Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:21

«Rusiya danışıqları monopoliyaya ala bilməz»


Tomas de Vaal
Tomas de Vaal
Tanınmış britaniyalı jurnalist, «Qara bağ» kitabının müəllifi Tomas de Vaal «Azadlıq» radiosuna müsahibəsində deyib ki, əgər Rusiya sülh prosesini öz inhisarına ala bilsəydi, bunu çoxdan edərdi. Amma Moskvanın bunu etməsi sadəcə mümkün deyil. Çünki heç bir tərəf, daha çox da Azərbaycan Rusiyanın sülh prosesində aparıcı mövqeyə malik olmasını istəmir:

- Məncə, Rusiya da öz növbəsində sülh prosesində amerikalılar və fransızların simasında balanslaşdırıcı faktorun olmasını istəyir. Baxmayaraq ki, Moskva bəyannaməsi Rusiya prezidenti Medvedevin fəaliyyətinin nəticəsi idi və bəyannamənin layihəsinin hazırlanmasında ATƏT-in Minsk Qrupunun həmsədrləri iştirak etməmişdi. Amma həmin sənəddə də bir daha Minsk Qrupunun fəaliyyətinə dəstək ifadə edilir. Yəni ruslar da başa düşür ki, bu məsələnin öhdəsindən amerikalılar və fransızlar olmadan gələ bilməzlər.

- Bəziləri düşünür ki, avqustdakı Cənubi Osetiya münaqişəsindən sonra başqa konflikt zonalarında sülh şansları yeni müharibə ehtimallarını üstələyib. Bu fikirlə razısınızmı?

- Doğrudan da müharibə ehtimalı azalıb, amma biz sülh şansları ilə də bağlı daha ehtiyatlı olmalıyıq. Moskva bəyannaməsinin mətni çox yayğındır. Bundan başqa, biz regiondan çox ziddiyyətli bəyanatlar eşitməkdəyik, xüsusən də Dağlıq Qarabağın statusu haqqında. Azərbaycan və Ermənistanın bu məsələdəki mövqeyi bir-birinə daban-dabana ziddir. Baza prinsiplərinin əks olunduğu sənəddə müxtəlif yollarla bu məsələdə dəqiqlikdən qaçmağa cəhd edilir. Amma düşünmürəm ki, danışıq aparmaq üçün ortada kifayət qədər mövzu var. Düzdür, ümumi ovqat indi daha yaxşıdır. Amma danışıqlarda irəliyə doğru sözün əsl mənasında, irəliləyiş üçün bir tərəfdən liderlər daha ciddi niyyətə malik olmalı, daha böyük məsuliyyətin altına girməyə hazır olmalı, digər tərəfdən isə münaqişənin həlli üçün beynəlxalq səviyyədə indikindən daha çox qüvvə sərf edilməlidir.

- İndi münaqişənin həlli hansı mərhələdədir? Problemlə bağlı bölgəyə çoxlu səfərlər edilir, Türkiyə münaqişənin həlli istiqamətində səylərini artırıb. Sizcə, belə demək olarmı ki, biz münaqişənin həllində 5-6 il qabaqkı mərhələdə qalmaqda davam edirik?


- Demək olar. Düzdür, Azərbaycan bu müddət ərzində xeyli varlanıb. Amma hələ aydın deyil ki, Azərbaycan həmin var-dövləti Qarabağ məsələsində özü üçün effektiv amilə çevirə bilibmi? Digər tərəfdən Qarabağ erməniləri özünə daha inamlı görünür. Onları ruhlandıran bəzi başqa tanınmamış bölgələrin beynəlxalq səviyyədə tanınmaq sahəsində müəyyən uğurlara nail olmasıdır. Mən razıyam ki, Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş baş verməyib. Məncə, əsas problem cəmiyyətlərin güzəştlərə və sülhə kifayət qədər dəstək verməməsidir. Cəmiyyətləri çox güman ki, status-kvo qane edir. Bu məsələdə dəyişiklik baş verməyənəcən biz danışıqlarda ciddi irəliləyiş görməyəcəyik.

- İndi hamı «Madrid prinsipləri» haqda danışır. Qısa şəkildə deyə bilərsinizmi ki, həmin prinsiplərin mahiyyəti nədən ibarətdir?

- Orada əsas ideya statusun müəyyənləşdirilməsi məsələsinin təxirə salınmasıdır. Yəni statusla bağlı səsverməyə, referenduma bənzər nəsə söz verib bunu mümkün qədər ertələmək. Həmin səsvermənin nədən ibarət olması da razılaşdırılmayıb. Əgər bu məsələ təxirə düşürsə, bəzi problemlər yoluna qoyula, ermənilər işğal olunmuş 7 rayondan çıxa, Dağlıq Qarabağ beynəlxalq səviyyədə təhlükəsizlik təminatı ala, sərhədlər açıla bilər. Məncə, bu yaxşı plandır, amma məsələ burasındadır ki, tərəflər bir-birinə kifayət qədər etibar etmir.

- Siz deyəsən, sülhün əldə edilməsi imkanlarına bədbin baxmaqda davam edirsiz.

- Təəssüf ki, bu, belədir. Məncə, Azərbaycan cəmiyyəti nə istədiyi ilə bağlı daha çox debatlar aparmalıdır. Bu debatların olmaması böyük problem kimi qalır. Debatlar aparıla bilər ki, məsələn, Ağdam, Füzuli, Kəlbəcər əhalisi öz torpaqlarına qayıdır, amma bunun əvəzində ermənilərə hansısa güzəştlər edilir. Yəni bu tipli müzakirələr getmir. Əlbəttə, mən başa düşürəm ki, böyük güzəştlərin edilməsi çox çətindir, amma təəssüf ki, Azərbaycanda sövdələşmə ideyasına daha çox neqativ aspektdən yanaşılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG