Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:40

15-ci mərtəbədən yuxarıda yaşayanlar


«Uğur-1» yaşayış kompleksi
«Uğur-1» yaşayış kompleksi
Mənzil sahibi olacağı günü səbirsizliklə gözləyən Rüstəmovlar ailəsi Akkord Şirkətlər Qrupunun inşa etdiyi binanın 18-ci mərtəbəsindən mənzil alıblar. Bina H. Aslanov metrostansiyası yaxınlığında ucaldılan «Uğur-1» kompleksində yerləşir. Amma iki ildir bina istifadəyə verilsə də, onlar hələ də kirayədə yaşamağa məcburdurlar. Çünki...

«Binada lift hələ də quraşdırılmayıb. 18-ci mərtəbəyə necə qalxıb, enək? Məcbur olub ayda 250 manat kirayəyə pul verirəm. Nə vaxta kimi müxtəlif bəhanələrlə liftin quraşdırılmasını gecikdirəcəklər? 3 aydır gözdən pərdə asmaq üçün guya binada iş gedir, yalandan bir qayka bağlayıb gedirlər».

15 MƏRTƏBƏNİ PİYADA DÜŞÜB-QALXMAQ ƏZABI...

Başqa yerdə yaşamağa imkanı olmayan Azər Dadaşlı deyir ki, təzə mənzilə köçəndən rahatlığa həsrət qalıb.

«Biz ümid etdik ki, lift problemi tezliklə həll olunacaq, ona görə də sosial, məişət vəziyyətimizlə əlaqədar olaraq məcbur olub binaya köçdük. Amma iki ilin tamam olmağına baxmayaraq, liftdən əsər-əlamət yoxdur. Mən 15-ci mərtəbədə yaşayıram. Uşaqlar məktəbə gedir, özüm işə gedirəm, nə isə almaq üçün tez-tez aşağı düşməli olursan. İki ildir biz bu əziyyəti çəkirik. Adi bizim üçün bu cür çətindirsə, binada xəstələr, əlillər, yaşlılar, hamilə qadınlar var».

SAYĞAC QURAŞDIRILMASINA 600 MANAT

6 binadan ibarət olan «Uğur-1» yaşayış kompleksində yaşayan sakinlərdən kimi mənzillərin istilik sistemi ilə təchiz olunmamağından,
«Biz ümid etdik ki, lift problemi tezliklə həll olunacaq…»
kimisi isə uşaqların oynaması üçün ayrılan sahədə çayxananın tikilməsindən şikayətlənir. Ən böyük şikayətləri isə hər mənzildən elektrik, qaz və su sayğaclarının alınıb, quraşdırılmasına görə 600 manat tələb olunması idi.

«Qaz, elektrik, su sayğaclarının kalkulyasiya edilmiş qiyməti guya 600 manatdır. Halbuki bazar qiymətləri ilə bu üç sayğacın qiyməti 200 manat da deyil».

«Müqaviləyə əsasən mənzillərin istiliklə təchizini tikinti şirkəti həyata keçirməli idi. Amma bunlardan heç bir səs soraq çıxmır».

«6 binada kobud hesablama ilə min uşaq var. Min uşaq üçün ayrılan oyun meydançası özü kifayət etmirdi, indi də meydançanın təqribən 25 faiz hissəsində kafe kimi bir şey tikdilər».

Akkord Şirkətlər Qrupu tərəfindən inşa olunan 19 mərtəbəli, 270 mənzilli bina 2008-ci ildə istifadəyə verilib.

Şirkətin mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva deyir ki, binanın lift problemi avqust ayının sonlarında həll olunacaq.

AVQUSTUN SONUNDA LİFT İŞLƏYƏCƏK


«Avqustun sonuna kimi 3-cü binada yaranmış bütün problemlər aradan qaldırılacaq. Binaya gətirilən liftlərin keyfiyyəti aşağı olduğu üçün
«Min uşaq üçün ayrılan oyun meydançası özü kifayət etmirdi, indi də meydançanın təqribən 25 faiz hissəsində kafe kimi bir şey tikdilər»
biz yeni şirkətlə müqavilə bağlamışıq və onlar söz veriblər ki, avqustun sonuna kimi binada lift quraşdırılması başa çatacaq».

O ki, qaldı sakinlərin digər iradlarına Afaq Quliyeva bunları əsassız sayır.

«Üç sayğacın alınması, quraşdırılması üçün pul yığılıb onlardan. Qiymətlər isə bazar qiymətləri ilə eynidir. Başqa binalarda heç uşaqlar üçün yerlər belə olmur. Bizdə yerlər də var, hətta onların oynamaları üçün hər cür şərait yaradılıb».

Amma bina sakinləri lift probleminin tezliklə həll olunacağına inanmırlar.

«Boş şaxtalardır. Heç adicə oranın kabelləri, sütunları, qapıları heç nəyi yoxdursa, bunu bir aya necə çatdıracaqlar? Dəfələrlə bizə deyiblər ki, yaxın vaxtda, bir aya, iki aya problem həll olunacaq. Amma heç bir xeyri yoxdur».

Elə bir müddət əvvəl AzadlıqRadiosunun «Qaynar Xətt» verilişi də bu binanın lift problemini araşdırmışdı. Həmin vaxt Afaq Quliyeva bildirmişdi ki, iyulun 1-dən lift işləyəcək.

CƏZASIZLIQ ŞƏRAİTİNİN ÖZBAŞINALIĞI

Hüquqşünas Ənnağı Hacıbəyli deyir ki, əksər tikinti şirkətləri üzərilərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmirlər. Onun fikrincə, bunun müxtəlif səbəbləri var:

Ənnağı Hacıbəyli
«Bunu son vaxtlar iqtisadi böhranla da əlaqələndirirlər. Amma məsələnin mahiyyətində müqavilə öhdəliklərində olan özbaşınalıq durur. Vətəndaşlar öz hüquqlarının müdafiəsində lazımınca təpki göstərmirlər. Bəzi işbazlar da bundan öz xeyirlərinə istifadə edirlər. Üstəlik ölkədə bir cəzasızlıq şəraiti var. Məhkəmələrdə ədalətsiz qərar praktikası çox geniş yayılıb. Vətəndaşların məhkəməyə inamı yoxdur. Yəni bütün bu özbaşınalıqların yaranması səbəblər çoxdur».

Ənnağı Hacıbəyli deyir ki, vətəndaşla tikinti şirkəti arasında imzalanan müqavilə hüquqi-mülki bir sənəddir. Bu müqaviləyə əsasən vətəndaşlar məhkəmədə dəymiş ziyanın ödənilməsi, müqavilədə göstərilən öhdəliklərin icra edilməsi tələbi ilə iddia qaldıra bilərlər.

«Uğur-1» kompleksində 15-ci mərtəbədə yaşayan 10 yaşlı Nəzrin də binanın digər sakinləri kimi lift probleminin tezliklə həll olunmasını gözləyir.

«Mən həyətə düşüb, rəfiqələrimlə oynaya bilmirəm. Babam, nənəm bizə gəlmir. Biz tez-tez qohumlarımızgilə, gəzməyə gedə bilmirik. Həyətə düşəndə 5 mərtəbə qalxıb, sonra oturub, dincimi alandan sonra yenə qalxırıq».
XS
SM
MD
LG