Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:03

Qafqaz şahmat taxtası yox, domino qutusudur


Tomas De Val
Qarabağ münaqişəsindən bəhs edən “Qara bağ” kitabının müəllifi britaniyalı jurnalist Tomas De Valın bu günlərdə yeni kitabı dərc olunub. Oksford Universitetinin çap etdiyi kitabın adı “Qafqaz - Tanıtma”dır. Tomas De Val kitabdakı fikirləini qısa şəkildə həmçinin Vaşinqtondakı “Foreign Policy” dərgisində, “Böyük Oyuna son verməli” adlı məqalədə də açıqlayıb. Bu yazını ixtisarla diqqətinizə təqdim edirik.

QAFQAZIN İNDİKİ VƏZİYYƏTİNƏ GÖRƏ HƏM DƏ XARİCİ QÜVVƏLƏR GÜNAHKARDIR

Sovet İttifaqının dağılmasından 20 il keçsə də Azərbaycanla Ermənistan, həmçinin Rusiya ilə Gürcüstan arasındakı sərhədlər hələ də qapalıdır. Bu sərhədlərin azad ticarət üçün açıq qaldığı bəzi yerləri isə korrupsiyalaşmış bürokratlar qapalı saxlamaqda davam edirlər. Minlərlə müharibə qaçqını evinə qayıda bilmir, kasıblıq, işsizlik kütləvi haldır.

Belə bərbad mənzərənin formalaşmasında məsuliyyəti yerli oyunçularla eyni dərəcədə bölgədə marağı olan beynəlxalq güclər də bölüşürlər.

QAFQAZ HAQQINDA ÜÇ YANLIŞ TƏSƏVVÜR:

BİRİNCİ - QAFQAZ ŞAHMAT TAXTASI YOX, DOMİNO QUTUSUDUR

Xarici qüvvələr əsasən üç yanlış təsəvvürləri ilə regionda belə fəlakətli şəraitin yaranmasına səbəb olublar:

Birinci, bəlkə də ən qədim səhv təsəvvürə görə region böyük bir “Şahmat taxtasıdır, böyük güclər öz məqsədləri üçün regiondakı oyunçulardan piyadalar kimi istifadə edirlər.”

Halbuki, 21-ci əsrdə Qafqaz hələ tarixdəki Qafqaz olaraq qalır. Oranı nə İran, nə Rusiya, nə də Türkiyə tam özününkü edə bilməyib. Qafqaz xalqları kasıb ola bilərlər, amma onlar hələ də böyük qonşularının istilaçı hərəkətlərinə inamla müqavimət göstərirlər. Bu mübarizəni kimsə “balanslaşdırılmış müqavimət” adlandıra bilər. Amma tarix göstərir ki, azərbaycanlılar, ermənilər, gürcülər və regionun başqa kiçik xalqları istilalara baxmayaraq, öz mövcudluqlarını qoruya biliblər.

Əlbəttə, bu cür mövcudluq müxtəlif vaxtlarda azərbaycanlıların Türkiyə və Britaniya, gürcülərin Almaniya və Britaniya, ermənilər, abxazlar və osetinlərin isə Rusiya ilə məcburi ittifaqları hesabına başa gəlib.

Odur ki, regiondakı mürəkkəb münasibətləri böyük şahmat taxtasına deyil, bəlkə də domino daşlarının qutusuna bənzətmək daha doğru olardı. Yəni, bircə domino daşını, qutuda düzgün yerləşdirməsən, bütün daşlar yerindən oynayacaq.

“RUS AYISI” HAMINI ƏZMƏK GÜCÜNDƏ DEYİL

İkinci yanlış təsəvvür belədir ki, Rusiya hələ də regiondakı bütün xalqları əzmək gücündədir.

Əlbəttə, Rusiya regionda ən güclü oyunçulardandır. Amma onun gücü təsəvvür edilən kimi də hər şeyə yetəcək qədər deyil. Hətta, Ermənistanla hərbi sahədə son razılaşmalarına baxmayaraq, Yerevan da özününün uzunmüddətli strateji planlarını yalnız Kreml istiqamətində qurmur. Regionda hərbi məsələlərdən başqa, iqtisadi reallıqlar ciddi təsir vasitəsidir.

Moskva heç özünün subyektləri olan Çeçenistan, Dağıstan və İnquşetiyada vəziyyəti sabitləşdirə bilmir.

Yəni, bu regionda “güclü rus ayısı” barədə təsəvvürlər elə də real deyil. Bəli, Moskva araqarşdıran, könülbulandıran rol oynaya bilər, amma o, Qafqazda hər şeyi həll etmək gücündə deyil.


AFQAZIN ƏHƏMİYYƏTİ QƏRB ÜÇÜN O QƏDƏR DƏ “STRATEJİ” DEYİL


Üçüncü mif ondan ibarətdir ki, guya Cənubi Qafqaz Qərb üçün strateji məkandır. Belə fikirlər də reallığı tam əks etdirmir.

Düzdür, Cənubi Qafqaz vacib enerji dəhlizidir. Amma Xəzərin enerji ehtiyyatlarını Küveyt, və ya Səudiyyə Ərəbistanı ilə müqayisə etmək həddən artıq şişirtmədir. Bu regionda balaca dövlətlərin enerji bazarı kimi Qərbə meyllənmələri heç də onların Rusiya əleyhdarları olmaları demək deyil. Avropanın enerji ehtiyacları onlar üçün öz iqtisadiyyatlarına nəsə əldə etmək imkanından başqa bir şey deyil.

Müasir böyük güclər regionda bir-birinin maraqlarını nəzərə alaraq hərəkət etsələr, qarşı duran tərəflərə hücum silahları satmasalar, münaqişələri söndürməyə çalışsalar regionu münaqişələr zonasından neytral zonaya çevirə bilərlər. Rusiyanın Abxaziya və Cənubi Osetiyada əyləşdiyi, Qarabağ münaqişəsinin için-için alovlandığı bir vaxtda belə fikirlər bəlkə də utopiya kimi səslənir. Amma həmin məqsədə iqtisadi yanaşmalarla yavaş-yavaş nail olmaq mümkündür.

SADAXLI VƏ ERGNETİ BAZARLARINDA TACİRLƏRDƏN DƏRS ALMALI

Bu işdə regiondakı etnik sərhəd tanımayan kiçik tacirlərin təcrübələrini nəzərə almaq faydalı ola bilər. Beynəlxalq təşkilatlar milyonlar xərcləyərək nail ola bilmədikləri sülh məqsədinə onlar iki böyük bazarda təbii yollarla nail olmuşdular.

Həmin bazarlardan biri Cənubi Osetiya ilə Gürcüstan arasındakı Ergneti idi. Gürcülər və osetinlər heç nəyə baxmayaraq, on ildən çox idi ki, bu bazarda maşından tutumuş xırdavata qədər hər şey alıb-satırdılar.

İkincisi də Gürcüstan ərazisində, həm Azərbaycan, həm də Ermənistana yaxın olan Sadaxlı bazarı idi. Orada da dövlətləri müharibə şəraitində olan azərbaycanlı və erməni tacirlər dinc şəraitdə alış-veriş edirdilər. Təəssüf ki, hər iki bazar artıq bağlanıb, amma onların işi bir daha sübut etdi ki, regionda təkcə bir-birinə düşmən olan qruplar yox, həm də etnik sərhəd tanımayan dinamik fərdlər var.

Məncə, regiona dair siyasət quran xarici qüvvələr istənilən hərəkətlərindən əvvəl iki suala cavab tapıb sonra addım atmalıdırlar: Birincisi, mənim bu hərəkətim regiondakı bağlı sərhədlərin açılmasına nə qədər yardım edir? İkincisi, bu addımım təkcə dövlətləri, yoxsa, həm də sıravi vətəndaşları gücləndirir?

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG