Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 06:56

Pul olsa, dincəlməyə xaricə gedərik...


Bakıda keçirilən turizm sərgisində bu dəfə 20 xarici ölkə və Azərbaycanın əksər bölgələri təmsil olunur

Bakıda keçirilən turizm sərgisində bu dəfə 20 xarici ölkə və Azərbaycanın əksər bölgələri təmsil olunur

«Azərbaycanın gözəl yerləri çoxdur. Ancaq soruşdum, qiymətlər çox bahadır. Dedilər ki, bir günü 300 manata olan da var. Görürəm ki, çox bahadır...».

Hər il Türkiyə kurortlarında dincələn İnarə Əliyeva deyir ki, bu dəfə Azərbaycanın istirahət yerlərinə getmək istəyirmiş. Bakıda keçirilən turizm sərgisinə gəlib. Ancaq eşitdiyi qiymətdən sonra fikrindən danışıb. Deyir ki, Türkiyədə istirahət etmək ona daha ucuz başa gəlir.

BİR GÜN ÜÇÜN QİYMƏT 30-50 MANATDIR. 120-150 MANATA OLAN DA VAR

Bakıda keçirilən turizm sərgisində bu dəfə 20 xarici ölkə və Azərbaycanın əksər bölgələri təmsil olunur. Yerli turizm bölmələrinin rəhbərləri hərə öz bölgəsini tərifləyir. Quba, Lənkəran, Şamaxı, Şəki, Zaqatala, Qəbələ və başqa rayonların təmsilçiləri rayonlardakı istirahət yerlərində bir nəfər üçün bir günün qiymətinin 30-80 manat olduğunu bildirirlər. Bundan da baha qiymətlər var. Qubanı təmsil edən Elxan Məhərrəmov isə deyir ki, qiymət elə də baha deyil:

«Ümumilikdə bir gün üçün qiymət 30-50 manatdır. 120-150 manata olan da var. Qubanın mənzərəsi, təbiəti heç də xarici ölkələrdən geri qalmır».

Zaqataladan olan iş adamı Zülfüqar Qurbanov isə etiraf edir ki, yerli bazarda qiymətlər bahadır. O bunun səbəbini iqtisadiyyatın zəifliyi və rəqabətin olmaması ilə izah edir:

BİZDƏ ÇOX BAHAÇILIQDIR

«Təkcə mehmanxanalar tikib sərgilər keçirməklə iş bitmir. Bununla turizmi inkişaf etdirmək olmaz. Əhalinin yaşayış səviyyəsi bu işdə çox böyük rol oynayır.
Sərginin Türkiyəyə aid hissəsində isə daha qələbəlik vardı
Biz bu sahədə çətinlik çəkirik. Mən özüm də bizim istirahət yerlərini Antalyanın, Türkiyənin Qara dəniz sahilləri kurortları ilə müqayisə edəndə görürəm ki, bizdə çox bahaçılıqdır. Regionlarda iqtisadiyyat inkişaf etməlidir. Azərbaycanın kənd təsərrüfatı tənəzzüldədir. Əgər biz kənd təsərrüfatı məhsullarını xaricdən gətiririksə, necə ola bilər ki, mənim istirahət yerimdə qiymətlər Türkiyə ilə müqayisədə ucuz başa gəlsin? Ağlabatan deyil. Regionların iqtisadiyyatı inkişaf eləməlidir. Mənim otelimdə bir günün qiyməti 30-80 manatdır. Yer isə 80 nəfərlikdir. Ən yaxşı halda biz 10-12 adama xidmət göstəririk. İstilik, işıq, küləklənmə sistemi, bunlar hamısı xərcdir».

Yəqin elə bu bahaçılığa görə idi ki, sərgidə xarici turizmin nümayiş olunduğu guşədə daha çox adam var idi:

- Xarici ölkələr maraqlıdır.

- Qiymətlər də pis deyil, Pulum olsa dincəlməyə xaricə səyahət edəcəyəm...

TÜRKİYƏDƏ BİR HƏFTƏYƏ 500 MANATA DİNCƏLMƏK OLAR

Sərginin Türkiyəyə aid hissəsində isə daha qələbəlik vardı. Türkiyə istirahət yerlərində bir həftəyə 500 manata da dincəlmək olar.

Elə köhnə azərbaycanlıların yaxşı tanıdığı Yessentuki-Kislovodsk şəhərlərindəki qiymətlər də Azərbaycandakı istirahət yerlərinin qiymətindən baha deyil. Bu şəhərlərdəki qiymətləri Qoşqar Xankişiyev təqdim edir:

«İntredil İndia» şirkətinin təmsilçisi Sevinc İslamova
«Bir adam üçün bir günlük qiymət 70-80 manat arasındadır. Bura gündə 3 dəfə müalicəvi yemək, müalicənin özü və sanatoriyada qalmaq xərcləri daxildir. Təyyarə bileti, gediş-gəliş 315 manatdır».

AZƏRBAYCANLILAR ƏSASƏN DƏNİZKƏNARI ŞƏHƏRLƏRƏ GEDİRLƏR

«İntredil İndia» şirkətinin təmsilçisi Sevinc İslamova isə hətta uzaq Hindistandakı qiymətin də sərfəli olduğunu deyir:

«Azərbaycanlılar əsasən Qua ştatı, dənizkənarı şəhərlərə, Dehliyə - Tac Mahala gedirlər. Bir həftəlik qiymət 1500 manatdır. Bura otel xərcləri, 3 dəfə yemək, təyyarə bileti daxildir».

Azərbaycanın Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bidirib ki, 10-15 il ərzində ölkə turizmi dünya standartlarına cavab verəcək. 2010-2014-cü illər üçün turizmi inkişaf etdirməklə bağlı Dövlət Proqramı da qəbul olunub. Yerli sahibkarlar isə deyirlər ki, turizmin inkişafı üçün güzəştli kreditlər ayrılmalı, ilk illər üçün dövlət dəstəyi hiss olunmalıdır. Statistik rəqəmlərə görə, keçən il ölkəyə gələnlərin sayı 3 faiz azalsa da, turistlərin sayı 1,5 dəfə atıb.

Şərhləri göstər

XS
SM
MD
LG