Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:24
Britaniyalı jurnalist, «Qara bağ» kitabının müəllifi Tomas de Vaal «Azadlıq» radiosuna müsahibəsində deyir ki, yaxın üç ay Qarabağ danışıqları üçün bir sınaq dövrü olacaq. Bəlli olacaq ki, Azərbaycan və Ermənistan liderləri doğrudan sülh istəyirlər, yoxsa sülh danışıqları arxasında gizlənirlər.

Tomas de Vaal deyir ki, aydın görünür ki, Gürcüstandakı müharibədən sonra Qarabağ münaqişəsi ətrafında kontekst dəyişib. Xüsusən də Türkiyənin son addımları bölgədəki mühiti dəyişib. İndi Rusiya da İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanı Moskvaya dəvət edir.

«Sizcə, bu, Qarabağ danışıqlarında yeni mərhələ sayıla bilərmi» sualının cavabında Tomas de Vaal deyib ki, bunu demək bir qədər tezdir, çünki hər iki cəmiyyətdə mümkün güzəştlərə güclü müqavimət var. Onun fikrincə, bu, elə bir mərhələdir ki, danışıqlar prosesi qəfildən real bir prosesə çevrilib:

«Uzun müddət ortada bir sənəd olub və tərəflər bu sənəd ətrafında uzun-uzadı danışıqlar aparıblar. İndi isə səmimi olmaq mərhələsi gəlib çatıb – tərəflər aydın mövqe bildirməlidilər ki, doğrudan da sülhün əldə olunmasını istəyirlər, yoxsa onlar status-kvo vəziyyətində özlərini daha rahat hiss edirlər».

Bəs, bir çoxlarının imperialist siyasətdə ittiham etdiyi Rusiya doğrudan da problemin həllinə kömək edə bilərmi?

Tomas de Vaal deyir ki, Rusiyanın Azərbaycan və Ermənistana olan münasibəti Gürcüstana olan münasibətindən fərqlidir. Gürcüstandan fərqli olaraq Azərbaycan və Ermənistan balanslı xarici siyasət yürüdürlər, həm Rusiya ilə normal əlaqələri var, həm də Qərblə əməkdaşlıq edirlər. Ermənistanın Amerikada güclü lobbisi var. Rusiya burda güclü, amma yeganə oyunçu deyil. Moskva Azərbaycanla yaxşı münasibətlərinin olmasında maraqlıdır.

Tomas de Vaal deyir ki, bunu Medvedevin Azərbaycana son səfərində də görmək olardı. Onun fikrincə, indi Moskvada münaqişənin həllini istəyənlər istəməyənlərdən daha çoxdur. Yəni Qarabağ məsələsində Rusiya elitası daha yumşaq mövqe tutur, nəinki Cənubi Osetiya məsələsində. Bu isə birmənalı şəkildə Ermənistanın mövqeyini dəstəkləmək mövqeyi deyil.

Bəs, Cənubi Osetiya münaqişəsi Qarabağ konfliktinin güc yoluyla həlli ideyasına necə təsir etdi?

Bu sualın cavabında Tomas de Vaal deyib ki, doğrudan da ilin birinci yarısında qəfildən sərt ritorika eşidilməyə başladı, xüsusən də Azərbaycanda. İndi belə ritorika xeyli səngiyib:

«Hər kəs başa düşür ki, münaqişə sənin düşündüyündən fərqli şəkildə yaranır. Hamı anlayır ki, Cənubi Osetiya münaqişəsi Qarabağda mümkün münaqişədən daha kiçikdir. Bu, sanki hərbi yoldan danışanları ayıltdı».

Tomas de Vaal deyir ki, hər iki tərəfdə güzəştə getmək heç vaxt asan olmayıb. Amma Azərbaycanda ənənəvi olaraq daha millətçi mövqedən çıxış edən müxalifət indi zəifdir və bu İlham Əliyevin mövqeyini möhkəmləndirir. Amma bütün hallarda güzəştlərə getmək çox çətin bir məsələdir. Çünki hər iki tərəf üçün bu münaqişə milli kimlik məsələsi ilə sıx bağlıdır.

Britaniyalı jurnalist hesab edir ki, daha 5 il müddətinə prezident seçilməsi İlham Əliyevə imkan verir ki, böyük məsələlərə köklənsin və daxili müxalifət sarıdan narahatlıq keçirməsin. O, düşünür ki, İ.Əliyevin ikinci prezidentliyi birincidən fərqli olacaq, ilk dəfə olaraq o, atası Heydər Əliyevin kölgəsindən çıxmış olacaq: «O, atasının kölgəsində çox vaxt keçirib. İndi özünə daha çox güvənən və qərar verməkdə daha azad olacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG