Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:42

«Eynulla Fətullayevin bildikləri onun həyatı üçün təhlükədir»


Eynulla Fətullayev «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru idi. Ona 2007-ci ildə üst-üstə 8.5 il iş veriblər

Eynulla Fətullayev «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru idi. Ona 2007-ci ildə üst-üstə 8.5 il iş veriblər

ATA FƏTULLAYEV: «EYNULLA ÇOX MƏLUMATI BİLİR»

«Eynulla çox məlumatı bilir, istəmirlər də, onu bayıra buraxmaq istəmirlər. Elmarı niyə öldürdülər?! Bu da onun həmkarıdır da...»

Həbsdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev istisna etmir ki, oğlunu hakimiyyətdəkilərin sirrini aça biləcəyindən ehtiyat edib öldürə bilərlər.

Ata Fətullayev deyir ki, hakimiyyətdəki bəzi qüvvələr narahatdır ki, Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevə bəraət verər.

Ona qarşı sui-qəsdin hazırlandığını Eynulla Fətullayev özü də iddia edir. Həbsdən hüquq-mühafizə orqanlarına və beynəlxalq jurnalist təşkilatlarına ünvanladığı müraciətdə Fətullayev deyir:

«Vaxtilə Elmar Hüseynovu qətlə yetirmiş, Bahəddin Həziyevin və Aqil Xəlilin həyatına sui-qəsd etmiş, Ruslan Bəşirlinin şousunu tamaşaçıya təqdim etmiş, general Rail Rzayevi güllələmiş bu cinayətkar dəstə yeni zorakı aksiyaya hazırlaşır».

EYNULLA FƏTULLAYEV KİMİN ADINI ÇƏKİR?

Emin Fətullayev
Eynulla Fətullayev martın 1-də yaydığı apelyasiya müraciətində iddia edir ki, onu Elmar Hüseynovun qatillərinin izinə düşdüyünə görə tutublar:

«Qətlin təşkilatçılarının izlərini aşkar edib, bütün şübhələrin bir şəxsin – MTN zabiti Akif Çovdarovun ətrafında dolaşdığı qənaətinə gəldim».

Müraciətin başqa bir yerində isə Fətullayev deyir:

«Təqribən dekabrın ortalarında cəzaçəkmə müəssisəsində yenidən Akif Çovdarov, Dağbəyi Allahverdiyev, zonun kuratoru Cavanşir (soyadını bilmirəm) və digərləri peyda oldular. Onların daha aşağı ranqlı əməkdaşları isə yaşayış hissədə yerləşən əməliyyat şöbəsində hansısa iclasda iştirak etmişdilər. MTN-çilərin cəzaçəkmə müəssisəsində birdən-birə peyda olması diqqətimi cəlb etmişdi. Onları özüm əməliyyat şöbəsində görmüşdüm».

Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Fətullayevin dediklərinin tamamilə əsassız olduğunu bildirir.

«Onun dediklərinin heç bir əsası yoxdur. Eynulla Fətullayevlə bağlı bildiyimə görə istintaq gedir və biz onun dediklərini şərh etmək istəmirik».

Eynulla Fətullayev həmin apelyasiya müraciətində deyir ki, Bakı İstintaq Təcridxanasında onun təhlükəsizliyi başqa dustaqlardan daha çox qorunur və bu da real təhlükədən xəbər verir. Kameranın yemək verilən pəncərəsi qaynaqlanıb, onunla ancaq bir zabit ünsiyyət saxlaya bilir.

Rauf Mirqədirov
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov Eynulla Fətullayevin həbsxana şəraiti ilə bağlı dediklərini təkzib edir:

«Onun burada təhlükəsizliyi tam şəkildə təmin olunub və hansısa əlavə tədbirə heç bir ehtiyac yoxdur».

Eynulla Fətullayev üçün təhlükə nə dərəcədə realdır? Keçən ay Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Bakıda mətbuat konfransında demişdi ki, Eynulla Fətullayevin həyatı üçün çox qorxur.

Azərbaycanda siyasi təhlilçilər bu haqda ancaq ehtimal yürüdürlər. «Ayna –Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirovun fikirləri:

«Mən düşünürəm ki, Eynulla Fətullayev belə bir məlumata malik ola bilər. O işarə edir ki, nə isə bilir. O, Elmar Hüseynovun qətli ilə bağlı bildiklərinin detallarını açıqlamır. O, dediklərindən daha çox şey bilir. Mən istisna etmirəm ki, bildikləri onun həyatı üçün təhlükədir».

MTN-in sabiq əməkdaşı, «Şərq-Qərb» Araşdırmaları Mərkəzinin sədri Ərəstun Oruclu isə hesab edir ki, Eynulla Fətullayev indi hakimiyyət daxilində qruplaşmalar üçün vasitəyə çevrilib:

«Eynullaya problem yaratmaqla, ona təzyiq etməklə, hətta onu aradan qaldırmaqla bir qruplaşma digər qruplaşmaya problem yaradır. Bu işdə adı ictimailəşən qurum MTN-dir. Yəni, Eynullaya bir şey olsa, MTN üçün problem yaranacaq, deməli,
Ərəstun Oruclu
Eynullaya təzyiq edənlər MTN-ə əks qütbdə dayananlar ola bilər».

BAŞ VERƏNLƏRƏ SİYASİ HAKİMİYYƏTİN REAKSİYASI

Eynulla Fətullayev apelyasiya müraciətində yazır ki, Penitensiar Xidmətin rəhbərliyi ona bildiriblər ki, prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı tənqid etməyəcəyinə təminat versə, onu buraxarlar. Fətullayev bildirir ki, o, bu təklifdən birmənalı imtina edib və ilk işinin prezidenti tənqid etmək olacağını bildirib.

Dərc olunduğu ilk aylarda Eynulla Fətullayevin sahibi olduğu «Realnı Azerbaydjan» qəzeti bəzi məmurları tənqid edirdi, prezident İlham Əliyev haqqında kəskin tənqid yer almırdı. Mətbuat bu qəzetdə dərc olunan yazıların hakimiyyətdaxili münaqişənin məhsulu olduğu barədə yazırdı. Eynulla Fətullayev «Realnı Azerbaydjan» qəzetinin yayımını bir dəfə dayandırdı. Qəzet yenidən nəşrə başladıqdan sonra isə istisna qoymadan hakimiyyət nümayəndələrinə qarşı tənqidlər dərc edirdi.

Eynulla Fətullayev «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru idi. Ona 2007-ci ildə üst-üstə 8,5 il iş veriblər.

Keçən il dekabrın 29-da Eynulla Fətullayevin şikayətinə Avropa İnsan Haqları Məhkəməsində baxılma ərəfəsində cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb və ona narkotik saxlama ittihamı ilə növbəti cinayət işi açılıb.

Şərhləri göstər

XS
SM
MD
LG