Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:30

İnsan alverinə kimlər yox demirlər?


Şəmsəddin Əliyev, Xalisə Şahverdiyeva, Şahin Qocayev və Mehriban Zeynalova

Şəmsəddin Əliyev, Xalisə Şahverdiyeva, Şahin Qocayev və Mehriban Zeynalova

«Ötən illərin statistikasına baxsaq, insan alveriylə bağlı cinayətlərin azaldığını görürük».

Bu fikri AzadlıqRadiosunun «Can Bakı» proqramına qonaq olan Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Şahin Qocayev söylədi. Onun bildirdiyinə görə, bu təkcə onların deyil, QHT-lərlə, ictimaiyyətlə bir yerdə aparılan mübarizənin nəticəsidir.

3 AYDA 16 CİNAYƏT!


Təkcə 3 ay ərzində ictimai təşkilatların da qatıldığı tədbirləri, aksiyaları sadalayan qonağımız ilin başlanğıcından aprelin 21-nə kimi insan alveriylə bağlı 16 cinayətin aşkarlandığını bildirdi:

«Keçən ilin müvafiq dövründə 29 cinayət işi olmuşdu».

Şahin Qocayev azalma tendensiyasını əhali arasında güclənən maarifləndirmə işi ilə bağladı:

«Ölkənin bütün şəhər və rayonlarında maarifləndirmə aparırıq. İlin əvvəlindən isə ali təhsil ocaqlarında bu işə başlamışıq».

QAYNAR XƏTT - 152

Şahin Qocayev DİN-in 152 saylı «Qaynar xətt»inin mövcud olduğunu xatırlatdı:

«Ötən il bu xəttə 8 alver qurbanı müraciət etmişdi. Əhali arasında 152 barədə çox məlumat olmadığına görə müxtəlif məsələlər barədə də bizə üz tuturlar və bizim işçilər zəng edənləri istiqamətləndirirlər».

MİLLİ FƏALİYYƏT PLANI VƏZİYYƏTİ DƏYİŞDİRDİ


«Təmiz dünya» İB-nin rəhbəri Mehriban Zeynalovanın fikrincə, azalmanın müşahidə olunması bu problemin yox olması demək deyil:

«Düzdür, 2004-cü ildə insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı qəbul olunandan sonra vəziyyət dəyişib. Ümumiyyətlə, bütün dünyada belə bir tendensiya var ki, problem gündəmə gəldikdən, Qanun qəbul olunduqdan sonra, çoxalma müşahidə olunur. Tədricən hər şey qaydasına düşür və azalmağa doğru gedir».

Əhalinin maarifləndirilməsini «çox ciddi məsələ» adlandıran Mehriban xanım onu «insan alveri ilə bağlı mübarizənin vacib elementlərindən biri» saydı. Davamlı maarifləndirmə işinin aparılmasında dövlətin köməyindən istifadənin əhəmiyyətini vurğuladı.

MƏRKƏZƏ 13 ALVER QURBANI ÜZ TUTUB


Hüquqşünas Qadınlar Assosiasiyasının Avropa Birliyinin dəstəyi ilə keçirdiyi «İnsan Alveri Qurbanlarına Hüquqi Yardım» layihəsinin direktoru Xalisə Şahverdiyeva ötən ilin əvvəlindən başlanan layihənin 4 istiqamətdə aparıldığını söylədi:

«Onlardan biri hüquqi və psixoloji yardım istiqamətidir. Həm insan alveri, həm ailədaxili zorakılıq, həm də potensial alver qurbanları üçün nəzərdə tutulub. İndiyədək Mərkəzə 150-yə qədər adam müraciət edib ki, onlardan da 13 nəfəri insan alveri qurbanıdır. Bir nəfər potensial qurbanın işi üzrə artıq Ali Məhkəmənin qərarını almışıq, Avropa Məhkəməsinə hazırlaşırıq. Digərləri isə DİN ilə tərəfdaşlıq nəticəsində yönləndirilən qurbanlardır».

BİR AZ PUL ALAN KİMİ...


Xalisə xanımın dediyinə görə, istər sığınacaqda olan, istərsə də QHT-lərə müraciət edən qurbanlara yardımlar göstərilir:

«Çox təəssüf ki, qurbanlar məhkəmələrdə kompensasiya ala bilmirlər—rəsmi qaydada. Ancaq olur ki, qurban məhkəmə prosesi dövründə təqsirləndirilən şəxslər tərəfindən qeyri-rəsmi yardım alır və məhkəməyə son verilməsini istəyir. Bu da vəziyyəti çətinləşdirir».

Layihə rəhbəri hesab edir ki, qurbanların müdafiə işi ilkin prosesdən başlamalıdır ki, təqsirləndirilən şəxsə qarşı maddi və mənəvi zərərlə bağlı iddia qaldıranda, sübutlar yığılsın:

«Amma təəssüf ki, dediyim kimi, bəzi qurbanlar müəyyən məbləğdə maliyyə ilə kifayətlənirlər».

İNSANLAR NİYƏ POLİSƏ DƏSTƏK OLMURLAR?


«Polisə dəstək» İB-nin rəhbəri Şəmsəddin Əliyev isə «insanların istismarına birdəfəlik yox deyilsin» şüarını dəstəklədi. «İnsan köləlik asılılığında olmasın, əşya kimi satılmasın». İnsan alverindəki azalmanı yüksək qiymətləndirən Şəmsəddin Əliyev bir vacib məsələyə diqqət çəkdi. «Cinayət və cəza haqqında əhalinin məlumatı çox səthidir. Bu cinayətin ağırlığını cəmiyyətə çatdırmaq lazımdır». Yeni yaranmış İctimai Birliyin rəhbəri «Bizim əsas vəzifəmiz bu sahədə profilaktik və xəbərdarlıq tədbirlərinin həyata keçirilməsindən ibarətdir», - dedi:

«Etiraf edək ki, insanlar cinayətkarlıqla mübarizədə polis orqanlarına əl uzatmaq istəmirlər»...

Şərhləri göstər

XS
SM
MD
LG