Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:03

Bryza: "Demokratiya sabitliyə gətirib çıxarır"


ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza, 6 fevral 2011
ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza, 6 fevral 2011


ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza İctimai Televiziyaya müsahibə verib. Həmin müsahibənin mətnini qısa ixtisarla təqdim edirik.










- Sizin təyinat prosedurunuz çox mürəkkəb oldu. Azərbaycana gəlməzdən əvvəl bir sıra çətinliklərlə üzləşdiniz. Demokrat senator və Amerikadakı erməni lobbisi təyinatınıza qarşı çıxırdı. Lakin prezident Barak Obama xüsusi səlahiyyətlərindən yararlanaraq Sizi Azərbaycana səfir təyin etdi. Təyinat prosesini necə səciyyələndirirsiz?

- İlk öncə onu qeyd etmək istəyirəm ki, bu proseslər ABŞ-da demokratiyanı əks etdirir. Bildiyiniz kimi, mənim namizədliyimə bəziləri etiraz etmişdi. Bu səlahiyyətə layiq olduğumu və bacarıqlarımı sübut etdim. Amma bununla yanaşı prezident Barak Obama qərarını verdi. Həmin qərar ABŞ-dakı demokratik qaydalara uyğun oldu.

Onu da qeyd etmək istəyirəm ki, hazırda burada olmağımdan və sizə müsahibə verməyimdən çox şərəf duyuram. Prezident Obamanın bu qətiyyəti, bu qərarı onun ABŞ-Azərbaycan əlaqələrini bütün digər məsələlərdən üstün tutmasının bariz göstəricisidir.

- Bakıya gəlişinizdən əvvəl qeyd etmişdiniz ki, Dağlıq Qarabağ münaqişəsi və demokratiya Azərbaycandakı fəaliyyətinizin prioritetləridir. Bunu necə izah edərdiniz?

- Öncə onu qeyd etmək istəyirəm ki, mən ATƏT-in Minsk Qrupunun həmsədri deyiləm. Lakin bu məsələdə prioritetim ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına köməkliyimi göstərim. Bu istiqamətdə Minsk Qrupunun amerikalı həmsədri cənab Bradke və digər həmsədrlərə münaqişənin sülh yolu ilə həll olunmasında öz dəstəyimi göstərəcəm. İnanıram ki, məsələnin sülh yolu ilə həlli mümkündür.

Diplomatik fəaliyyətimin ilk illərində mənə keçmiş Sovet İttifaqı ilə ABŞ arasında sülhün yaradılması və saxlanılması tapşırığı verilmişdi. Diplomat olmağımın əsas məqsədlərindən biri bu idi. İndi də davamlı sülhün yaranması üçün əlimdən gələni edəcəyəm.

Demokratiya məsələsinə gəldikdə isə, demək istəyirəm ki, demokratiya mən və ABŞ hökuməti üçün prioritetdir. Azərbaycan hökumətinin anti-korrupsiya təşəbbüsü ilə çıxış etməsi çox müsbət bir haldır. Biz dostlarımızdan və mediadan bu təşəbbüsün müsbət nəticələri barədə eşidirik.

Bundan başqa qeyd etmək istəyirəm ki, demokratiya sabitliyə gətirib çıxarır, sabitliyin bərqərar olmasına şərait yaradır və xalqla rəhbərlik arasında düzgün, dürüst əlaqələrin olmasına kömək edir. Demokratiya xalq tərəfindən dəstəklənir.

Əlbəttə, biz anlayırıq ki, regionda əvvəllər başqa quruluş mövcud idi. Burda tam demokratik şəraitin yaradılması qısa müddətdə mümkün deyil. Amma hökumətlə birlikdə çalışacağıq, əlimizdən gələni edəcəyik ki, bu proseslər davam etsin. Hesab edirəm ki, proseslərin davam etməsi ən mühüm məsələdir.

- Dağlıq Qarabağ münaqişəsindən söz düşmüşkən. Siz ATƏT-in Minsk Qrupunun keçmiş həmsədrisiniz. Fikrinizi bilmək istərdim, Dağlıq Qarabağ münaqişəsinin həlli açarı kimdədir? Səfir fəaliyyəti dövründə münaqişənin ədalətli və sülh yolu ilə həlli üçün nə işlər görəcəksiniz?

- Ədalətli və möhkəm, davamlı sülhün əsas açarı Ermənistan və Azərbaycan tərəflərinin əlindədir. Onu da qeyd etmək istəyirəm ki, Minsk Qrupu və biz öz tərəfimizdən həmsədrlər vasitəsilə yalnız tərəflərin mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına, ortaq məxrəcə gəlməsində səylərimizi və köməyimizi göstərə bilərik. Amma Minsk Qrupu tərəflər adından qərar qəbul edə bilməz.

Bir daha bildirmək istəyirəm ki, öz tərəfimdən amerikalı həmsədr cənab Bradkeyə, Minsk Qrupunun digər həmsədrlərinə tərəfləri bir araya gətirərək ortaq məxrəc əldə etməkdə və ədalətli sülhə nail olunması üçün lazımi dəstəyi göstərəcəyəm.

- Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ABŞ siyasətində ikili standartların olması barədə tənqidi fikirlər səslənir. Azərbaycan ictimaiyyətinə elə gəlir ki, münaqişənin həlli üçün ABŞ kifayət qədər səy göstərmir, məcburi köçkünlərin probleminə göz yumur. Amma eyni zamanda Ermənistan və Dağlıq Qarabağdakı separat rejimə maliyyə yardımı ayırır. Buna necə aydınlıq gətirərdiniz?

- Hesab edirəm ki, bu tənqidlər faktlara əsaslanmır. Əlbəttə, biz bu hissləri başa düşürük. Azərbaycan xalqı kimi bu məsələyə çox həsassaslıqla yanaşırıq. ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çox fəal çalışır.

Ola bilsin ki, Minsk Qrupunun həmsədri olarkən fəallığım daha çox görünürdü. Ona görə ki, mən media ilə təmas qurmağa təşəbbüs göstərirdim. Ola bilsin ki, məndən sonrakı həmsədr və onun həmkarları bu məsələdə o qədər də fəal deyillər. Amma bu, sadəcə üslub məsələsidir. Burada mahiyyətdən söhbət getmir.

Bundan başqa, Minsk Qrupunun həmsədrləri münaqişənin nizamlanması ilə bağlı çox gərgin fəaliyyət göstərirlər ki, tərəflərə ortaq razılığa gəlməkdə kömək etsinlər. Mən şəxsən özüm tənqidlərə normal yanaşıram və hesab edirəm ki, xarici siyasətin aparılmasına qarşı insanlar tənqidi fikirlər səsləndirə bilərlər.

Maliyyə yardımları məsələsinə gəlincə, Konqres ABŞ-ın demokratik bir qolunu təşkil edir və Konqres tərəfindən Birləşmiş Ştatlar Dağlıq Qarabağa yardım göstərir. Düzdür, Konqres icraedici qolla müəyyən məsləhətləşmələr aparır. Amma ABŞ konstitusiyasına əsasən, Konqres idarəetmənin müstəqil bir qoludur və öz qərarlarını müstəqil şəkildə verir.

Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Sülh danışıqları vasitəsi ilə Dağlıq Qarabağın yekun statusunun müəyyən olunmasında və Helsinki Yekun Aktının 3 prinsipinə əsasən ədalətli sülh yolu ilə həll istiqamətində aparılan səyləri dəstəkləyirik. Bu üç prinsip güc tətbiq eləməmək, güc tətbiqinə təhdid etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddaratının təyinetməsi prinsipləridir.

- Növbəti sual. Cənab səfir, Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin prioritetləri hansılardır? İki ölkə arasında enerji və təhlükəsizlik istiqamətində əməkdaşlığı necə xarakterizə edərsiz?

- Enerji və təhlükəsizlik sahəsində əlaqələrimiz çox güclüdür. Bu əlaqələr 1994-cü ildə başlayıb. Amma 1998-ci ildən sonra daha da geniş vüsət alıb. ABŞ Azərbaycanın enerji resurslarının diversifikasiyası və enerji təhlükəsizliyinin təmin olunmasına dəstək göstərir.Burda da əsas məqsəd Azərbaycanın enerji resurslarını Avropaya və qlobal bazarlara çıxarmaqdan ibarətdir. Çünki bu, həm Azərbaycanın maraqlarına, həm də bizim Avropadakı müttəfiqlərimizin maraqlarına xidmət edir. Əgər Avropadakı müttəfiqlərimiz bundan faydalanırsa, biz də ABŞ hökuməti olaraq razı qalırıq. Yəni bu, son nəticədə Avropadakı müttəfiqlərimizin iqtisadiyyatına, həmçinin Azərbaycanın iqtisadiyyatının çiçəklənməsinə gətirib çıxarır.

Təhlükəsizliklə bağlı demək istərdim ki, Azərbaycan terrorizm əleyhinə mübarizədə ABŞ-ın güclü tərəfdaşıdır. Ötən müddət ərzində təhlükəsizliklə bağlı Birləşmiş Ştatlara bir neçə hədə olmuşdu. Azərbaycan hökuməti bu məsələlərin aradan qaldırılmasında bizimlə çox yaxından əməkdaşlıq edib, bizə bu məsələlərdə kömək göstərmişdi. Buna görə Azərbaycan hökumətinə təşəkkürümüzü bildiririk. Azərbaycan bu məsələdə özünü etibarlı tərəfdaş, hətta deyərdim müttəfiq kimi göstərdi.

Bildiyiniz kimi, Azərbaycanın sülhyaratma qüvvələri bizim qüvvələrlə birlikdə çiyin-çiyinə Əfqanıstanda və İraqda xidmət edib. Bundan başqa, məlum 11 sentyabr hadisələrindən sonra Azərbaycan hava məkanını bizim üçün açmışdı. Bunu da çox yüksək qiymətləndiririk.Təhlükəsizlik sahəsində əməkdaşlığımız dərinləşib və genişlənib.

Onu da qeyd eləmək istəyirəm ki, təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığımız Rusiyanın rahatsızlığına səbəb olmamalıdır.Yəni bu əməkdaşlıq Rusiya əleyhinə yönəlməyib. Bizim məqsədimiz Rusiyanı bölgədən uzaqlaşdırmaq deyil. Əksinə, istəyirik ki, Azərbaycan və bölgədəki digər ölkələrlə - Gürcüstan, Ermənistan, Türkiyə ilə əməkdaşlıq edərək sabit, etibarlı münasibətlər quraq. Bütün ölkələrin maraqlarına xidmət edən nəticələr əldə edək.

Təhlükəsizlikdən danışarkən onu da əlavə etmək istəyirəm ki, bu kontekstdə ən vacib məsələni Dağlıq Qarabağ münaqişəsi təşkil edir. Biz Azərbaycanla bu istiqamətdə çox sıx əməkdaşlıq edirik. Amma hesab edirəm ki, bu sahədə görüləcək çox işlər var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG