Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:29

«Vəkillərin döyülməsinin, tutulmasının vaxtı çatıb»


Sentyabrın 7-də vəkillərə təzyiqlərlə bağlı keçirilən tədbir
Sentyabrın 7-də vəkillərə təzyiqlərlə bağlı keçirilən tədbir
«Mənə elə gəlir ki, vəkillərin tutulmasının, döyülməsinin vaxtı gəlib çatıb».
Hüquqşünas İntiqam Əliyev sentyabrın 7-də vəkillərə təzyiqlərlə bağlı keçirilən tədbirdə belə deyib. Onun qənaətincə, vəkillər hakimiyyətin basqıları altındadır. Ona görə də etirazlara, küçə aksiyalarına başlamaq lazımdır:

«Hakimiyyət tərəfindən müstəqil vətəndaş cəmiyyətinə basqılar davam edir. İndi də hədəfdə vəkillərdir. Bu, vətəndaş hərəkatını sıradan çıxartmaq siyasətinin tərkib hissəsidir. «Neyləmək» sualı çıxır ortaya. Gələn həftə ona yaxın təşkilatın adından Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik piketlə bağlı. Rədd cavabı veriləcək, bəri başdan bəllidir. Amma biz ora gedəcəyik, beynəlxalq qurumlara müraciət edəcəyik. Mənə elə gəlir ki, vəkillərin başının qanamasının vaxtı çatıb. Vəkillərin döyülməsinin vaxtı gəlib çatıb. Vəkillərin tutulmasının vaxtı gəlib çatıb».
Vəkil Osman Kazımovsa çıxışında bu ilin əvvəlindən təzyiqlərlə üzləşdiyini, polislərin gözü qarşısında avtomobilindən cinayət işi materiallarının yoxa çıxdığını bildirdi.
Osman Kazımov Lənkəran Ağıq Cinayətlər Məhkəmənin qərarı ilə həmkarı Yavər Hüseynin 250 manat cərimə olunduğunu da söyləyib.

Avqustun 24-dəsə Vəkillər Kollegiyasının qərarı ilə Xalid Bağırovun vəkillik fəaliyyəti bir il müddətinə dayandırılıb. Kollegiya sədri Azər Tağıyev qərarı belə əsaslandırmışdı: «Xalid Bağırov qanunu pozub, ona həvalə edilən sirri yayıb». Vəkil özüsə bunu hakimiyyətin sifarişi adlandırmışdı.

«VƏKİLİN İŞİNƏ NİYƏ QARIŞMALIYIQ?»

Tədbir iştirakçılarısa bu fikirdədirlər ki, Vəkillər Kollegiyası vəkilləri hakimiyyətin təzyiqlərindən qorumaq istəmir. Əksinə hüquq-mühafizə orqanlarının, məhkəmələrin müstəqil vəkillərlə bağlı müraciətlərinə cavab olaraq onların fəaliyyətini məhdudlaşdırır.

Arxiv foto
Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov isə bunları «yalan» adlandırdı:

«Hansı vəkil qanun pozuntusuna yol verirsə, onun barəsində tədbir görülür. Vəkilin işinə niyə qarışmalıyıq, niyə təzyiq göstərməliyik?»

«DEDİLƏR Kİ, İZAHAT YAZIRSAN YAZ, YAZMIRSAN...»

Yeri gəlmişkən, sentyabrın 7-də Vəkillər Kollegiyasının İntizam Komissiyasında vəkil Elçin Namazovun haqqında Nəsimi rayon Məhkəməsinin qərarı müzakirə edilib. Hərçənd vəkil həmin məhkəmə qərarında nə yazılmasından xəbərsiz olduğunu bildirir. Onun dediyinə görə, bir neçə dəfə müraciət etsə də, nə məhkəmə, nə də Vəkillər Kollegiyası həmin qərarı ona verib. Bu günkü iclasdasa vəkilə belə deyiblər:
«Dedilər ki, izahat yazırsan yaz, yazmırsan, tədbirimizi görəcəyik. Yazdım ki, qərar və ona əlavə olunmuş sənədlər verilmədiyi üçün izahat yazmaqdan imtina edirəm. Bundan sonra kollegiya sədri məni ittiham etdi ki, özbaşınalıq edirsən, etik qaydaları pozursan. Səninlə bağlı şikayətlər gəlir. Sonra da tapşırdı ki, gedin, protokol tərtib edin ki, qərarı verdik, tanış oldu, sonra da belə izahat yazdı».

Elçin Namazov deyir ki, sədrin bu hərəkətindən sonra Vəkillər Kollegiyasının onu müdafiə edəcəyini düşünmür. Onun ehtimallarına görə, Kollegiya onu da vəkillikdən uzaqlaşdıracaq.

Avqustun 27-də Nəsimi Rayon Məhkəməsində aprel hadisələrində həbs olunanlarla bağlı iclasda Elçin Namazovla bağlı qərar çıxarılıb. Məhkəmədə qərarın nəticə hissəsi oxunub. Və orda deyilir ki, Elçin Namazov müdafiə etdiyi Rüfət Hacıbəylinin işindən uzaqlaşdırılır; barəsində cinayət işi başlanması üçün prokurorluğa müraciət edilsin. Və bu haqda Vəkillər Kollegiyasına məlumat verilsin.

Elçin Namazov
«ÖZÜNÜ MÜDAFİƏ EDƏ BİLMİRSƏ, BAŞQALARINI NECƏ MÜDAFİƏ EDƏCƏK»

Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov isə Elçin Namazovun yalan söylədiyini bildirdi.

- Məhkəmə qərarını Vəkillər Kollegiyasından ala bilməz axı. Özünü müdafiə edə bilmirsə, başqalarını necə müdafiə edəcək?

- Bəs siz onu müdafiə edəcəksizmi?

- Onu Allah qoysa, İntizam Komissiyasında baxaq, görək nədir. Komissiyanın iclasına gəldi, izahat vermədi getdi. Bunun haqqında xüsusi qərardad çıxardıb. Özünü müdafiə edə bilirsə, ondan şikayət versin. Yəni vəkil özünü yaxşı aparmayanda haqqında xüsusi qərardad çıxarılır və bizə göndərilir.

Fərhad Nəcəfov məsələyə İntizam Komissiyasında bir daha baxılacağını, sonra Rəyasət Heyətinə çıxarılacağını da dedi. Bəs vəkil kollegiyadan çıxarıla bilərmi sualına «Yox, çıxarılmayacaq» cavabını verdi.
XS
SM
MD
LG