Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:14

Harda dincələk?


Qəbələdə sanatoriya
Qəbələdə sanatoriya
Bakının qızmar istisindən canını qurtarmaq istəyənlər bu günlərdə ya şəhər kənarındakı bağlara, ya yerli, ya da xaricdəki istirahət komplekslərinə gedir. Yayı istirahətsiz keçirənlər də az deyil.

İstirahət etmək istəyənlər isə seçim qarşısında qalıblar. Məsələ ondadır ki, uzaq xaricdə olmasa da, qonşu Türkiyənin istirahət komplekslərində dincəlmək indi Azərbaycanın turizm bölgələrinə getməkdən daha sərfəlidir. Bunu hər il ölkə daxilində istirahət edən, indi isə istirahətini Türkiyədə keçirməyi planlaşdıran Sahib Bağırov deyir:

- Ailəmlə birlikdə Qəbələ-İsmayıllı bölgəsinə gedirik. Hələ ev tutub qalmaqla bir həftəlik istirahət bizə 400 manata başa gəlir. Əslində, bu çox bahadır.

Bakı sakini Aliyə Vəliyeva deyir ki, o keçən il bir həftə Qəbələ rayonunda, bir həftə isə Antalyada dincəlib. Sonra özü üçün müqayisə aparıb. Məlum olub ki, həm xidmət, həm də qiymət baxımından Türkiyədə dincəlmək onu üçün daha sərfəlidir:

TÜRKİYƏDƏ DİNCƏLMƏK DAHA SƏRFƏLİDİR

- Türkiyədə dəniz sahilində yemək də, təyyarə bileti də daxil olmaqla bir həftə dincəldim, 500 manat sərf elədim. Əlbəttə, orda dincəlmək daha yaxşıdır.

Sosial-İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyi də ölkə əhalisi arasında turizm obyektlərinin xidməti ilə bağlı sorğu keçirib. Birliyin sədr müavini Natiq Hüseynovun bildirməsinə görə, sorğu iştirakçılarının çoxu ölkənin turist obyektlərində xidmətdən razı olmadıqlarını deyiblər. Onlar otellərin çoxunda internet, xidmət personalı, yük daşıyan və başqa xidmətlərin olmadığından gileyləniblər. Vanna otaqlarının elementar tələblərə cavab vermədiyini, bir çox otellərdə isti suyun olmadığını bildiriblər.

Ancaq Mədəniyyət və Turizm Nazirliyinin turizm idarəsi bu tənqidlərlə razılaşmayıb.

Söhbət etdiyim bir neçə Bakı sakinin isə istirahətlə bağlı dedikləri belə oldu:

BİZDƏ ÇOX BAHAÇILIQDIR

- Düzü istirahət eləməyə pulum yoxdur.

Türkiyədə dəniz sahilində yemək də, təyyarə bileti də daxil olmaqla bir həftə dincəldim, 500 manat sərf elədim
- Bir-iki gün Azərbaycanın bölgələrinə gedərəm.

- Maaşımızla dincəlmək heç düz gəlmir.

- Nabrana getmək olar.

- Mən Bodruma gedəcəyəm, çünki orada istirahət bizdən ucuz başa gəlir.

- Bizdə çox bahaçılıqdır. Mən turizm yerləri ilə maraqlandım, bir gün üçün 300 manat olan yer də var idi.

Azərbaycanın istirahət zonaları arasında Quba-Xaçmaz bölgəsi çox məşhurdur. Quba turizm şöbəsinin nümayəndəsi Elxan Məhərrəmov qiymətlərin baha olması fikri ilə razılaşmır:

- Ümumilikdə bir gün üçün qiymət 30-50 manatdır. 120-150 manata olan da var. Qubanın mənzərəsi, təbiəti heç də xarici ölkələrdən geri qalmır.

BURDA İSTİRAHƏT YERİ VAR Kİ, GÜNÜ 70-90 DOLLARADIR

İstirahətə gedənlər bir az ucuz başa gəlsin deyə, turizm bölgələrində şəxsi evlərdə də dincəlməyə üstünlük verirlər. Nabran sakini Kamal Əliyev də hər yay gələndə evini kirayə verib pul qazanacağına görə sevinənlərdəndir:

- Yay fəsli bizim üçün sərfəlidir. İstirahətə gələnlər çoxdur, qalmağa yer istəyirlər. Biz də evi-eşiyi göstəririk. İyundan avqustun axırına qədər evi kirayə veririk. Qiymətə isə yerə, şəraitə görə dəyişir. Elə adam var 10 gün, eləsi var bir ay qalır, pulunu günəmuzd verirlər. Burda istirahət yeri var ki, günü 70-90 dollaradır.

Kamal Əliyev deyir ki, istirahət yerlərindən fərqli olaraq, o evini bir gün üçün 25-30 manata verir.

ƏN YAXŞI HALDA 10-12 ADAMA XİDMƏT GÖSTƏRİRİK

O ki, qaldı Azərbaycandakı istirahət komplekslərinin bahalığına, iş adamı Zülfüqar Qurbanov bunu ölkə iqtisadiyyatının zəifliyi və rəqabətin olmaması ilə izah edir:

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bidirib ki, 10-15 il ərzində ölkə turizmi dünya standartlarına cavab verəcək
- Mən özüm də bizim istirahət yerlərini Antalyanın, Türkiyənin Qara dəniz sahilləri kurortları ilə müqayisə edəndə görürəm ki, bizdə çox bahaçılıqdır. Regionlarda iqtisadiyyat inkişaf etməlidir. Azərbaycanın kənd təsərrüfatı tənəzzüldədir. Əgər biz kənd təsərrüfatı məhsullarını xaricdən gətiririksə, necə ola bilər ki, mənim istirahət yerimdə qiymətlər Türkiyə ilə müqayisədə ucuz başa gəlsin? Ağlabatan deyil. Regionların iqtisadiyyatı inkişaf eləməlidir. Mənim otelimdə bir günün qiyməti 30-80 manatdır. Yer isə 80 nəfərlikdir. Ən yaxşı halda biz 10-12 adama xidmət göstəririk. İstilik, işıq, küləklənmə sistemi, bunlar hamısı xərcdir.

Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev isə bidirib ki, 10-15 il ərzində ölkə turizmi dünya standartlarına cavab verəcək.

Üstəlik, 2010-2014-cü illər üçün turizmi inkişaf etdirməklə bağlı Dövlət Proqramı da qəbul olunub. Yerli sahibkarlar isə deyirlər ki, turizmin inkişafı üçün güzəştli kreditlər ayrılmalı, ilk illər üçün dövlət dəstəyi göstərilməlidir.

Statistik rəqəmlərə görə, keçən il ölkəyə gələnlərin sayı 3 faiz azalsa da, turistlərin sayı 1,5 dəfə artıb.
XS
SM
MD
LG