Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:43

Eynulla Fətullayev: «Köynəyimi verin!»


Eynulla Fətullayevin məhkəməsi - 2 sentyabr 2010

Eynulla Fətullayevin məhkəməsi - 2 sentyabr 2010

Eynulla Fətullayevin apelyasiya şikayəti ilə bağlı sentyabrın 2-nə təyin edilən proses 20 dəqiqə gecikmə ilə olsa da başladı. Elə proses başlayan kimi jurnalist Bakı Apelyasiya Məhkəməsində işi aparan hakim Mirpaşa Hüseynovun diqqətinə çatdırdı ki, Qaradağ rayon Məhkəməsinin onunla bağlı keçirilən 16 məhkəmə iclasının yalnız 10-nun protokollarını oxuyub qeydlər apara bilib.

Qalan altı məhkəmə iclasının protokolları ilə tanış ola bilmədiyi üçün E.Fətullayev məhkəmədən daha bir həftə vaxt istədi.

Əvvəlcə hakim Mirpaşa Hüseynov buna razı olmadığını dedi. Bildirdi ki, Eynulla Fətullayev hər gün Bakı Apelyasiya Məhkəməsinə gəlib protokollarla tanış olsa da, vaxtından səmərəli istifadə etməyib və həbsxanaya vaxtından tez qayıdıb.

E.Fətullayev isə bildirdi ki, ona ayrılan vaxtdan maksimum istifadə edib. Cəzaçəkmə müəssisəsinə tez qayıtması isə ondan yox, məhkəmə nəzarətçilərindən asılı olub.

PROKUROR: «PROTOKOLLARLA TANIŞLIĞA ÜÇ GÜNDƏN ARTIQ VAXT VERİLƏ BİLMƏZ»

Dövlət ittihamçısı Məhərrəm Mustafayev də jurnalistə ayrılan vaxtın yetərli olduğunu bildirdi və məhkəmədən vəsatətin təmin edilməməsini istədi. Prokoror dedi ki, qanunvericiliyə görə, protokollarla tanışlığa üç gündən artıq vaxt verilə bilməz. Bu səbəbdən də o əlavə vaxtın verilməsini qanunazidd addım adlandırdı.

Vəkil İsaxan Aşurov isə qanunvericilikdə belə məhdudiyyətin olmadığını və prokurorun belə bir qaydanı hardan götürməsinin ona qaranlıq qaldığını bildirdi.

Amma qısa müzakirələrdən sonra hakim vəsatətin təmin olunduğunu və jurnalistə altı iclasın protokolları ilə tanışlıq üçün sentyabrın 7-nə qədər vaxt verildiyini, prosesin də həmin günə təyin edildiyini élan etdi.

PROTOKOLLARA SALINMAYAN ÇIXIŞLAR VƏ TƏHRİFLƏR

Elçin Sadıqov
Həm jurnalist, həm də onun vəkilləri protokolların belə diqqətlə oxunub qeydlər aparılmasının səbəbsiz olmadığını deyirlər. Vəkil Elçin Sadıqovun sözlərinə görə, məhkəmə iclaslarındakı çıxışların bəziləri protokollara salınmayıb, bundan başqa, şahidlərin çıxışlarında xeyli təhriflərə yol verilib.

Vəkil deyir ki, əgər məhkəmə onların qeydlərilə razılaşsa, onda həmin qeydlər protokola əlavə ediləcək, yox, əgər razılaşmasa, onda məhkəmə bunun qəbul olunmaması haqqında qərar qəbul edəcək və onların qeydləri işə tikiləcək.

Protokollardakı çatışmazlıqlara gəlincə, Eynulla Fətullayev deyir ki, onun saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərinin Qaradağ rayon Məhkəməsində etdiyi çıxış ümumiyyətlə protokollara salınmayıb. Bundan başqa, onun hazırlıq iclasında etdiyi dörd saatlıq çıxışdan yalnız qısa bir məsələ protokola salınıb.

KÖYNƏYİMİ VERİN!


Eynulla Fətullayev 10-15 dəqiqə davam edən prosesdə Apelyasiya Məhkəməsinin avqustun 26-da keçirilən iclasında sinəsində «Some blood for oil» («Neft üçün bir az qan») yazılmış köynəyinin taleyinə aydınlıq gətirilməsini istədi.

Jurnalist bildirdi ki, ötən məhkəmə prosesindən sonra Bakı İstintaq Təcridxanasına qayıdan kimi onun köynəyini əlindən alıblar, indiyə qədər də qaytarmayıblar. Jurnalist hesab edir ki, köynəyinin əlindən alınması onun üzərindəki «Neft üçün bir az qan» deyimi ilə bağlıdır. Köynəkdən söz düşmüşkən, budəfəki prosesdə Eynulla Fətullayevin geyindiyi köynəyin üzərində heç bir yazı yox idi.

«ÜZƏRİNDƏKİ YAZIDA FƏLSƏFİ VƏ İNTELLEKTUAL MƏNA OLMAYAN KÖYNƏK»DƏN PENİTENSİAR XİDMƏT DƏ XƏBƏRSİZDİR

Ədliyyə Nazirliyində isə köynək məsələsindən xəbərsizdirlər. Nazirliyin Penitensiar Xidmət İdarəsinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyir ki, onlar Eynulla Fətullayevin köynəyindən xəbərsizdilər. Xidmət rəhbəri deyir ki, bir də heç bir mənası olmayan yazıya görə köynək məhbusdan niyə alınmalıdır, bu, başadüşülən deyil:

«Belə deyək o, köynəyin üzərindəki yazının hansısa bir fəlsəfi və ya intelektual yükü varmı? Biz o yazıya görə niyə onun köynəyini əlindən almalıyıq?».

Jurnalistin vəkili İsaxan Aşurov isə hesab edir ki, məhkum olub-olmamasından asılı olmayaraq, istənilən adamın şəxsi əşyaları götürülürsə, bu, qanun əsasında baş verməlidir:

İsaxan Aşurov
«Hər hansı şəxsin məhkum olub-olmamasından asılı olmayaraq, onun əşyalarının götürülməsi qanun çərçivəsində baş verməlidir, protokollaşdırılmalı, səbəbi göstərilməli və sonra götürülməlidir».

«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilib.

Eynulla Fətullayevə 2009-cu ilin dekabrında həncxanada narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb. Bu ittihamla jurnalist 2010-cu ilin iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Birinci işə bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi baxıb və Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və dəymiş ziyana görə jurnalistə 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib.

Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarından Böyük Palataya şikayət edib.

Şərhləri göstər

XS
SM
MD
LG