Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 01:25

Babək Yusifoğlu. Nəsrin "birinci ledi"si


Babək Yusifoğlu
Babək Yusifoğlu
Babək Yusifoğlu


NƏSRİN “BİRİNCİ LEDİ”Sİ

XVIII əsrin sonları XIX əsrin başlanğıcı Avropa ədəbiyyatında romançılıq özünün ən parlaq dövrlərindən birini yaşadı.

Bu ilk növbədə yeni ədəbi ənənələrin köklü surətdə formalaşması, realist bədii baxışın yaranması, köhnəlmiş bədii təfəkkürün arxa plana keçməsi ilə əlaqədar idi.

Bu mənada digər Avropa ölkələrindən fərqli olaraq Böyük Britaniyanın daha tez feodal münasibətlərdən yeni siyasi formasiyaya keçməsi, yeni iqtisadi-siyasi münasibətlərin formalaşması imkan verdi ki, ingilis romançılığı daha tez təşəkkül tapsın.

Əsasən Daniel Defo ilə başlayan realist ingilis romançılığının elə həmin əsrin sonunadək nəhəng simaları yarandı: Riçardson, Fildinq, Smollett...

Maraqlıdır ki, cəmiyyətdəki feodal düşüncə tərzi tamam silinməmiş ingilis romançılığının qadın yazarları ədəbi mühitdə qeyri-adi dərəcədə sürətlə və uğurla parlamağa başladı.

Həmin dövrlərdə qadınların yazıçılığı qəbul edilməsə də prosesə təsir göstərə bilmədi. Hətta mən deyərdim ki, dünyada qadın yazarlar sırasına görə liderlik məhz

Böyük yazıçı ömrünün başqa məqamları bir yana, sevgidəki nəsibi lap bədii əsərlərdəki kimiydi. Ceyn heç vaxt ailə qurmadı. Tədqiqatçıların bildirdiyinə görə, Ceynə bir neçə dəfə evlənmə təklifi olunmuş, amma heç biri uğurlu bitməmişdi.

ingilis xanım ədiblərinə məxsusdur. Əlbəttə, onların hamısının adını çəkmək, onlardan bəhs etmək imkansızdı.

Lakin əsərləri ilə oxucuların qəlbini fəth edən, ədəbi aləmin sayılan-seçilən simalarından biri olan Ceyn Ostin haqqında söz açmaq istəyirəm. O Ceyn Ostin ki, ingilislərin, eləcə də dünya oxucularının sevimlisinə çevrilib. XX əsrin böyük ədiblərindən və tənqidçilərindən sayılan Virciniya Vulf yazırdı ki, qadın yazarlar arasında ən gözəl bədii simaya malik müəllif Ceyn Ostindir.

CEYN


İngilis ədəbiyyatının xanım yazarlarından biri, özü də çox bəyəndiyim Şarlotta Brontedən əvvələr bəhs edəndə nədənsə Ceyn Ostini xatırlar, yaxud da tərsinə, Ostindən bir şey oxuyanda Brontedən düşünərdim. Mənə elə gələrdi ki, hər iki yazar elə birgə yaşayıblar, ya çox yaxın dost olublar, biri-birləri ilə çox şeylərini bölüşüblər. Amma gerçək çox fərqliydi. Çünki hər ikisi ingilis olsa da, İngiltərədə yaşasalar da, ikisi də oxşar ədəbi mühitin içərisində bulunsalar da, hətta ailələrində, talelərində çox bənzərlik olsa da Ostinin Şarlotta Bronte ilə nə birgə yaşaması mümkün idi, nə dostluğu, nə də nələrisə bölüşmələri. Ona görə ki, Ceyn Ostin bu dünyaya əlvida deyəndə Şarlotta Brontenin cəmi bir yaşı olardı.

Məncə hər iki qadın yazıçı arasında beləcə parallelər aparmağım səbəbsiz deyilmiş. İndi bu parallelər haqqında uzun-uzadı danışmaq niyyətində deyiləm. Çünki məqsədim bu deyil. Sadəcə olaraq onu demək yetərlidir ki, bu yazıçıların həyatlarındakı oxşar məqamlar çoxdur. Hər ikisi erkən yaş dövrlərində həyatdan köçüblər. Hər ikisi yaradıcılıqlarının müəyyən mərhələsində əsərlərini anonim imzayla yazıblar... Elə o da qəribə bir təsadüfdü ki, yazıçıların birinin həyatı bitərkən digərinin həyatı başlamışdı. Bəlkə də heç bunlar da deyildi... Yeri gəlmişkən, Şarlotta Brontenin sonralar Ostinin əsərləri barəsində tənqidi fikirləri də olmuşdu.

Qadın romançıların klassiki sayılan məşhur ingilis yazıçısı Ceyn Ostin 1775-ci il, 16 dekabrda İngiltərənin Gempşir qraflığı, Stiventon şəhərciyində anadan olub. Dünyaya göz açan qızcığaz ailədə ikinci qız olsa da keşiş Corc Ostinin yeddinci övladı idi. Maraqlıdır ki, həmin dövrlər İngiltərədə uşaqlar, xüsusilə kasıb ailələrin övladları xəstəliklərdən, aclıqdan çox tez-tez tələf olmasına baxmayaraq çətin güzəran keçirən Corcgil övladlarından heç birini itirmədilər. Valideynləri imkansızlıq üzündən Ceyni məktəbdə oxuda da bilmədilər. Qızcığaz imkan düşdükcə elə evdəcə təhsillə məşğul olurdu. Bütün bunlara baxmayaraq ailədə fərqli mühit vardı. Bəzi təhqiqatçılar hətta belə hesab edirlər ki, Corcun ailəsində o vaxtın bədii nümunələrindən ailə tamaşaları, şaradalar göstərilməsəydi, hamılıqla müxtəlif əsərlərin oxunub-dinlənməsi... baş verməsəydi Ceyn yazıçı olmayacaqdı. Bu fikir ehkam olmasa da hər halda səbəbsiz də deyildi. Yəqin elə bu mühitin təsiri idi ki, Ceyn çox erkən vaxtlardan - 14-15 yaşlarından başlayaraq özündən bədii parçalar düzəltməyə başlamışdı.

OSTINLƏR AİLƏSİ

Əslində Ceynin böyük qardaşı da əbəbiyyata böyük həvəs göstərirdi, şeirlər, hekayələr yazırdı. Amma çox çəkmədi ki, o, bu məşğuliyyətini bir kənara buraxıb
Jane Austen
Jane Austen
atasının yolunu tutdu. İkinci qardaşı ailənin belə demək mümkünsə ikinci "dərdi" idi. Çünki Corce həm psixi cəhətdən qüsurlu, həm də lal-kar idi. Qeyd edim ki, məhz şikəst qardaşından ötrü Ceyn lalların əlifbasını da öyrənib bir çox işlərdə ona köməklik göstərirdi. Üçüncü qardaşları Edvardı isə bir sonsuz varlı qohumları övladlığa götürdülər və belə demək mümkünsə, onun ömrü digərlərinkindən daha rahat, daha təminatlı keçdi. Ən romantik və parlaq həyatı isə dördüncü qardaşları Henri Tomas yaşadı. Çox rəngarəng yaşantıları ilə yanaşı müəyyən dövrlərdə o, ailə üzvlərinə yardım da edirdi. Məhz Henrinin maddi dəstəyi ilə Ceyn Ostinin ilk kitabları nəşr olundu. Elə onun evləndiyi fransız qadının yardımı ilə Ceyn fransızcanı öyrəndi, Laroşfukonu, Montenyanı orijinaldan oxudu, teatr tamaşalarını sevdi.

Yazıçının digər iki qardaşı Frensislə Uilyam hərbi dənizçiliyin ardınca gedərək admiral rütbəsinədək yüksəlmişdilər. Ceyn Ostinin həyatında mühim rol oynayan Kassandro onun yeganə bacısıydı. Kassandro həyatını Ceynlə keçirdi. Belə ki, evlənməyə hazırlaşdığı sevgilisi Tomas Faul toy xərclərini qazanmaq üçün getdiyi Vest-hinddə xəstələnərək vəfat edəndən sonra o, ailə qurmadı və bacısından ayrılmadı. Qeyd edim ki, yazıçı bütün həyatı boyu düşüncələrini, sirlərini məhz onunla bölümüş, hətta sevimli bacısının qolları arasında həyatına vida etmişdir.

Belə demək mümkünsə, Ceynin həyatının ilk 25 ili məhz Hempşirdə keçdi. Atası qəfildən bütün işlərdən uzaqlaşdıqdan sonra ailə məcburən bütün olanlarını, hətta evlərini, əşyalarını da sataraq Bata köç etdilər. Və Ostin əvvəlki evlərindəki bütün məşğuliyyətlərini, dostlarını geridə buraxdı. Onun haqqında yazılanlar göstərir ki, əvvəldə qeyd etdiyim kimi yaşam şərtlərinə görə Ceyn məktəbdə heç düz-əməlli təhsil də ala biməyib. Amma oxumaq həvəsi, bəlkə də göstərdiyi inadkarlıq və fədakarlıq hesabına evdə təhsili ilə məşğul olmağa başladı. Əslində bunu da həmin dövr üçün yetərli savad adlandırmaq mümkündü. Çünki qadınların çox böyük əksəriyyəti belə təhsili yalnız arzulaya bilərdilər.

İLK ƏSƏRLƏRİ

Ceyn Ostinin yaradıcılığını bir mərhələli adlandırmaq düzgün deyil. Bunu ədəbiyyatşünaslar da belə dəyərləndirirdilər. Onun yeniyetməlik çağlarında yazdıqları daha çox romantik ruhlu, XVIII əsrin sentimental, ənənəvi melodramlar səpkisində olsa da kifayət qədər iti zəkanın məhsulu sayıla biləcək əsərlər idi. Mistik düşüncələrlə zəngin olan "Nortenqer abbatlığı" əsərində və ya "Məhəbbət və dostluq"unda XVIII əsrdə populyar olan "qotika üslubu" özünü göstərir.

Əslində Ceyn Ostinin yazdıqlarının ən özəl xüsusiyyətlərindən biri odur ki, bu əsərlərin materialları real həyatdan gəlirdi. Yazılarında nə qədər romantika, nə qədər mistika və digər xüsusiyyətlər olsa da orada ingilis həyatı vardı. Ədəbiyyatşünaslar Ostinin yaradıcılığını aralarında çox böyük fasilə olan iki dövrə bölürlər. Onlara görə,
Ceyn Ostinin ilk romanı "Sense and Sensibility" (1811)
Ceyn Ostinin ilk romanı "Sense and Sensibility" (1811)
yazıçının 1795-1798-cı illərdəki əsərləri erkən, 1811-1816-cı illərsə məhsuldar yaradıcılıq dövrünə aiddir. Maraqlıdır ki, Ostinin işıq üzü görən əksər əsərləri anonim imza ilə nəşr olunub. Bütövlükdə ostinlər ailəsinin yaşam şərtləri onları bir yerdə qərar tutmasına imkan vermirdi. Bu üzdən də ailə üzvləri, xüsusilə Ceyn, anası və Kassandra gah Bateyə, gah Stiventona, Menidauna gedirdilər. 1798-ci ildə, yəni "Nortenqer abbatlığı" əsərini tamamlayandan bir il sonra - may-iyun aylarında yazıçı anasıyla birgə Bateyə Edvardın yanına gəlirlər. Amma burada uzun müddətli yaşaya bilməyib geri qayıtdılar. Bu da üzun sürmədi. 1811-ci ildə ailə ümumiyyətlə, həmin şəhərə köçdülər.

DAHA BÖYÜK YOLUN BAŞLANĞICI

Həmin vaxtlar Ceyn Ostin, indiki dillə ifadə etsək yazıçılıq debütündən şikayətlənə bilməzdi. Kitabları çap olunmağa başlamışdı. İdeal olmasa da onun yaradıcılıqla məşğul olmağa imkanları vardı. Hətta atası belə qızının yazması üçün çalışır, ona kağızlar tapırdı, yazı stolu gətirtmişdi.

Ceyn kənarda yaşayan bütün doğmaları ilə məktublaşmağı sevər, onların yaşadıqları mühitlə, işləri, ilə maraqlanardı. Qəribə də olsa o hətta uzaq qohumları ilə də yazışardı. Və müxtəlif sahələrdə çalışan, müxtəlif yerlərdə çox fərqli həyat tərzi keçirən yaxınlarıyla bu yazışmalar ona yaradıcılıq üçün əvəzsiz faktlar verərdi. Özü də bunların hamısı real həyatdan gələn materiallar olduğu üçün əvəzsiz idi.

1805-ci ildə gənc yazıçının atası Corc Ostin vəfat etdi və bir il sonra ailə Batedən getməyə qərar verdi. Onlar Sauthemptona köçsələr də burada təməlli qərarlaşa bilmədilər. Bu üzdən bir il sonra Ceyn bacısı və anası ilə birgə Çotenə (Hempşir) gəldilər. Artıq bu o dövrlər idi ki, onun kitabları naşirlər tərəfindən qəbul edilir, əsərlərini maraqla oxuyurdular.

Maraqlıdır ki, qayğılı həyat tərzi, mütəmadi baş verən yerdəyişmələr Ceynə elə də ciddi təsir etmirdi. Yəni o öz yaradıcılığına ara vermirdi. Çotenə gələndən bir müddət sonra "Mensfild Parkı" romanını yazmağa başladı. Əsəri tezliklə bitirəcəyini düşünən yazıçı nəzərdə tutduğu vaxtda bunu bacarmadı.

Həmin ildə T. Ecerton nəşriyyatı çapını üzərinə götürdüyü "Ağıl və hiss" əsərini çapdan buraxdı. Və bundan sonra müəllifin kitablarına olan maraq daha da yüksəlməyə başladı. Elə bu səbəbdən idi ki, həmin nəşriyyat Ceynin yeni bir əsərini də cap etməyə qərar verdi və gənc yazıçının "Məğrurluq və yanlış təəssürat" ("İlk təəssürat") əsərini aldı. Və çox çəkmədi ki, nəşriyyat öz addımında səhv etmədiyini gördü. Belə ki, 1713-cü ildə çap olanan bu əsər sürətlə satıldığından nəşriyyat onu təkrar buraxdı. Özü də təkcə "Məğrurluq və yanlış təəssürat" kitabını deyil, həm də "Ağıl və hiss" əsərinin də təkrar çapına ehtiyac duydu... Ceyn Ostin artıq böyük yazıçı yolundaydı...

Belə demək mümkünsə, təkcə adlarını çəkdiyimiz romanlarında deyil, ümumiyyətlə Ostinin bütün əsərlərində adi həyat, əyalətdəki insanlar təsvir olunur. Onlar sadə kişilər, qadınlar, o dövrün əyalət psixologiyasına, yaşam tərzinə, yaxud ərə getməyi, hansısa mirasa sahib olmağı arzulayan adamlardır. Və onların cürbəcür problemlərlə dolu ömürləridir. Ostin əsərləri üçün xarakterik olan cəhətlərdən biri də onun öz qəhrəmanlarının gözü ilə bu dünyaya bədii ironiyalı baxışlarıdır. Maraqlıdır ki, yazıçının bu spesfik bədii xüsusiyyəti onun əksər yazılarında özünü açıqca hiss
Ceyn Ostinin "Pride and Prejudice" əsərinə üllüstrasiya
Ceyn Ostinin "Pride and Prejudice" əsərinə üllüstrasiya
etdirir. Əlbəttə, o vaxtın bəzi ədəbiyyatşünasları Ceyn Ostin əsərlərini, obrazlı ifadə etmiş olsaq, "buludsuz", "dumansız" hesab etmirdilər. Amma mənim düşüncəmə görə, onları da yazıçının çatışmayan cəhətləri kimi yox, özünəməxsusluğu tək qəbul etmək mümkündür.

ƏSƏRLƏRİNİN XÜSUSİYYƏTLƏRİ

Əslində müəllif yaradıcılığı boyu özünün estetik dünyagörüşünü ifadə edərək həyat fəlsəfəsinə yad təsvirlərdən, təqliddən uzaq qaçmşdır. Hətta bunlar onu bəzilərinin gözündə hədəfə çevirsə belə. Ceyn Ostinin əsərlərində kəskin parodik çalarlar, komik obrazlar daha effektli görünsə də həmin dövrün dəbdə olan "qotik roman"çıların kəskin tənqidinə tuş gəlirdi. Onlara görə, sirlərlə və dəhşətlərlə dolu olan romanlar bədii cəhətdən daha qiymətli idi. Ceyninsə özəlliyi onda idi ki, dediyimiz kimi, öz yaradıcılıq üslubunu kimlərə görəsə dəyişməyib. Hətta belə "dəb məsələləri"nə görə, çap üçün əsərlərini ondan alan naşirlərlə də problemsiz ötüşməmişdi. Bəzi hallarda naşirlər onun sevgi səhnələrini dəyişməyə çalışsalar da Ceyn heç vaxt özünə, qələminə xəyanət etməmişdi.

Ceyn Ostin əsərləri üçün seçdiyi qəhrəmanları, yaxud mənfi obrazları qəbul olunmuş əxlaqi, psixoloji keyfiyyətlərinə görə təqdim etməyə çalışmışdır. Onun yaramazları təcrübəli deyillər, oxucu onlara asanlıqla tanıya, qəzəblənə bilir. Yəqin ki, Ostinin belə obrazları kəskin boyalarla, mürəkkəb elementlərlə verməməsini heç də təsadüfi hesab etmək olmaz. Yazıçı əslində bununla romanlarındakı xarakterlərin tanınmasını oxucunun ixtiyarına buraxmaq məqsədini güdmüşdür.

Onun romanlarında müəllif izahlarına demək olar ki, çox nadir hallarda təsadüf edilir. Ostin qəhrəmanlarının xarakterlərini, situasiyanın psixoloji çalarlarını çox böyük ustalıqla obrazların dioloqlarında təqdim etməyi bacarıb. Bu təqdimat elə bir səviyyədədir ki, həqiqətən onunlara izahat vermək doğru görünməzdi. Ceyn Ostinin yaradıcılığının daha bir özəlliyi müəllifin satirik üslubu, hadisələrin yumoristik dilə ifadə etməsindədir. Amma bununla belə Ostinin bədii satirsında qətiyyən kəskin acılıq, qıcıqlandırıcı heç nə yoxdur. Ürəklə demək olar ki, bu satiradakı səmimiyyət və gözəllik oxucuya xüsusi zövq verə bilir.

Yazıçının ən məşhur romanı sayılan "Məğrurluq və yanlış təəssürat" əsəri özünüaldatmanın və duyğuların əsirinə çevirilmiş məğrur Darsiylə gözəl Elizabetdən bəhs edir. Romandakı dinamika, obrazların psixoloji vəziyyəti, hadisələrin təbii şəkildə inkişafı və müəlifin gəldiyi nəticə oxucuya çox ustalıqla təqdim olunur. Ümumiyyətlə, Ceyn Ostinin əsərlərindəki təbiilik, bədii təxəyyül, həyatdan gələn elementlərin zənginliyi çox diqqətəlayiqdir. Məhz sadaladığım və sadalamadığım ədəbi-bədii xüsusiyyətlərinə görədir ki, onun "Məğrurluq və yanlış təəssürat" romanı, eləcə də digər əsərləri çap olunandan bir müddət sonra digər dillərə də tərcümə olundu. Və xatırladım ki, yazıçının həm ingilscə, həm də başqa dillərdə ki, əsərləri təkrar-təkrar çap edilib və oxucular tərəfindən çox böyük maraqla qarşılanıb.

VALTER SKOTTUN "MİSİLSİZ OSTIN"İ

Ceyn Ostin Çotendə yaşadıqları kottecdə özünü çox yaxşı, lap öz doğma evindəki kimi hiss edirdi. Lakin demək olmazdı ki, Ceyn Ostinin həyatı arzuladığı kimi qurulmuşdu. Xeyr. Tale elə onun özünə də bir romansayağı həyat yaşatmışdı. Böyük yazıçı ömrünün başqa məqamları bir yana, sevgidəki nəsibi lap bədii əsərlərdəki kimiydi. Ceyn heç vaxt ailə qurmadı. Tədqiqatçıların bildirdiyinə görə, Ceynə bir neçə dəfə evlənmə təklifi olunmuş, amma heç biri uğurlu bitməmişdi. Onun romantik, lirik arzularının ünvanı olan Tom Lefroemlə münasibətləri də çox uzağa getmədən bitmişdi. Deyilənlərdən belə məlum olur ki, Tomla Ceynin sevgisi ailəlinin sosial durumuna görə əvvəl təxirə salınmış, sonra isə ümumiyyətlə baş tutmamışdı. 30 yaşında olanda artıq Ceyn özünü "qarımış qız" gözündə görsə də pessimizmə qapılmamış, özünü sevdiyi işlərə həsr etmiş, həm də ailənin hər bir
Ceyn Ostinin portreti. Müəllif Kassandra Ostin, 1810
Ceyn Ostinin portreti. Müəllif Kassandra Ostin, 1810
işinə yardımçı olmağa çalışmış, bütün varlığı ilə elə onun kimi ailəsiz bacısı Kassandroya bağlanmışdı. Bəlkə də şəxsi taleləri oxşar olduqları üçün bacısı Kassandroyla son günədək biri-birlərindən ayrılmamışdılar.

Ceynin əsərlərini artıq tərəddüdsüz qarşılayan T. Eceron nəşriyyatı 1814-cü ildə onun "Mensfild parkı"nı çap etdi. Elə həmin il yazıçı yeni bir əsərə də - "Emma"ya başlamışdı. Əyalətdəki həyatın, oradakı cəmiyyətdə orta sinfin problemlərindən, yaşayışından bəhs etdiyi və yumoristik dillə qələmə aldığı bu əsərini o yalnız növbəti il tamamlamağa müvəffəq oldu. Və bir müddət sonra roman üç cilddə nəşr edildi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Ostinin sağlığında çapdan çıxmış məşhur romanlarından altısı, "Emma" da daxil olmaqla anonim imza ilə işıq üzü görmüşdür.

Elə həmin il, yəni 1815-ci ildə Kassandro ilə Uinçestrə və Stiventona gəzməyə çıxan Ceyn Ostin "İnandırma" əsərini yazmağa girişdi. Məhz bu dövrlərdən başlayaraq Ceyn Ostinin geniş şöhrətindən danışmağa dəyər. Biri-birinin ardınca çıxan həm yeni romanları, həm də təkrar çap edilən əsərləri onu inanılmaz dərəcədə məşhurlaşdırmışdı. Artıq Ceyn Ostinin əsərlərinin əcnəbi dillərdə capı mütəmadi xarakter almışdı. Həmin dövrlər fransızcaya tərcümə olunaraq Parisdə çapdan çıxan və ardınca başqa dillərdə də çap olunan "Ağıl və hisslər" əsəri qısa müddət içərisində çox böyük oxucu auditoriyası qazandı. 1816-cı ildə məşhur jurnalların birində Avropa romançılığının ən nəhəng simalarından biri sayılan ser Valter Skott Ceynin haqqında xoş sözlər yazmışdı. Böyük yazıçı "Emma" əsərindən necə məmun qaldığını bildirməklə yanaşı yazıçını "Misilsiz Ostin" adlandırmışdı. Əlbəttə, dahi nasirin dilindən bu tərifi eşitmək Ostin üçün çox böyük qiymət, çox böyük sevinc idi. Əslində elə o özü də etiraf edirdi ki, böyük yazıçının verdiyi qiymət ondan ötrü qeyri-adi mükafatdı. Çox maraqlıdır ki, Valter Skott özünün gündəliyində də onun haqqında 1826-cı il 14 mart tarixində belə yazmışdı: "Missis Ostin mənim həyatda rast gəldiyim adi həyatın xarakterik xüsusiyyətlərini, insanların duyğularını, hisslərini ən gözəl təsvir edə bilən talanta malik yazıçıdır".

"LEDİ D"

1816-cı ildə Ceyn Ostinin bir neçə əsəri vətənində təkrar çap olundu və ardınca da fransız naşirləri üç romanını nəşr etdilər. Yazıçı fərqli manera ilə qələmə aldığı yeganə əsərini - "Düşüncənin sübutları"nı da elə həmin il tamamladı. Ostin yaradıcılığının, şöhrətinin, ümumiyyətlə yazıçı taleyinin ən qəribə çalarlarından biri də sağlığında bu gözəl əsərlərin müəllifinin gerçək adının bilinməməsi idi. Çünki o dövrlər İngiltərədə yazıçılıq heç bir vəchlə qadın işi, qadın peşəsi hesab olunmurdu. Cəmiyyət bunu qəbul etmirdi. Və elə bu üzdən idi ki, Ostindən başlayaraq xeyli sayda ingilis qadın yazıçısı var ki, sağlıqlarında öz adlarını, kim olduqlarını bəyan edə bilməyiblər. Ceyn Ostinin əsərləri "Ledi D adlı biri" imzası ilə cap olunurdu. Və o da Ledi "D"-nin uğuruna sevinir, xoşbəxtliyi onun qazandığı müvəffəqiyyətdən, şöhrətdən tapırdı.

Ölümündən bir xeyli əvvəl - 1816-cı ildə Ceynin səhhətində problemlər özünü göstərməyə başlamışdı. Amma gənc yazar heç ağlına da gətirmirdi ki, onun bu dünyadakı vaxtına belə az qalıb. Bəlkə də məhz buna inanmadığı üçün idi ki, Ostin yeni əsərlər üzərində işləməyə qərar vermişdi. Amma çox təəssüf ki, həyatda hər bir canlının qonağı olacaq əcəl onu da arayıb buldu. Ceyn üç əsr - "Ledi Syüzan", "Uotsonlar" və "Senditon" romanlarını yazmağa başlamışdı.

"BİRİNCİ LEDİ"NİN SONU

1817-ci ildə Ceynin vəziyyəti kəskinləşdi. Kassandro sevimli bacısının vəziyyətinin günü-gündən pisləşdiyini görürdü. Həkimlərə müraciət etdilər. Amma məlum oldu ki,
Winchester kilsəsi - Ceyn Ostin burda dəfn edilib
Winchester kilsəsi - Ceyn Ostin burda dəfn edilib
Ceynin səhhəti gözlənildiyindən də qorxuludur. Həyatı boyu heç vaxt özünün şəxsi ailəsi olmayan, daim bacardığı kimi doğmalarına yardım göstərən, əsərlərində həyatı incə ştrixlərinədək ustalıqla təsvir edə bilən, yaratdığı əsərlərdə hadisələri özünəməxsus yumor, satira prizmasından keçirməyi bacaran, insan duyğularını bir psixoloq kimi açan Ceyn Ostin anladı ki, onunla bu dünya arasında çox az qalıb. Yazıçı çox istəyirdi ki, heç olmasa "Senditon" əsərini bitirsin, bu üzdən də xəstəhal olsa da yazmağa çalışırdı. Bir də ki, bitirməyə o qədər çox qalmamışdı. Amma olmadı. Özünü çox pis hiss etdiyi üçün 18 martda əsər üzərində işini dayandırmaq məcburiyyətində qaldı. Qeyd edim ki, həmin günədək o, "Senditon"un 12 fəslini tamamlaya bilmişdi.

Vəziyyəti ağırlaşan Ceyn Ostin aprel ayının sonunda özünün vəsiyyətnaməsini yazdı və bundan iki ay keçər-leçməz - 1817-ci ilin 18 iyununda, Uinçesterdə sevimli, heç vaxt ayrılmadığı bacısınən qolları arasında gözlərini bu dünyaya əbədi olaraq yumdu. Təhqiqatçıların bildirdiyinə görə, onun ölümünün səbəbi dəqiq məlum olmamışdı. Hər kəs yazıçının başqa-başqa xəstəlikdən dünyasını dəyişdiyini bildirir. Amma nə əhəmiyyəti, əsl gerçək bu idi ki, hər şey bitmişdi onun üçün.

Ceyn Ostin vəfat etdikdən sonra ailəsi, xüsusən də bacısı Kassandro sevimli Ceynlərinin bədii irsinin, əlyazmalarının, məktublarının toplanması, qaydaya salınması, çapı üçün əllərindən gələni etdilər. Qardaşı Henri Ostin "Ledi D" imzasının kimə məxsus olduğunu bütün dünyaya aydınlatdı, kitablarının, küllüyatını təkrar çapdan buraxdırdı, hətta yarımçıq əsərlərini belə nəşr etdirdi. Doğmaları sağlığında qazandığı şöhrəti onun adına əbədiləşdirdilər. Hazırda ingilis ədəbiyyatında Ceyn Ostin yaradıcılığı öyrənilməkdədir. Çox uzun illərdən sonra onun bəzi əsərləri, özünün həyatı rejissorları tərəfindən ekranlaşdırıldı.

Məhz yazdığı gözəl, əvəzsiz əsərlərinə görə, ingilislər də onu yeni nəsrin "birinci Ledisi" kimi qəbul edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG