Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 22:43

«İnsan alverinə qarşı mübarizə həftəsi» başladı


Qadınlar Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və İranda fahişəliyə məcbur edilir
Qadınlar Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və İranda fahişəliyə məcbur edilir
«İndi hər şey yaxşıdır, amma bir daha o günlərə qayıtmaq istəməzdim»

Bir daha «o günlərə» qayıtmaq istəməyən 22 yaşlı İlhamə Abbasovanı, dediyinə görə, rəfiqəsinin xalası 2009-cu ildə mağazada işə düzəltmək adı altında Türkiyəyə aparıb. Deyir təxminən bir həftə sonra o, aldadıldığını başa düşüb:

«Gördüm mağaza söhbəti deyil, başa düşdüm ki, məni aldadıblar. Qapalı bir yer idi, kənara çıxmağa qoymurdular, ancaq kimə lazım idisə, onlar girə bilirdilər. Biz üç qız idik, ikimiz Azərbaycandan, bir qız da Türkiyədən».

İ. Abbasova deyir ki, orda saxlandığı 6-7 ay ərzində hər gün dəfələrlə cinsi zorakılığa məruz qalıb. Ciddi nəzarət altında olduqlarından həmin müddətdə bu barədə heç bir yerə məlumat verə bilməyib.

O, Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində aşkarlanıb və Azərbaycana göndərilib. Deməsinə görə, Bakıya gələndən sonra hüquq-mühafizə orqanlarına müraciət edib və onu Türkiyəyə aparan qadın da həbs edilib.

QURBANLAR HANSI ÖLKƏLƏRƏ APARILIR?

Rəsmi məlumatlara əsasən, Azərbaycandan olan insan alveri qurbanları daha çox Türkiyə, Dubay, İran və Rusiyaya aparılır.

Bunu mayın 5-də «Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsi»nə həsr olunmuş tədbirdə Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov deyib:

«2010-cu ildə insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb, 39 şəxs cinayət məsuliyyətinə cəlb edilib.
İmran Nəcəfov
İnsan alveri qurbanı olan 34 nəfər aşkarlanıb. Onların 27-si sığınacağa yerləşdirilib».

3 AYDA 11 NƏFƏRƏ CİNAYƏT İŞİ AÇILIB

2011-ci ilin 3 ayı ərzində insan alverinə qarşı mübarizə nəticəsində 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

İ. Nəcəfov ötən illərlə müqayisədə bu tip cinayətlərin azaldığını bildirir.

«İNSAN ALVERİ – 2010» HESABATINDA DEYİLƏNLƏR

ABŞ Dövlət Departamentinin «İnsan Alveri – 2010» hesabatına əsasən, Azərbaycan kişiləri Rusiyada işlədilir, qadınlar isə Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və İranda fahişəliyə məcbur edilir. Naxçıvan Türkiyəyə aparılan qadınlar üçün tranzit nöqtəsi kimi qeyd olunur. Departamentin hesabatında deyilirdi ki, «Azərbaycan hökuməti insan alverinin kökünü kəsmək üçün minimum standartlara cavab vermir, ancaq bu işi görmək üçün əhəmiyyətli cəhdlər edir».

Hesabatda bildirilirdi ki, Azərbaycanda yüksək səviyyədə mütəşəkkil cinayətkarlığı cəzalandırmaq üçün siyasi iradə, insan alverində yüksək səviyyəli rəsmilərin əlinin olması haqda deyilənləri araşdırmağa istək yoxdur.

DİN RAZILAŞMIR

DİN rəsmisi İ. Nəcəfov isə deyir ki, insan alveri ilə mübarizədə heç kimə fərq qoyulmur:

Əlövsət Əliyev
«Cinayətkarın arxasında cinayətkar durur. Bütün cinayətkarlar da məsuliyyətə cəlb olunur və olunacaqdır. Heç bir vəzifəsinə, tutduğu mövqeyə baxılmadan».

«MÜBARİZƏ İDEAL VƏZİYYƏTDƏ OLSAYDI...»

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, ölkədə insan alverinə qarşı mübarizə o qədər də effektli olmasa da, 2010-cu ildə bəzi müsbət nəticələr əldə olunub:

«Məsələn, ötən il orqanların transplantasiyası ilə bağlı uzun sürən yazışmalardan sonra cinayət işi açılıb. Azərbaycan vətəndaşlarının Varşavaya aparılıb əməyin istismarına məruz qalması, habelə Azərbaycanda çalışan əcnəbi əməkçi miqrantların sayı azalıb. Əvvəl onların kütləvi yaşadığı yerlər fəaliyyət göstərirdi. Ötən il bunların qarşısı xeyli alınıb».

ABŞ Dövlət Departamentinin hesabatında isə xüsusi qeyd olunur ki, hökumət insan alveri qurbanlarına kömək edəndə, bu, əməyə məcbur edilənlərə aid olmur.

İki il bundan qabaq AzadlıqRadiosu Bosniya-Herseqovinadan Azərbaycana gətirilib əməyi istismar olunan miqrantlar barədə reportaj hazırlamışdı.

SƏYLƏRİ SƏFƏRBƏR ETMƏK İMKANI

ATƏT-in Bakı ofisi rəhbərinin müavini Melissa Stoun isə hesab edir ki, «İnsan alverinə qarşı mübarizə həftəsi» Azərbaycan hökuməti və onun tərəfdaşlarına bu yöndə səyləri səfərbər etməyə imkan yaradacaq.
XS
SM
MD
LG