Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:58
"525-ci qəzet"in baş redaktoru Rəşad MƏCİD bu yazısı ilə "Oxu zalı"nda "Əli və Nino" romanının müəllifinin kimliyi ilə bağlı açılan müzakirəyə qoşulur.


Ötən əsrin birinci yarısında Avropada Azərbaycan nəsrinin şedevr nümunələrini yaradan Məhəmməd Əsəd bəyin - Qurban Səidin narahat ruhuna və bu dahi Azərbaycan yazıçısını Vətəninə qaytarmaq istəyən Nuridə Atəşinin müqəddəs savaşına ehtiramla



"Dünyada yaradıcılıq ləzzətindən üstün ləzzət yoxdu". Gərək ki, Cek Londonun sözüdü. Orxan Pamuk isə yazıçılığı iynəylə quyu qazmağa bənzədir.

Bizim təbirimizcə desək, iynəylə gor qazmağa.

Məhəmməd Əsəd bəy - Qurban Səid uzaq İtaliyada, Positanoda dəhşətli ağrılar içində, ölümlə vuruşa-vuruşa özünün son əsərini - "Sevgidən bixəbər kişi" romanını yazırdı.

"Hər nə olursa olsun, yazmaq istəyirəm. Başqaları içki içmək, siqaret çəkmək istədiyi kimi, mən də yazmaq istəyirəm. Yenə də rabitəli cümlələr yazmaq istəyirəm..."

Bəli, ağrılara kələk gəlməyə çalışan, ağrıların içində əriyən, ağrılarla ümidsiz savaşın ağuşunda qıvrılan YAZIÇI iynəylə gor qazırdı.

Yaradıcılıq ləzzətinin gətirəcəyi nəşənin təsirilə, bir anlıq da olsa, ağrılarının keçib gedəcəyinə ümid edirdi:

"Mən təkcə ağrılarımı yox, həm də bu ağrılara gətirib çıxaran həyatımı yazmaq istəyirəm. Artıq bir neçə dəfə bu həyatı təsvir etməyə çalışmışam".

O bu həyatı - öz həyatını, dediyi kimi, bir neçə dəfə Avropanı heyran qoyan əsərlərində təsvir etmişdi. Və indi, 1942-ci ilin avqust ayında - 37 yaşında öz ölümüylə - ağrılara təslim etdiyi fiziki həyatının sonu, Avropaya bəxş etdiyi misilsiz əsərləriylə bahəm gələcək üçün çoxlu müəmmalar qoyub gedirdi.

Pamuk yazıçılığın həm də həyatın əyləncələrindən əl çəkib bir otağa - kitablar arasına sığınmaq, günlərlə, aylarla yazı masası arxasında oturmaq bacarığından, möhkəm iradədən keçdiyini yazır.

Yazıçı öz sirli aləmini - sehrli dünyasını da məhz orda yaradır.

Bakılı neft milyonçusunun oğlu Əsəd bəy qapalı ev tərbiyəsiylə böyüyüb - uşaqlıqdan kitabların arasına sığınıb - dostu, yoldaşı, həmdərdi məhz kitablar olub. "14 yaşıma qədər mən təkbaşına heç zaman evi tərk edə bilməzdim.

Amma bəlkə də bu qapalı ev tərbiyəsi bu gün həyatımın köhnə bir kresloda məhdudlaşdırılması üçün mənə səbr verir".

Nuridə Atəşi
Ötən əsrin əvvəlində baş verən hadisələr - inqilablar bir çox insan kimi Əsəd bəyin də 15 yaşında - 1920-ci ildə Vətəni tərk etməsinə gətirib çıxarır.

O, ömrünün sonrakı illərini Almaniyada, Avstriyada, İtaliyada keçirir.

Neft milyonçusunun oğlu Avropada yazıçı kimi tanınır, 15 ildə 20-dən çox əsər yazır. Keşməkeşli həyat yaşayır.

Qapalı ev tərbiyəsinin verdiyi üstünlüklər, zəngin mütaliə, yazmaq üçün səbr, iti müşahidə qabiliyyəti, fantaziya, təxəyyül və şübhəsiz, fitri istedad onun bir yazıçı kimi yetişməsinə, məşhurlaşmasına səbəb olur.

Amma heç vaxt Bakını unutmur. Ağrılar içində yazdığı son əsərində də Bakını xatırlayır:

"Bu gün artıq dünyanın bütün uyuşdurucularından - spirtdən tutmuş morfiyə qədər - baş çıxardığımdan bilirəm ki, ən gözəl nəşə Bakının qədim qala divarlarına və sökülmüş qədim sarayın darvazalarındakı naxışlara baxışın məndə oyatdığı sirli hissdir.

Mən qədim bir divara, yarıuçuq İçərişəhər divarlarına, bir də qədim Qalanın xarabalıqlarına vurğun idim.

Heç kimin qeydinə qalmadığı bu qədim Qala həyatımın ilk böyük sevgisi oldu və mənim həyat yolumu təyin etdi. Əsl sevgi bu idi".

...Son yüz ildə Azərbaycandan müxtəlif səbəblərə görə Almaniyaya mühacirət edənlərin sayı, yəqin ki, minlərlə ölçülür.

Nuridə Atəşi ötən əsrin axırlarında, Əsəd bəydən təxminən 70 il sonra Almaniyaya gedib.

Təbiət etibarilə emosional, çılğın bu xanım da çoxları üçün müəmmadır.

Onu şəxsən tanıyanacan şeirlərini oxumuşdum. Azərbaycan - müsəlman qadınına xas olmayan açıq-saçıq şeirlərindən təəccüblənmişdim.

Üzünü görmədən şeirlərini, haqqında yazıları "525"də dərc etmişdim. Sonra hekayəsini oxudum.

Xəstə övladının müalicəsi üçün apardığı mübarizəni və Almaniyaya gedib çıxmasının səbəbini anladım.

Bu mübariz qadına - tənha savaşçıya heyran oldum.

Tanışlığımız 2004-cü ildə Berlində baştutdu. Avropa Azərbaycanlıları Konqresinin təsis yığıncağında o vaxtkı səfirimiz Nuridə xanımın Almaniyada Azərbaycanın tanıdılması üçün gördüyü işlərdən danışdı və Nuridə xanımı Azərbaycanın Janna d’Arkı adlandırdı. Berlində rəhbərlik etdiyi Nizami Gəncəvi İnstitutunun ofisində öz dilindən "Antiyaya məktub" şeirini dinlədim.

Bu uzun şeir hisslə, həyəcanla, heyrətamiz obrazlarla dolu idi. Valeh oldum. Bakıya dönəndən sonra bu şeiri çap etdirdim.

Nuridə xanıma yaxından bələd olduqca onu anlayır, bir sıra qeyri-adi addımlarının, niyə açıq-saçıq şeirlər yazmasının səbəbini başa düşürdüm.

Əslində, o, bir çoxlarının təsəvvüründə formalaşmış obrazından tamam fərqli bir insan idi.

İki il öncə Nuridə xanım Əsəd bəydən danışmağa başladı. Məşhur "Əli və Nino"nun Çəmənzəminliyə dəxli olmadığını söyləyir, əsərin Məhəmməd Əsəd bəy tərəfindən yazıldığını özünəxas emosionallıqla bəyan edir, ona mətbuatda dəstək verməyimi istəyirdi.

Əvvəl onun bu fəaliyyətinin məğzini o qədər də anlamırdım.

Düzünü deyim ki, Əsəd bəy haqqında məlumatım səthi idi. Və mənə qaranlıq qalırdı ki, niyə Nuridə xanım sırf Azərbaycana məxsus bu əsəri aparıb bizə o qədər də dəxli olmayan hansısa Lev Nissenbauma - Məhəmməd Əsəd bəyə bağlamaq istəyir.

Hər gəlişində bir mətbuat konfransı düzənləyir, hay-küy salır, yeni faktlar açıqlayır və qəfildən ortadan qeyb olur , sakitcə Almaniyaya qayıdırdı. Sonra Məhəmməd Əsəd bəyin atasının azərbaycanlı olduğuna dair sənədlər tapdığını söylədi.

Mətbuatda Əsəd bəyin qohumu Əhməd Cəmil Məzhərin məktublarını yayınladı.

Daha sonra "Yüz ilin sirləri" adlı kitab yazdığını, Almaniyada Məhəmməd Əsəd bəy haqqında çəkilən film barədə danışmağa başladı.

Bu xanım və onun mübarizəsi məni get-gedə daha yaxından maraqlandırırdı.

Ötən il avqustun 22-də bizi ad gününə dəvət etmişdi. Onun dəniz sahilində gözəl bir restoranda dostlarının, qohumlarının, alman qonaqlarının əhatəsində keçirdiyi əvvəlki ad günlərində də iştirak etmişdim.

Budəfəki ad günündən bir qədər öncə yenə mətbuat konfransı keçirmiş, Əsəd bəylə bağlı yeni faktlar açıqlamışdı.

Mətbuat konfransından iki-üç gün sonra - "Ədəbiyyat qəzeti"nin 17 avqust 2007-ci il sayında Nuridə xanımın fikirlərinə cavab kimi Amerikada nəşr olunan "Azərbaycan İnternəşnl" jurnalının baş redaktoru, xanım Betti Bleyerin "Ciddi problem ciddi də tədqiqat tələb edir" adlı məqaləsi dərc olunmuşdu.

Xanım Bleyerə Azərbaycan qarşısındakı böyük xidmətlərinə görə ehtiramım var.

Əslində onun guya Nuridə Atəşinin arqumentlərinin, üzə çıxardığı sənədlərin tənqidinə yönəlmiş məqaləsinin ruhu məndə Əsəd bəyə, Əsəd bəyin bioqrafiyasına və yaradıcılığına daha çox maraq oyatdı.

Məqalədən əxz etdiyim buydu: Betti xanım azərbaycanlılara Əsəd bəyin azərbaycanlı olmadığını, Azərbaycanı sevmədiyini söyləyir, onun yəhudi olduğunu iddia edənlərə dəstək verir, Əsəd bəyi plagiatda suçlayır, faktları təhrif etməkdə qınayırdı.

Betti xanım yazırdı: "...Əsərləri dəfələrlə onun (Əsəd bəyin - R. M.) yalan danışdığını, mübaliğə etdiyini, xəyalı coşdurduğunu, özü ilə bağlı sirli aura yaratmağa çalışdığını üzə çıxarır...

Bizim tamamlanmaq üzrə olan tədqiqatımız göstərəcəkdir ki, əgər azərbaycanlılar Əsəd bəyin real simasını tanısaydılar və onun xarakterini başa düşsəydilər onu azərbaycanlı etmək üçün bu qədər uydurmalara əl atmazdılar...

Əsəd bəy heç də qəhrəman səviyyəsinə qaldırılmalı və adına heykəl ucaldılmalı bir şəxsiyyət deyil..."

Amma elə bir cümlə sonra Əsəd bəyi ustad nağılbaz, əfsanəçi adlandırırdı. Bir az əvvəl isə Əsəd bəyin "çox mükəmməl zəka sahibi" olduğunu etiraf edirdi.

Maraqlıydı ki, Betti xanım Əsəd bəyi yazıçı üçün gərəkli olan üstün keyfiyyətlərə - uydurmaçılığa, mübaliğə etməyə... görə suçlayırdı.

Amma bu suçlamalardan, onun Əsəd bəyi ittiham etmək üçün çəkdiyi sitatlardan da Avropada Əsəd bəyin kitablarına marağın yüksək dozasını hiss etmək olurdu.

Demə, onun kitablarından "vəhşi macəra hekayəsi kimi həzz alan oxucular" varmış.

Tom Reysin "Orientalist" kitabı barədə danışan Betti xanım Əsəd bəyin yəhudi olmasından əminliklə yazırdı:

"Tom Reys Əsəd bəyin mənşəcə yəhudi olduğunu iddia etdiyi bu kitabı ABŞ-ın ən böyük nəşriyyatlarından biri olan "Rəndom Hauz"un dəstəyi ilə yazmışdır.

Belə halda o, həmin şəxsin mənşəyi haqqında bu cür saxta məlumat yazmağa cəsarət edərdimi?..

Həqiqətən də onlar bu cür səhv məlumatı yazacaq qədər sadəlövh ola bilməzdilər".

Beləliklə, Azərbaycana və azərbaycanlılara ismarıc göndərilir, Əsəd bəy pislənilib azərbaycanlıların gözündən salınır, əvəzində Əsəd bəy tabaqda yəhudilərə pay verilirdi.

Görəsən, bu "qəhrəman səviyyəsinə qaldırılmağa və adına heykəl ucaldılmağa layiq olmayan" bir adam YƏHUDİLƏRİN NƏYİNƏ LAZIMIYDI?

Mövzu məni əməlli-başlı özünə çəkməyə başlamışdı.

Və mən Betti Bleyerin məqaləsinin işıq üzü görməsindən beş gün keçməsinə baxmayaraq, beynimdə yaranan suallara cavab tapmağa çalışırdım.

Elə bu səbəbdən Nuridə xanımın təbiətinə xas - hay-küylü ad günündə şənlənməkdənsə elə orada yubilyardan xahiş edərək onun çox zaman yanında gəzdirdiyi sənədlərlə tanış olmaq istədiyimi söylədim.

Qonaqlar yeyib-içir, oynayır, danışıb-gülürdülər, mənsə Nuridə xanımın təqdim etdiyi sənədlərə ilişib qalmışdım.

Maraqlı faktlar gözümə dəyir, təəccüblənirdim. Amma ən çox, ünlü Almaniya rejissoru, "Məhəmməd Əsəd bəy" film-layihəsinin rəhbəri Ralf Marşallekin Azərbaycandakı ictimai təşkilatlara və mədəniyyətlə maraqlanan iş adamlarına müraciətindən heyrətləndim.

2008-ci ilin Almaniyada Azərbaycan Mədəniyyət ili olduğunu bildirən rejissor diqqəti Bakı və Berlin, Azərbaycan və Almaniya arasında mədəniyyət körpüsü ola biləcək layihəyə yönəldirdi:

"Azərbaycan-alman yazıçısı, şair, tarixçi və uzaqgörən bir şəxs olan Məhəmməd Əsəd bəy bugünədək Azərbaycan mədəniyyətinin Almaniyadakı ən gözəl təbliğatçısı olmaqda davam edir.

Onun insan ruhunu vəcdə gətirən əsərinin əsli alman dilində qələmə alınmışdır.

Bu əsər Azərbaycanın simasını və maraqlarını cidd-cəhdlə Avropada təmsil edir, bu ölkəyə rəğbət qazandırır".

Sonra R.Marşallek Məhəmməd Əsəd bəy haqqında çəkdiyi və yekunlaşdırmaq ərəfəsində olduğu filmdən danışır və qeyd edirdi ki, bu ərəfədə o, Nuridə xanımla tanış olub, onunla əməkdaşlıq etməyə qərar verib.

Rejissor müraciətində qeyd edirdi ki, arxiv sənədlərinin araşdırılması zamanı "...biz tamamilə yeni orijinal sənədlər aşkarlamışıq ki, bu da yazıçının MÜBAHİSƏ DOĞURAN MƏNSUBİYYƏTİNƏ (fərqləndirmə mənimdir - R.M.), onun keçdiyi həyat yoluna və əsərinə tamamilə yeni mövqedən yanaşmağa sövq edir".

Rejissor yeni faktların filmdə əksini tapması, Bakıda çəkilişlərin aparılması üçün daha 50 min avro lazım olduğunu söyləyir, iş adamlarına müraciət edərək həm də filmin 50-yə yaxın festivalda, ən azı 5 Avropa ölkəsində, o cümlədən ABŞ və Rusiyada göstərilməsinin nəzərdə tutulduğunu söyləməklə bu qeyri-adi layihədə iştirakın üstünlüyünə işarə edirdi.

Ralf Marşallekin fikirləri, xususən milli mənsubiyyətlə bağlı deyilənlər məni tutmuşdu. Və elə ad günündəcə həm bu müraciətin, həm də digər sənədlərin "525"də dərci üçün Nuridə xanımdan icazə aldım.

Nuridə Atəşi
"525"in 25 avqust 2007-ci il tarixli şənbə sayı "Yüz ilin sirri açılır" başyazısıyla dərc olundu. Mövzuya tam 4 səhifə həsr etmişdik.

Filologiya elmləri doktoru, professor Zeydulla Ağayev "Ədəbiyyat qəzeti"ndən geri qaytarılan, Betti Bleyerə cavab-məqaləsini də bizə təqdim etmişdi və bu yazı həmin sayda dərc olunmuşdu.

Zeydulla müəllim "Görünən kəndin bələdçisi" məqaləsində Betti xanımın fikirlərinə tutarlı cavablar verir, demək olar ki, onun bütün arqumentlərini heçə endirir, həmçinin "...təkcə uydurma vasitəsilə bütün Avropanı uzun onilliklər ərzində maraq orbitində saxlamaq mümkün deyildi" yazaraq qeyd edirdi ki, "Əsəd bəy sənədli əsərlər deyil, tarixi-publisistik əsərlər yazırdı, yəqin bilmiş olarsınız ki, bu janrda müəllifin improvizə imkanları çox genişdir".

Daxilimdə bir inam vardı ki, alman rejissorun müraciəti reaksiyasız qalmaz.

İki bayağı müğənniyə bir saatın içərisində yarım milyon dollarlıq sms xərcləyən ölkədə belə bir layihəyə 50 min avro verən iş adamının tapılacağına ümidliydim. Amma inamım düz çıxmadı.

Film isə bizsiz də çəkildi.

Oktyabr ayında Almaniyadan bir qrup millət vəkili və "Um Velt Film"in operatorları, rejissor Ralf Marşallek Bakıya gəldilər.

Muğam Teatrında Nuridə Atəşinin "Yüz ilin sirləri" kitabının təqdimat mərasimində iştirak etdilər, çəkiliş apardılar.

Tədbirin başlaması alman qonaqların gecikməsi səbəbindən ləngiyirdi. Nuridə xanım milli geyimdə qonaqları qarşılayır, hərdən qonaqların gecikməsindən narahatlığı hiss olunurdu.

İstedadlı jurnalist həmkarım İlhamiyyə xanım Nuridə xanımın milli geyiminə işarə edərək "Nuridə lap gəlinə oxşayır, görəsən, bəy kim olacaq?" - deyə söz atmışdı. "Yəqin Əsəd bəy olar" - gümanımı söyləmişdim.

Və gümanım düz çıxmışdı. İncəsənət Universitetinin məzunu Nuridə xanım aktyorluq qabiliyyətindən yararlanaraq maraqlı formada teatrlaşdırılmış təqdimat mərasimi qurmuşdu, həyəcanlı bir çıxışla tədbiri başlayandan sonra milli geyimdə Əsəd bəyin obrazını yaradan aktyor estafeti davam etdirmişdi.

Hiss olunurdu ki, Nuridə xanım daha çox "UM Velt Film"in - rejissor Ralf Marşallekin kameralarına işləyirdi.

Azərbaycanın tanınmış jurnalistlərinin, yazıçı və ziyalılarının, maraqlı insanların toplaşdığı tədbirdə mən məşhur "Bakinskiye taynı" verilişinin müəllifi Fuad Axundovla da söhbət etmiş, bir gün sonra onun barəsində "İkiqat mühacir" adlı yazı da yazmışdım.

Fuad Axundov Tom Reysin Bakıya səfərində onunla birgə olmuş, bələdçilik etmişdi.

Bakının tarixini gözəl bilən bu insandan Tom Reys "Orientalist" əsərində bəhs edib.

Qeyd edim ki, "525" artıq dünyanın bir sıra dillərinə çevrilən "Orientalist" əsərindən bir hissəni gənc tərcüməçi Şamil Quluzadənin çevirməsində, professor Vilayət Quliyevin ön sözüylə dərc edib.

Mən çox istərdim ki, gənc tərcüməçi bu işi davam etdirərək əsəri bütövlükdə tərcümə etsin.

Ruhuna və hansı maraqlar güdməsinə, subyektiv məqamların üstünlük təşkil etməsinə baxmayaraq, bü gün bestsellerə çevrilən, artıq dünyanın 18 dilinə tərcümə olunan bu əsərin dilimizdə dərci vacibdir.

Kimsə Tom Reysin bu kitabı hansısa maraqlar naminə yazdığını söyləyə bilər.

Amma məncə, Reysdə Əsəd bəyin yaradıcılığına vurğunluq olmasaydı, o, bu işə bu dərəcədə şövqlə girişə bilməzdi.

"Əsəd bəy hətta neftin bahalaşmasının quru mexanizmindən elə söhbət açır ki, elə bil bu, "Minbir gecə" nağılıdır"- deyən Reysin bu sözlərinin arxasında Əsəd bəyə məhəbbəti duymamaq mümkün deyil.

"Orientalist"dən "525"də dərc olunan hissədə isə əsasən Fuad Axundovdan, onun "Əli və Nino"ya, Bakıya vurğunluğundan söhbət gedirdi.

Tom Reys Fuaddan sitatlar gətirirdi: "Bu roman sayəsində mən öz ölkəmi kəşf elədim, sovet sisteminin ayaqlarımızın altında dəfn etdiyi bütöv bir dünyanı tapdım....

Qurban Səid mənim həyat hekayəm kimidir.

O olmasaydı, mən öz şəhərimdə tora düşmüş adam kimi olacaqdım, düz burnumun ucundakı gözəllikdən və faciəvi qüvvələrdən xəbərsiz qalacaqdım".

Onun bu fikirlərini oxuduğumdan Fuadla qısa söhbətimdə bugünkü tədbirə, Əsəd bəyə, "Əli və Nino"ya münasibətini də öyrənmiş və "İkiqat mühacir" yazısında istifadə etmişdim. "Mənimçün əsas məsələ əsərin özüdü.

Onu kimin yazdığı ikinci dərəcəli məsələdir. Biz bu əsəri təbliğ etməliyik.

Əgər bir yəhudi yazıbsa, bu, daha da gözəl.

Deməli, Azərbaycan cəmiyyəti o qədər tolerant, genişqəlblidir ki, bir yabançını özününkü etmək qədərində cazibə qüvvəsinə malik olub.

Azərbaycan mühiti haqqında elə bir əsəri yazan kim olursa-olsun bu, onun Azərbaycana, Bakıya hədsiz bağlılığını göstərir.

Digər tərəfdənsə bu xalqın, bu ölkənin həmin müəllifə necə böyük məhəbbətlə qucaq açdığını göstərir".

Fuadda Reysin təsiri hiss olunmaqdaydı. Nuridə xanımın kitabındakı faktlardan isə çoxlarının hələlik xəbəri yoxuydu.

Kitaba giriş sözünü Bundestaqın üzvü, Qafqaz Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Steffen Rayxe yazmışdı.

16 oktyabr 2007-ci ildə "Yüz ilin sirləri"nin təqdimat mərasiminə yığışanlar da elə onu - həmin gün Bakıda rəsmi səfərdə olan alman millət vəkilini gözləyirdilər. Rayxe birazdan gəldi və təsirli bir çıxış etdi.

Gələn ilin Almaniyada Azərbaycan ili olduğunu söyləyən Steffen Rayxe ümidvar olduğunu bildirdi ki, bu il çərçivəsində Məhəmməd Əsəd bəyə, "Əli və Nino"ya həsr olunmuş tədbirlər keçiriləcək, iki xalq arasında körpü rolunu oynayan yazıçıya layiq olduğu münasibət göstəriləcək.

Tədbirdə həmçinin rejissor Ralf Marşallek, Almaniyanın Azərbaycandakı səfiri Per Stankina çıxış edərək Məhəmməd Əsəd bəyin yaradıcılığından danışmışdılar.

Steffen Rayxenin kitaba yazdığı ön sözü həyəcansız oxumaq olmur.

Steffen Rayxe Əsəd bəyin dəyərini verir, onun tapdanmış hüquqlarının bərpasına çağırır, Nuridə Atəşinin Əsəd bəyi Azərbaycana qaytarmaq üçün verdiyi mücadiləyə ehtiramını bildirirdi.

Bundestaq üzvünün "Ön söz"ündən: "Nuridə Atəşinin bu kitabı öncə məhz Azərbaycanda çap etdirmək istəyi diqqətəlayiq və anlaşılandır.

Nuridə Atəşi öz qarşısında Əsəd bəyi Vətənə qaytarmaq kimi məsul və çətin vəzifə qoyub.

Səbəb kitabı oxuyanda da aydın olur: Əsəd bəy ömrünün son günlərinədək Vətəninə dönməyi, Vətənində dəfn olunmağı arzu edirmiş. Əfsuslar olsun ki, həmin dövrün siyasi gerçəkliyi buna imkan vermirdi. Faşistlərdən canını qurtarmağa çalışan azərbaycanlıya bolşeviklər də aman verməyəcəkdilər...

Amma indi, həmin siyasi rejimlərin tarixin arxivinə gömüldüyü, yeni siyasi gerçəkliyin yarandığı bir vaxtda Əsəd bəyin arzusunu, gec də olsa, həyata keçirmək mümkündür.

Yetər ki, bunu ortaya qoyasan. "Yüz ilin sirləri" kitabı bu istəyin sənədli-sübutlu ortaya qoyulmuş təcəssümüdür.

Bir-birindən maraqlı, əhatəli, dünya tərəfindən yüksək qiymətləndirilən 16 əsər! Niyə Azərbaycanın zəngin ədəbiyyatını bunlarla zənginləşdirməyəsən!

Axı Azərbaycan ədəbiyyatına Əsəd bəyi yenidən, layiq olduğu şəkildə qaytarmaq Azərbaycan ədəbiyyatını dünyada bir qədər də ucaltmaq deməkdir...

Əsəd bəyin Azərbaycana məxsusluğu mübahisəsiz olmalıdır....

Arzu edirəm ki, Əsəd bəyin ruhu doğma Vətəninin göylərində əbədi rahatlığa qovuşsun. Əsəd bəy buna layiqdir, inanın!"

Bəzilərindən fərqli olaraq, Steffen Rayxe Əsəd bəyə layiq olduğu qiyməti verirdi.

Təqdimat mərasimləri, çəkilişlər, təbriklər arxada qalmışdı. Artıq "Yüz ilin sirləri"ni varaqlamağın, əsl həqiqətləri öyrənməyin zamanıydı.

Nuridə xanımın bu qalın kitabı sənədlərlə zəngindir. Ara-sıra bu sənədlərə verdiyi şərhlərdə özünəxas emosionallıq və pafos yer alır. Bu da başadüşüləndir.

Bu, onun şairliyindən - xarakterindən, Əsəd bəyə sevgisindən və Əsəd bəyə yönələn şər-böhtanlara etirazından doğur.

Bu kitabda bir sıra yeni faktlar üzə çıxarılıb. Xeyli sənədlər, məktublar ilk dəfə işıq üzü görüb.

Steffen Rayxe qeyd edir ki, Əsəd bəyin Berlində jurnalistika sahəsində "Ədəbiyyat aləmi" qəzetində atdığı ilk addımlardan sonra qəzetin baş redaktoru Villi Haas yazarın istedadını kəşf edir və onun inkişafına xüsusi qayğı göstərir.

Nuridə xanım öz kitabında 1926-1933-cü illərdə Əsəd bəyin alman mətbuatında işıq üzü görmüş 134 məqaləsinin siyahısını verir. Betti xanım iddia edir ki, Əsəd bəyin heç bir məqaləsində Azərbaycanın adı çəkilmir, Azərbaycana sevgi yoxdur.

Betti Bleyr
Əvvəla, Əsəd bəy artıq bir alman jurnalisti idi və gündəlik jurnalist fəaliyyətiylə məşğuluydu.

Şübhəsiz ki, o, hər məqaləsini Azərbaycana həsr edə bilməzdi.

Amma Nuridə xanımın kitabında verdiyi bir məqalə, zənnimcə, bu qəbildən olan ittihamların hamısını heçə endirməyə və Əsəd bəyin Azərbaycana sevgisinin bariz təcəssümü olmağa qadirdir.

Əsəd bəy 06.07.1928-ci ildə "Die deutsche Spieqel" qəzetində dərc olunan "Azərbaycan Respublikası" məqaləsini müstəqilliyin 10 illiyinə ithaf etmişdi. Azərbaycanın tarixi barədə müxtəsər məlumat verən müəllif 19-cu əsrin əvvəlində ölkənin ilk dəfə ruslar tərəfindən işğala məruz qalmasından, rus idarəçiliyinin müstəmləkə xüsusiyyətlərindən söhbət açır, müstəqil Azərbaycan Respublikasının mövcud olduğu qısa müddətdə görülən işlərdən - aqrar islahatdan, universitet və məktəblərin açılmasından, gənclərin təhsil üçün xaricə göndərilməsindən bəhs edir, bolşevik işğalının törətdiyi fəsadları sadalayırdı.

Məqalənin sonunda müəllif yazırdı: "...Biz çox yaxşı bilirik ki, Rusiya bizim tək bir düşmənimizdir.... biz "müstəqilliyi" kağız üzərində olan, əsarət altına salınmış bir xalqıq...

İndi müstəqilliyimizin 10-cu ilində azərbaycanlılar ruslar tərəfindən təzyiqə məruz qalan digər xalqlarla birlikdə arzu edirlər ki, tezliklə elə bir gün gəlsin ki, onların vətəni hakim "qırmızı" qüvvələrdən azad olsun və özləri öz millətlərinin taleyini həll etsinlər.

İnşallah, arzumuz tezliklə yerinə yetər".

Əsəd bəyin arzusu o bu sətirləri yazandan 63 il sonra gerçəkləşdi. Amma onun adının, əsərlərinin Azərbaycana qayıtması daha uzun və çətin oldu.

Fikrimcə, bu məqaləni oxuyan hansısa şəxsdə Əsəd bəyin azərbaycanlı olmasına və Azərbaycan sevgisinə şübhə qalmamalıdır. Amma cığallar və paxıllar həmişə olub - onda da, indi də...

Nuridə xanım Əsəd bəyin milli mənsubiyyətini müxtəlif sənədlərin, məktubların gözüylə araşdırmağa çalışır, Əsəd bəyin qan qohumu və 20 illik dostu Əhməd Cəmil Məzhərin məktublarına da istinad edir.

Təəssüf ki, bəzi "araşdırmaçılar" Cəmil Məzhərin məktublarının etibarlılığına və dəqiqliyinə, görünür, məqsədlərinə mane törətdiyinə görə kölgə salırlar.

Amma Əsəd bəyin soy-köküylə bağlı Cəmil Məzhərin yazdıqları, məncə, həqiqətə ən yaxınıdır və Əsəd bəyin əsərlərində təsvir etdiyi həyatıyla üst-üstə düşür.

Obyektiv, əvvəlcədən hansısa məqsədi olmayan araşdırmaçı bu sənədlərə inanmaya bilməz.

Nuridə xanım Cəmil Məzhərin məktublarına əsasən Əsəd bəyin atasının soy-kökü Səmərqəndə gedib çıxan İbrahim Arslanoğlu olduğunu qeyd edir.

Əsəd bəyin anası Alişa Slutski olub. Slutskilərin yəhudiliklə əlaqələri barədə ehtimallar söyləyənlər var. Lakin rus-provaslav olan Alişa müsəlmanlığı qəbul edərək Aişə adını götürüb.

Əsəd bəyin 6 yaşı olanda anası faciəli şəkildə vəfat edib.

Güman ki, intihar edib. Abraham Nissenbaum Əsəd bəyin xalası Bertanın əri olub.

Cəmil Məzhərin yazdığına görə, Əsəd bəy uşaqlıqda ona Nəsim dayı deyirmiş. Cəmil Məzhərin məktublarını və məqalələrini etibarlı mənbə saymayanlar heç olmasa, gərək 5 yaşından Əsəd bəyə dayəlik edən, ona alman dilini öyrədən, bir-iki ili çıxmaqla qalan ömrünü Əsəd bəyin xidmətində keçirən dayəsi Alişe Şultenin fikirlərinə sübhə etməyələr. Alişe Şulte "Əsəd bəyin bioqrafiyası" adlı xatirələrində yazır: "Əsəd bəy məzhəbcə müsəlman idi.

O, atasını hamıdan və hər şeydən çox sevirdi.

Əsəd bəy həddi-buluğa çatandan sonra 13 avqust 1922-ci ildə rəsmi sənədləşmə ilə İslam dinini qəbul etsə də, əvvəldən bu dinə mənsub idi". Əsəd bəy bütün əsərlərində özünü müsəlman kimi təqdim edir.

Qəribədir, Abraham Nissenbaumun - yəhudinin oğlu niyə müsəlman olmalıydı ki? Azərbaycan Dövlət Tarix Arxivindən əldə edilən sənəddə göstərilir ki, Abraham Nissenbaumun 1905-ci ildə dünyaya gələn övladı olmayıb.

Əsəd bəy bolşevik inqilabından sonra Bakını, daha sonra Azərbaycanı tərk etməsi və başlarına gələn digər hadisələr barədə əsərlərində yazıb.

O, atasıyla Gürcüstan sərhədində görüşüb və onlar hələlik bolşevik inqilabının gəlib çatmadığı Tiflisə gediblər. Əsas qaranlıq da burdan başlayır.

Güman ki, təhlükəsizlik və şəxsiyyətlərinin məxfiliyi naminə Gürcüstandan xaricə getmək üçün onlara yeni sənədlər almaq lazım olub.

Əsəd bəyin yazdığına görə, atası neft mütəxəssisi olduğu üçün bolşeviklərin ona ehtiyacı vardı və yeni hökumətdə çalışırdı.

Onun öz adıyla xaricdə yaşaması təhlükəli ola bilərdi. Tiflisdə isə bələd olduqları gürcüstanlı qohumun adından istifadə edə bilərdilər.

Güman ki, burada ata Abraham Nissenbaum Məhəmməd Əsəd bəy isə oğul - Lev Nissenbaum kimi qələmə verilib.

Şübhəsiz ki, neft milyonçusuna bu işi havayı görməzdilər. Onların yeni sənədlər aldıqlarını, görünür, çox az adam bilib və hər vəchlə bu sirrin faş olmamasına çalışıblar.

Xüsusən neft milyonçusu olan atanın şəxsiyyətinin gizli qalması həyati əhəmiyyətli imiş.

Yəqin, buna görə Alişe Şulte yazır ki, "Əsəd bəyin atası Gürcüstandan olan Abraham Nissenbaum idi".

Digər versiyalar da irəli sürmək mümkündür. Ola bilər ki, inqilab vaxtı Əsəd bəyin atasının başına iş gəlir - bolşeviklər, yaxud başqa şəxslər tərəfindən öldürülür.

Bəlkə də bolşeviklərə işləyən keçmiş milyonçu, neft mütəxəssisi heç Azərbaycandan çıxa bilmir.

Valideynsiz qalan Əsəd bəyə qohumu - xalasının əri himayəçi durur - övladlığa götürür, doğulduğu Gürcüstandan ona oğlu kimi sənəd alır və xaricə aparır.

Hər halda, bu müəmma öz açılışını - tədqiqatçısını gözləyir.

Məncə, Nuridə xanımın Əhməd Cəmil Məzhərin 1942-ci ildə İtaliyada "Oriento Moderno" dərgisində dərc olunan "Məhəmməd Əsəd bəy" monoqrafiyasından gətirdiyi aşağıdakı sitat ikinci versiyanın üzərində dayanmağa əsas verir: "Əsəd bəyin yəhudi olduğunu düşündürən onun Nussimbaum soyadıdır.

Bu soyad ona anası tərəfdən qohumu olan (dayısı) Abraham Nussimbaum (yəhudi ) tərəfindən verilmişdir.

Atası vəfat etdikdən sonra ona bir oğul kimi baxdığına görə onu israilli elan etmişdir.

Lakin bir az sonra 17 yaşlı Əsəd bəy qohumunun qərarından imtina edərək 1922-ci il avqustun 13-də İslam dinini yenidən qəbul etməsi barədə arayış almışdır".

Bizcə, Əsəd bəyin atası, onun kimliyi, harda, nə vaxt vəfat etməsi barədə ardıcıl tədqiqatlar nəticə verə bilər.

Gürcüstandan alınan sənədlərə görə, onlar Türkiyədə qeydiyyatdan keçib Romaya, sonra Parisə və nəhayət, Berlinə gəlirlər.

Berlində eyni zamanda həm universitetdə, həm də məktəbdə təhsil alan Əsəd bəy geniş, hərtərəfli biliklərə yiyələnir.

Onsuz da zəngin mütaliəsini daha da artırır. Sonra Əsəd bəyin uğurlu jurnalist fəaliyyəti dövrü başlayır.

1929-cu ildə onun irihəcmli "Şərqdə neft və qan" əsəri işıq üzü görür. Bu əsər qısa müddətdə geniş populyarlıq qazanır. Müxtəlif dillərə çevrilir.

Bax, elə onda da Əsəd bəyə qarşı, həm də çox təəssüf ki, soydaşları tərəfindən qısqanclıqlar, hücumlar başlayır.

1919-cu ildə - müstəqil respublika dövründə Azərbaycandan Avropaya 100-ə yaxın azərbaycanlı tələbə göndərilmişdi.

Onların ictimai fəllarından biri, yazıçılıqla məşğul olan, sonralar - 1934-cü ildə Berlində nəşrə başlayan "Qurtuluş" jurnalının redaktoru Hilal Münşi idi. "Şərqdə neft və qan"ın çapından sonra Hilal Münşi, Cavad bəy Vəzirov və digərləri Əsəd bəyə qarşı çıxmağa başlayırlar.

Onların müxtəlif rəsmi qurumlara yazdığı məktublarda iddia olunur ki, Əsəd bəy öz əsərində alman hərbi dəstələrini aşağılayıb, Almaniyanın və Şərqin nüfuzunu aşağı salıb və sair.

Qədim Bakı
Əsəd bəy "Şərqdə neft və qan" əsərində 1918-ci ilin mart hadisələrini ustalıqla qələmə alıb və erməni-bolşevik birləşmələrinin Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı, 30 min azərbaycanlının qətlə yetirilməsini təsvir edib.

Əsərin geniş marağa səbəb olmasını, böyük tirajlarla çapını nəzərə alsaq, ermənilərin bolşeviklərlə birləşib 30 min azərbaycanlını qətl etməsi faktının nə qədər reaksiya doğurmasını ehtimal etmək olar.

Eyni zamanda müəllif alman və türk qoşunlarının həmin ilin sentyabr ayında Bakıya daxil olması ərəfəsində azərbaycanlılara mart hadisələrinin qisasını almağa şərait yaratdığına da eyham vurub.

Hər iki qanlı hadisəni təsvir edərkən obyektiv olmağa çalışan Əsəd bəyin mövqeyini aşağıdakı cümlələr aydın göstərir: "...azərbaycanlılar düşməni əvvəlcə öldürür, yalnız bundan sonra yuxarıda təsvir olunanları tətbiq edirdilər, ermənilər isə tərsinə, canlı insanı dəhşətli işgəncələrlə öldürürdülər.

Xalqlar xarakterinin fərqi də elə budur".

Qaldı Əsəd bəyin əsərlərindəki bəzi detalların Şərq xalqlarının təhqir olunması kimi qələmə verilməsi barədə o zaman və təəssüf ki, indi də irəli sürülən iddialara, bu da mənə təəccüblü görünür.

Bu gün Azərbaycan qəzetlərində bir sıra jurnalistlərin, postmodernist və qeyri-postmodernistlərin xalqımız barədə yazdıqlarıyla müqayisə etsək, demək olar ki, Əsəd bəy heç bir təhqirə-filana yol verməyib.

Bəs bizim diasporumuzu qəzəbləndirən nə idi? Bu fikirlər məni çox narahat etdiyindən o dövr diasporumuzun araşdırıcılarıyla imkan düşəndə bu barədə söhbətlər etmişəm. Aldığım cavablar elə mənim gümanlarımla üst-üstə düşüb.

Diaspor nümayəndələri - müstəqil respublikanın xaricə göndərdiyi tələbələr və yaxud digər şəxslər heç kimin tanımadığı 24 yaşlı bir "uşağın" Azərbaycanın müxtəlif bölgələrinin ekzotik təsvirlərindən, Bakı haqqında - onun tarixi, neft milyonçuları, qoçuları, oğruları və sair barədə bu cür qeyri-adi əsər yazmasından çaşmışdılar.

Əsərin populyarlığı onlara rahatlıq vermirdi. Bəziləri yazıçılığa, jurnalistliyə, Şərq üzrə mütəxəssisliyə iddia edən bu adamlara qeybdən varid olan bir "uşaq" meydan oxuyurdu. Avropa onun əsərlərinə - "uydurmalarına" valeh olmuşdu. Avropa Şərqi, Azərbaycanı onun əsərləriylə tanıyır, heyran olur, təəccüb edir və sevirdi.

Mənim hörmətli həmvətənlilərim isə Əsəd bəyin bu şöhrətinin sirrini axtarmaq, onun fitri istedadını qəbul etmək, ona dayaq durmaq əvəzinə şər-böhtana üstünlük verirdilər.

Bir dostumuz istedadlı alim Aydın Məmmədov haqqında hadisəni tez-tez yada salır. Azərbaycanlı alimlər Moskvaya konfransa gedir.

Aydın Məmmədov da onlarladır. Təyyarədə Aydın müəllim konfransda mühazirə edəcək alimdən soruşur ki, tədbirin mövzusu nədir? İki aydır konfrans üçün məruzə hazırlayan alim Aydın müəllimə mövzunu deyir.

Qayıdanda alim tanışlarına şikayət edir: "Bu nə işdi? Hazırlaşıb eləməmişdi. Mövzunu da təyyarədə məndən soruşdu.

Bizdən sonra durub çıxış etdi. Bizim məruzələrdən danışan olmadı, iki gün onun çıxışını müzakirə etdilər".

Dostumuz alimi qınayırdı: "O bədbəxt başa düşmürdü ki, Aydın fitri istedad idi və iki aya hazırlanmış məruzəni iki dəqiqəyə alt-üst etməyə qadir zəngin biliyi vardı".

Mənim şuşalı həmvətənlilərim - Hilal Münşi, Cavad Vəzirov da anlamırdılar ki, Əsəd bəyin Azərbaycan, Şərq barədə əsərləri o səbəbdən onların yazılarından daha çox reaksiya doğururdu ki, bu əsərlərdə Şərq, Azərbaycan mühiti təbii, cəlbedici təhkiyəylə, zəngin faktlarla verilirdi. "Qarabağ eşşəyinin qarnının altında" yatan, bir həftə, bəlkə bir ay Qarabağda qalan Əsəd bəy ona görə Qarabağı onlardan - köklü qarabağlılardan gözəl təsvir edirdi ki, o, İSTEDADLIYDI. Bir sıra avropalı mütəxəssislərin, həmçinin Nuridə xanımın təbirincə desək, DAHİ idi.

Hilal Münşi "Şərqdə neft və qan"a cavab olaraq "Azərbaycan Respublikası" adlı əsər yazır.

Kitabın girişində Hilal Münşi Əsəd bəyi top atəşinə tutur: "Kitabın ("Şərqdə neft və qan"ın -R.M.) demək olar bütün məzmunu açıq-aşkar şişirtmələr, tarixi həqiqətlərin təhrifi, böhtanlar, yalanlar və dolaşıq məsələlərlə dolu idi".

Alman dostu tərəfindən təriflənsə də, Hilal Münşinin kitabı uğur qazana bilməzdi.

Çünki burada Avropa oxucusuna zövq verə biləcək macəralar, dinamik süjet, şirin təhkiyə yox idi.

Nuridə Atəşi
Əsəd bəy hücumlara baxmayaraq, ruhdan düşmür, bir-birinin ardınca yeni kitablar yazıb çap etdirir. "Stalin", "Qafqazın 12 sirri", "Ağ Rusiya", "Axan qızıl", "Məhəmməd" və sair.

Hilal Münşinin kampaniyası isə davam edir və Əsəd bəyin digər əsərləri barədə də donoslar yazılır.

Nəhayət, "mübarizə" öz "bəhrəsini" verir, Əsəd bəyin kitabları qadağan olunur, adı yasaqlanır. Ona yəhudi damğası vurulur və Almaniyadan çıxarılır.

Əsəd bəy 1933-cü ildə Vyanaya köçür.

Nuridə xanım Əsəd bəyin Vyanadakı illəri, Amerikaya və digər ölkələrə səfərləri, evlilik həyatı, dostları, sevgililəri barədə sənədlərin diliylə ətraflı məlumat verir.

1937-ci ildə Vyanada Qurban Səid imzası ilə "Əli və Nino" romanı dərc olunur .

Həmin ildə qəzetlərdə roman haqqında 7 ölkədən daxil olan fikirləri oxuduqca qürurlanmamaq mümkün deyil. 70 il öncə bir azərbaycanlı yazar və onun romanı barədə yazılan bu cür tərifləri oxumaq insanı fərəhləndirir.

***

Əəd bəyin Vyanada imzasını dəyişməsinin səbəbi aydın idi. Yeni romanın hay-küylü uğuru yenidən həmyerlilərini və müvafiq orqanları qıcıqlandıra bilərdi.

Niyə məhz Qurban Səid imzasının götürülməsi barədə isə, məncə, Nuridə xanımın Cəmil Məzhərdən gətirdiyi arqument inandırıcıdır.

1936-cı ildə Qurban bayramı günlərində Nyu-York səfərindən İstanbula gələn Əsəd bəylə kitabxanada görüşərkən Cəmil "Qurban Səid", yəni "Qurban bayramınız mübarək" - deyə müraciət edib: "Əsəd bəylə söhbət edən əcnəbi turist elə başa düşdü ki, mən özümü onlara "Qurban Səid " kimi təqdim etdim.

Turist gülümsəyərək mənə "Sizinlə tanış olmağıma çox şadam, cənab Qurban Səid" -dedi. Beləliklə, Qurban Səid mənim məzəli adıma çevrildi...

Bir gün Əsəd bəy ilk romanını çap etdirmək üçün təxəllüs axtarırdı.

O, mənə Qurban Səid təxəllüsünü götürmək istədiyini bildirdi. Beləcə, razılaşdıq".

***

Əsərin Yusif Vəzirin adına çıxılmasının tarixçəsini isə tərcüməçi Semih Yazıçıoğlu belə xatırlayır.

O, 1971 -ci ildə "Əli və Nino"nu türk dilinə çevirir və kitaba ön sözdə yazır ki, Amerikada yaşayan Yusif Qəhrəman və Türkəqul adlı şəxslər "Əli və Nino"nu 1971-ci ildə oxuyandan sonra əsərdə bəhs edilən küçələrin, meydanların, sarayların, hətta bəzi nəsil və sülalələrin adlarını tanımışlar.

Və onlar belə bir əsəri yalnız görkəmli yazar Çəmənzəminlinin yaza biləcəyini güman etmişlər və tanımadıqları, eşitmədikləri Qurban Səid imzasının Yusif Vəzirə aid ola biləcəyini düşünmüşlər.

Və elə bu güman da neçə ildən bəri əsərin müəllifinin kimliyi məsələsində onsuz da dolaşıq düyünü daha da bərkitmişdir.

Və Əsəd bəyin - Qurban Səidin digər əsərlərindən xəbəri olmayan bəzi alimlərimiz uzun illər bu yanlış fikrin üzərində dayanmışlar.

"Yüz ilin sirləri"ndə daha bir maraqlı fakt var. Bizcə, bu, Əsəd bəyin türk dilini bilmədiyini iddia edənlərə və milli kimliyinə şübhəylə yanaşanlara tutarlı cavabdır. İstanbulda nəşr olunan "Cümhuriyyət" qəzetinin 20 noyabr 1932-ci il tarixli sayında Vyanadan Nadir Nadi bəy imzasıyla "Rusiyadakı türklər haqqında bir konfrans" başlığıyla çap olunan məqalədə deyilir: "Dünən axşam vyanalılar çox qiymətli bir türk yazıçısını alqışladılar.

Əsəd bəy isimli azərbaycanlı bir arkadaşımız "Rusiyanın bugünkü ruhu" mövzusunda bir konfrans keçirdi. Əsəd bəy Berlində tanınmış bir yazıçı və jurnalistdir...

Əsəd bəy əslən bakılıdır. Atası orda ən zəngin neft mədənlərinin sahibi olmuşdur... Əsəd bəylə görüşdüm. Çox mədəni bir adam idi. Türkcə qüsursuz danışırdı..."

Bu konfrans barədə yazan Vyana qəzetləri onu "Rusiyadan olan türkmən Əsəd bəy" kimi qələmə vermişdilər.

Nuridə xanım Əsəd bəyin izi ilə onun ömrünün son illərini keçirdiyi və həyata gözünü yumduğu İtaliyaya, Positano şəhərinə gedib çıxır.

Əsəd bəyin qəbrini tapır. Dünyaya gözünü yumduğu evdə gecələyir. Əsəd bəyi tanıyanlarla söhbət edir.

Həmçinin Əsəd bəyin Qurban Səid təxəllüsüylə ömrünün sonunda, dəhşətli ağrılar içində yazdığı altı dəftərdən ibarət "Sevgidən bixəbər kişi" romanının əlyazmasını tapır və romanın birinci hissəsini Azərbaycan dilinə çevirib dünya mətbuatında ilk dəfə "Yüz ilin sirləri"ndə dərc edir.

Və bununla da Əsəd bəyin uzaq Positonada 65 il narahat dolaşan ruhuna bir az rahatlıq gətirə bilir.

Kitabda görkəmli şərqşünas alim Əhməd Şmidenin Əsəd bəylə bağlı apardığı tədqiqatlar barədə də məlumatlar yer alıb.

Azərbaycan ədəbiyyatından bir sıra nümunələri, həmçinin "Dədə Qorqud"u alman dilinə tərcümə edən bu görkəmli alimin ölkəmiz qarşısında xidmətləri böyükdür.

Nuridə xanım yazır: "1995-ci ildə Berlinə ilk gəldiyim zaman Əhməd Şmide mənimlə tanış olmağa gəldi. Azərbaycan ədəbiyyatından, gördüyü işlərdən uzun-uzadı söhbət etdik.

Gedərkən ilk şeirlər kitabımı ona bağışladım. Sabahı gün telefon edərək "Bu kitab məni dəli etdi, səhərəcən yata bilmədim" - dedi. Sonralar Əhməd bəy məni çox dəstəklədi.

Qızımın xəstəliyi, Bakıda həkimlərin para qoparmaq üçün qızıma etdiyi haqsızlıqlar, mənim tək-tənha etdiyim mücadilələr onu çox mütəəsir etmişdi.

Əsəd bəy adını da mən ilk dəfə ondan eşitdim".

Əhməd Şmide ötən əsrin 70-ci illərində Qurban Səid düyününü açmağa çalışır. Tədqiqatlar aparır. Əsəd bəyin tədqiqatçısı professor Höpplə, Erfride Erenfelsle məktublaşır. Erfride Əsəd bəyin dostunun arvadı olub.

Əsəd bəy, güman ki, məxfilik üçün "Əli və Nino"nun müəllif hüququnu ona verib, müqavilələr onun adından bağlanıb. "Altunsaç" romanı üzərində bərabər işləyiblər.

Bu məktublaşmalardan Əhməd Şmideyə həqiqət aydın olur.

Qurban Səid imzasının Əsəd bəyə məxsusluğuna şübhə yeri qalmır. Amma Bakıda Əhməd Şmideni eşitmək istəmirlər.

Əhməd Şmidenin bu məsələylə bağlı Almaniyada çıxan məqaləsini, professor Höpplə, Erfride Erenfelslə məktublaşmalarını kitabına salsa da, Nuridə xanımın Əhməd Şmide ilə bu mövzuda kitab üçün söhbəti alınmır: "Artıq Berlində yaşamırdı.

Azərbaycandan incik idi. "Mən artıq bu işlərlə məşğul olmaq istəmirəm" - deyib dururdu .

Ən son zəngimdə isə az qala ona yalvarmaq istəyirdim. "Əhməd bəy, axı siz Azərbaycan mədəniyyəti üçün çox xidmətlər göstərmisiniz, Əsəd bəyin yaradıcılığını ilk tədqiq edənlərdən olmusunuz, bu mənim üçün, mənim Vətənim üçün çox vacibdir" - dedim.

Mənim xətirimi nə qədər çox istəsə belə, qətiyyən yumşalmadan: "Bunu vaxtında başa düşəydiniz və qiymət verəydiniz" - deyib acıqlı şəkildə telefonu qapatdı".

Bu günlərdə "525"ə müsahibə verərkən Nuridə xanımdan Əhməd Şmide ilə münasibətlərin nə yerdə olduğunu soruşdum.

Onu inandırmağa çalışdım ki, Əhməd bəylə əlaqə saxlasın, onu razı salmağı bacaracaq. Əvvəl "o, möhkəm küsüb.

Bəlkə Azərbaycandan bir hörmətli ziyalı, məsələn, Bəxtiyar Vahabzadə zəng vursa, razılaşar" - dedi. Sonra "Gedib bir də yalvaracam ona" - söylədi. "İkinci kitabımda mütləq Əhməd bəyin fikirləri yer alacaq".

Şmidedən danışanda "Ədəbiyyat qəzeti"ni yada salmamaq olmur.

Şmide ötən əsrin yetmişinci illərində Əsəd bəyin tədqiqatçısı Höppə yazdığı məktubda "Əli və Nino"nun müəllifi ilə bağlı yeni tapılan faktlara Bakıda soyuq münasibətdən gileylənir.

"Ədəbiyyat qəzeti"nə məktubla müraciət edib məsələylə bağlı fikirlərini çatdırsa da, heç bir cavab almadığını bildirir.

"Başqa vaxt az qala hər bir öskürəyimi, boğaz arıtlamamı belə dünyanın məşhur bir müdrikinin rəyi kimi dərhal dərc edən qəzetin" indi Qurban Səidin Əsəd bəy olması barədə yazdığı məktubları dərc etməməsindən heyfslənir.

O illərdə qəzetin bu münasibətinin səbəbini bəlkə də başa düşmək olardı. Məhəmməd Əsəd bəyin adının çəkilməsi sovet dövründə yasaqlana bilərdi.

Ən əsası isə Çəmənzəminli tərəfdarlarının inadkarlığı əsas maneə idi.

Amma yenə də Azərbaycan qarşısında xidmətləri olan böyük alimin fikirlərini eşitməzliyə vurmaq, onu Azərbaycandan küsdürmək düzgün iş deyildi.

Təəssüf ki, aradan illər keçməsinə baxmayaraq, bu qəzet birtərəfli mövqeyini bu gün də davam etdirir.

Okeanın o tayından Betti Bleyerin məqaləsini dərc etsin, bu, yaxşı işdir. Amma məqaləyə azərbaycanlı alimin - elmlər doktorunun, professorun, ömrünü bu işə sərf edən mütəxəssisin cavabını geri qaytarmasını, ona fikirlərini bildirmək imkanı yaratmamasını heç bir mətbuat etikasına sığışdırmaq mümkün deyil.

Yusif Vəzir
Yaxşı ki, bu cür münasibətdən Əsəd bəy araşdırıcıları olan hörmətli alimlərimiz bezib yorulmadılar və həqiqətin ortaya çıxması istiqamətində fəaliyyətlərini davam etdirdilər.

***

Əsəd bəy - Qurban Səid haqqında mühakimə yürüdən azərbaycanlı alimlərin əksəriyyəti, görünür, onun "Əli və Nino"dan başqa, o biri əsərlərini oxumayıblar.

Bu əsərlərlə tanış olan mütəxəssislər isə həqiqətin harda olduğunu yaxşı biliblər.

Bu alimlər sırasında Çərkəz Qurbanlını, Zeydulla Ağayevi və Həsən Quliyevi qeyd etmək olar. Təəssüf ki, uzun illər onların fikirləri mediaya çətinliklə yol tapıb.

Filologiya elmləri namizədi Çərkəz Qurbanlı 1998-ci ildə ilk dəfə olaraq Əsəd bəyin "Allahu-Əkbər" əsərini Azərbaycan dilinə çevirərək dərc etdirib.

Ondan öncə isə "Xəzər" və "Tərcüman" jurnallarında onun tərcüməsində "Altunsaç" romanından parçalar işıq üzü görüb.

2005-ci ildən isə Qafqazın Strateji Tədqiqatlar İnstitutu tərəfindən Əsəd bəyin əsərləri - "Şərqdə neft və qan", "Son peyğəmbər", "Ağ Rusiya", "Altunsaç" Çərkəz Qurbanlının tərcüməsində, təəssüf ki, cəmi 500 tirajla işıq üzü görüb.

Təsadüfən "Altunsaç"ı görüb oxumasaydım, heç mənim də bu nəşrlərdən xəbərim olmayacaqdı.

Bu il martın əvvəlində Nizami muzeyinin birinci mərtəbəsindəki kitab mağazasında Demokratik İslahatlar Partiyasının təşəbbüsü ilə Kamal Abdullanın "Yarımçıq əlyazma" kitabının müzakirəsi və oxucular üçün imzalanma mərasimi keçirilirdi. Fürsətdən istifadə edib mağazada Əsəd bəyin kitablarının olub-olmaması ilə maraqlandım. "Şərqdə neft və qan"ı tapıb verdilər.

Hər iki kitabı oxuduqdan sonra Çərkəz Qurbanlıya zəng etdim.

Ona bu sakit, təmkinli, heç bir reklam etmədən gördüyü böyük işlərə görə minnətdarlığımı çatdırdım.

... Qaranlıqlar mənim üçün də aydınlanmağa başlayırdı. Çərkəz Qurbanlının bu kitablara yazdığı önsözlərdə bir çox məsələlərə aydınlıq gətirilir.

Ən əsası isə "Şərqdə neft və qan"ı oxumaq kifayətdir ki, mənzərə aydın olsun.

Bir az diqqətli oxucuda Qurban Səid imzasıyla dərc olunan "Əli və Nino", "Altunsaç" romanlarının "Şərqdə neft və qan"ın müəllifi tərəfindən yazılmasına şübhə yeri qalacağına inanmıram. "Əli və Nino"nu Azərbaycandan 15 yaşında çıxan bir uşağın yaza biləcəyinə inanmayanların mütləq Əsəd bəyin digər əsərlərini oxuması vacibdir. "Şərqdə neft və qan"ı , "Qafqazın 12 sirri"ni, "Altunsaç"ı və nəhayət, "Sevgidən bixəbər kişi"ni yazan müəllifin "Əli və Nino"nu yaza biləcəyinə qətiyyən şübhə ola bilməz!

Fikirlərimə müdrik tərzdə, təmkinlə münasibət bildirən Çərkəz Qurbanlını, mənim narahatlığıma rəğmən, çox arxayın hiss etdim.

Əsəd bəyin iki-üç əsərinin oxucusundan fərqli olaraq onun bütün əsərləriylə tanış olan, əksəriyyətini dilimizə çevirən, bu mövzuda uzun illər tədqiqat aparan alimin bu arxayınlığının arxasında, şübhəsiz, hədsiz informasiya və bilgi dayanırdı.

Hiss olunurdu ki, o, Əsəd bəyin əvvəl-axır öz Vətənində təsdiqini tapacağına qəti əmindir. Əsəd bəyin soykökü barədə söylənilənlərə, Tom Reysin, Betti Bleyerin araşdırmalarına da çox təmkinlə yanaşırdı.

Hiss olunurdu ki, Çərkəz Qurbanlıda, milli mənsubiyyətinin, soykökünün hara fırladılması, nə qədər çək-çevir edilməsinə baxmayaraq, Əsəd bəyin Azərbaycan yazıçısı olmasına hədsiz əminlik var. "Lap yəhudi olsa belə, o, bir Azərbaycan yazıçısıdır.

Rusların, almanların o qədər belə böyük yazıçıları var ki, yəhudidirlər, amma rus ədəbiyyatının, alman ədəbiyyatının klassikləridir, bu ədəbiyyatları zənginləşdiriblər".

Hərçənd Çərkəz Qurbanlının araşdırmalarındakı bir çox məqamlar Əsəd bəyin yəhudi mənşəyinə böyük şübhələr yaradır. Çərkəz Qurbanlı yazır: "... Əsəd bəy italyan himayədarı Covani Centaloya özünün irqi mənsubiyyətini yoxlatdırmaqda yardımçı olmağını xahiş edir.

"Sizdən pul alan kimi Florensiyaya gedəcəm, qoy antropoloq orda elmi cəhətdən təsdiqləsin ki, mən əslində hansı irqə mənsubam" - deyə məktubunda yazır .

Maraqlıdır, yəhudi kökənli olmadığına əmin olmayan bir şəxs belə risqli addım atardımı?!"

Başqa bir yeni sənəd üzə çıxaran Nuridə xanım isə yazır: "Digər bir sənəddə isə Əsəd bəyin milli kimliyinin 1940-cı il iyulun 4-də Nyu-Yorkda Antropologiya İnstitutunda araşdırıldığı bildirilir. Nəticə aşağıdakı kimidir. Nəticə: Rus-50 faiz, Türkmən - 24 faiz, İranlı -24 faiz"

Əsəd bəyin yaradıcılığına yaxından bələd olan və onu tədqiq edən azərbaycanlı alimin Əsəd bəyin bir Azərbaycan yazıçısı olması barədə qəti qənaəti mənə rahatlıq gətirirdi. Hiss olunurdu ki, o, Çəmənzəminli tərəfdarlarının fikirlərinə bir zarafat kimi baxacaq qədərində informasiyalıdır. Bəzilərinin Əsəd bəyi plagiatda suçlamalarına onun münasibətini soruşdum: "Əgər öz-özündən "oğurlamaq" plagiat sayılırsa, hə".

Çərkəz Qurbanlı "Altunsaç" romanına yazdığı önsözdə Əsəd bəy və Qurban Səidin bir sıra əsərlərində tarixi hadisələrin oxşar təsvirini, hətta bəzən təkrarlanmasını qeyd edir.

Alim bildirir ki, 1930-cu ildə Əsəd bəy imzasıyla dərc olunmuş "Qafqazın 12 sirri" əsərindən 3 fəsil eynilə "Əli və Nino"ya köçürülüb.

Yaxud Əsəd bəyin "Allahu-əkbər" əsəriylə Qurban Səidin "Altunsaç" romanındakı tarixi hadisələrin oxşar təsvirlərini misal gətirir.

Bir il öncə Nuridə xanımın növbəti mətbuat konfranslarından biri haqda "525"də dərc olunan informasiyadan sonra Yusif Vəzirin oğlu Orxan Vəzirov redaksiyamıza gəlmişdi. Mənə bir qalaq kağız verib vaxtım olanda baxmağımı xahiş etdi.

Materiallarda Yusif Vəzirin əsərləriylə "Əli və Nino" müqayisə edilir, üslub oxşarlıqları, təsvirlərdə bənzərliklərdən nümunələr gətirilirdi.

Yadımdadır ki, hansısa sensasiyalı, təəccübləndirici misal diqqətimi çəkməmişdı.

Baxmayaraq ki, onda mən romanın müəllifinin Yusif Vəzir olmasında təkid edənlərin tərəfindəydim.

Bu günlərdə "Əli və Nino"nu son 18 ildə - romanın "Azərbaycan" jurnalında işıq üzü gördüyü 1990-cı ildən bəri, deyəsən, dördüncü dəfə oxuyub bitirdim.

Bu dəfə "Şərqdə neft və qan"ı oxuduğumdan tarixi hadisələrin, məkanların təsvirində çoxlu eyniliklər gördüm və heyrətləndim.

Bu eyniliklər artıq təsadüfi və plagiat ola bilməzdi. Bu əsərlərin müəllifinin eyniliyinə şübhə yeri qalmırdı.

Əslinə qalsa, Çərkəz bəyin arxayınlığı təbiidir.

Alimin fikrincə, kimsə qəsdən, həm də xoş olmayan niyyətlər naminə hələ də Qurban Səidlə Əsəd bəyin fərqli müəlliflər olduğunu hesab edəcəksə və misallar gətirib Əsəd bəyi (bəlkə Qurban Səidi?) plagiatda suçlayacaqsa, indidən məğlubiyyətə məhkumdur.

Belələrinin cəhdlərinə gülümsəməkdən başqa yol qalmır.

Fikrimcə, ötən əsrin sonlarında Yusif Vəzirin oğlanlarının təkidi və onlara dəstək verən bəzi alimlərimizin yanlış mövqeyi Əsəd bəyin Azərbaycanda tanınmasına mane olub və bu böyük yazıçının hüquqlarının tapdanmasına gətirib çıxarıb.

Yazıçılar Birliyi və Kinematoqrafçılar İttifaqı rəhbərlərinin Y.V.Çəmənzəminlinin oğlanlarıyla birlikdə (görünür, onların təkidilə) imzaladıqları "Əli və Nino"nun əsl müəllifinin Yusif Vəzir Çəmənzəminli olması barədə "Azərbaycan mədəni ictimaiyyətinə müraciət"i də yanlış addım olub.

Şübhə yoxdur ki, Əsəd bəyin əsərləri ölkəmizdə vaxtında dərc olunsaydı, bəziləri bu yanlış mövqedən vaxtında geri çəkilərdilər.

Heç Amerikada yaşayan Türkəqul və Qəhrəman adlı soydaşlarımızı da qınamalı deyil. Axı onların da Əsəd bəyin yaradıcılığından, ümumiyyətlə, belə bir Azərbaycan yazıçısının mövcudluğundan xəbərləri yoxdu.

Ona görə də "Əli və Nino"nu kimin yaza biləcəyi barədə düşünmələri təbii idi.

Yusif Vəzirin övladlarının və bəzi alimlərimizin yersiz inadkarlığı həqiqətin bir müddət qaranlıq qalmasına səbəb olsa da, "sirrin" nə vaxtsa açılacağı aydın idi. Amma bu inadkarlıq Əsəd bəyin adı ətrafında bir tabu, xoş olmayan ab-hava yaranmasına səbəb oldu. Məhz buna görə də bir sıra nəşriyyatlar Çərkəz Qurbanlının qeyd etdiyi kimi, Əsəd bəyin kitablarının nəşrinə uzun illər ehtiyatla yanaşdılar.

***

Ürəyi Azərbaycanla, Vətəniylə döyünən bir istedadlı Azərbaycan yazıçısına qarşı sağlığında həmyerlilərinin vurduqları zərbələr azmış kimi, müstəqilliyimizin ikinci onilliyini başa vurmağa azaldığımız bir zamanda da bunun davam etməsi ağrıdıcıdır.

Onun adı ətrafında yaradılmış arzuolunmaz iqlimin təsirinə uyub, Əsəd bəyə qarşı çoxumuz haqsızlıq etmişik.

İndi yadıma salıram ki, Əsəd bəyə haqsızlıq edənlərin içərisində mən də olmuşam. 2005-ci ilin yayında Antalyada Diaspor Komitəsi tərəfindən Dünya Azərbaycanlıları Ziyalılarının forumu keçirilirdi.

Mədəniyyət Nazirliyi tərəfindən forumda mənə Azərbaycan mühacirət ədəbiyyatı haqqında qısa məruzə oxumaq tövsiyə edilmişdi.

Və mən o qısa məruzədə Əsəd bəyin adını çəkməmişdim. İndi fikirləşirəm ki, bu, məhz uzun illər yaranmış ab-hava və bilgisizlik səbəbindən baş verib.

Forum günlərində Almaniyada yaşayan soydaşlarımızdan biri "Niyə çıxışınızda Əsəd bəyin adını çəkmədiniz" - deyə iki dəfə məni söhbətə tutmağa çalışdı.

Hər ikisində də söhbətdən yayındım. Amma o soydaşımızın sual dolu gözləri məni rahat buraxmırdı.

Son aylarda, həqiqətlərin mənimçün aydınlaşdığı vaxtlarda o sual dolu baxışları tez-tez xatırlayıram.

Və günah hissi məni tərk etmir.

İndi bizim ölkəmizdə ədəbiyyat ikinci plana keçib.

Cəmi 5-6 kitab mağazası olan, başı bayağı müğənnilərin sms yarışmasına və səviyyəsiz dedi-qodularına qarışan şəhərimizdə, bir dostumun sözləriylə desəm, göydən Məhəmməd Füzuli düşsə belə, heç kəsin eyninə almayacağı durumumuz var.

Belə bir mühitin Əsəd bəyə sahib çıxacağını düşünmək də sadəlöhvlükdür.

Amma yaxşı ki, təmkinlə, heç bir mükafat gözləmədən öz işini görən insanlarımız var.

***

Bugünlərdə Nuridə xanım yenə Bakıya gəlmişdi. Redaksiyamızda oldu, müsahibə götürdük. Son işlərindən danışdı.İsveçrəli iş adamlarıyla gəlmişdi.

Tiflisə gedəcəkdilər.Onlardan aldığı qonorarı Əsəd bəyin tədqiqatına sərf edəcəyini söylədi: "Tiflisdə imkan tapıb arxivə gedəcəm. Nissenbaumla bağlı sənədlər olmalıdı orda". Əlcəzairə də səfəri olacaq.

Əsəd bəyin qohumlarını - Cəmil Məzhərin orda yaşayan övladlarını tapmaq istəyir .

Daha bir neçə ölkəyə səfərlərin də gərəkliyini bildirdi.

Bir az narazıydı. Almaniyada Azərbaycan Mədəniyyəti İli çərçivəsində Əsəd bəylə bağlı təklifləri (onun son romanının almanca nəşri və sair) reaksiyasız qalıb. "Azərbaycan klassik ədəbiyyatı antalogiyası"nı tərtib və tərcümə edib.

Onun da Mədəniyyət İlinin proqramına salınıb-salınmamasından xəbər yoxdu.

Amma həmişəki kimi mübariz ovqatdadır. Azərbaycan bu layihəyə qatılmasa da, Ralf Marşallekin filmi artıq çəkilib. MDB ölkələrində yayım hüququ da Nuridə xanıma məşxusdur.

Onun rəhbərlik etdiyi Nizami Gəncəvi İnstitutunun Əsəd bəyin Berlində yaşadığı evə xatirə lövhəsi vurmaq barədə təklifi Almaniyanın rəsmi qurumlarından dəstək alıb.

Bu yaxınlarda xatirə lövhəsinin təntənəli açılışı olacaq. Ralf Marşallekin filmindən son kadrları da açılış təbirində çəkiləcək.

Azərbaycan tərəfi biganə yanaşsa da, almanlar bu il Əsəd bəyin yaradıcılığına daha çox diqqət ayıracaqlar.

Almaniyanın "Maurer" nəşriyyatında Əsəd bəyin "Şərqdə neft və qan" və "Qafqazın 12 sirri" əsərləri artıq nəşr olunub.

Daha iki kitabı nəşrə hazırlanır. Nuridə xanımın kitabının çapına da hazırlıq gedir.

***

Hərdən onunla Əsəd bəy arasında oxşarlıqlar görürəm. Əsəd bəy avropalıların zövqünü, maraq dairəsini yaxşı bilirdi və əsərlərində "hər növ seksual yalanlar yaza bilir və bu yalanlara başqalarını inandırırdı" (B.Bleyer)

Əsəd bəydə əsl yazıçı bicliyi, hiyləgərliyi vardı. O elə məsələlərə toxunurdu, elə macəralar yazırdı ki, avropalı oxucuları ovsunlayırdı.

Nuridə xanım da ilk olaraq öz açıq-saçıq şeirləriylə alman oxucularını heyrətləndirməyi, diqqəti cəlb etməyi bacarmışdı.

Qəsdən belə şeirlər yazdığını sonralar etiraf etmişdi. "Müsəlman qadınını çadrada, qapalı təsəvvür edən almanlar üçün belə şeirlər təəccüblüydü.

Mənə isə ilk vaxtlar bu böyük ölkədə diqqəti cəlb etmək lazımıydı".

Eynən Əsəd bəy kimi ona da Almaniyada haqsızlıqlar olub, həm də öz həmvətənliləri - gözügötürməyənlər, paxıllar tərəfindən.

Bir il öncə Azərbaycan qəzetlərinə, böhtan olduğu açıq-aşkar hiss edilən bir xəbər sızdırıldı və tez də təkzib olundu. Bu murdar xəbəri yayanların izinə düşmüşdü.

Xətərin həmvətənlərdən gəldiyini, xəbərin onlar tərəfindən quraşdırıldığını araşdırıb öyrənmişdi. "Açıb deyimmi kimlər ediblər, niyə ediblər?" Onun da qeyri-adi, adama təəccüblü gələn hərəkətləri olur.

Həmçinin bioqrafiyasıyla bağlı da müəmmalar var.

Bir dəfə onun ağdamlı qardaşı olduğunu söyləyəndə təəccüblənmişdilər. "Oğuzdandısa, Ağdamda necə qardaşı ola bilər axı?" Yaxud müxtəlif ölkələrdə - Kanada, Amerika və Rusiyada yaşayan qardaş-bacıları barədə danışanda bəlkə çoxları onu da uydurmaçı zənn edir.

Gah özünü amazon adlandırır, gah şair olur, gah tədqiqatçı, gah aktyor, gah da iş adamı.

Gah ədəbi-mədəni jurnal buraxır, gah Nizami Gəncəvi İnstitutu açır, gah da müxtəlif biznes işlərində, layihələrdə iştirakından danışır.

Deyirəm: "Siz indi - sağlığınızda, gözümüzün önündə müəmma ilə dolusunuz, Nuridə xanım. Daha Əsəd bəyi niyə qınayırıq ki?"

Hər halda, Nuridə xanımın aşıb-daşan enerjiylə və sövqlə gördüyü işləri, onun istedadını əsla danmamalıyıq. Nuridə xanımın kitabı "Savaş eşqinin zövqü" bölməsiylə bitir.

Bu savaş əslində yaradıcılıqdı, yazmaqdı - Cek Londonun işarə vurduğu, insana dünyanın ən böyük ləzzətini, zövqünü verə biləcək yaradıcılıq.

"Yüz ilin sirləri" sanballı tədqiqat əsəridir. Əgər qərəzsiz olsaydıq, mədəniyyətimizə dəyər verə bilsəydik, bu əsəri layiqincə qiymətləndirməliydik.

Müvafiq dairələr bu lazımlı tədqiqata münasibətini bildirməliydi.

Bu, Nuridə xanımın Azərbaycan qarşısında, Azərbaycan mədəniyyəti qarşısında böyük xidmətidir. Bu, Vətənə xidmətdir.

Nuridə Atəşidən kiminsə xoşu gəlməyə, kimsə xəfif tənqidinə görə ondan inciyə bilər.

Amma belə bir vacib və sanballı işin qarşısında bu incikliklər hamısı unudulub getməlidir. O, quru bir minnətdarlıqdan çox artığına layiqdir.

Amma təəssüf ki, quru minnətdarlığı da ona çox görürlər...

...Pamukun sözü olmasın, mən də bu uzun bayram günlərinin az qala yarısını bu yazıya həsr etdim.

Və heç şübhəsiz ki, dünyanın ən üstün ləzzətini daddım.

Bununla 70 il əvvəl Avropada Azərbaycan nəsrinin şedevr nümunələrini yaradan Əsəd bəyin ruhuna və Nuridə xanımın bu dahi Azərbaycan yazıçısını Vətənə qaytarmaq yolunda müqəddəs savaşına ehtiramımı bildirmək istədim.

Yazının adını isə qəsdən nəsrimizin dünyada, Avropada qanadlanıb pərvaz edən ilk qaranquşunun adına bənzətdim!

Mart 2008

Həmçinin oxu
Betti Bleyr: ««Əli və Nino» da Əsəd bəyin barmaq izləri var...»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG