Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:44

Əyalətlərdə vəkilləri gündüz çıraqla axtarırlar...


Foto: Arxiv
Foto: Arxiv
Azərbaycanda yalnız Vəkillər Kollegiyasının üzvləri məhkəmələrdə cinayət işləri ilə bağlı proseslərə çıxa bilərlər. Kollegiyanın üzvü olmayanların isə fəaliyyətləri ancaq mülkü işlərlə məhdudlaşır. Üstəlik, nəzərə almaq lazımdır ki, Kollegiya üzvü olmayanların mülkü işlərdə də iştirakında məhdudiyyətlər var. Onlar birinci instansiya məhkəmələrində vəkil kimi fəaliyyət göstərə bilər, Ali Məhkəmədəki proseslərə isə qatıla bilməzlər. Vəkillər Kollegiyasının saytında isə göstərilir ki, onların cəmi 738 nəfər üzvü var. Bu vəkillərin də yalnız 194 nəfəri rayonlarda fəaliyyət göstərir. Azərbaycanın cənub rayonların 6-da isə ümumilikdə 20-yə yaxın kollegiya üzvünün olduğu bildirilir.

YARDIMLIDA VƏKİL YOXDUR...

Ən qəribəsi odur ki, 60 mindən çox əhalisi olan Yardımlıda Kollegiya üzvü olan vəkil yoxdur. Lerikdə isə 1 vəkil var. Vəkillər deyir ki, Astara məhkəməsində bir il ərzində 1500-ə yaxın mülki işə baxılır. Bu işlərin cəmi 10 faizində vəkil iştirak edir.

Digər rayonlarda da vəziyyət yaxşı deyil. Lənkəranın 200 mindən çox əhalisi olsa da, orada da Vəkillər Kollegiyasının cəmi 5 üzvü var.

Astara şəhər sakini Fəridə İbayeva deyir ki, məhkəmədə mülkü işi olub. Lakin o vəkil tapmaqda çətinlik çəkib. Yerli məhkəmədə vəkilsiz keçinə bilib. İş Şirvan şəhər Məhkəməsinə gedəndən sonra ona vəkil tutmağı məsləhət görüblər:

«BAŞQA YERDƏN VƏKİL GƏTİRMƏK ÜÇÜN PULUM AZ İDİ»

​«Mənim savadım yoxdur. Vəkil tutmağa ehtiyac oldu. Başqa yerdən vəkil gətirmək üçün pulum da az idi. Rayonda olan vəkilə müraciət etdim. O da məndən böyük məbləğdə pul istədi.
Zahir Əmənov
Zahir Əmənov
Mən pensiya ilə dolanan adamam, haradan 200 manatı gətirib ona verim? Vəkillə razılaşdıq ki, bir gün prosesdə iştirak etsin. Şirvan Apellyasiya Məhkəməsinə getmək üçün ona 100 manat pul, yol və yemək xərci verdim».

«Cənub Xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənovun fikrincə, əyalətlərin əsas problemlərindən biri müstəqil vəkillərin az olmasıdır:

«MƏHKƏMƏLƏRƏ XƏRC ÇƏKİNCƏ...»

«Vəkilik məsələsi ümumiyyətlə Azərbaycanda problemdir. Yerlərdə, əyalətlərdə bunun ağrı-acıları daha aydın hiss olunur. Xüsusən Yardımlı, Lerik kimi rayonlarda müstəqil vəkillərə ehtiyac var. Burda əhalinin əksəriyyəti elementar hüquqlarını bilmir. Vəkil azdır deyə, rəqabət olmur. Vəkillər belə halda vətəndaşlardan daha yüksək məbləğ tələb edirlər. İnsanlar fikirləşir ki, məhkəmələrdə bu qədər xərci çəkincə, onlardan pul istəyən, qanunsuz işdən çıxardan adamın özü ilə dil tapsın».

Zahir Əmənov deyir ki, rayonda bəzi insanlar ünvanlı yardım ala bilmədiklərindən şikayətlənirlər. Ancaq məhkəmə xərcləri ünvanlı yardımdan çox olduğundan hüquqi müstəvidə mübarizədən əl çəkirlər:

«Ayda 50 manat ünvanlı yardım alacaq, hara şikayət edir, şikayətə baxmırlar. Ondan da rüşvət kimi 6 ayını istəyirlər. Bu da eləyir 300 manat. Bu adam tutaq ki, bunları məhkəməyə versə, vəkilə pul ödəməli, dəfələrlə iclasda iştirak etməli, apellyasiya, ali məhkəməyə baş vurmalıdır. Bütün bunlar azı 1000 manat edir».

Novruz Hacıyev
Novruz Hacıyev
Zahir Əmənov deyir ki, məhkəmələrin bir çoxunda vətəndaşların etibar etdikləri səlahiyyətli nümayəndələr iştirak edir. Lənkəranda bir çox hüquq firmaları məhz bununla məşğul olur. Zahir Əmənovun deməsinə görə, səlahiyyətli nümayəndə vətəndaşa sərf edir. Çünki bu halda xərc iki dəfədən də az çıxır. Zahir Əmənov hesab edir ki, vəkillik statusunu almaq üçün qaydalar sadələşdirilməlidir.

Vəkillər Kollegiyasının üzvü Novruz Hacıyev isə rayonlarda vəkillərin az olması fikri ilə razılaşmır. Bununla belə, o, əyalətdə işləyən vəkillərin kifayət qədər problemlərinin olduğunu deyir:

«VƏKİL SADƏCƏ İMZA EDİB GETMƏLİDİR»

«Qanunvericilikdə vəkillərə kifayət qədər səlahiyyətlər verilir. Sadəcə, bu sistemin özü ilə bağlıdır. Qanunda nəzərdə tutulan hüquqlar formal xarakter daşıyır. İbtidai istintaq, məhkəmə, prokuror orqanları bizi işlərə dəvət eləsələr də, onlar bizim iştirakımızı formal olaraq görürlər. Vəkil sadəcə imza edib getməlidir. Verdiyimiz vəsatətlər polis, prokurorluq, məhkəmə orqanları tərəfindən çox nadir hallarda təmin olunur. Heç bir sübut olmadan müstəntiqlər cinayət işlərini məhkəməyə verirlər. Biz məhkəmədə də bu məsələləri qaldırırıq. Lakin məhkəmələr tərəfindən buna baxılmır».

Novruz Hacıyev hesab edir ki, vəkillik institutunu bilərəkdən öldürürlər. Məqsəd məhkəməni birtərəfli qaydada aparmaqdır. Onun fikrincə, nəticədə vətəndaş vəkilə inanmır:

«VƏTƏNDAŞ VƏKİLƏ İNANMIR»

İlqar Qasımov
İlqar Qasımov
«Vətəndaş vəkilə inanmır. Vəkilə müraciət etmir. Müraciət edəndə də, vəkilə qulaq asmır».

Lənkəranda fəaliyyət göstərən «Hüquqi yardım» İctimai Birliyinin sədri İlqar Qasımov isə vəkillik statusu almağa süni maneələrin yaradıldığını bildirir:

MANEƏLƏR...

«Regionlardan ərizə vermiş insanlar üçün 3 illik hüquqşünas stajı aşağı salınsa, yaxşıdır. Onların 1 il işləməsi kifayət edir ki, vəkilliyə ərizə versinlər. Ədliyyə Nazirliyi bildirmişdi ki, regionlarda vətəndaşlara hüquqi yardım etmək üçün mərkəzlər açılacaq. İnsanlara pulsuz hüquqi yardım göstəriləcək. Lakin bu, layihə olaraq qalır».

Adının çəkilməsini istəməyən bir hüquqşünasın dediyinə görə, rayonlardakı məhkəmə binalarında vəkillər üçün nəzərdə tutulmuş otaqlar ləğv olunub. Vəkil işlə tanış olmaq üçün bir neçə maneəni keçməli olur. O qeyd edir ki, dövlət tərəfindən tutulmuş vəkilə 1 saata görə 2 manat ödənilir, o da 3-4 aydan bir verilir. Həmsöhbətimin bildirməsinə görə, rayon polis şöbələrinin təcridxanalarında saxlanan şəxslərlə vəkillərinin görüşü kameralarla izlənilir. Hüquqşünas belə hesab edir ki, vəkillərin nüfuzdan düşməsinə ən böyük yardımçı hakimin özüdür.
XS
SM
MD
LG