Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:50

Xanım Adıvar


Ünlü türk yazıçısının örnək həyatı... Xalidə Ədib Adıvar Türkiyədə feminizm hərəkatının əsasını qoyanlardan olub. Atatürkün silahdaşı olaraq o, əlində silah işğalşılara qarşı mübarizədə də iştirak edib.


Babək Yusifoğlu


XANIM ADIVAR

Qərb həmişə müsəlman dünyasına geridə qalmış, cəhalət yuvası kimi baxsa da, buradakı elmi tərəqqinin, ictimai şüurun inkişafını inkar etsə də, gerçəklik vəziyyətin heç də belə olmadığını sübut edir.

Əslində bəşəriyyətin intibahını irqlərə, dini mənsubiyyətlərə, Şərqə, Qərbə bölmək heç də düzgün yanaşma deyil.

Düzdür, Islamın olduğu ölkələrdə gerilik, cəhalət... daha çox özünü göstərib, lakin bu heç də o anlama gəlməməlidir ki, Şərq bəşər övladının inkişafında Qərbin yedəyində sürünmüşdür.

Cəhalət əslində xristian dünyasının da buxovu olmuşdur.

Sadəcə bir faktı demək kifayətdir ki, gerçəyin üzünü görəsən.


1910-cu ildə əri Saleh Riza bəyin ikinci arvad almaq istəməsi üzündən ondan boşandı və uzun müddət subaylıq həyatı yaşadı.
Avropanın ən öndə gedən ölkələrindən biri hesab edilən Fransa da baş vermiş dəhşətli Varfolemey gecəsini cəhalətin pik nöqtəsi saymaq olmazmı?..

Tarix artıq sübut edir ki, bir çox kəşflərin, ideyaların, əvəzsiz ədəbiyyat, mədəniyyət və incəsənət... nümunələri məhz Şərqdə, xüsusilə müsəlman dünyasında meydana gəlmişdir.

Sadəcə olaraq Qərbin orta əsrlərdən başlayaraq elmi-texniki nailiyyətlərdə irəli getməsi sonradan faktların təhrifinə gətirib çıxardı və burada Avropanın xristian kilsəsi əvəzsiz rol oynadı.

Yəni nailiyyətlərin çoxu onların adına "sənədləşdirildi".

Təkcə Türkiyə ilə Azərbaycanda iki əsr əvvəl qadın mütəfəkkirlərin, ictimai xadimlərin üzə çıxması, onların yaratdıqları, fəaliyyətləri göstərir ki, müsəlman aləminin "yaxasına" tikilmiuş "etiket" qərəzlidir.

İki əsr əvvəl Avropanın əksər ölkələrində qadın yazarlar, ictimai xadimlər barmaqla sayıldığı halda təkcə Türkiyədə, Azərbaycanda belə istedadlı qadınların sayı kifayət qədər çox idi.

Məsələn, yazıçı və ictimai xadim Xalidə Ədib Adıvarın adı Avropada tanınanda
Xalidə Ədib Adıvar

avropalılar bunu qəbul etmək istəmirdilər. Məhsətilərin, natəvanların... Qərbdə tayı-bərabəri vardırmı?..

Bəli, həqiqət həqiqət olaraq tarixdə qalmaqdadır. Əslində Xalidə xanımın həyat və yaradıcılığı özü bir məktəb idi. Sadəcə olaraq biz olanlarımızı dünyaya təqdim etməyi bacarmamışıq. Onlar isə tam əksinə...

Xalidə xanım kim idi?.. Bu suala cavab axtaranda onun çox maraqlı bir ömür yaşadığı göz önünə gəlir.

XALİDƏ

Xalidə Ədib Adıvar XIX əsrin ikinci yarısında, müsəlman Türkiyəsində dünyaya gəlmişdi, yəni daha dəqiq desəm, 1884-cü ildə İstanbulda, imkanlı bir ailədə anadan olmuşdu.

Onun atası Mehmet Ədib bəy Osmanlı İmperiyasının sultanı Əbdül Həmidin katibi idi. Və dövrünün hörmətli şəxslərindən biri sayılırdı.

Anasını isə o, kiçik yaşlarında itirmişdi. Övladlarının təhsilinə xüsusi önəm verən atası Xalidənin elmli, yaxşı oxuması üçün xüsusi müəllimlər tutmuşdu.

Məhz həmin müəllimlərin evdə verdiyi təhsil, bilik sayəsində Xalidə nəinki Türkiyə, habelə Avropa ədəbiyyatını, dini, fəlsəfəni, sosiologiyanı mənimsəməyə başladı.

Amma bunlar heç də hamısı deyildi, kiçik qıza həm də fortepiano dərsləri də keçilirdi, ingilis, fransız, ərəb dilləri də öyrədilirdi. Bundan başqa, o yunan dilinə də yiyələnmişdi.

Bütün bunlardan sonra Xalidə Amerika kollecində də oxudu. Atası dövrünün işıqlı şəxslərindən olduğundan əslində onların evi intellektualların mərkəzinə çevrilmişdi.

Məhz bu amillər və aldığı yüksək təhsil qızın həyatının davamında başlıca rol oynadı.

Nə qədər yüksək səviyyəli təhsil görsə də, daha müasir düşüncə tərzinə malik olsa da Xalidə xanım da öz şəxsi həyatında bəzi ənənələrdən çıxa bilmədi.

Belə ki, onu çox erkən yaşlarında müəllimi, riyaziyyatçı Saleh Riza bəyə ərə verdilər. Xalidə xanımın bu nigahdan iki oğlu dünyaya gəldi - Ayətullah və Hikmətullah. Xalidə Ədibin bu evlilikdən sonra dərc etdirdiyi bir sıra məqalələrində Saleh adından istifadə edilib.

Onun həyatını araşdıranlar yazır ki, 1907-ci ildən sonra dərc etdirdiyi məqalələri üzündən Xalidə xanım üçün vətənində sakit yaşamaq mümkün olmadı və o, Misirə köçdü.

Oradakı həyatı uzun müddət sürməsə də həmin dövr ərzində yeni-yeni işıqlı şəxsiyyətlərlə, yazarlarla ünsiyyət yaratdı və bu yeni mühit gənc ədibdə yeni ideyaların, yeni fikirlərin oyanmasına səbəb oldu.

1909-cu ildə yenidən İstanbula qayıdan Xalidə Ədib daha ciddi şəkildə yaradıcılığa girişdi. Çox çəkmədi kı, qəzet və jurnalların səhifələrində onun iki romanı dərc edildi.

Bundan sonra onun adı yazıçı kimi daha da populyarlaşdı.

II EVLİLİYİ.VƏ SULTANƏHMƏD MEYDANI

Məhz bu ərəfələr idi ki, Xalidə Ədibin şəxsi həyatında yenidən dəyişiklik baş verdi.

Belə ki 1910-cu ildə əri Saleh Riza bəyin ikinci arvad almaq istəməsi üzündən ondan boşandı və uzun müddət subaylıq həyatı yaşadı.

Xalidə Ədib Adıvar

Bu dövrlərdə müxtəlif tədbirlərin iştirakçısı olan Xalidə Ədib vətənpərvərlik mövzusunda bir sıra yazılarını yazdı.

1917-ci ildə isə Xalidə Ədib Əbdülhəq Adnan Adıvarla ailə qurdu. İxtisasca həkim olan Əbdülhəq Adnan əslində tanımadıqları bir adam deyildi.

O, ailənin həkimi olmuşdu, bununla yanaşı dövrün tanınmış ictimai-siyasi xadimlərindən biri sayılırdı.

Artıq yazıçı kimi tanınmağa başlayan Xalidə xanım məhz bu evlilikdən sonra ölkədə gedən siyasi proseslərin önündə yer almağa başladı.

O, ölkədə fəaliyyət göstərən əsas milli hərəkatlara mənəvi dəstək verərək hamını xalq hərəkatının qələbəsinə ruhlandırır, insanları yadelli işğalçıların məğlubiyyətə məhkum olduqlarına inadırırdı.

Yunan orduları 1919-cu ildə İzmiri işğal edən vaxt İstanbulun Sultanəhməd meydanında keçirilən mitinqdə kürsüyə çıxan Adıvar orada milli qurtuluş savaşından, ədalətin bərqərar olmasından alovlu çıxış etməklə vətənpəvər insanların qəhrəmanına çevrildi.

Hər kəs bu xanımın iradəsindən, qorxmazlığından danışırdı.

Heç şübhəsiz ki, düşmən kəşfiyyatı onun haqqında Türkiyəni işğal edən avropalı müttəfiqlərin komandanlığına məlumatları çatdırmışdı.

O isə durmaq bilmirdi. Düşmən güclü, ölkə isə iqtisadi cəhətdən yoxsul, mənəvi cəhətdən yorğun idi.

Çörək qədər, silah qədər mənəvi dirənişin də bərqərar olmasına böyük ehtiyac vardı...

SERJANT RÜTBƏSİ VƏ "YENİ TURAN"

Düşmənin birləşmiş səyləri nəticəsində İstanbul işğal ediləndə Xalidə Ədib Adıvar ailəsi ilə birlikdə şəhəri tərk edərək Anadolunun içərilərinə getdi və hər yerdə milli qurtuluş savaşının təbliğatını apardı. Artıq o, milli mübarizənin xalq qəhrəmanına çevrilmişdi.

Hətta qeyd edirlər ki, Xalidə xanım müxtəlif cəbhə bölgələrində dəfələrlə Qazi Mustafa Paşa Atatürkün yanında olmuşdur.

Göstərdiyi fədakarlıqlar, milli qurtuluş savaşı üçün verdiyi mücadilə ordu rəhbərliyi tərəfindən nəzərə alındığından onu baş qərargahda işə götürdülər, sonradan gənc yazıçı Qərb cəbhəsinə göndərildi və ona serjant rütbəsi də verildi.

Qeyd edək ki, bütün bu işlərin sırasında bu yorulmaq bilməyən qadın öz bədii yaradıcılığından da qalmırdı.

O, əsərlərində bütün gücü, bütün istedadı ilə insanlarda mənəvi dəyərlərinin zənginləşməsinə çalışmış, türk xalqını öz vətənlərini, onun mədəni dəyərlərini, tarixini qorumağa səsləmişdir.

Keçdiyi keşməkeşli həyat yolu, apardığı müşahidələr və istedadı əslində yazıçıya imkan verirdi ki, hadisələri, obrazları... real həyatda olduğu kimi oxucuya çatdırsın. Ədəbiyyatşünasların dediklərinə görə, Xalidə Ədib buna nail ola bilmişdi.

Qərb ideoloqları onu qatı türkçü, pantürkist adlandırırdılar. Alman tarixçisi Hilmar Kayzer yazırdı ki, yazıçı Adıvar bütün yazılarında millətçiliyi təbliğ etmişdir.

Əslində isə Xalidə Ədib vətəni Türkiyəni azad, müstəqil, tərəqqi içərisində görmək istəyir və bu yolda əlindən nə gəlirdisə onu da edirdi.

Əlbəttə, Xalidə Ədib Adıvarın romanları Türkiyəyə qarşı kin və nifrət bəsləyənlərin xoşuna gələ bilməzdi.

Çünki bu onların hördükləri hiylə corablarının ilmələrini parça-parça edirdi.

Xalidə Ədib Adıvar

Nə deyilməsinə, necə qiymət verilməsinə baxmayaraq onun 1912-ci ildə yazdığı "Yeni Turan", "Qırmızı alma", "Atəşdən köynək" (1922-ci il) romanları nəinki Türkiyədə, hətta digər ölkələrdə də uğurla qarşılandı. Çünki "Yeni Turan" və "Atəşdən köynək"əsərləri işıq üzü görər-görməz başqa dillərə də tərcümə olundu.

Yeri gəlmişkən, 1928-ci ildə "Atəşdən köynək" romanı rus dilinə tərcümə olunaraq Moskvada da nəşr edildi. Yazıçının "Atəşdən köynək" əsərindən bir neçə il sonra daha bir uğurlu romanı - "Vurun əxlaqsız qızı" işıq üzü gördü.

Onun Türkiyədə türkçülük ideologiyasının banisi hesab olunan Ziya Göyalpın ideyalarını özündə əks etdirən "Qırmızı alma" əsərini o dövr üçün ən qiymətli ideoloji ədəbi nümunələrdən biri hesab etmək olar.

Onun qələmə aldığı "Xandan" (1912), "Qəlb ağrısı" (1924), "Zeynonun oğlu" (1928), "Tatarcık" (1939)... digər əsərləri də oxucular tərəfindən maraqla qarşılandı.

Xalidə Ədibin yaradıcılığını bir istiqamətli hesab etmək qətiyyən düzgün olmazdı. Yazıçının növbəti romanında "Sinəkli bakkal"da oxucular fərqli bir ədəbi nümunə ilə qarşılaşdılar.

Artıq oturuşmuş müəllif qələminin ustalığı, mistik motivlər, yeni obrazlar gözlər önündə idi.

Ümumiyyətlə, Xalidə Ədibin yaradıcılığını türk ədəbiyyatında yeni səhifələrdən biri adlandırmaq mümkündü. Yazıçının ingilis, fransız, yunan, ərəb və digər ədəbiyyatlardan yaxından xəbərdar olması, uzun illər xaricdə, xüsusilə Böyük Britaniyada yaşaması onun yaradıcılığına öz təsirini göstərmişdi.

Xalidə Ədibin əsərlərində yaxşı mənada XVIII əsr ingilis romançılıq məktəbinin izləri görünməkdədir ki, bu da onun əsərlərinə xüsusi çalar vermişdir.

VƏTƏNDƏN QÜRBƏTƏ

Yazıçının Vətəndən uzaqlarda yaşamasına gəlincə qeyd edim ki, bunun təsadüf və ya şəxsi istəklər üzündən baş verdiyini demək olmaz.

Böyük qazi Mustafa Kamal Atatürkün komandanlığı ilə şanlı türk əsgərləri bütün yadelli qoşunları ölkə ərazisindən qovandan sonra Türkiyə Cümhuriyyəti quruldu. Amma daxildə cürbəcür siyasi intriqalar bitmədi.

Belə bir qarışıq zamanda Xalidə Ədibə qarşı ürəklərində düşmənçilik duyğuları bəsləyənlər hərəkətə keçdilər.

Bütün gücünü azad Türkiyə üçün əsirgəməyən, bundan ötrü əzablı yollar keçən yazıçı Xalidə Ədib və bir sıra görkəmli xadimlər haqsız olaraq dövlətə xəyanətdə ittiham olunduqları üçün vətəni tərk etmək məcburiyyətində qaldılar.

Xalidə Ədib Adıvar

1926-cı ildə yazıçı həyat yoldaşı Əbdülhəq Adnanla bərabər Avropaya getdi, əvvəlcə Fransada, sonra isə Böyük Britaniyada yaşamağa başladı.

Və bu qürbətçilik həyatı heç də qısa çəkmədi. Onun vətəninə dönüşü bir də 1939-cu ildə mümkün oldu. Amma bu illər ərzində yazıçı bir sıra əsərlər yazdı, müxtəlif səyahətlərə çıxdı.

Birləşmiş Ştatlarda oldu, bir sıra Amerika təhsil ocaqlarında mühazirələr oxudu.

Bütün bu illər ərzində artıq o, istər ədəbiyyatçı, istər bir yazıçı, istərsə də ictimai-siyasi xadim kimi məşhur bir simaya çevrilmişdi. Onu xaricdə də çox yaxşı tanıyırdılar.

Məhz bu səbəbdən də yazıçıya işləmək, mühazirələr demək üçün dünyanın hər yerindən təkliflər, xahişlər gəlirdi: Birləşmiş Ştatlardan, Kolumbiya Universitetindən, Hindistandan...

Yeri gəlmişkən, Xalidə Ədibi Mhatma Qandi şəxsən özü 1935-ci ildə ölkəsinə dəvət etmişdi.

PARLAMENTDƏN VƏ SİYASƏTDƏN GERİYƏ...

Xalidə Ədib Adıvar Türkiyəyə döndükdən sonra İstanbul Universitetində ingilis ədəbiyyatından və dilindən dərs deməyə başladı.

Belə demək mümkünsə yazıçının burada müəllimlik fəaliyyəti 1950-ci ilədək sürdü. 1950-ci ildə o demokrat partiyası sıralarından məclisə İzmirdən deputat seçildi, bununla da yazıçının aktiv siyasi fəaliyyəti başlandı.

Lakin dörd ildən sonra siyasətdən çəkildi. Onu qeyd etmək lazımdı ki, Xalidə xanım bir yazıçı olaraq yaradıcılığına heç bir vaxt ara verməyib.

Çünki hər şeydən əvvəl onun köksündə yaradıcı bir qəlb çırpınırdı. Türk oxucuları onun əsərlərində özlərini, yaşadıqları real həyatı görürdülər.

Digər bir aspektdən yanaşanda isə onun yazdıqlaı Vətənin tarixi idi. Yaradıcılığının mühüm bir hissəsini təşkil edən qadın azadlığı, onların müasirləşməsi ideyaları da o dövrün ədəbiyyatındakı steriotip çərçivələri dağıdırdı.

Yazıçının özünəməxsus bədii dilinin isti, duyğularla dolu olması onun əsərlərini daha da oxunaqlı edir. Demək olar ki, yazıçı yaradıcılığı boyu impressionist üsluba daha çox üstünlük verib.

Maraqlıdır ki, ən məşhur romanlarından olan "Kloun və onun qızı" romanını Xalidə Ədib ingiliscə qələmə almışdı, əsər türkcəyə sonradan tərcümə edilmişdi. Roman qısa müddət ərzində müxtəlif dillərə tərcümə edildi və 25 dəfə nəşr olundu. Əlbəttə, türk-müsəlman qadının bu nailiyyəti inanılmaz idi.

O, 1942-ci ildə beynəlxalq ədəbi mükafata layiq görüldü. Ümumiyyətlə, Xalidə Ədibin əsərləri dəfələrlə dünya dillərinə - ingilis, fransız, norveç, rus, alman, urdu... dillərinə tərcümə edilərək çap olunmuşdur.

Təxminən 80 il ömür sürən yazıçı özündən sonra böyük ədəbi irs qoydu.

Onu məşhurlaşdıran çoxsaylı romanlarından başqa Xalidə Ədib həm də çoxlu məqalələrin, oçerklərin, esselərin, publisistik yazıların müəllifidir. Bundan savayı, onun dövrün bütün çalarlarını əks etdirən memuarları... da var.

1964 cü il yanvarın 9-da İstanbulda vəfat edən Xalidə Ədib Adıvar çoxları tərəfindən pantürkist, ziddiyyətli, feminist və millətçi yazıçı kimi qəbul edilsə də o, türk qadın yazarı olaraq əsərləri ilə dünyada məşhurlaşdı, adını tarixə həkk etdi.

Dünyasını dəyişəndən sonra sevərləri və yaxınları onu Vətəndə, öz doğma şəhərində İstanbulda, Mərkəz əfəndi qəbiristanlığında torpağa tapşırdılar...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG