Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:42

«Amerikalının yazdığını mən niyə şərh etməliyəm?»


«WikiLeaks» təşkilatının dünyanın aparıcı media qurumalrına sızdırdığı məlumatlar dərc olunmağa başlayıb

«WikiLeaks» təşkilatının dünyanın aparıcı media qurumalrına sızdırdığı məlumatlar dərc olunmağa başlayıb

«İKİ QOÇUN BAŞI BİR QAZANDA QAYNAMAZ»

«WikiLeaks»in açıqlamalarına Azərbaycan rəsmiləri günün əvvəlində münasibət bildirməkdən imtina edirdilər.

Həmin açıqlamalara görə, Azərbaycan prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin müavini Uilyam Börnslə görüşdə deyib ki, Türkiyə özünü yaxşı aparsa, bu il ərzində qaz tranziti razılaşmasını əldə edə bilər. Açıqlamalara görə, eyni zamanda dövlət başçısı Rusiyaya qaz satışını Türkiyənin regionda enerji hegemonu olmasını istəməməsi ilə izah edib. O, Rusiyanın baş naziri ilə prezidentinin münasibətlərinə toxunarkən isə «iki qoçun başı bir qazanda qaynamaz» deyib.

ONU MƏN NİYƏ ŞƏRH ETMƏLİYƏM?


Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov bu açıqlamaları şərh etməkdən imtina edib. Bununla bağlı ABŞ səfirliyinə müraciət etməyi məsləhət görmüşdü:

Elxan Poluxov
«Bunu bir amerikalı yazıbsa, onu mən niyə şərh etməliyəm? Bu doğrudursa, həqiqətdirsə, qoy bunu birinci ABŞ Dövlət Departamenti özü təsdiqləsin. Desin ki, bu həqiqətdir, ya saxtadır. Təsdiqlənməyən sənədə mən necə şərh verim? Bu təşkilat yüz şey yaza bilər. Onun hər biriylə bağlı ayrı-ayrı təhqiqat aparası deyiləm ki...».

Amma günün ikinci yarısında Prezident Administrasiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov APA-ya deyib ki, Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin real vəziyyəti bu gün hamıya bəllidir. O cümlədən, ikitərəfli əməkdaşlıq sahəsində qonşu dövlətlərlə atılan addımlar göz önündədir:

«Bunu sübut etməyə heç bir ehtiyac yoxdur. Təkcə qardaş Türkiyə ilə bu illər ərzində gördüyümüz işlər beynəlxalq aləmdə son onilliyin ən mühüm və möhtəşəm layihələridir ki, bunların həyata keçirilməsində prezident İlham Əliyevin müstəsna xidmətləri var».

İKİ MƏSƏLƏ MÜZAKİRƏ EDİLİB

Novruz Məmmədov
Novruz Məmmədov bildirib ki, prezident İlham Əliyev Uilyam Börnslə görüşdə iki məsələni müzakirə edib: Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı.

Novruz Məmmədov deyib ki, belə görüşlər zamanı Azərbaycan prezidenti üçüncü tərəf və ya dövlət haqqında danışmır. Eləcə də cənab Börnslə görüşdə də həmin iki məsələdən başqa heç bir dövlət barədə danışılmayıb.

N.Məmmədovun fikrincə, görünür, müxtəlif dövlətlər arasında münasibətləri korlamaq istəyən qüvvələr var və onlar bu istiqamətdə artıq müəyyən cəhdlər göstərirlər. Bu, təhlükəli tendensiyadır.

AzərTac-ın həmin görüş barədə yaydığı məlumatda isə deyilirdi ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TƏZƏ HEÇ NƏ YOXDUR

Eldar Namazov
«WikiLeaks»-in açıqlamalarında Azərbaycanla bağlı deyilənlərdə təzə, rezonans doğuracaq heç nə yoxdur. Prezident Heydər Əliyevin altı il köməkçisi işləmiş, siyasi mətbəxə bələd Eldar Namazov belə deyir. Ona görə də bu açıqlamaların adı çəkilən ölkələrin münasibətlərinə təsir göstərəcəyini düşünmür:

«Hamı başa düşür ki, pərdə arxasında, qapalı görüşlərdə belə ifadələrdən istifadə olunur. Elə qapalı görüşlərin məğzi də bundan ibarətdir ki, sərbəst, azad, bir az da diplomatik çərçivədən uzaq hər şeyi müzakirə edəsən. Mən sizi əmin edirəm ki, ABŞ-ın yox, Rusiyanın, Türkiyənin, Fransanın, Almaniyanın xarici əlaqələrlə məşğul olan qurumlarının informasiya bazaları açılsaydı, orda da eyni mənzərəni görərdik. Eləcə də Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində mübahisələri götürək, bu mübahisə bir neçə ildir davam edirdi, mövqelər fərqliydi. Türkiyədə, Moskvada da prezidentlər və ya xarici işlər nazirləri deyə bilərlər ki, bunların xəbəri yoxdur, biz onlar haqda nə deyirdik».

İLHAM ƏLİYEVİN DEDİKLƏRİ SUALLAR DOĞURA BİLƏR


Elxan Şahinoğlu
Amma «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu başqa fikirdədir. Onun qənaətincə, sənədlərin açıqlanması nəinki Azərbaycanın, eləcə də başqa ölkələrin münasibətlərinə mənfi təsir göstərə bilər. O cümlədən İlham Əliyevin dedikləri İranda, Rusiyada və ya Türkiyədə bəzi suallar doğurur:

«Məsələn, biz jurnalistlər yazırıq ki, Rusiyada baş nazirlə prezident arasında mübarizə gedir. Amma İlham Əliyevin iki qoçun başı bir qazanda qaynamaz deməsi Moskvada diqqət çəkə bilər».

Konkret Türkiyə ilə bağlı deyilənlərə gəlincə, Elxan Şahinoğlu onu da bildirir ki, siyasətin hər üzü var. Ölkənin birinci şəxsi Rusiyaya bir söz, Türkiyəyə başqa açıqlama da verə bilər. Üstəlik, Azərbaycan prezidenti qonaqlara səmimilik göstərmək üçün belə ifadələrdən də istifadə edə bilərdi:

«Əslində, bu, diplomatiyada olan şeydir. Sadəcə, bunların faş olması problem yaradır».

ŞƏRH VERƏ BİLMƏRİK


ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Keith Bean AzadlıqRadiosuna açıqlamasında deyib ki, gizli olduğu iddia edilən sənədlərə şərh verə bilməz:

«Diplomatların əsas işlərindən biri çalışdıqları cəmiyyətin inkişafı barədə məlumatlar verməkdir. Bir qayda olaraq biz gizli məlumatların olduğu iddia edilən sənədlərə şərh vermirik. Biz təşkilatlar və fərdlər barədə bu cür məlumatların bilərəkdən və icazəsiz yayılmasını qətiyyətlə pisləyirik. Belə məlumatlar insanların həyatını təhlükəyə atır».

ENN DERSİN MƏKTUBU


Enn Ders
WikiLeaks Azərbaycanda İran hökumətinə işləyən iş adamlarının olduğunu, onların çirkli pulları Bakıda yuduğunu da iddia edir. Bu zaman qurum daha çox ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Enn Dersə istinad edir. Onun məktubu isə belə başlayır ki, geniş yayılmış şayiələrə görə, Bakıdakı iranlılardan çoxu İran rejiminə bağlı gəlirli biznes, çirkli pulların yuyulması və digər işlərlə məşğuldurlar. Səfir bir neçə bankın da adlarını sadalayır.

Orada adı gedən «Bank of Baku»nun İdarə Heyətinin sədri Cəlal Qasımov isə AzadlıqRadiosuna deyib ki, yayılan xəbərlərdə təhrif edilmiş məqamlar var:

OROMİ AİLƏSİ KİMDİR?

«Düzdür, Oromi ailəsi «NAB» şirkəti vasitəsilə bizim təsisçilərimizdən biridir. Onlar səhmlərin 40 faizinə sahibdirlər. Oromilər Türkiyə vətəndaşı olsalar da, əslən İrandandırlar. «NAB»-ın «Bank of Baku»nun təsisçisi olması hər zaman açıq informasiya olub. Burada hər hansı gizli məqam axtarmaq yersizdir.

Oromi ailəsi Azərbaycanda başqa biznes fəaliyyəti ilə də məşğuldur. «Hundai» şirkətinin Azərbaycan nümayəndəliyi, məişət avadanlıqlarının satışı ilə məşğul olan «Baku-elektroniks» şirkəti bu ailəyə məxsusdur. Onlar 90-cı illərin ortalarından Azərbaycandandır».

Amma Cəlal Qasımov Cəmşid «Cuşkar» Mahmudoğlu adlı təsisçiləri olduğunu təkzib edib.

Adil Şarabiani adlı bir nəfərin «Bank of Baku»ya 5 milyon dollar verməsi haqda deyilənləri isə uydurma adlandırıb.

Mərkəzi Bankın yeni yaradılan Maliyyə-Monitorinq Xidməti bu məsələlərə çox ciddi nəzarət edir
Cəlal Qasımov bu informasiyaların qeyri-ciddi olduğunu, Mərkəzi Bankın bütün bankları çox ciddi nəzarətdə saxladığını da deyib:

MÜMKÜN DEYİL

«Azərbaycanda bu gün hansısa bankın belə iri məbləğdə çirkli pulu yuması mümkün deyil. Mərkəzi Bankın yeni yaradılan Maliyyə-Monitorinq Xidməti bu məsələlərə çox ciddi nəzarət edir».

Eldar Namazov isə deyir ki, bir qədər əvvəl ABŞ-ın Maliyyə Kəşfiyyat İdarəsinin rəhbərlərindən biri Azərbaycana səfər edəndə hamı bunun arxasında nə durduğunu araşdırırdı:

«İndi WikiLeaks-in açıqlamasından sonra bəlli olur k, bu nəylə bağlıymış. Ümumiyyətlə elə ölkə yoxdur ki, ordan narkotiklə, çirkli pulla bağlı tranzit kimi istifadə etməsinlər.
Hətta ABŞ-da, Fransada da belə hallar olur. Ancaq bu günə olan informasiyanı şərh edərkən deyirəm. Fövqəladə hadisə olur ki, İran artıq zərbə endirmək üçün Şimali Koreyadan raket alıb».

Elxan Şahinoğlu da Eldar Namazov kimi amerikalı rəsmilərin səfərlərini xatırladır:

«Amerikalı bir rəsmi gəlmişdi. O zaman da demişdim ki, İranla bağlı narahatlıq var. İran ətrafında dairə qapanıb, Qərb banklarında pul yerləşdirə bilmir. Ona görə İran qonşu ölkələrin banklarına pul yerləşdirməyə çalışır. Bu, yenilik deyil. Yenilik odur ki, bankların adları çəkilir. Sadəcə, araşdırmaq olar ki, həmin banklar nə qədər İranla bağlıdırlar».

Şərhləri göstər

XS
SM
MD
LG