Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:01
Yola saldığımız ilin sonlarında “Azerbaijan İnternational” jurnalının baş redaktoru Betti Bleyer 6 illik araşdırmalarını başa vurdu və Yusif Vəzir Çəmənzəminlinin - “Əli və Nino” romanının müəllifi olduğu qənaətinə gəldi.

Baş redaktoru olduğu jurnalın iki birləşdirilmiş sayında müəllifin Yusif Vəzir olduğuna dair 101 səbəb-sübut göstərən Betti Bleyerin qənaəti Azərbaycanda birmənalı qarşılanmadı.

AzadlıqRadiosunun “Can Bakı” proqramının bu mövzuda açdığı müzakirələrə qoşulan professor Həsən Quliyev Xanım Bettiyə bir neçə sual ünvanladı:

“Qərb arxivlərində Əsəd Bəyin kimliyi ilə bağlı bir çox sənəd var. Lakin Çəmənzəminlinin müəllifliyini sübut edən bir sənəd belə yoxdur. Mənim sualım budur ki, mövzu və problematika baxımından “Əli və Nino”ya yaxın olan “Şərqdə neft və qan”, “Sevgi və neft” və “Altunsaç” əsərlərini kim yazıb? Bəs 20 kitabın müəllifi kimdir?

"Çox heyrətamizdir ki, “Əli və Nino”nun müəllifliyi sahəsində mütəxəssis olduqlarını iddia edən azərbaycanlılar bu mövzu ilə bağlı o qədər az iş görüblər ki, əslində məsələ haqqında çox az şey bilirlər. Həsən Quliyevin qeydləri yanlış informasiya ehtiva etməklə yanaşı, şişirdilmiş və ümumidir. Bu suallar tamamilə məntiqsiz səslənir".
Y.V. Çəmənzəminlinin romanın müəllifi olduğunu iddia etmək cinayətdir. Bu, plagiatdır”
.

Betti Bleyer ABŞ-dan Həsən Quliyevin suallarına cavab yollayıb. Cavabla sizin də tanış olmağınızı istədik.


Betti Bleyrin Həsən Quliyevə cavabı

Çox heyrətamizdir ki, “Əli və Nino”nun müəllifliyi sahəsində mütəxəssis olduqlarını iddia edən azərbaycanlılar bu mövzu ilə bağlı o qədər az iş görüblər ki, əslində məsələ haqqında çox az şey bilirlər.

Həsən Quliyevin qeydləri yanlış informasiya ehtiva etməklə yanaşı, şişirdilmiş və ümumidir. Bu suallar tamamilə məntiqsiz səslənir.

Bir qədər tarixə nəzər salaq

Biz, “Azərbaycan İnternəşnl” jurnalı olaraq prof. Həsən Quliyevin xahişini qəbul etdik və ona son buraxılışımızın 3 dekabr 2010-cu ildə Yazıçılar İttifaqının binasında təşkil edilmiş təqdimat mərasimində iştirak etmək şərəfini verdik.

O, erkən gəldi, 364 səhifədən ibarət jurnalı (Azərbaycan dilində) götürdü. Təqdimatın başlamasını belə gözləmədən də yoxa çıxdı.

O, təşkil edilmiş açıq müzakirələrdə iştirak etmədi və onun tədqiqatını tənqid edən fikirlərin heç birini də eşitmədi.

Beş gün sonra prof. H. Quliyev Azadlıq Radiosunun « Can Bakı » proqramının açdığı müzakirəyə qoşuldu.

Mən bu proqramda iştirak edə bimədim, çünki universitetlərdən birində tədqiqat işimizlə bağlı təşkil edilmiş təqdimat mərasimində iştirak etməyə əvvəlcədən söz vermişdim.

Bu, həmin həftə təşkil edilmiş sayca doqquzuncu təqdimatdan biri idi.

Həsən Quliyevin qeydləri onun bizim tədqiqatla tanış olmadığını göstərir. Həqiqətən də akademik səviyyəli tədqiqat böyük alimlik ruhu tələb edir!

H. Quliyevin faktları səhvdir.

H. Quliyev Əsəd Bəyin adı altında çap edilmiş “20 kitab” adı çəkir. Bu 20 kitab hansılardır?

İyirmi??? Belə bir rəqəmi o haradan tapıb? Tədqiqat ən yaxşı halda 16 kitabdan xəbər verir. Bu kitablar səkkiz il kimi qısa bir zaman kəsiyində (1929-1936) çap edilmişdi.

Onu da nəzərə almaq lazımdır ki, bu zaman Əsəd Bəy Avropada qaçqın həyatı yaşayırdı.

Bu yanlış bəyanat həm də olduqca bayağı səslənir.

Lakin Əsəd Bəyin həddən artıq məhsuldar olması səbəbi ilə ən yaxşı halda plagiatçı və ən pis halda qaçqınların əməyini istismar edən fürsətçi kimi tanındığını nəzərə alsaq, Əsəd Bəyin müdafiəsinə tələsənlər bu rəqəmləri şişirtməməyə diqqət etməlidirlər.

Bundan əlavə, prof. bu ən adi detallarla tanış olmalı idi. O, bir neçə ildir ki, Əsəd Bəy haqqında kitab çap etdirir.

Bu yaxınlarda isə o, Əsəd Bəy mövzusunda müdafiə edilən bir dissertasiya işinə elmi rəhbərlik etmişdir.

Bizim fikrimizcə, Əsəd Bəyin kitablarının dəqiq sayını bilmək onun həqiqi xarakterini başa düşmək və “Əli və Nino” romanının müəllifliyini araşdırmaq üçün olduqca vacib faktordur.

1. Əsəd Bəyin adı altında çıxan kitabların müəllifi kim idi?

H. Quliyev soruşur: Bu kitabların müəllifi kimdir?

Biz əminik ki, zaman göstərəcək ki, bu kitabların əsl müəllifi Əsəd Bəy deyildi və bu əlyazmalar ona Almaniya Yazıçılar İttifaqının prezidenti Verner Şendel kimi agentlər və naşirlər tərəfindən ötürülürdü.

Qeyd etmək lazımdır ki, 1934-cü ildə Şendel Əsəd Bəyə xəbərdarlıq etmişdi ki, kitabların arasında ən az bir il fasilə versin.

Həqiqətən də bir ədəbi agent üçün bu maraqlı xəbərdarlıqdır!

Şendel Əsəd Bəyin üç kitabını—rus I Pyotr, türk Ənvər Paşa və Amerika prezidenti Uarren Hardinq haqqında bioqrafiyalarını redaktə edib bitirdiyini yazdıqdan sonra bu qeydi etmişdi.

Sual: Bu kitablar həqiqətən də Əsəd Bəyə aid idisə, nə üçün heç biri onun adı altında işıq üzü görmədi? Həqiqi müəllif öz beyin məhsulundan belə asanlıqla imtina edərmi?

Əsəd Bəyi onun yaşadığı tarixi zaman kontekstində nəzərdən keçirmək lazımdır.

1920-1930-cu illərdə Rusiya və Osmanlı imperiyaları da daxil olmaqla, dünyanın dörd iri imperiyası süquta uğramışdı.

On minlərlə qaçqın Avropa paytaxtlarında sığınacaq tapmışdı. Qərib ölkədə dil bilməyən, iş tapa bilməyən ziyalılar heç bir iqtisadi dəstək əldə edə bilmədikləri üçün istismara sürüklənirdilər.

Lakin Əsəd Bəyin digər qaçqınlardan üstün bir cəhəti vardı. Anası 1911-ci ildə intihar etdikdən sonra o, Bakıda alman dayə tərəfindən tərbiyə edilmişdi.

Yəhudi olduğu üçün də, xüsusilə də Berlin və Vyanada yəhudi naşirlər şəbəkəsinə çıxış əldə edə bilmişdi.

Bəs biz necə bilirik ki, 16 kitabın hamısının müəllifi Əsəd Bəy deyildi?

Sadəcə bu kitabların üslub və məzmununu müqayisə edin. Əsəd Bəy digər müəlliflərin əsərlərinin üzərində işləmək bacarığı ilə məşhur idi.

O, mətnə əfsanəvi, sensasiyalı, sözdə tarixi materiallar əlavə edirdi. Onun barmaq izləri kitablarda aydın görünür.

O, eyni nağılları bütün kitablarda təkrarlayır. Məqaləmizə baxın: “Kəs və əlavə et müəllifi: Əsəd Bəyin “Əli və Nino”dakı barmaq izləri”.

Əsəd Bəyin adı altında çıxan kitablarla bağlı Quliyevin suallarına mən bir neçə sualla cavab vermək istəyirəm:

“Stalin”

Necə olur ki, Əsəd Bəyin “Stalin” əsərinin I hissəsi bədii əsər formasında olsa da, II hissə “tarixi faktlar”a əsaslanır? Baxın, Cozef Şaplin, NY Taymz Buk Rivyu (27 mart, 1932), səh. 10.

“Sevgi və neft”

Tanınmış Gürcüstan tarixçisi prof. Zaza Aleksidze “Sevgi və neft” əsərində əhəmiyyətli uyğunsuzluqların olduğunu göstərir.

Onu da qeyd edək ki, bu novella hər zamankı kimi alman dilində yox, yalnız polyak dilində işıq üzü görmüşdü.

Aleksidze belə bir sual verir: “Necə olur ki, Əsəd Bəy birinci kitabı “Şərqdə neft və qan”da (1929) Atçaranın coğrafi yerini bilir, lakin “Sevgi və neft” əsərində (1934) bunu bilmir?

“Bolşevizmin sonu”

Necə olur ki, Əsəd Bəyin tənqidçi göstərildiyi kitab onun adı altında çıxır?

Aleksidze yenə sual verir: Necə olur ki, “əfsanəvi Stalin”in təsviri mövzu və üslub baxımından Qriqol Robakidzenin “Qətl edilmiş qəlb” (almanca "Die gemordete Seele”) əsərinə bu dərəcədə yaxındır?”

“Der Kaukasus”

Nə üçün bu əsərdəki Ermənistan və Dağlıq Qarabağ təsvirləri erməni nöqteyi-nəzərindən təsvir edilir və Azərbaycana əsərdə ən qısa fəsil ayrılır?

“Əli və Nino”

Nə üçün Əsəd Bəy bu kitabla bağlı nə naşirlər, nə də qonorar haqqında fikirləşmədiyini yazırdı?

Həsən Quliyev
Əgər Əsəd Bəy bu əsərin əsl müəllifi idisə, nə üçün yazırdı ki, “əsərdəki obrazlar mənə gəlib yalvarırdılar ki, bu xarakterləri inkişaf etdirim və onlar səyahət etmək istəyirdilər”?

Həqiqi müəllif öz əsəri haqqında bu sözləri deməzdi.


2. H. Quliyev iddia edir ki, Qərb arxivlərində Əsəd Bəyin Qurban Səid kimliyini sübut edən çoxlu sənəd var. Həqiqətənmi? Haradadır bu sənədlər?

Əsəd Bəyin 1941-ci ildə, ölümündən bir il əvvəl və “Əli və Nino” çap edildikdən dörd il sonra hazırlanmış vəsiyyətnaməsində Qurban Səid haqqında heç nə deyilmir?

Əsəd Bəy bu sənəddə Leo Nussimbaum və Lev Nussimbaum olduğunu etiraf edir. Lakin Qurban Səid olduğunu demir? Nə üçün?

Doğrudur ki, Əsəd Bəy ölüm ayağında alman dilində “Sevgidən bixəbər kişi” adlı gündəliklər yazmışdı. Əslində bunlar sözdə gündəlik idi və bədii əsər hesab edilməlidir.

Burada Əsəd Bəylə Qurban Səid adı arasında əlaqə yaradılır, lakin bu “əlaqə” kor-koranə şəkildə “sübut” kimi qəbul edilməməlidir.

Hətta Əsəd Bəyin Qurban Səid olması fərziyyəsini dəstəkləyən Tom Ris də (“Orientalist” kitabının müəllifi, 2005) “Sevgidən bixəbər kişi” əsərini “inanılması çətin nağıl” adlandırır və bununla oxuculara xəbərdarlıq edir ki, Əsəd Bəyin kimliyi ilə bağlı yazılanlara inanmasınlar. Və Ris burada haqlıdır.

Əsəd Bəy hansı milli mənsubiyyətlərə sahib olduğunu iddia edirdi?

Məsələn, Əsəd Bəy (Lev Nussimbaumun təxəllüsü) “Şərqdə neft və qan” əsərində Azərbaycandan qaçışını təsvir edərkən Bakıdan olduğunu deyir.

Kiyevdə dünyaya gələn və atası Gürcüstan vətəndaşı və anası Belarusiyadan olan Lev Nussimbaumun belə bir iddia irəli sürməsi maraqlı səslənir.

“Stalin” əsəri üzərində “işləyərkən” naşirlər onu “gürcü” kimi təqdim edirlər. “II Nikolay” əsərində o, rus kimi çıxış edir.

Amerikan jurnalı “Vəniti Feə”də İranda boşanma prosesləri haqqında yazan zaman o, doğma vətəninin İran olduğunu yazır.

Nüfuzlu alman jurnalına avtobioqrafik məqalə yazan zaman o özünü təsəvvür edin kim kimi qələmə verir? “Alman” kimi.

Saysız-hesabsız səhvlərlə dolu “Məhəmməd” adlı kitabının anonsunda isə o “müsəlman kimi” təqdim edilir.

Maraqlıdır ki, bundan üç il sonra (1935) həyat yoldaşı ilə Atlantik okeanı vasitəsilə Birləşmiş Ştatlara səyahət edən zaman o özünü və həyat yoldaşını yəhudi kimi təqdim edir. Müasirlərinin sözlərinə görə onun müsəlman olduğu iddiası da yalan idi.

Bundan əlavə, Əsəd Bəy həyat yoldaşına ərəb şahzadəsi olduğunu demişdi.

Əsəd Bəyin Azərbaycana bağlı olduğunu iddia edənlər hələ çox şey öyrənməlidirlər!

Əsəd Bəy sadəcə mükəmməl bir artist idi. O, fürsətçi idi və şəraitə uyğun olaraq öz mənfəətində olanı deyirdi. “Əli və Nino”nun müəllifi isə kim olduğunu bilirdi. O etiraf edirdi ki, vətəni müstəqilliyini itirsə, o yaşaya bilməz.

Nəticə etibarilə, Əsəd Bəyin özü haqqında iddiaları insanların inanacağı ən son şey olmalıdır.

Alimlər isə, digərlərindən daha çox məlumata malik olan insanlar kimi hər cəfəngiyyata inanmamalıdırlar.

3. Çəmənzəminlinin “Əli və Nino” ilə əlaqəsi

Quliyev iddia edir ki, Yusif Vəzir Çəmənzəminlinin (YVÇ) “Əli və Nino”nu yazmasına dair heç bir sənəd yoxdur. Professor Çəmənzəminlinin əsərlərini oxumayıbmı?

YVÇ-nin gündəlikləri (1907-1909) və onun “Bir cavanın dəftəri” əsəri ilə “Əli və Nino” arasında həm məzmun, həm mahiyyət, həm də ruh etibarilə təkzibedilməz əlaqələr var.

Açıq düşüncəli istənilən insan bu əlaqəni görə bilər.

Çəmənzəminli və “Əli və Nino” arasında çox əlaqələr var.

Biz zaman və yer məhdudiyyətləri səbəbilə sadəcə 101 səbəb göstərməklə kifayətlənmişik.

Oxşarlıqlarsa çoxdur: eyni ifadələr, eyni tarixi hadisələr, eyni adlar, gündəliklərlə “Əli və Nino” arasındakı eyni mövzular, eyni metaforalar, eyni istinadlar mövcuddur.

Bundan əlavə, Çəmənzəminli 1926-cı ildə Sovet Azərbaycanına qayıtdıqdan sonra da bu bənzərliklər onun əsərlərində davam etdirilirdi.

Necə olur ki, Qurban Səidin romanının baş qəhrəmanı Yusif Vəzirovun 1911-ci ildə istifadə etdiyi Əli xan adı ilə adlandırırlır. O, Məlikməmməd nağılını Əli Xan Çəmənzəminli təxəllüsü ilə imzalamışdı. Bu təsadüf idimi? Çətin ki!

Bundan əlavə, Ninonun prototipinə Çəmənzəminlinin gündəliklərində rast gəlmək olur. Bu YVÇ-nin 1907-ci ildə Aşqabadda tanış olduğu yəhudi qız Berta Moiseyeva idi.

Baxın “Prototip yəhudi qız idi”. Bu siyahı digər nümunələrlə davam etdirilə bilər.

Əgər kimsə plagiatçılıq edibsə, bu Yusif Vəzir Çəmənzəminli yox, digərlərinin əsərləri üçün broker rolu oynayan Əsəd Bəy olub.

Cinayət isə, elmi araşdırma apararkən faktlar açıq-aydın əksini göstərdiyi halda, özünün əvvəlcədən müəyyənləşdirdiyi fikrə yapışıb qalmaqdır.

“Azərbaycan İnternəşnl” jurnalı olaraq biz 2004-cü ildə tədqiqata başladığımız zaman Əsəd Bəyin “Əli və Nino”nun müəllifi olduğuna inanırdıq.

Digər müəlliflər bu zaman bunu iddia edirdilər. Lakin biz özümüz araşdırmaya başladığımız zaman mövqeyimiz tamamilə dəyişdi. Əsəd Bəy “Əli və Nino”nun əsl müəllifi ola bilməz.

Gələcək tədqiqatlar göstərəcək ki, “Əli və Nino” Əsəd Bəyin üzərində işləyərək öz adına çıxdığı yeganə əsər deyil.

Əsəd Bəy buna lovğalanaraq: “Ədəbiyyat biznesi buna deyərlər!” deyirdi. Əsəd Bəyin “məhsuldar” müəllif kimi tanınmaqda əsas motivasiyası sadəcə pul idi.

Artıq hər şeyi düzgün danışıb əsəri Azərbaycana qaytarmaq və romanın həqiqi (azərbaycanlı) müəllifinin kim olduğunu etiraf etmək vaxtıdır.

Bu müəllif dini və milli mənsubiyyət baxımından cəmiyyəti ayıran sərhədlərin yox olacağı günün arzusunda olan bir yazıçı idi.

Onun arzusu yerinə yetsəydi gənclər bütün idealist duyğuları ilə öz qəlblərinin sözünə qulaq asaraq nifrət dolu diskriminasiya və öncədən yaranmış yanlış fikirdən uzaq daha gözəl bir dünya qura bilərdilər. Bu arzular Yusif Vəzir Çəmənzəminliyə aid idi. Bu yazıçı Çəmənzəminli idi!

Daha ətraflı oxuyun: Azərbyacan İnternəşnl, c. 15.2-4 (2011). 364 səhifə, 1200 şəkil. İngilis və Azərbaycan dillərində.

Əlaqə üçün: ai@artnet.net. AZER.com veb səhifəsindən sifarişinizi verə bilərsiniz.


Jurnaldakı əsas məqalələr bunlardır:

1. “Əli və Nino”nun müəllifliyi ilə bağlı Tez-Tez Soruşulan Suallar (158 sual və 543 istinad)

2. Əsəd Bəy “Əli və Nino”nun müəllifi kimi: Bunun belə olmadığını göstərən 7 səbəb”.

3. Çəmənzəminlinin “Əli və Nino”nun həqiqi müəllifi olduğuna dair 101 səbəb”.

4. Kəs və əlavə et müəllifi: Əsəd Bəyin “Əli və Nino”dakı barmaq izləri.

Fakt yoxsa uydurma? Əsəd Bəyin müasirləri nə deyirdi.

Betti Bleyer
“Azərbaycan İnternəşnl” jurnalının redaktoru
27 dekabr, 2010.

Həmçinin oxu
Betty Bleyerin Nuridə Atəşiyə cavabı
Yusif Vəzir sağ olsaydı «Əli və Nino»nun müəllifi olardımı?
Azərbaycanın kimlik kartı: «Əli və Nino»
Əsəd bəy və Nuridə xanım

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG