Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:51

İnsan alverçiləri niyə ifşa olunmur?


«Rayondan gəlmişdim, burda kafedə işləyirdim, bir qadın bizə tez-tez pal-paltar gətirib satırdı, dedi istəyirsən, gedək mənimlə Türkiyəyə, sən də mal gətir sat. Qoşulub getdim. Ora çatanda məni elə bir yerə apardı ki, qapalı bir yer idi, ordan çıxmaq mümkün deyildi».

«HƏR GÜN 10-15 MÜŞTƏRİ QƏBUL EDİRDİM»

İnsan alverinin qurbanı olan həmsöhbətim deyir ki, iki il sərasər Türkiyənin Quşadası şəhərində qapalı ev şəraitində cinsi istismara məruz qalıb. Saxlandığı evdə ondan başqa Ukrayna, Rusiya və Azərbaycandan olan qızlar da cinsi istismar olunurmuş:

«İki il havasız, qapalı yerdə saxlanmışam, ora xüsusi müştərilər gətirilirdi, hər gün 10-15 müştəri qəbul edirdim».

Həmsöhbətim deyir ki, Türkiyədə cinsi istismara məruz qalan azərbaycanlı qadınlar kifayət qədərdir.

Rəfael Cəbrayılov
Milli Məclisin Hüquq Siyasəti və Qanunvericilik Komitəsinin üzvü Rəfael Cəbrayılov deyir ki, BMT-nin hesablamalarına görə, dünyada insan alveri qara bazarının illik dövriyyəsi 20 milyard dollara bərabərdir:

«Dünyada insan alveri qurbanlarının 80 faizi qadınlar, 18 faizi uşaq və yeniyetmələrdir».

«749 FAHİŞƏ CƏZALANDIRILIB»

Millət vəkilinin sözlərinə görə, 2009-cu ildə Azərbaycanda insan alveri üzrə 71 cinayət faktı qeydə alınıb:

«Bu cinayətlər üzrə 65 şəxs, 18 cinayətkar qrup və 1 mütəşəkkil cinayətkar dəstə müəyyən edilib. 749 qadın fahişəliklə məşğul olduğuna görə inzibati qaydada cəzalandırılıb».

Daxili İşlər nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə idarəsinin əməkdaşı Araz Babayev isə bu ilin 7 ayında insan alveri üzrə 57 cinayət faktı olduğunu deyir: “Bu faktlar üzrə 25 şəxs cinayət məsuliyyətinə cəlb edilib. 27 insan alveri qurbanı müəyyən edilib. Onlardan 17-si sığınacağa yerləşdirilib, 21 nəfər peşə kurslarına göndərilib, 5 nəfər işlə təmin edilib».

SIĞINACAQLAR BOŞ QALIB


«Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, əvvəlki illərlə müqayisədə 2010-cu ildı insan alveri qurbanlarının müraciətləri azalıb. Mehriban Zeynalova bunu insan alveri ilə mübarizənin nəticəsi kimi qiymətləndirir:

«Keçən il sığınacağa yerləşdirilən qurbanların sayı 49 nəfər idi, indi ilin 8-ci ayıdır, cəmi 11 nəfər yerləşdirilib. Keçən il müraciət edənlər də, təhlükə
Mehriban Zeynalova
gözləyənlər də çox idi».

Mehriban Zeynalovanın deməsinə görə, indi qurbanlar əsasən Türkiyəyə, Birləşmiş Ərəb Əmirliklərinə və İrana daşınırlar. Əvvəllərsə bu siyahıda Hindistanla Pakistan da var idi.

«BU İŞİN ARXASINDA VƏZİFƏLİ ŞƏXSLƏRİN DAYANMASI BARƏDƏ YAZILANLAR ƏSASSIZDIR»

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev də deyir ki, Azərbaycanda insan alverinə qarşı mübarizədə, həqiqətən də, irəliləyiş var. Amma:

«İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycanda bu cinayətin təşkilatçıları, bu cinayəti maliyyələşdirərək dəstək verənlər cinayət məsuliyyətindən kənarda qalırlar. İnsan alveri cinayəti transmilli cinayətkarlıqdır və özündə böyük şəbəkələri birləşdirir, təəssüf ki, Azərbaycanda bir dəfə də olsun belə beynəlxalq şəbəkə ifşa edilməyib».

Yerli mətbuatda vaxtaşırı insan alverçilərinin arxasında vəzifəli şəxslərin dayanmasına dair yazılar dərc olunur. DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı Araz Babayev belə yazıları əsassız hesab edir:
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev də deyir ki, Azərbaycanda insan alverinə qarşı mübarizədə, həqiqətən də, irəliləyiş var

«Səmimi olaraq deyirəm ki, belə fakt Azərbaycanda olmayıb və arzu edərəm ki, olmasın da. İnsan alveri əsasən respublika ərazisində yox, xarici ölkələrdə baş verir. Qadınların cinsi istismar edilməsi, orqanların transplantasiyası, köləlik və sair. Bunlardan indiki dövrdə Azərbaycan üçün ən geniş yayılanı 80-90 faiz qadınların cinsi istismara məruz qalmasıdır. Bu işlə xüsusi qruplar, dəstələr məşğul olur».

Araz Babayevin deməsinə görə, qazanc da tutaq ki, Türkiyədə bu işi təşkil edən qrupun başında dayanan şəxsə çatır. Əksər hallarda qruplara Türkiyə vətəndaşları başçılıq edir.

«MAVİ LENT»


3 ildir ki, avqustun 23-ü İnsan Alverinə qarşı Beynəlxalq Gün kimi qeyd olunur. Dünyanın bir çox ölkələrində «mavi ürək» və «mavi lent» kampaniyaları keçirilir. Bu ildən Azərbaycanda da bu kampaniyaya başlanıb.
Millət vəkili Rəfael Cəbrayılov isə hesab edir ki, insan alverinə qarşı təşkil olunmuş kampaniyalar Azərbaycanda insan ticarətinin kökünü kəsə bilməz, sadəcə, sayını azalda bilər.

XS
SM
MD
LG