Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:26

Yeni mənzillərin yeni problemləri…


Əlillər üçün mebelli mənzillərdən biri prezidentə təqdim edilir
Əlillər üçün mebelli mənzillərdən biri prezidentə təqdim edilir
Suraxanı rayonu Hövsan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən binanın sakinləri iddia edirlər ki, yeni mənzilləri onlara yeni problemlər yaradıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilmiş binada ev sahibi olacaqlarını uzun müddət gözləmiş sakinlərin sözlərinə görə, binadakı vəziyyət heç də təqdim edildiyi kimi deyil:

81 MƏNZİLDƏN CƏMİ 9 MƏNZİLƏ MEBEL VERİLİB

- Televizorda nə danışılıb, nə göstərilib, o, öz yerində. Bütün mənzillərin mebellə təchiz olunmaması ilə bağlı şirkətlə danışdıq. Bildirdilər ki, cəmi 9 mənzilə nazirlik tərəfindən hədiyyə edilib.

- 81 mənzildən cəmi 9 mənzilə mebel verilib. Hamısına verilməyib.

- Hələ də bizə ünvan verilməyib. Sabahı gün mənə yaşayış yerindən arayış lazım olsa ala bilməyəcəyəm. Biz hələ də qeydiyyata düşməmişik.

2009-cu ilin oktyabrında istifadəyə verilən binanın sakinləri indi ən əsas problemlərinin qaz olduğunu deyirlər:

- Şikayətimiz qaz problemidir. Evlərə gəlir qaz, amma istixananı işlədə bilmir. Sistem elə qurulub ki, həm istilik verməlidir evə, həm də isti su ilə təmin olunmalıdır.

- Dekabrın 30-da istixana işə düşüb. 2-3 gün evlər isindi. Ondan sonra qazımız təmiz kəsilib. Hazırda evimiz soyuqdur. Adamlar elektrik peçlərindən istifadə edir. Ayın axırında sayğacları 150-200 manat pul yazır.

Prezident İlham Əliyevin də açılışına qatıldığı binanın sakinlərinin sözlərinə görə, tikintini aparan şirkət layihəni düzgün hazırlamayıb:

HEÇ BİR YERDƏ BELƏ LAYİHƏ YOXDUR


-«6 mərtəbə» adlı şirkətdir. Turbaların yeyintisidir nədir, deyə bilmərəm. Qazın layihəsini düzgün aparmayıb. Burda başqa istixanalar da var. Hamısının istixanasına ayrıca xətt çəkilib. Ancaq bizim binada abunə xəttinin üstü ilə həm evlərə qaz gedir, həm də istixanaya. Heç bir yerdə belə layihə yoxdur.

- Bütün hallarda layihə çəkiləndə istixananın nə qədər qaz tələb olunması nəzərə alınmalı idi.

- Qazanxanaya əlavə xətt çəkilməlidir. Evlərlə qazanxana bir xəttə qoşulmamalıdır.

Binanın ocaqçısı Eldar Süleymanov isə deyir ki, istixanaya verilən qazla binanı istiliklə təmin etmək mümkün deyil:

- İstixanaya ən aşağı 25-30 bar verilməlidir ki, mən binanın sakinlərini istiliklə və isti su ilə təmin edim. Hazırda qazanxanaya verilən qaz 0,4 millibardır ki, qazan zorla işləyir. İşləməsə bundan yaxşıdır. Abonentlərin qazı ilə istixananın qazını bir götürdüklərinə görə mümkün deyil istilik vermək. Buna ayrıca qaz çəkilməlidir.

QAZIN TƏZYİQİ AŞAĞIDIR

«6-ci mərtəbə» şirkətinin əməkdaşı isə əsas səbəb kimi qazın təzyiqinin aşağı olmasını göstərir:

- Proyekti veriblər, biz də proyektə uyğun işi icra etmişik. Proyektdə göstərilənlərdən kənara çıxmamışıq. Sadəcə olaraq xətdə qaz yoxdur. Qazın təzyiqi aşağıdır.

BİNANIN BÜTÜN PROBLEMLƏRİ YAXIN VAXTLARDA HƏLL OLUNACAQ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elnur Kələntərli isə deyir ki, binanın bütün problemləri yaxın vaxtlarda həll olunacaq:

- Binanın bütün sakinləri tam köçəndən sonra qazlaşdırılmada olan problemlər aradan qaldırılacaq. Qazın çəkilməsi üçün binanın bütün sakinləri köçməlidirlər. Biz bunu əvvəlcədən onlara bildirmişdik. Qeydiyyat məsələsi ilə bağlı isə bina 6 ay nazirliyin balansında olacaq, yerli icra hakimiyyətinə təhvil verildikdən sonra sakinlərin bütün problemləri həll olunacaq.

Elnur Kələntərlinin mənzillərin mebellə təchiz olunması məsələsinə isə münasibəti bu cür oldu:

- Nəzərdə tutulmayıb ki, bütün mənzillərin hamısı mebellə təchiz olunsun. Tikinti şirkətinin özü hədiyə olaraq əsasən birinci mərtəbədəki mənzilləri mebellə təchiz edib. Amma konkret olaraq seçim olmayıb ki, hansı ailəyə verək, hansına yox.

Hüquq müdafiəçisi İradə Cavadova isə deyir ki, əgər bu vətəndaşların problemləri həll olunmazsa, onların hüquqlarını tələb etmələri bir qədər çətin olur:

- Çünki onlara deyirlər ki, bu ev sənə pay verilib. Allahına şükür et ki, sənə pulsuz ev verilib.

Vəkil Azər Nağıyev isə hesab edir ki, mənzillərin bəzisinin mebellə təchiz olunması sosial ədalətsizlikdir:

BU SOSİAL ƏDALƏTSİZLİKDİR

- Dövlətin üzərinə götürdüyü sosial öhdəlikləri var. Onlardan biri əhalinin müəyyən sosial qruplarını mənzillə təmin etməkdir. Bu mənzillərin ya hamısı, ya da heç biri mebellə təchiz olunmalı idi. Sosial statuslu şəxslərin hər birinə mənzillərin açarı eyni vaxtda verilir. Yeni mənzil sahibləri mənzilə daxil olarkən, birində mebelin olub, digərində olmaması sosial ədalətsizlikdir.

Fevralın 23-də Lökbatanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün daha bir yaşayış binası istifadəyə verilib. 9 mərtəbəli 81 mənzildən ibarət binanın tikintisinə 2007-ci ilin sonlarında başlanılıb. Binanın 9 mənzili 3 otaqlı, 72 mənzili isə iki otaqlıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG