Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 07:44

Aclığa başlayan polis mayorunun dramı


Emin Əhmədbəyovun məhkəməsi
Emin Əhmədbəyovun məhkəməsi
Vətəndaşlıqdan imtina edən, Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərən və bütün bunlardan sonra ötən ilin dekabrında həbs olunan polis mayoru Emin Əhmədbəyov məhkəmədə elan edib ki, martın 5-dən aclığa başlayır.

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı olan Emin Əhmədbəyov zor tətbiq etməkdə təqsirləndirilir. Onun prosesi Yasamal Rayon Məhkəməsində keçirilir. Polis mayoru aclığa başlamasını məhkəmənin qeyri-obyektiv aparılması ilə əlaqələndirib.

SİFARİŞLİ HƏBS?

Emin Əhmədbəyova verilən ittihama görə, ötən il dekabrın 1-də Yasamal rayonu ərazisindəki Mətbuat prospektində onun «Pajero» markalı maşınını saxlayan yol polis müfəttişi Məhərrəm Qurbanovla mübahisə edib və sonuncuya xəsarət yetirib. Emin Əhmədbəyovsa həbsini sifarişli sayır: «Deyəydilər ki, a kişi, səni tutacağıq, ona görə ki, sən vətəndaşlıqdan imtina eləmisən, işin Avropa Məhkəməsindədir. Səndən xahiş edirik, yaz raportunu, çıx işdən. Mən də başa düşərdim, yazardım raportumu, çıxardım işdən».

Təqsirləndirilən şəxsin vəkili Namiq Hacıyev məhkəmə istintaqı zamanı ittihamların sübuta yetirilmədiyini əsas gətirərək prosesdə məhkəmə istintaqının təzələnməsinə dair vəsatət verib. Məhkəmə vəsatətə martın 9-da münasibət bildirəcək.

EMİN GÜNAHSIZDIR

Emin Əhmədbəyovun həyat yoldaşı Nigar xanım deyir ki, məhkəmədə dindirilən bütün şahidlərin ifadələri təqsirləndirilən şəxsin xeyrinə olub: «Bu boyda məhkəmə olub, şahidlər də ifadə veriblər ki, Emin günahsızdır. Amma yenə də onu həbsdə saxlayırlar, heç kim bir qərar çıxara bilmir. Ortada heç bir sübut olmaya-olmaya mən başa düşə bilmirəm ki, ərimi hansı qanuna görə həbsdə saxlayırlar».

Nigar xanım həyat yoldaşının həbsinin əsl səbəbini Avropa Məhkəməsinə şikayət etməsində görür: «Hadisədən bir ay əvvəl biz ailəlikcə sənədlərimizi Prezident Administrasiyasına vermişdik, müraciət etmişdik ki, burda yaşamaq istəmirik, burda haqsızlıq baş alıb gedir. İşin kökündə odur ki, Avropa Məhkəməsinə şikayət verib və şikayəti qəbul ediblər. İndi bunlar Emini sıxırlar ki, niyə sən Avropa Məhkəməsinə şikayət göndərmisən».

Polis mayorunun Azərbaycan hökumətindən narazı qalmasına səbəb bu olub ki, o, bir neçə il əvvəl günahsız yerə daxili işlər orqanlarından qovulub. 3 il işsiz qalıb. 2006-cı ildə nazir Ramil Usubov məsələni araşdıraraq onu işinə bərpa edib.

Emin Əhmədbəyov daxili işlər orqanına bərpa olunandan sonra işsiz qaldığı illərin məvacibini tələb etməyə başlayıb. Aşağı məhkəmə instansiyası onun iddiasını təmin etsə də, yuxarı instansiya həmin qərarı ləğv edib. Emin Əhmədbəyov 2008-ci ilin aprel ayında qüsursuz xidmətinə görə üçüncü dərəcəli medalla təltif olunub.
Arzu Abdullayeva
Ancaq bu da onu iddiasından döndərə bilməyib. O, hüquqlarının bərpası ilə bağlı Avropa Məhkəməsinə müraciət edib. Həbs olunmamışdan bir ay əvvəl isə vətəndaşlıqdan imtina etməklə bağlı prezidentə növbəti dəfə rəsmi məktub göndərib.

ƏMƏK HAQQINI TƏLƏB ETDİYİNƏ GÖRƏ ONUN BAŞINA BELƏ OYUN GƏTİRİBLƏR

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Arzu Abdullayeva deyir ki, polis mayorunun ailəsi ona müraciət etdikdən sonra məsələni araşdırıblar: «Çox sadə bir iş idi. Polis işçisini işdən xaric etmişdilər. O, mübarizə aparıb, öz hüquqlarını bərpa edib. Nazir də razılığını bildirib ki, onu işə bərpa etsinlər. Ancaq o, haqsız yerə işdən çıxarıldığına görə, müraciət edib ki, işsiz qaldığı üç ilin məvacibini ona ödəsinlər. Bunun ucbatından da polis işçisinin başına belə oyunlar gətirilir».

Hüquq müdafiəçisi hesab edir ki, polis mayorunun prezidentə sonuncu müraciətindən sonra ona qarşı sifarişli şəkildə təxribat həyata keçirilib. Bu məsələdə maraqlı tərəf ekspertizanın saxta rəyinə əsaslanıb. Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycanda ekspertiza rəylərinin hansı şəkildə verildiyi hamıya məlumdur:

«Həmin «QAİ» işçisi xəstəxanaya müraciət edib ki, guya o, döyülüb. Biz yaxşı bilirik ki, ekspertiza rəyini Azərbaycanda hansı yollarla əldə edib işə tikirlər».

Arzu Abdullayevanın sözlərinə görə, Emin Əhmədbəyova qarşı bu addım digərlərinin gözünün odunu almaq üçündür: «Bu, nümayişkəranə bir işdir ki, heç kəs öz hüquqlarının bərpası üçün çalışmasın, onun aqibəti bax belə ola bilər».

Bakı İstintaq Təcridxanasında saxlanan polis mayoru yerli və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşmək istəyir. Arzu Abdullayeva bildirib ki, Emin Əhmədbəyovun məsələsini Bakıya səfər edən Avropa Şurasının İnsan Haqları Komissarı Tomas Hammarberqlə müzakirə edib.
XS
SM
MD
LG