Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:43

Eynulla Fətullayev azadlığa buraxıldı və...həbsdə qaldı


VƏKİL REAKSİYASI

“Ali Məhkəmənin Plenumunun heç bir halda səlahiyyəti yox idi ki, aşağı instansiya məhkəməsinin şikayət edilməyən qərarını cəza hissəsində ağırlaşdırsın”.

Məhbus jurnalist Eynulla Fətullayevin vəkili Elçin Sadıqov noyabrın 11-də Ali Məhkəmənin Plenumunun jurnalist barəsində verdiyi qərara münasibət bildirərkən belə deyib:

“Ölkədə prosessual qanunvericilikdə cəza siyasətini həyata keçirən Respublikanın Prokurorluğudur. Vaxtilə Eynulla Fətullayevə cəza verilərkən vergidən yayınmaya görə 2 ay azadlıqdan məhrum etmə cəzası çıxarılarkən prokurorluq buna etiraz etməmişdi. Və apelyasiya, kasasiya etirazı verməmişdi. Ali Məhkəmənin Plenumu faktiki olaraq Eynulla Fətullayevin müraciəti əsasında işə baxırdı. Yəni, Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edən Eynulla Fətullayev idi. Buna baxan Ali Məhkəmənin Plenumunun heç bir halda səlahiyyəti yox idi ki, aşağı instansiya məhkəməsinin şikayət edilməyən qərarını cəza hissəsində ağırlaşdırsın. Belə bir səlahiyyət heç bir məhkəmənin, o cümlədən Plenumun yoxdur. Digər tərəfdən bunlar bu cəzanı ona görə etmişdilər ki, Eynulla Fətullayevin qanunsuz həbsdə qaldığı müddətə qanuni don geyindirsinlər. Bu yuxarıda müzakirə olunub, möhürü vurulmuş qərar idi, sadəcə Plenum onu bu gün elan etdi”.

Vəkil bildirib ki, bu qərardan növbəti dəfə Avropa Məhkəməsinə müraciət edəcəklər:

“Plenumun qərarı verildikdən sonra biz bu qərarın özündən Avropa Məhkəməsinə şikayət verəcəyik. Eynulla Fətullayevin qanunsuz məhkum olunması ilə bağlı ona kompensasiya verilməsi barədə iddia qaldıracağıq. Və müsadirə olunmuş kompyuterlərin qaytarılması və jurnalist sirrinin pozulması ilə bağlı, hansı ki, ikinci iş üzrə (terrorla hədələmə və irqi ayrı-seçkilik salma) Eynulla Fətullayevin və işçilərin evində, ofisdə axtarış da aparılmışdı. Biz jurnalist sirrinin pozulması ilə bağlı məhkəməyə müraciət edəcəyik”.

ALİ MƏHKƏMƏNİN QƏRARI

Ali Məhkəmənin Plenumunda terrorla hədələmə və irqi ayrı-seçkilik salmaqla bağlı jurnalistə verilmiş cəzalara xitam verilməsinə dair qərar çıxarılıb.

Ali Məhkəmə
Lakin məhkəmədə iştirak edən dövət ittihamçısı, Baş prokurorun müavini Namiq Əsgərov Plenumdan E.Fətullayevə vergidən yayınma ilə bağlı verilən 2 ay müddətinə cəzanın artırılmasını xahiş edib.

Plenum vergi ittihamı ilə bağlı jurnalistin 2 il 3 ay15 gün müddətinə təkrar azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Plenuma rəhbərlik edən Ali Məhkəminin sədri Ramiz Rzayev qərarı elan edərkən deyib ki, E.Fətullayevin 2007-ci ilin aprelindən cəza çəkdiyi nəzərə alınaraq onun bu gün barəsində çıxarılan 2 il 3 ay 15 gün cəzası çəkilmiş hesab edilir və o azad edilir.

Lakin bu qərarın E.Fətullayevin narkotik maddə əldə edib saxlamasına və bu işlə bağlı ona verilmiş cəzaya aidiyyatı yoxdur. Çünki Ramiz Rzayev bildirib ki, hazırda Plenumun iclasında Avropa Məhkəməsinin qərarına baxılır, narkotik maddə ittihamına yox.

R.Rzayev deyib ki, narkotik ittihamı ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət olunmalıdır:

“Bu məsələnin Plenumda qaldırılması düzgün deyil”.

İŞƏ BAXILIR

Noyabrın 11-də Ali Məhkəmənin Plenumunda Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) jurnalist Eynulla Fətullayevin dərhal həbsdən azad edilməsi haqqında qərarına baxılır.

Plenumda Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və baş prokuror Zakir Qaralov da iştirak edir.

"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, milli, irqi və dini ədavətin qızışdırılması və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Bu ilin aprelində Avropa Məhkəməsi jurnalistin barəsində çıxarılmış hökmləri əsassız sayıb və onun dərhal azadlığa buraxılmasını tələb edib. Azərbaycan hakimiyyəti isə Avropa Məhkəməsinin Böyük Palatasına apelyasiya şikayəti verib. Oktyabrın 4-də Böyük Palatanın 5 hakimdən ibarət komitəsi apelyasiyanı qəbul etməyib.

2009-cu il dekabrın 29-da isə 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin saxlandığı kamerada yoxlama aparılıb və jurnalistin geyimində və ayaqqabısında 0,22 qram heroin aşkarlanıb. Buna görə o, 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Eynulla Fətullayev bildirir ki, həbsdən azad edilməsinə imkan verməmək üçün narkotik maddə onun üzərinə qəsdən qoyulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG