Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:05
“Azərbaycan International” jurnalının baş redaktoru Betti Bleyer Los-Ancelesdən Almaniyada yaşayan şairə Nuridə Atəşiyə cavab yollayıb. Ötən həftə AzadlıqRadiosunun “İz” proqramı Yazıçılar Birliyinin “Natəvan” salonunda gerçəkləşdirilən tədbirə - jurnalın 3 nömrəsinin təqdimat mərasiminə həsr olunmuşdu. Betti Bleyer 6 il əvvəl dünya arxivlərində Əsəd Bəylə bağlı başladığı araşdırmalara yekun vurduğunu və “Əli və Nino” romanını Əsəd Bəyin deyil, Yusif Vəzir Çəmənzəminlinin yazdığını, Əsəd Bəyin isə romana folklorla bağlı bəzi əlavələr etdiyini açıqlamışdı. Açıqlama səs-küy doğurmuş, AzadlıqRadiosunun “Can Bakı” proqramında Əsəd Bəyin Azərbaycandakı tədqiqatçılarının iştirakı ilə müzakirə də keçirilmişdi.

Nuridə Atəşinin AzadlıqRadiosunun saytındakı müzakirələrə şərhi:
“Azərbaycanın çörəyini yeyib onun pulu ilə jurnal çıxaran, onun maliyyəsi ilə tədqiqat aparan xanım necə ədalətə göz yuma bilir? Yazıçılar Birliyi bu biabırçı cəfəngiyatları dəstəkləməkdən nə vaxt əl çəkəcək?

Azərbaycanda bu xanımı və onun Çəmənzəminli versiyasını dəstəkləyən güclü, iqtidarlı insanların olduğuna sadəcə çox təəssüf edir, Əsəd Bəyi Azərbaycanın düşməni elan edən Betty Bleyeri saxta tədqiqatlarından əl çəkməyə və Əsəd Bəyi Azərbaycan xalqının gözündən salmaq cəhdlərinə son qoymasını tələb edirəm!!!”.
Nuridə Atəşi


Nuridə Atəşi

Betti Bleyerin Nuridə Atəşiyə cavabını saytımızın oxucularının diqqətinə çatdırırıq.

“Nuridə Atəşinin məsələlərin nədən ibarət olduğunu bilmədən insanlara hücum etməsi məni hər zaman heyrətləndirir. O, bizim altı il ərzində 10 dildə (Azərbaycan, rus, ingilis, alman, fransız, italyan, türk, fars, gürcü və İsveç dilində) apardığımız tədqiqatla tanış deyil. O, “Azərbaycan İnternəşnl” jurnalının ingilis və Azərbaycan dillərində hər biri 364 səhifədən ibarət üç cildlik sonuncu nömrəsi ilə tanış olmadan zəhərli sözləri ilə hücuma keçir.

Onun bu reaksiyası italyan Cəmil Vakkanın 1942-ci ildə italyan jurnalı “Oriente Moderno”da çap etdirdiyi Əsəd Bəyə həsr edilmiş nekroloqda dediklərini xatırladır: “O, [Əsəd Bəy] heç bir mənbəyə ehtiyac duymadan və heç bir kitabxanadan istifadə etmədən müxtəlif məsələlər barədə bəyanatlar verə bilirdi”.

“ƏDƏBİYYAT BİZNESİ”

Heç də təəccüblü deyil ki, Əsəd Bəyin adı altında çap edilmiş “Stalin”, “Məhəmməd Peyğəmbər”, “II Nikolay”, “Rza Şah”, “Lenin” və s. kimi əsas “bioqrafiyalar” etibarsız mənbə hesab edilməsi səbəbilə diqqətdən kənar qalmışdır. Heç də təəccüblü deyil ki, heç kim onu etibarlı tarixçi hesab etmir. Əsəd Bəyin yazdıqlarının əksəriyyəti onun məhsuldar xəyal gücünə əsaslanır və reallıqla çox az əlaqəsi var. Onun əsərləri “ədəbiyyat biznesi” məqsədilə yazılırdı.

Mən heç zaman Əsəd Bəyin Azərbaycanın düşməni olduğunu deməmişəm. O, Avropa naşirləri ilə yaxın münasibətlərindən və alman dilini bilməsindən istifadə edərək Rusiya İmperiyası (və Azərbaycanın müstəqilliyi) ləğv edildikdən sonra Avropada sığınacaq tapmış qaçqınları istismar edən faciəvi bir fiqur idi. Mən sadəcə onun artist və yalançı olduğunu ortaya qoydum və onun öz şəxsiyyəti ilə bağlı verdiyi bəyanatlara etibar edilməməsi ilə bağlı xəbərdarlıq bildirdim.

“ƏLİ VƏ NİNO”NUN MÜƏLLİFİ HARALIDIR?

Bir fikirləşin, “Əli və Nino”nun müəllifi öz milliyyəti məsələsinə qeyri-ciddi yanaşa bilərdimi? Əsəd Bəy “Şərqdə neft və qan”ı yazıb orada Bakıda dünyaya gəldiyini iddia edirdi (halbuki o, Kiyevdə doğulmuşdu), “Stalin”i çap etdirərkən isə naşirlər onu “gürcü” kimi təqdim edirdilər. “II Nikolay”ı yazan zaman o, Nikolayın başının vurulması (edam edilməsi əvəzinə) ilə bağlı uydurduğu təsvirin etibarlı olduğunu iddia edə bilmək üçün özünü rus kimi qələmə verirdi.

1935-ci ildə “Vəniti Feə” jurnalında İranda boşanmalar haqqında yazdığı məqalədə isə o, fars olduğunu irəli sürürdü! Nüfuzlu alman jurnalı üçün məqalə yazan zaman o, alman yazıçısı olduğunu və Almaniyanın dünyanın ən gözəl ölkəsi olduğunu bildirirdi.

Məhəmməd Peyğəmbər haqqında yazarkən onun naşirləri iddia edirdilər ki, “Qərb oxucusu ilk dəfə peyğəmbərlə bir müsəlmanın təsvirində tanış olacaq”. Öz həyat yoldaşına isə o, ərəb şahzadəsi olduğunu söyləmişdi.

İstənilən şəxs istənilən milliyyətə mənsub olduğunu iddia edə bilər, lakin biz əminik ki, baş qəhrəmanının vətəni Azərbaycan uğrunda canını fəda etdiyi “Əli və Nino” əsərinin müəllifi belə vacib bir məsələdə qeyri-ciddi münasibət nümayiş etdirməzdi.

Bəli, “Əli və Nino” romanında Əsəd Bəyin barmaq izlərinə rast gəlinir. Folklorla bağlı hissələr, xüsusilə də yanlış materiallar Əsəd Bəyə aid edilə bilər. Jurnalın bu sayında Əsəd Bəyin “Əli və Nino”dakı barmaq izlərinə həsr edilmiş bütöv bir məqalə də yer alır.

XƏYANƏTKAR QADINLAR VƏ VƏHŞİ PİŞİK

Əsəd Bəyin sözdə avtobioqrafik sonuncu bədii əsəri “Der Mann”-a gəldikdə isə, “Orientalist” kitabının (2005) müəllifi Tom Ris son üç dəftərin məzmunu uzun müddət gizli saxlamışdı və bunu etmək üçün onun səbəbi də var idi. Bu dəftərlərdə Əsəd Bəyin keçmiş həyat yoldaşına duyduğu nifrət və kin onun nə dərəcədə faciəvi bir insan olduğunu ortaya çıxarır. Xatırladım ki, bu əsərin 1937-ci ildə, “Əli və Nino” çap edildiyi il yazıldığı güman edilir.

Əsəd Bəy yazırdı ki, xəyanətkar qadınlar (onun kolleqası ilə qaçan həyat yoldaşı kimi qadınlar) vəhşi pişiklə bir torbaya salınıb Bosfora atılmalıdırlar. Yaxud onlar yalnız başları istisna olmaqla quma basdırılmalıdırlar ki, gecələr vəhşi itlər onların cəsədlərini eşsin!!! Bu fikirlərin müəllifi “Əli və Nino”nun müəllifi ola bilərdimi?

“Qurban Səid” imzası ilə yazılmış “Der Mann” gündəlikləri 2010-cu ilin aprelindən etibarən ictimaiyyətin ixtiyarına verilmişdir. Alman professoru Uilfred Furman bu əsərin transkripsiyasını hazırlayaraq onu Almaniyada çap etdirmişdir. Əsərin bir surəti də bizim Los Ancelesdəki arxivimizdə mövcuddur.

Furman bu kitabı “Şərqlinin vəhşi fantaziyaları” adı altında çap etdirib. Əgər Nuridə Atəşi bu əsəri Azərbaycan dilinə tərcümə etsə, azərbaycanlılar özləri də Əsəd Bəyin yazdığı cəfəngiyatı oxuyub qiymətləndirə biləcəklər.

Onu da qeyd edim ki, Furman ilk öncə bu kitabı “Dəli şərqli” adlandırmaq fikrində olmuşdu.

QOY İNSANLAR ÖZLƏRİ QƏRAR VERSİNLƏR

Əsəd Bəyin əsərini “Qurban Səid” təxəllüsü ilə imzalaması bu təxəllüsün həqiqətən də ona aid olduğunu sübut etmir. Zaman göstərəcək ki, Əsəd Bəyin adı altında çap edilmiş 16 kitab əslində başqaları tərəfindən yazılmışdı.

Əsəd Bəy, həqiqətən də, ağıllı yazıçı və fürsətləri dəyərləndirə bilən bir insan olub. Lakin onun sözlərinə etibar etmək olmaz.

Nüfuzlu “Nyu York Taymz” jurnalının və o dövrün digər mətbu nümunələrinin Əsəd Bəy haqqında yazdıqlarını oxuyun. Jurnalın bu sayında biz bu şərhlərə bütöv bir fəsil həsr etmişik.

Bəli, mən razıyam ki, həqiqətin önünə daş qoymaq olmaz! Odur ki, qoy insanlar oxuyub özləri qərar versinlər.

Jurnalın sonuncu buraxılışının ingilis və ya Azərbaycan dillərində surətləri üçün ai@artnet.net ünvanına müraciət edə bilərsiniz”.

Betti Bleyer

Şərhləri göstər

XS
SM
MD
LG