Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:01

Polis mayoru 3 illik həbsə məhkum edildi


Emin Əhmədbəyov məhkəmədə
Emin Əhmədbəyov məhkəmədə
Yasamal rayon Məhkəməsi Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis mayoru Emin Əhmədbəyovu 3 il müddətinə azadlıqdan məhrum edib. Emin Əhmədbəyov ötən il dekabrın 1-də Bakının Mətbuat prospektində onun «Pajero» markalı maşınını saxlayan yol polisi müfəttişi Məhərrəm Qurbanovla mübahisə edərək ona xəsarət yetirməkdə təqsirləndirilib. Dekabrın 3-də həbs olunub. Polis mayoru ibtidai istintaqda və məhkəmədə özünü təqsirsiz bilib və iddia edib ki, onun həbsi sifarişlidir.

Onun məhkəmədəki çıxışlarına görə, həbsinin əsl səbəbi vətəndaşlıqdan imtina etmək üçün prezidentə iki dəfə müraciət etməsi və Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərməsi olub: «Məni ona görə həbs ediblər ki, konstitusion hüquqlarımdan istifadə edib Avropa Məhkəməsinə müraciət etmişəm».

«SÜBUT OLMADAN ADAMI HƏBSƏ ATMAQ GÜNAHDIR»

Emin Əhmədbəyovun həyat yoldaşı Nigar Əhmədbəyova deyir ki, əri 2003-cü ildə daxili işlər nazirinin əmrinə əsasən daxili işlər orqanından xaric edilib. 3 il işsiz qalıb. 2006-cı ildə işə bərpa olub və başlayıb işsiz qaldığı illərin məvaciblərini tələb etməyə.

Məsələ Avropa Məhkəməsinə qədər gedib çıxıb. Polis mayoru vətəndaşlıqdan imtina etməklə bağlı iki dəfə prezidentə müraciət edib. Sonuncu müraciəti həbsindən 10 gün əvvəl olub. Nigar Əhmədbəyova hesab edir ki, əri hüquqlarını tələb etdiyinə görə sifarişli şəkildə həbs olunub. Buna görə də o, qurama hesab etdiyi hazırkı ittihamlara görə, ərinə bəraət veriləcəyinə ümid edirmiş:

«Heç bir sübut olmadan adamı həbsxanaya salmaq günahdır. Mən bu işin dalınca gedəcəyəm. Çünki haqq öz yerini tapmalıdır».

«POLİS İŞÇİSİNİN VƏTƏNDAŞLIQDAN İMTİNA ETMƏSİ SENSASİYADIR»

Sabiq polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev deyir ki, polis əməkdaşının öz nazirini məhkəməyə verməsi, işsiz qaldığı illərin məvaciblərini tələb etməsi, işi Avropa Məhkəməsinə qədər aparıb çıxartması və ən nəhayət, vətəndaşlıqdan imtina ilə bağlı prezidentə müraciət etməsi təcrübədə birinci haldır. Və onun aqibətinin öz həbsi ilə bitməsi Azərbaycan reallığında gözləniləndir:

«Polis də Azərbaycan vətəndaşıdır, prokurorluq işçisi də, maarif işçisi də, həkim də. Vətəndaşlıqdan imtina edib-etməmək polis işçisinin də digərləri kimi konstitusion hüququdur. Ancaq mən belə hala rast gəlməmişəm. Polis əməkdaşının Azərbaycan vətəndaşlığından imtina etməsi sensasiyadır. Bu, onun cəsarətli, qətiyyətli olmasından irəli gəlir. Polis orqanından xaric olunub, cəsarət, qətiyyət göstərib bərpa olunub. Sonradan müraciət edib ki, boş qaldığım illərin pulunu ver. Belə cəsarətli zabitlər rəhbərlik tərəfindən qəbul olunmur».

Ekspertin fikrincə, polis işçisinin sifarişli həbs olunmasını fikirləşməyə əsaslar var:

«Polis əməkdaşını yol polisi saxlayır, orda böyük bir konflikt yaranır və onu həbs edirlərsə, fikirləşmək olar ki, burda sifariş var. Çünki yol polisi qarşısındakı adamın polis zabiti olduğunu biləndə hər halda ona poqon yoldaşı kimi hörmət eləyir. Qarşıdurmanı böyük konfliktə gətirib çıxarmır. Burda artıq hiss olunur ki, nə isə sifariş var».

«MƏHKƏMƏ HEÇ NƏYƏ AYDINLIQ GƏTİRMƏDİ»

Emin Əhmədbəyovun vəkili Namiq Hacıyev deyir ki, hadisə yerində olan müşahidə kameralarının qeydə aldığı görüntülərə baxış keçirilməsi ilə bağlı vəsatət versə də, nə ibtidai istintaq, nə də məhkəmə vəsatəti təmin edib. Vəkilin fikrincə, ümumiyyətlə, Emin Əhmədbəyovun təqsirsizliyini sübuta yetirə biləcək vəsatətlərin heç biri məhkəmə tərəfindən qəbul edilməyib:

«Hesab edirəm ki, ədalətli məhkəmə araşdırması aparılmadı. Məhkəmə hökmündən apellyasiya şikayəti veriləcək və apellyasiya instansiyasında işə baxılarkən birinci məhkəmə tərəfindən təmin olunmayan vəsatətləri yenidən qaldıracağıq».

Vəkil deyir ki, həmin vəsatətlər hadisə yerinin ekspertizası, əlavə şahidlərin dindirilməsi, hadisə zamanı yol polisinin telefonla kiminləsə danışaraq «rəis, sizə sonra izah edərlər nə məsələdir» deməsinə aydınlıq gətirilməsi üçün telefon danışığının məhkəmədə araşdırılması ilə bağlı olacaq.

Vəkil deyir ki, əgər Azərbaycan məhkəmələri işə ədalətlə yanaşmasalar, o zaman Emin Əhmədbəyov Avropa Məhkəməsinə Azərbaycan hökumətinə qarşı ikinci şikayətini göndərməli olacaq.
XS
SM
MD
LG