraq o, yaradıcılığa ara vermədi.

Yaradıcılığının ilk dövrlərinə və müharibə illərinə nəzər salsaq Rafael Sabatininin inanılmaz bir enerji ilə yazmasının və bir sıra iri həcmli əsərlərini ərsəyə gətirdiyinin şahidi olarıq. "Möhtəşəm Bardelis" (1906), "Məhəbbət və silah" (1907), "Natiq təlxək"(1908), "Müqəddəs Martinin yayı" (1909) "Entoni Ualdinq" (1911), "Şir dərisi" (1910), , "Çezare Borcun həyatı" (1912), "Hersoqun məhkəməsi" (1912), "Öküz bayrağı" (1912), "Torkvemada və ispan inkiviziyası" (1913), "Dəniz qırğısı" (1915), "Tələ" (1917), iki cildlik "Tarixin gecələri" (1917-19)... əsərləri məhz həmin illərin qələm nümunələri idi.

Və bu bir daha sübut edir ki, Sabatini yaradıcılığa, zəhmətə nə qədər bağlı olmuşdur.

Həmin əsərlər yazıçının tanınmasını, ona diqqətin yönəlməsini təmin etsə də bu qədər zəhmətin qarşılığı kimi heç də gözlənilən şöhrəti ona gətirməmişdi.

Elə ədəbiyyatşünaslar da ona ya lazımi diqqəti göstərmir, ya da tənqidlə yanaşırdılar. Hətta mətbuatda ona qarşı qərəzli, kəskin yazılar da dərc edilirdi.

Sabatini o dövrdə verdiyi
Rafael Sabatini
Rafael Sabatini
müsahibələrin birində həmin tənqidçilərə yönəlik belə demişdi: "Başqalarının mənim romanlarımdan daha yaxşısını yaza biləcəyi mənimçün heç bir məna kəsb etmir”.

"SKARAMUŞ" VƏ ŞÖHRƏT

Sabatini heç nəyə fikir vermədən yazır, inanırdı ki, haqq öz yerini tapacaq. Və tapdı da. 1921-ci ildə onun Böyük Fransız İnqilabındakı hadisələrdən bəhs edən məşhur "Skaramuş" romanı sübut etdi ki, Rafael Sabatini dünya səviyyəli bir yazıçıdır. Çünki əsər işıq üzü görəndən az sonra böyük uğur qazandı, çox qısa müddətə dünyanın əksər dillərinə tərcümə olunaraq nəşr edildi. ABŞ-da çapdan çıxan bu əsər tez bir zaman içərisində Rafaeli okeanın o tayında da məşhurlaşdırdı. Qeyd edim ki, "Skaramuş" rus dilində də çap olunub və çox geniş oxucu kütləsinin rəğbətini qazanıb. Həmin möhtəşəm uğur Sabatinini diqqət mərkəzinə gətirdi. İndi naşirlər də, tənqidçilər də onun yaradıcılığından çox səxavətlə bəhs edirdilər. Artıq hər kəs ondan yeni bir əsər gözləyirdi. Və həmin əsər də doğuldu.

1922-ci ildə Rafael Sabatini vaxtıyla məşhur ingilis dəniz qulduru Henri Morqan haqqında oxuduğu faktlar əsasında özünün, eləcə də dünya ədəbiyyatının ən gözəl nümunələrindən birini - "Kapitan Bladın odisseyası"nı ərsəyə gətirdi. Öncədən demək lazımdır ki, əsər bəzi dillər istisna olmaqla dünyanın əksər dillərinə tərcümə edilərək, təkrar-təkrar nəşr olundu. Müəllif romanda tarixi mühitin, tarixi üslubun öndə durmasına çalışmasa da o dövrdəki hadisələrin elə ustalıqla, elə dillə təsvirini vermişdir ki, oxucu bu böyük həcmli əsəri oxuyub başa çatdırmamış əlindən yerə qoymaq istəmir. Dediyim kimi, Sabatini tarixi əsərinə köçürməmişdir. Sabatininin Kapitan Bladı Henri Morqanın dublikatı, bəlkə də heç bənzəri də deyil. Çünki qəhrəman müəllif qələminin gücü ilə bütöv bir xarakter kimi oxucuya təqdim edilir. O, təhsillidir - tibb üzrə bakalavrdı, ağıllıdır, mənəvi cəhətdən çox yetkinləşmiş insandır. Sevdiyi qız - Arabella uğrunda ölməyə belə hazır olan aşiqdir. Həm də necə olursa-olsun dostlarını darda qoymayan cəsur, təhlükələrdən adlamağı bacaran bir kapitandır.

Romanın ən çox diqqət çəkən cəhətlərindən biri də budur ki, əsər elə ilk fəsillərdən oxucunu inandırır ki, irəlidə daha maraqlı hadisələrin şahidi olacaq. Mən romanı oxuyanda (rus dilindəki nəşrini) əsərin məhz bu cəhəti ilk olaraq diqqətimi çəkmişdi. Yazıçı bir neçə ildən sonra hadisələrin davamı olan ikinci romanı "Kapitan Bladın xronikası"nı yazdı. Bütövlükdə romandakı obrazlar daha çox orta əsrlərin insanlarını xatırladır. Bir sıra tənqidçilər bu əsərdə mürəkkəb xarakterlərin olmadığını, müəllifin mühitə yazıçı münasibətinin göstərmədiyini, daha çox macəraçılığa üstünlük verdiyini iddia edərək ona tənqidi yanaşmışlar. Amma mənə elə gəlir ki, bu cür qiymətləndirmələr doğru deyil. Çünki Rafael Sabatini kimin nə münasibət bəsləməsindən asılı olmayaraq məhz özünəməxsus üslubu ilə dünya səviyyəli əsər yaratdığını sübut etdi. Əslində Sabatini macəra ədəbiyyatının mövcud "daşlaşmış" ənənələrindən fərqli olaraq hadisələri şişirdilməmiş, inandırıcı şəkildə yazmaqla digər müəlliflərdən müsbət mənada fərqlənir. O həm də tarixi macəraçılığın yeni ənənəsini yaratdı. Yəni o, realist ədəbiyyatın şedevrləri sayılan - B. Şou, C. Qolsuorsi... kimi olmasa da öz düşündüyü həqiqətləri oxucuya təqdim etməyə nail olan bir yazıçıdır.

"Kapitan Bladın odisseyası" əsərinin ardınca yazıçının "Tale tərəfindən aldadılmışlar" (1923), "Karolinli" (1924), "Biçin", "Müstəbid" (1925), "Bellarion" (1926), "Korbalyanın evlənməsi", "Tanrının itləri" (1928), "Romantik prins" (1929), "Kralın istəklisi" (1930)... əsərlərini yazdı. Və biri-birindən maraqlı bu kitablarıyla bir daha sübut etdi ki, onun uğuru mövsümü deyil. Bir çoxları boş yerə Sabatinini "ingilislərin Balzakı" adlandırmırdı.

FƏLAKƏTİN GƏTİRDİYİ DEPRESİYA

Yeri gəlmişkən bir fakt haqqında da bəhs etmək vacibdir. Yazıçıya məhz bu illərə təsadüf edən çox böyük bir fəlakət üz verdi. Belə ki Rafael Sabatinin yeganə oğlu 1927-ci ildə avtomobil qəzasına uğradı və faciəli şəkildə həlak oldu. Bu yazıçı üçün sözlə ifadə olunmayacaq dərəcədə ağır bir itki idi. Elə bir itki idi ki, o bundan sonra çox uzun illər özünə gələ bilmədi. Hətta həmin hadisədən sonra o uzun müddət depressiv vəziyyətdə yaşadı. Psixikasında dəyişikliklər yarandı. Bunlar azmış kimi ailəsində -
Rafael Sabatini
Rafael Sabatini
arvadı ilə də problemləri üzə çıxdı. Və bu o qədər dərinləşdi ki, nəhayətdə onlar ayrılmalı oldular.

Yazıçı həmin dövrlərdə həyatın "kədər burulğanı" deyilən nöqtəsindəydi. Onun özünə gəlməsi üçün təsirli istirahət, sakitlik, hər hansı bir stresdən uzaq olan mühit lazım idi. O, İngiltərə ilə Uelsin sərhədi yaxınlığında, sakit bir yerdə, təbiətin qoynunda bir ev aldı. Özü də yazıçı balıq tutmağı çox sevdiyindən evi elə yerdə seçmişdi ki, yaxınlıqdan çay da axırdı. Və Sabatini uzun müddət burada qaldı. Amma həyatın işlərini bilmək olmur. Həqiqətən də yazıçının sürdüyü bu sakit həyat tərzi ona yaxşı təsir etmişdi. Artıq həyatın gözəllikləri barədə də düşünməyə başlamışdı. Oğlunun ölümündən səkkiz il sonra - 1935-ci ildə Rafael Sabatini ikinci dəfə evləndi. Və müharibə illərini çıxmaq şərtiylə arvadı ilə birgə hər il İsveçrədəki Adelbodenə xizək sürməyə gedirdi. Amma onu da qeyd etmək lazımdı ki, onun psixoloji cəhətdən özünə gəlməsinə sakit həyat tərziylə yanaşı yaradıcılıq da çox kömək göstərmişdi. O, qələmindən də ayrılmamışdı.

YAZIÇININ FAVORİT SAYDIĞI MÖVZULAR...

Rafael Sabatininin yaradıcılığında daha bir diqqət çəkən məqam var ki, bu da onun öz yaradıcılığına təkrar-təkrar qayıtmasıdır. Belə ki, o, artıq dünyada şöhrət qazanmış bir sıra əsərlərinə yenidən qayıdaraq onları davam etdirmişdir. Və burada ən çox təqdirəlayiq cəhət odur ki, müəllif həmin kitablarda qazandığı ilk uğura xələl gətirməmiş, əksinə onları daha da oxunaqlı etmişdir. Maraqlıdır, oxucu həmin kitabları oxuyarkən hiss etmir ki, əsərin hissələri uzun müddətli fasilələrdən sonra yazılıb. Xüsusilə onun "Skaramuş", "Kapitan Bladın odisseyası"... romanları. Qeyd edim ki, Rafael Sabatini sevimli əsərlərinə yenidən qayıtmaqla 1931-ci ildə "Skaramuşun qayıtması", 1931-ci ildə "Kapitan Bladın xronikası" və 1936-cı ildə "Kapitan Bladın uğurları" romanlarını yazdı. Və vurğulamaq lazımdır ki, əsərlərin davamları da böyük uğur qazandı. Əslində yazıçı müsahibələrinin birində dolayısı ilə olsa da özünün daha favorit saydığı mövzularını etiraf etmişdi.

Sabatini ona ünvanlanan "Özünüzün hansı romanını Siz ən yaxşısı hesab edirsiniz?" sualına belə cavab vermişdi:

- Mən həmişə düşünmüşəm ki, ən yaxşı romanlarım axırıncı yazdıqlarımdır. Bu bir qədər hərfi mənada qəbul edilməsin. Mən makina yazılarıma və faktların təhkiyəsinə baxanda onları elə köhnəlmiş görürəm ki, nəşr edilmiş varianta uyğun gəlmirlər. Yox, əgər mənim sevimli romanımdan söhbət gedirsə, bu "Skaramuş"dur. Skaramuş mənim Kolumbum olub və bu əsər yəqin ki, məndə o minnətdarlığı yaradıb. O mənim üçün Amerikanı açıb.

ƏSƏRLƏRİN EKRAN HƏYATI

Əslində həqiqətən də yazıçının bir sıra romanları, xüsusən də "Skaramuş" və "Kapitan
Rafael Sabatini ikinci arvadı Christine Goad-la, 1935
Rafael Sabatini ikinci arvadı Christine Goad-la, 1935
Bladın odisseyası" romanları okeanın o tayında çap edildikdən sonra, həm şəxsi həyatında, həm də yazıçı kimi yaradıcılığında dəyişikliklər baş verdi. Əsərləri ilə rejissorlar maraqlanmağa başladılar. İlk dəfə 1935-ci ildə məşhur amerikan kinorejissoru Maykl Kertits onun "Kapitan Bladın odisseyası" əsərini ekranlaşdırdı və film müəlliflərə inanılmaz şöhrət gətirdi. Bundan başqa, yazıçının gəliri də böyüdü və demək olar ki, maddi cəhətdən təmin olunmuş bir yazıçıya çevrildi. Əslində rejissorlar onun əsərlərinə bir dəfə müraciət etməyiblər. Maykl Kertitsin müvəffəqiyyətindən sonra bir-birinin ardınca onun bir neçə kitabı da ekranlaşdırılaraq yazıçıya daha böyük populyarlıq və para gətirdi. Əslində Sabatininin yaradıcılığının rəngarəngliyi bunlarla da bitmirdi. Onun səhnə üçün yazdığı pyesləri də romanları kimi tamaşaçıların ürəklərini fəth etdi. Amma müəllif bu janra uzun müddət müraciət etməyib. Belə ki, Sabatini təxminən 7-8 pyes yazıb.

İkinci Dünya Müharibəsi ərəfəsində Rafael Sabatininin səhhətində problemlər yarandı. Elə bu üzdən də o əvvəlki kimi məhsuldar yazmağı bacarmırdı. Əslində onun yaradıcılığının həmin dövrlərinə nəzər salsaq deyə bilərik ki, yazıçı demək olar ki, yalnız bir roman və bir sıra hekayələr yazmışdır: 1949-cu ildə çapdan çıxan "Oyunçu" romanı, bir də 1950-ci ildə nəşr edilən hekayələr toplusu var. Amma onun sağlıq durumu heç də təkcə yaradıcılığını əngəlləməmişdi. Səhhəti daha sürətlə pisləşirdi. Yazıçı birinci dəfə onun sağalmasına böyük köməklik etmiş səyahətini bir də təkrarlamaq qərarına gəldi. Ağır vəziyyətdə olsa da İsveçrəyə yollandı. Amma xəstəlik və yaş artıq öz sözünü deməkdəydi. Hətta yataqda belə yazmaq üçün əlinə qələm alsa da bunu bacarmırdı.

ÖMRÜN BİTDİYİ GÜN...

Soyuq qış günlərinin biri idi. Fevral ayının 13-ü. Bütün ömrünü qələmə verərək bir-birindən maraqlı əsərlər yazan, adını Avropanın romançıları sırasına həkk edən, yaratdığı obrazlar kitablarında, ekranlarda, insanların yaddaşında yaşayan Rafael Sabatini 75 yaşında dünyanı tərk etdi. Onu çox sevdiyi Adelbodendə dəfn etdilər. Həmişə kitablarının üzərində yer alan adı bu dəfə baş-daşına yazıldı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG