Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:53

«Media üçün uğurlu il ola bilərmi?»


Eynulla Fətullayevin atası Emin Fətullayev
Eynulla Fətullayevin atası Emin Fətullayev
Bu il də bir çox ölkələrdən Azərbaycana gələn bağlamaların arasında bir ünvana kağız zəncirlər, yüzlərlə məktub, açıqca göndərildi. Bu ünvan həbsdə olan jurnalist Eynulla Fətullayevin saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsidir.

KAĞIZ VƏ DƏMİR ZƏNCİR

Atası Emin dayı deyir ki, kağız zəncirlərin hər bir halqasında bir adamın imzası var, amma hər zəncirdə nə qədər halqa olduğunu saymayıb. Bəs bu il media üçün necə oldu, soruşanda cavabında belə deyir:

«Oğlum həbsdədir, özü də günahsız yerə. Media üçün uğurlu il ola bilərmi?»

Avropa Şurasının İnsan Haqları Məhkəməsi bu il Eynulla Fətullayevin işinə baxıb onun dərhal azad olunması qərarını verdi. Azərbaycan Ali Məhkəməsinin Plenumu yığışıb bu qərarı yerinə yetirdi, ancaq Eynulla Fətullayev yenə də həsbdə saxlamaq şərti ilə. Avropa Məhkəməsi qurumun Nazirlər Komitəsinə şikayət verdi, Nazirlər Komitəsi də Avropa Məhkəməsinin qərarını qüvvədə saxladı, ancaq hələ də Eynulla Fətullayev həbsdədir. «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid deyir ki, 2010-cu ili media üçün dəyərləndirəndə birinci bu fakt yada düşür:
Qənimət Zahid


«Eynulla Fətullayevlə bağlı qalmaqal məni çox məyus edir, bildiyim qədər, Azərbaycanda da ilk presedentdir ki, Avropa Məhkəməsinin qərarı icra olunmur, bundan çox üzülürəm. Amma başqa nə hadisə baş verib ki?»

«AZADLIQ MƏNİM HAQQIMDIR»

Hərçənd, Qənimət Zahidin dörd illik məhbusluq həyatına məhz bu il son qoyulub. Həbsxanadan çıxanda da adının əfv fərmanına salınmasına münasibəti belə olmuşdu:

«Azadlıq mənim haqqımdır».

Qənimət Zahid iki gənc bloqçu Adnan HacızadəEmin Millinin də azadlığa buraxılmasını media üçün ilin önəmli hadisəsi sayır. Ancaq onların həbsdə qalması bu il Azərbaycanın adını beynəlxalq təşkilatların hesabatına salıb. Azərbaycan «Sərhədsiz Reportyorlar» təşkilatının hazırladığı Media Azadlığı İndeksinə görə 178 ölkə arasında 152-ci sıranı tutub.

FƏLƏSTİN MUXTARİYYƏTİ AZƏRBAYCANDAN İRƏLİDƏDİR


Bu siyahıya görə hətta, Fələstin Muxtariyyəti, Pakistan Azərbaycandan bir-iki pillə irəlidə olub. Azərbaycandan dərhal sonra isə Tailand, Belarus kimi ölkələr gəlib. «Sərhədsiz Reportyorlar» Təşkilatının keçmiş sovet ölkələri üzrə bölmə rəhbəri Elza Vidal AzadlıqRadiosuna müsahibəsində bunun səbəbini ölkədə jurnalistlərə qarşı təzyiqlərin davam etməsi ilə izah edib:

«Bizim Azərbaycanda qeyd etdiyimiz əsas problemlər hakimiyyətin jurnalistlərin gündəlik işinə
Adnan Hacızadə və Emin Milli
qarışması, jurnalistlərə qarşı təzyiqlərin davam etməsidir. Jurnalistlər hələ də saxta ittihamlarla istintaqa çəkilir, həbsə atılırlar. Hətta Avropa İnsan Haqları Məhkəməsi onlardan bəzilərinin azadlığa buraxılması və cərimə ödənməsi barədə qərar qəbul edib. Bunlar Azərbaycanın mətbuat azadlığı indeksində niyə gerilədiyini izah edir».

«AZƏRBAYCANDAN TUTMUŞ ZİMBABVEYƏDƏK...»

Jurnalistlərin həbsi və mətbuat, söz azadlığına təzyiqlər Azərbaycanın adını Barak Obamanın mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə verdiyi bəyanatına da saldı. Özü də Barak Obama jurnalistlərin təzyiqlərə məruz qaldığı ölkələr sırasında Azərbaycanın adını birinci çəkdi:

«Bunlar Azərbaycandan tutmuş Zimbabveyədək, Birmada, Özbəkistanda, Kubada və Eritreyada, bir sıra digər ölkələrdə baş verir. Bu gün mən həqiqəti dünyaya çatdırmaq naminə zəhmət çəkən mətbuatda çalışan cəsarətli insanların müdafiəsi üçün səsimi ucaldıram».

«Sərhədsiz Reportyorlar» isə ənənəvi «Mətbuat qənimləri» siyahısını yeniləsə də, Azərbaycanın nəticəsi dəyişmədi. Belə ki, 2010-cu ildə də Azərbaycan prezidenti İlham Əliyevin adı «qənimlər» siyahısında çəkildi.

Millət vəkili, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə AzadlıqRadiosuna müsahibəsində bu qiymətləndirməni qərəzli adlandırmışdı:

«Çünki Azərbaycan gerçəkliyi bambaşqadır. Əgər Azərbaycanda həbsxanada jurnalist varsa, onların heç biri peşə fəaliyyətinə görə həbs olunmayıb. Əgər Azərbaycan prezidenti 2009-cu ildə KİV-in inkişafına dövlət dəstəyi Fondu təsis edib pul ayırıbsa, bu Fond artıq çox uğurla fəaliyyət göstərirsə, niyə buna qiymət vermirlər? Bu cür açıqlamalar Azərbaycana təsir, təzyiq göstərmək cəhdidir. Ancaq mənasız cəhddir».

Ancaq parlament seçkisindən sonra Adnan Hacızadə və Emin Miili azadlığa buraxıldı. Bir çox beynəlxalq təşkilat təmsilçiləri bu addımı müsbət qiymətləndirdi.

KİV təmsilçiləri isə ilin media üçün təkcə həbslərlə yadda qalmadığını, həm də onların maliyyə durumunun pisləşməsi ilə yadda qalacağını deyirlər. Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, son illərdə müşahidə edilən böhran bir az dərinləşdi:

«Tiraj aşağıdır, reklamlar məhduddur, jurnalistika hələ də təhlükəli peşə olaraq qalır, Azərbaycan reytinqlərdə geridir və mən yaxşılaşmanın özü bir qırağa, buna can atımı belə görə bilmirəm».

«SOSİAL ŞƏBƏKƏLƏRƏ, XALQ JURNALİSTİKASINA, YENİ MEDİAYA KEÇİD SÜRƏTLƏNDİ»

APA agentliyinin baş direktoru Vüsalə Mahirqızı da bu il media üçün maliyyə imkanlarının aşağı
Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatını alır
olduğunu deyir. Amma o hesab edir ki, məhz bu il Azərbaycanda sosial şəbəkələrə, xalq jurnalistikasına, yeni mediaya keçid sürətləndi və gələn il üçün ənənəvi media təmsilçilərinin rəqiblərini də internet jurnalistikasında tapa biləcəyini proqnozlaşdırır:

- Düşünürəm ki, 2011-ci ildə Azərbaycanda internet-medianın sərhədləri genişlənəcək. Çoxlu rəqiblərimiz meydana çıxacaq. Məncə gələn il internet medianın bumu olacaq.

Elə Qənimət Zahid də deyir ki, o dörd il sonra həbsdən qayıdanda internetdə maraqlı və yeni bir medianı gördü. Müsahibim ümid edir ki, gələn il ən azı Azərbaycan üçün həbsdə jurnalisti olmayan il olsun.

İLHAM ƏLİYEV JURNALİSTLƏRİN DOSTUDUR

2010-cu ildə media sahəsində ilin ən yadda qalan hadisələrindən biri də «RUH» jurnalist təşkilatının prezident İlham Əliyevi «jurnalistlərin dostu» mükafatına layiq görməsi oldu. Təşkilatdan deyirlər ki, bu elə Azərbaycan jurnalistlərinin özünün seçimidir. Müstəqil ekspertlərə görə isə , təkcə bu faktın özü Azərbaycan mediasının düşdüyü vəziyyəti çox açıq şəkildə göstərir.
XS
SM
MD
LG