Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 01:17

«Təcili qan lazımdır!»


Qan donoru
Qan donoru
«Təcili qan lazımdır. RH+2. Ünvan: Mərkəzi Qan İnstitutu. Ad: Sevil Əhmədova»

Bu cür elanlara addımbaşı rast gəlinir.

Sevda Əhmədovanın 50 yaşı var, 14 gündür Qan İnstitutundadır. Yaxınlarının AzadlıqRadiosuna dediyinə görə, qan azlığından əziyyət çəkir, indi təxminən 900 qram qana ehtiyacı var:

- Qan Bankından ona qan vermirlərmi?

-Yox, yox, almamışıq, vermirlər, yoxdur indi.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu demək olar ki, hər gün gedişli-gəlişli olur. Rəsmi məlumata görə, gün ərzində 100-ə yaxın donordan qan alınıb banka toplanır.

« İYNƏ-DƏRMANI ÖZÜMÜZƏ ALDIRIRLAR»

Rəsmiyyə İlyasova anemiyadan əziyyət çəkən 19 yaşlı qızını bura 6 aydan bir imkan tapıb gətirə bilir. Xadimə işləyən İlyasova deyir ki, Qəbələdən Bakıya gəlməyin çətinliyi bir kənara, iynə-dərman onu elə xərcə salıb ki, aylardır aptekə borcunu qaytara bilmir.

«İndi yenə təkrar analizə gəlmişik. Vəziyyətim ağırdır. Uşağa müalicə lazımdır, imkansızlıqdır. 6 aydan bir gəlirik. Gəlib-gedə bilmirəm, Qəbələdən uzaqdır bura. Əvvəllər yaxşı idilər, indi korrupsiyadan sonra həkimlər daha çox pul istəyirlər adamdan. İynə-dərmanı özümüzə aldırırlar, deyirlər burda yoxdur. Əslində burda verməlidirlər də, dövlətindir bura».


ÖZ XƏSTƏMƏ ÖZ QANIM

Nazim Xudiyev isə Qan İnstitutuna gələn donorlardandır. Qanını əməliyyat olunmuş əmisinə verməyə hazırlaşır:

-Təcili qan vurulmalıdır, sabah da əməliyyat olunmalıdır.

-Xəstəxanada qan olmadığı üçün siz verirsiniz?

-Yox, elə ümumiyyətlə öz qanımı vermək istəyirəm əmim üçün.

Həkim: Öz xəstən üçün öz qanını verirsən.

-Hə, öz xəstəmə öz qanım...

QAN BANKINDA 60-80 LİTR QAN VAR

14 iyun Ümumdünya Qan Donoru günüdür. Hazırda Mərkəzi Qan Bankında təxminən 60-80 litr arası qan ehtiyatı var. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun klinik bölməsində şöbə müdiri Gülbəniz Quliyeva deyir ki, gündəlik donor tələbatı 80-130 arasıdır:

«Biz bu tələbatı demək olar ki, 100 faiz təmin edirik. Həm adi dərmanlar, həm də spesifik dərmanlar, onkoloji dərmanlar bizə respublika Milli Onkoloji Mərkəzi tərəfindən verilir, demək olar ki, dərman çatışmazlığı yoxdur. Bunlar hamısı dövlət hesabına olur».

Gülbəniz Quliyeva
Gün ərzində donorlardan alınan qan laboratoriya yoxlamasından keçəndən sonra yararsızlar tullantıya göndərilir.

Bir müddət əvvəl AzadlıqRadiosu xroniki böyrək çatışmazlığı diaqnozu qoyulmuş 11 yaşlı Məhəmməd Mehdizadənin Hepatit B virusuna yoluxması haqqında yazmışdı. Onun yaxınları iddia edir ki, virus uşağa hemodializ vaxtı – qanın süni yolla bədəndən çıxarılıb, süni süzgəcdən keçirilərək yenidən bədənə qaytarılması zamanı düşüb. Səhiyyə Nazirliyi bu faktı təkzib edirdi.

DONOR QANI LABORATORİYA MÜAYİNƏSİ ETİBARLIDIRMI?

«Savab Dünyası» Talassemiya Assosiasiyasının prezidenti Nailə Quliyeva deyir ki, donorda hər hansı xəstəliyin sonradan özünü büruzə verməsi risk ehtimalı yaradır. O, qeyd edir ki, ölkədə son texnologiya hələ tətbiq olunmayıb:

«Bizdə, məsələn Amerikada edilən testlər hələ yoxdur. Donor qanları üçün PCR texnologiya, nar texnologiya deyirlər ona. Azərbaycanda donor qanları hələ ki, belə yoxlanılmır»

AZƏRBAYCANDA DA DONOR QANI PCR TEXNOLOGİYA İLƏ YOXLANACAQ

Qan İnstitutundan Gülbəniz Quliyeva isə deyir ki, donor qanının yoxlanmasında PCR texnologiyanın tətbiqi Azərbaycanda da planlaşdırılır:

«Bu, yerinə yetiriləcək birinci planlı işimizdir. Məndəki məlumata görə, bu haqda artıq sifarişlər də edilib. Bu yaxınlarda PCR texnologiyası ilə donorun qanının yoxlanması baş verəcək. Lakin onu da deyim ki, son zamanlar bizdə heç bu hala rast gəlinməyib ki, donordan qan götürək və onda virus aşkar olunsun».

Bakı şəhərində dövlət hesablı 5 qan bankı var. Bunlar Milli Onkoloji Mərkəz, Elmi Cərrahi Mərkəzdə, 3 saylı Şəhər klinik xəstəxanasında, Respublika Klinik Xəstəxana və Klinik Tibbi Mərkəzdədir. Özəl tibb müəssisələrindən isə Mərkəzi Neftçilər və Mərkəzi Klinik Xəstəxanalarda qan bankı mövcuddur.

Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda qana olan bir illik tələbat 12 tondur. Bunun təxminən 400 litri hər il Aşura günü keçirilən könüllü qanvermə kampaniyalarında toplanır.
XS
SM
MD
LG