Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:48

Orduda yeni təhqiqat qrupu nəyi dəyişəcək?


Ziyafət Əsgərov
Hərbi hissələrdə baş verən qanun pozuntularının və cinayətlərin araşdırılması ilə bağlı yeni təhqiqat qrupu yaradıla bilər. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsi müvafiq qanunvericiliyə dəyişiklik hazırlayır. Parlamentin sədr müavini Ziyafət Əsgərov deyib ki, hazırda hərbi hissələrdə baş verən qanun pozuntularını hərbi hissə komandirlərinin tapşırdığı adamlar araşdırır. Yeni təklifdə isə nəzərdə tutulur ki, neqativ halları araşdırmaq üçün Müdafiə Nazirliyinin tabeçiliyində hüquqşünaslardan ibarət təhqiqat qrupu yaradılsın.

Son vaxtlar yerli mətbuat bəzi hərbi hissələrdə əsgərlərlə zabitlər arasında münasibətlərdə problemlər yaşandığı barədə yazır. Elə bu ilin fevralında Daşkəsəndə «N» saylı hərbi hissədə iki əsgərin zabit heyətini güllələməsi və özlərini də öldürməsiylə nəticələnən olayın da kökündə məhz bu cür problemlərin durduğu söylənir.

QANUN POZUNTULARINI ZABİTLƏR ARAŞDIRIRDI


Parlament komitəsinin üzvü Pənah Hüseyn deyir ki, komandirlər qanun pozuntularını araşdırmağı iki ildən artıq qulluq etmiş zabitlərə tapşırırdı.

«Məsələn, mənim oğlum il yarımdan artıq idi zabit kimi xidmət edirdi, ali təhsiliydi, bu işi ona tapşırmışdılar. İctimai əsaslarla işi aparırdılar. İndi bu, Müdafiə Nazirliyində ayrıca ştat olacaq bunun üçün».

HƏRBİ PROKURORLUQ OLAN YERDƏ...


«Hərbi hissələrdəki problemlər, nəhayət ki, dövlət rəhbərliyini də silkələyib və millət vəkilləri səviyyəsində belə bir komissiya yaradılması təklifi irəli sürülüb».
Ələkbər Məmmədov
Bu fikirdə olan Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti İctimai Birliyinin sədri Ələkbər Məmmədov hesab eləyir ki, belə bir qurum yaradılsa, ancaq hərbi işlər üzrə mütəxəssisləşmiş və müstəqilliyi ictimaiyyətdə şübhə doğurmayan qeyri-hökumət təşkilatlarından yaradılmalıdır. Onun rəyinə görə, yalnız bu halda ictimai nəzarətdən danışmaq olar:

«Bu komissiyanın təşkili, məncə, formal xarakter daşıyır. Keyfiyyət məsələsinə gəlincə, qanunsuzluqları ört-basdır etməyə xidmət edəcək».

Ələkbər Məmmədovun fikrincə, hərbi prokurorluq olan yerdə ikinci bir təhqiqat qrupuna ehtiyac yoxdur.

MÜDAFİƏ NAZİRLİYİ CANFƏŞANLIQ GÖSTƏRMƏYƏCƏK


«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Cəsur Sümərinli də hesab edir ki, Müdafiə Nazirliyinin tərkibində belə bir təhqiqat qrupu əksinə, hətta hərbi prokurorluğun işini məhdudlaşdıra bilər, yəni hansısa neqativ halla bağlı ilkin təhqiqat aparan nazirlik hərbi prokurorluğa da yalnız nəticələr barədə məlumat verə bilməsi ehtimalı güclüdür:

«Sözsüz ki, hər bir qurum istəməz ki, daxili neqativ halların sayının çox olması ilə statistikanı digər quruma açıqlasın. Bu mənada güman etmirəm ki, Müdafiə Nazirliyi baş vermiş qanunsuz halların qeydiyyata alınmasına xüsusi canfəşanlıq göstərsin.
Cəsur Sümərinli
Ümumiyyətlə, hansısa təhqiqat qrupunun yaradılması neqativ halların qanunamüvafiq araşdırılmasına təminat vermir».

Millət vəkili Pənah Hüseyn isə indidən mənfi arqumentlər söyləməyin tərəfdarı deyil, onun fikrincə, bu təhqiqat qrupunun bir işə yarıyıb-yarımayacağını zaman göstərəcək.

ORDUDA QANUNSUZLUQLAR ARAŞDIRILACAQ


Parlamentin digər üzvü Zahid Oruc da müxtəlif rəyləri təbii sayır, amma hesab eləyir ki, bu təhqiqat qrupunun yaradılması ideyası məhz ordudakı hansısa qanunsuzluq olduqda, onun qarşısını almağa yönəlib və əməldə də bunun özünü doğruldacağına şübhəsi yoxdur.

Müdafiə Nazirliyi isə təhqiqat qrupu təklifini şərh etmir. Nazirliyin sözçüsü Teymur Abdullayev deyir ki, onlar icraçı orqan kimi qanundan irəli gələn tələbləri həyata keçirirlər. Təhqiqat qrupunun hərbi prokurorluğun işini məhdudlaşdırmasına gəlincə isə deyir ki, bu məsələ düzgün anlaşılmır və qanuna təklifdə prokurorluğun fəaliyyətinin məhdudlaşdırılması yoxdur.

Şərhləri göstər

XS
SM
MD
LG