Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:44
DÖVLƏT TƏYİNATLI VƏKİLLƏ İLK TANIŞLIQ VƏ...

Hər şey ondan başlayır ki, 2-ci qrup əlil Məğrub Bədəlli başqa əlillərin sosial problemlərinin həlli ilə bağlı onların nümayəndəsi kimi məhkəməyə müraciət edir. Məhkəmə şikayətə onun və cavabdeh tərəf olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxır, şikayəti təmin etmir. Məğrub Bədəlli də qətnamədən apellyasiya şikayəti verir. Bu instansiya da şikayəti təmin etmir. Ümid qalır Ali Məhkəməyə. Ancaq qanunvericiliyə görə, kassasiya şikayəti vəkil vasitəsilə edilməlidir.

Məğrub Bədəlli deyir ki, Vəkillər Kollegiyası əlil və aztəminatlı olduğuna görə onun dövlət hesabına vəkillə təmin olunmasını 12 saylı hüquq məsləhətxanasına həvalə edir. Məsləhətxana rəhbərliyi də ona vəkil xidməti göstərilməsi üçün vəkil Qaçay Məmmədovu təyin edir.

««102»-yə XƏBƏR VERDİM Kİ, VƏKİL ÜSTÜMƏ CUMUR»

Məğrub Bədəlli deyir ki, ötən ilin dekabrında baş tutan ilk tanışlıqda vəkil müştərilərə müftə xidmət göstərməkdən bezdiyini deyir. Münaqişə də bundan başlayır:

«Elə oradaca 102 xidmətinə zəng vurub vəkilin hərəkətindən şikayət elədim ki, dövlət tərəfindən mənə vəkil ayrılıb, vəkil isə şikayəti yazmır, üstümə cumur, məni təxribata çəkir. Sonra Prezident Administrasiyasına, Daxili işlər Nazirliyinə, Baş Prokurorluğa, Nazirlər Kabinetinə, Vəkillər Kollegiyasına da müraciət elədim ki, mənə dövlət hesabına vəkil ayrılıb, ancaq vəkil Ali Məhkəməyə kassasiya şikayəti yazmır, şikayətin vaxtı ötəcək, Ali Məhkəmə qəbul etməyəcək».

Məğrub Bədəlli cavab verilir ki, şikayəti araşdırılmaq üçün 12 saylı vəkil məsləhətxanasının yerləşdiyi ərazi üzrə Səbail rayon polis idarəsinə göndərilib. Bu ilin mart ayında isə Məğrub Bədəllinin özünü gecə yorğan-döşəkdən qaldırıb Səbail polisinə aparırlar.

«MƏNİ RUHİ XƏSTƏXANAYA GÖNDƏRMƏK İSTƏYİRLƏR»

Ona məlum olur ki, vəkil Qaçay Məmmədov da onun barəsində bir neçə ay əvvəl polisə şikayət edib və polisdə ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Motiv isə belədir ki, o, 12 saylı vəkil məsləhətxanasında vəkil Qaçay Məmmədova istintaqa məlum olmayan soyuq silahla xəsarət yetirib.

Məğrub Bədəlli

Məğrub Bədəlli

deyir ki, 8 aydır istintaq davam edir. Bu yaxınlarda isə işi aparan müstəntiqin imzası ilə ona məktub gəlib ki, oktyabrın 25-də Maştağadakı 1 saylı Ruhi-Əsəb Dispanserinə getsin. Məğrub Bədəlli:

«Ver məhkəməyə de ki, bu dəlidir, məhkəmə də əsaslandırsın ki, nəyə görə dəlidir, bilim ki, hansı hərəkətimə görə məni ruhi xəstəxanaya göndərir».

Bir sözlə, Məğrub Bədəlli deyir hüquqlarımı müdafiə etmək üçün vəkil axtarırdım, oturduğum yerdə işə düşdüm.

«ÜZÜMÜ 8.2 SANTİMETR CIRDI»

«O kontora gələndə yanımda başqa müştəri var idi, dedim bir az gözləyin, başladı səs-küy yaratmağa ki, mən hələ çox gözləməliyəm? Mən də getdim müdirimizin yanına, dedim bu adam çox narahat adamdır, sonra da çıxdım ki, qayıdım məni gözləyən vətəndaşın yanına. Cibindən açar çıxartdı, üzümü 8,2 santimetr cırdı».

Bunu isə 12 saylı hüquq məsləhətxanasının vəkili Qaçay Məmmədov deyir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Məğrub Bədəlli özü istintaq orqanına müraciət edərək psixi durumunda müəyyən problemlər olduğunu deyib. Müstəntiq də bu müraciət əsasında onun psixi durumunun öyrənilməsi üçün ekspertiza təyin edib. Ancaq Məğrub Bədəlli müayinədən yayınır. Buna görə də, istintaq uzanır.

Məğrub Bədəlli isə deyir ki, müstəntiqə belə bir müraciət etməyib.

«O VƏKİLİN ÜZÜNÜ BİRCƏ DƏFƏ DƏ GÖRMƏDİM»

Mingəçevir sakini Həqiqət Salahova isə deyir ki, bu yaxınlarda oğlu həbs edilib. İstintaq vaxtı müstəntiqə oğluna vəkil tutmaq istədiyini deyib.

Həqiqət Salahova: «Müstəntiq dedi ki, bu, çox xırda işdir, cinayət işinə xitam verəcəyəm, bir də vəkilə pul verməyə dəyməz. Mən də inandım, uşağa vəkil tutmadım. Oğlumu bir də məhkəmədə gördüm, dedi ki, «ay ana, müstəntiq mənə bir-iki sənədə qol çəkdirdi», sonradan bildim ki, sənəddəki mənim vəkilimin adıdır. İşin arasına yazıb atıblar ki, mənim belə bir vəkilim olub. Ancaq mən o vəkilimin üzünü bircə dəfə də görmədim».

MÜSTƏNTİQİN TUTDUĞU VƏKİL

Bunu həbsdə olan oğluna dövlət hesabına tutulan vəkillərin fəaliyyətindən şikayətlənən Həqiqət Salahova deyir. Onun sözlərinə görə, məhkəmə oğluna dostu ilə dalaşmasına və yüngül xəsarət yetirməsinə görə 6 il həbs cəzası kəsib. Həqiqət Salahova oğlunun ağır cəzalandırılmasının təqsirini dövlət hesabına tutulmuş vəkildə görür. Deyir, vəkil işə can yandırsaydı, belə olmazdı.

Xalid Bağırov

Xalid Bağırov

«Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanuna görə, hər bir vətəndaşın pulsuz hüquqi yardım almaq, dövlətin təyin etdiyi vəkillə ibtidai istintaqda və məhkəmədə çıxış etmək haqqı var. Vəkil təqsirləndirilən şəxsi müdafiə edir, dövlət də vəkilin hər iş saatına görə ona 2 manat ödəyir.

Vəkil Xalid Bağırov deyir ki, dövlət hesabına tutulan vəkillərə yalnız proses zamanı protokola düşən saatlarına görə pul ödənilir. Məsələn, yolpulu, saatlarla məhkəmə dəhlizlərində itirdikləri saatların pulu onlara ödənilmir:

«Buna görə də dövlət hesabına təyin olunan vəkillər istintaq və məhkəmə boyu müvəkkillərini effektli müdafiə etmək yox, müftə müvəkkildən tezliklə yaxa qurtarmaq barədə düşünürlər».

Şərhləri göstər

XS
SM
MD
LG