Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:27

Avropa Məhkəməsi məhkum edilmiş polis mayorunun işi ilə maraqlanır


Emin Əhmədbəyov 3 illik həbsə məhkum olunub

Emin Əhmədbəyov 3 illik həbsə məhkum olunub

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın yerli məhkəməsi tərəfindən məhkum edilmiş polis mayoru Emin Əhmədbəyovun şikayət ərizəsi ilə maraqlanır.

Emin Əhmədbəyov həbs olunarkən Bakı Şəhər Baş Polis İdarəsində işləyib. Ötən il dekabrın 1-də Bakının Mətbuat prospektində onun «Pajero» markalı maşınını saxlayan yol polisi müfəttişi Məhərrəm Qurbanovla mübahisə edərək ona xəsarət yetirməkdə təqsirləndirilib. Dekabrın 3-də həbs olunub. Polis mayoru ibtidai istintaqda və məhkəmədə özünü təqsirsiz bilib və iddia edib ki, onun həbsi sifarişlidir.

Onun məhkəmədəki çıxışlarına görə, həbsinin əsl səbəbi vətəndaşlıqdan imtina etmək üçün prezidentə iki dəfə müraciət etməsi və Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərməsi olub.

Emin Əhmədbəyovun həyat yoldaşı Nigar Əhmədbəyova AzadlıqRadiosuna bildirib ki, həyat yoldaşı 2003-cü ildə daxili işlər nazirinin əmrinə əsasən daxili işlər orqanından xaric edilib. 3 il işsiz qalıb. 2006-cı ildə işə bərpa olub və başlayıb işsiz qaldığı illərin məvaciblərini tələb etməyə. Məsələ Avropa Məhkəməsinə qədər gedib çıxıb.

2009-cu ildə Emin Əhmədbəyov haqlarının bərpası üçün Avropa Məhkəməsinə şikayət göndərib. Polis mayoru həm də vətəndaşlıqdan imtina etməklə bağlı iki dəfə prezidentə müraciət edib. Sonuncu müraciəti həbsindən 10 gün əvvəl olub. Nigar Əhmədbəyova hesab edir ki, əri hüquqlarını tələb etdiyinə görə sifarişli şəkildə həbs olunub.

ƏHMƏDBƏYOVLAR AİLƏSİNDƏN MÜVAFİQ SƏNƏDLƏRİN AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLMƏSİ XAHİŞ OLUNUB

Yol polisinə xəsarət yetirmə ittihamı ilə əlaqədar 3 illik həbsə məhkum olunandan sonra Emin Əhmədbəyov Avropa İnsan Haqları Məhkəməsinə ikinci şikayət ərizəsini göndərib. Beləliklə, hazırda Emin Əhmədbəyovun Avropa Məhkəməsində Azərbaycanla bağlı iki şikayəti var. Bunlardan biri mülki (işsiz qaldığı müddətə görə ala bilmədiyi əməkhaqları), digəri isə cinayət işi ilə (barəsində çıxarılmış hökm) əlaqədardır.

Avropa Məhkəməsindən Əhmədbəyovlar ailəsinə daxil olan məktubda bildirilir ki, Emin Əhmədbəyovun ilk ərizəsi 28 may 2009-cu il tarixdə Məhkəməyə daxil olub və işə 18044/08 nömrəsi verilib. İkinci şikayət ərizəsi ilə bağlı isə Əhmədbəyovlar ailəsindən müvafiq sənədlərin Avropa Məhkəməsinə göndərilməsi xahiş olunub.

Nigar Əhmədbəyovanın sözlərinə görə, müvafiq sənədlər artıq Avropa Məhkəməsinə göndərilib.

Emin Əhmədbəyovun məhkəmə hökmündən verdiyi apelyasiya şikayətinə isə hələ də Apelyasiya Məhkəməsində baxılmayıb.

Emin Əhmədbəyovun vəkili Namiq Hacıyev deyir ki, hadisə yerində olan müşahidə kameralarının qeydə aldığı görüntülərə baxış keçirilməsi ilə bağlı vəsatət versə də, nə ibtidai istintaq, nə də məhkəmə vəsatəti təmin edib. Vəkilin fikrincə, ümumiyyətlə, Emin Əhmədbəyovun təqsirsizliyini sübuta yetirə biləcək 12 vəsatətin heç biri məhkəmə tərəfindən qəbul edilməyib.

Şərhləri göstər

XS
SM
MD
LG