Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:05

Eynulla Fətullayevin açdığı həbsxana sirləri


Eynulla Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilib

Eynulla Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilib

Qaradağ rayon Məhkəməsi «Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin həbsdə olan və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan baş redaktoru Eynulla Fətullayevin saxlanma müddətinin uzadılmasına dair qərar qəbul edib. Eynulla Fətullayev qərarın ləğv edilməsi üçün apellyasiya şikayəti verib. Onun vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, apellyasiya şikayəti martın 1-də Qaradağ rayon Məhkəməsinə təqdim edilib. Qaradağ rayon Məhkəməsi qanuna müvafiq olaraq təqsirləndirilənin şikayətini növbəti iki gün ərzində şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərməlidir.

Eynulla Fətullayev apellyasiya şikayətində hazırda heroin saxlamaqda ittiham olunmasını özünə qarşı hakimiyyətin repressiv planlarının tərkib hissəsi kimi qiymətləndirib. O, şikayətində göstərib ki, jurnalist fəaliyyətinə görə 3 il əvvəl saxta ittihamlarla 8 il 6 ay müddətinə məhkum edilib. 12 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkdiyi müddətdə yenidən təxribatın qurbanı olub. Barəsində üstündən heroin tapılması ilə bağlı qurama və sifarişli ittiham irəli sürülüb. Jurnalist baş verənlərin arxasında dayananları apellyasiya şikayətində belə qələmə alıb:

EYNULLA FƏTULLAYEV: «HƏR ŞEY ONDAN BAŞLADI Kİ...»

«Bu il iyulun sonunda Penitensiar Xidmətin rəhbərliyi, konkret olaraq Nazim Ələkbərov və Mahir Musayev vəkilim İsaxan Aşurovla görüşərək, onun vasitəsilə mənə prezidentə əfv haqqında ərizə yazmaq təklifi ilə müraciət etdilər. Onların iddiasına görə, Strasburq məhkəməsində hökumətin ehtimal olunan məğlubiyyətindən narahat olan iqtidarın başında duran şəxs məni azadlığa buraxmaq qərarına gəlib. Lakin ilkin şərt kimi öz səhvlərini etiraf etməklə, İlham Əliyevi və Mehriban Əliyevanı tənqid etməyəcəyimə təminat verməli və ya ölkəni tərk etməyə zəmanət verməliyəm. Vəkilimlə atam - Emin Fətullayev yanıma gələrək bu şərtləri mənə çatdıraraq, müzakirə açmaq niyyətlərini bildirdikdə, dərhal rədd cavabını verib, gələcək fəaliyyətimdə tənqidin məhz İlham Əliyevdən başlanmasının vacibliyini vurğuladım və mövzuya nöqtə qoydum. Görüş başa çatdıqdan sonra rəis A. Ağayevin qəbuluna gedərək Nazim Ələkbərovun bu tipli təkliflərlə çıxış etməsinə lüzum görmədiyimi dedim. Bundan iki həftə sonra oxşar təkliflər başqa yuxarı vəzifəli şəxslər tərəfindən səslənsə də, onları yenə də rədd etdim. Təklif müəlliflərinə Strasburq məhkəməsinin qərarını səbirlə gözləməyi arzu etdim».

MEHMAN SADIQOV: «ƏSASSIZ İTTİHAMDIR»

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovsa Eynulla Fətullayevin ittihamlarını əsassız hesab edir:

«Penitensiar Xidmətin yüksək vəzifəli şəxsləri heç vaxt heç bir məhkuma belə bir müraciət etməyiblər. Heç kimdən də belə xahiş olunmayıb ki, kimsə əfv ərizəsi yazsın. Bu, hər bir məhkumun öz hüququdur və onun öz işidir».

YOXA ÇIXAN ƏLYAZMALAR

«Bütün problemlərim və çətinliklərim də məhz bundan sonra başladı. Sentyabrın sonunda məni həbsxanada ziyarət etməyə gəlmiş ATƏT-in söz azadlığı üzrə müvəkkili M.Haraştini müşayiət edən hüquq müdafiəçisi Elçin Behbudovun da iştirak etdiyi görüşdə həbsxana həyatım və ölkədə son illər ərzində baş verənlər haqda qələmə aldığım kitabın 1-ci cildini yaxın vaxtlarda nəşr etdirmək fikrində olduğumu bildirdim. Hazırda isə kitabın 2-ci cildi üzərində işlədiyimi dedim. M.Haraşti bunu böyük maraqla qarşıladı və lazımi köməkliyi əsirgəməyəcəyini dedi. Görüşdən təqribən 3 gün sonra, oktyabrın 2-də yaşadığım baraka əməliyyat şöbəsinin rəisi K.Şirinov, rejim xidmətinin rəisi A.Əhmədov və digərləri daxil olaraq şəxsi əşyalarımı axtarmağa başladılar və əlyazmalarımı tapdılar.

500-dən artıq səhifədən ibarət əlyazmalarımı müdafiə etməyə hər vəchlə çalışsam da, əməliyyatçılar rəisin göstərişini əsas gətirib mübahisəni onun otağında çözməyi təklif etdilər. Rəisin yanına yollandıq. A.Ağayev çox həyəcanlı və qəzəbli idi. Lakin mənə bildirdi ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi mənim yaradıcılıqla məşğul olmağıma etiraz etmir, sadəcə, Elçin Behbudovun kitab yazmağım haqda MTN-ə verdiyi məlumatdan sonra yuxarıda gərginlik yaranıb və məsələnin araşdırılması Ədliyyə Nazirliyinin rəhbərliyinə həvalə olunub. Ədliyyə Nazirinin müavini isə rəisə zəng edərək əlyazmaların müsadirəsinə göstəriş verib».

MEHMAN SADIQOV: «EYNULLA FƏTULLAYEVİN HEÇ BİR ƏLYAZMASI OLMAYIB»

«Onun heç bir əlyazması olmayıb. Əgər öz düşüncələri barədə, yaxud gördükləri barəsində yazırsa, biz heç vaxt ona məhdudiyyət qoymuruq. Onun hansısa əlyazmalarının götürülməsi və yaxud məhv edilməsi həqiqətə uyğun deyil. Siz Eynulla Fətullayevi gözəl tanıyırsınız, milçəkdən fil düzəldən bir adamdır, əgər əlyazmaları götürülmüşdüsə, o, bu vaxta kimi niyə susurdu. Necə oldu ki, bu məsələ indi gündəmə çıxdı. Hansı əlyazmalardan danışmaq olar».

ELÇİN BEHBUDOV KİTAB BARƏDƏ SÖHBƏTİ TƏSDİQLƏYİR. AMMA...

Hüquq müdafiəçisi Elçin Behbudov Miklos Haraşti ilə bərabər Eynulla Fətullayevlə görüşünü və orada kitab barədə söhbət etdiklərini təsdiqləyir. Amma Eynulla Fətullayevin kitab yazmağı haqda MTN-ə məlumat verməsi barədə deyilənləri təkzib edir. «Mən Eynulla Fətullayevin hüquqlarını müdafiə edirəm. Mən MTN işçisi deyiləm. Bir də ki, Eynulla Fətullayev ovcunu iyləyib ki, bunu MTN-ə mən demişəm? Bəlkə söhbətimizə qulaq asıblar?»

EYNULLA FƏTULLAYEV: «DEDİLƏR NAZİR MÜAVİNİ DEYİR SƏNDƏ NARKOTİK VAR»

«Mən müsadirə haqda müvafiq aktın tərtib edilməsini tələb etsəm də, rədd cavabını aldım. Ertəsi gün vəkilimi dəvət edərək onu baş vermiş qanun pozuntusu ilə bağlı müzakirə apararaq beynəlxalq təşkilatların nümayəndəliklərinə məlumat vermək qərarına gəldik. Qənimət Zahidin məhv edilmiş əlyazmaları ilə bağlı acı təcrübədən çıxış edərək müvəqqəti olsa da məsələnin ictimailəşdirilməsinin uğurlu variant olmadığı qənaətinə gəldik. Vəkilim əlyazmaların qalmaqalsız, danışıq yolu ilə çözülməsini təklif etdi. Mən yenə də A.Ağayevlə görüşüb məsələni müzakirə etdim. Xahiş etdim ki, əlyazmalarımı qalmaqalsız qaytarsın və bunun müqabilində daha yazmayacağıma söz verdim. A.Ağayev isə mənə bunları söylədi: «İstəyirsən yeni bir iş açsınlar? Yaza-yaza gəlib bura çıxmısan. Etmə bunu. Başqa şeylər də var. Nazir müavini mənə dedi ki, hara baxırsınız? Eynulla orada narkotiklər qəbul edir». Rəisin son kəlməsi məni hövsələdən çıxarıb etirazıma səbəb oldu: «Siz nə danışırsınız? Hansı narkotik? Mən heç vaxt narkotik qəbul etməmişəm və bizim müəssisədə narkotik yoxdur. Siz ki, bunu bilirsiniz». Rəis güldü, sonra davam etdi: «Əlbəttə bilirəm. Mən də rəis müavininə dedim ki, artıq bu Eynullaya yox, mənə ilişməkdir». Bu dialoq lap məni narahat etdi. Yeni təxribat hazırlanacağı ehtimalından şübhələnib, rəisin mənə nəql etdiyi nazir müavini ilə onun dialoqu haqda İ.Aşurova danışdım. Sonra yanıma gələn atamla da narahatçılığımla bölüşdüm.

Rəisin yanına gedib nazir müavini ilə onun dialoqundan bərk narahat olmağımdan gileylənib, bu məsələnin mətbuatda işıqlandırılmasının zəruriliyini danışdım. Rəis çox narahat olub dedi ki, bu etsəm onu pis vəziyyətdə qoyacağam, bu kişilikdən deyil, axı heç bunu mənə deməyə də bilərdi. Düşündüm ki, bu doğurdan da ləyaqətsizlik olardı. Əlyazmalarımı geri istədim, A.Ağayev söz verdi ki, gələn ayın sonuna kimi mütləq qaytaracaq. Bu əlyazmalarda hakim zümrə və Əliyev üsul-idarəsi xeyli tənqid olunmuşdu. Düşünürəm ki, rəis sadəcə vaxt udub əlyazmaların surətini çıxardıb yuxarılara göndərməklə öz missiyasını başa vurdu.

Atam bu məsələni mətbuatda qaldırmağı təklif etsə də, təklifi qəbul etmədim. Çünki bu halda əlyazmalarımın qaytarılmasından daha söhbət gedə bilməzdi».

MEHMAN SADIQOV: «MƏXFİ MƏLUMATI HEÇ KƏS MƏHKUMA BİLDİRMƏZ»

«Bu, cəfəngiyatdır. Bu, ağlasığmaz bir məsələdir. Ümumiyyətlə, bizim cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin müəyyən bir qismi narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhkum olunub. Və onlar kifayət qədər çoxdurlar. 4 minə yaxın belə məhkum var bizim cəzaçəkmə müəssisələrində. Onlarla həm mütəmadi profilaktiki iş aparılır, həm onların ətrafında əməliyyat işi aparılır. Çünki onların bəziləri cəhd göstərirlər ki, cəzaçəkmə müəssisələrin narkotik vasitələr keçirsinlər. Biz də Penitensiar Xidmət olaraq dəfələrlə bəyanatımızda da, açıqlamalarımızda da həmişə demişik ki, təkcə 2009-cu il ərzində 41 belə fakt aşkar olunub. Həm narkotik gətirən vətəndaşlar (təəssüflər olsun ki, onların arasında bizim əməkdaşlarımız da var idi), həm də məhbuslar cinayət məsuliyyətinə cəlb olunublar. Siz özünüz də başa düşürsünüz ki, əgər bu əməliyyat yoluyla əldə olunmuş məlumatdırsa, məxfi həyata keçirilir. Özünüz fikirləşin, nə dərəcədə məntiqə uyğundur ki, hansısa bir məxfi tapşırıq bu və ya digər vəzifəli şəxs alsın və onu məhkuma desin ki, belə bir məsələ var. Tamamilə əsassız bir iddiadır».

EYNULLA FƏTULLAYEV: «MTN İŞÇİLƏRİ HƏBSXANADA»

«Təqribən dekabrın ortalarında c/m-də yenidən A.Çovdarov, D.Allahverdiyev, «zon»un kuratoru Cavanşir (soyadını bilmirəm) və digərləri peyda oldular. Onların daha aşağı ranqlı əməkdaşları isə yaşayış hissədə yerləşən əməliyyat şöbəsində hansısa iclasda iştirak etmişdilər. MTN-çilərin c/m-də birdən-birə peyda olunması diqqətimi cəlb etmişdi. Onları özüm əməliyyat şöbəsində görmüşdüm».

MEHMAN SADIQOV: «5 İLDƏ BELƏ ŞEY GÖRMƏMİŞƏM»

«Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Penitensiar Xidmətin fəaliyyəti ilə bilavasitə heç bir aidiyyəti yoxdur. Hər kəs öz funksiyalarını yerinə yetirir. Onların öz funksiya və vəzifələri var, bizim öz funksiya və vəzifələrimiz. Mən 5 ildir xidmət edirəm, hələ bir dəfə də görməmişəm ki, xüsusi xidmət əməkdaşları gəlim hansısa bir cəzaçəkmə müəssisəsində hansısa bir iclasda iştirak etsinlər. Tamamilə həqiqətə uyğun olmayan bir məsələdir».

EYNULLA FƏTULLAYEV: «AYDA 200 MANAT HAMAMPULU VERİRDİM»

«Mən demək olar, hər gün xaricdən gələn açıqca və məktublarımı təhvil almaq üçün əməliyyat müvəkkili mayor Eldar İsmayılovun yanına gedirdim. Çünki daxili rejim qaydalarına görə, zona daxil olan və c/m-dən ünvanlanan bütün məktublar senzuradan keçməli idi. Eyni zamanda c/m-nin rəisi müstəqil və müxalifət mətbuatını yaşayış massivində oxumağı qadağan etdiyindən tərbiyəvi işlər üzrə şöbə müdiri Heydər Əliyev, «Azadlıq» və «Yeni Müsavat» qəzetlərini oxumaq üçün mənə öz iş otağında şərait yaratmışdı. Onun iş otağı isə K.Şirinovun kabinetinin qonşuluğunda yerləşirdi. Həftənin 3-4 gününü mən H.Əliyevin kabinetində keçirirdim. Mənim gündəlik həyat qrafikim isə çox boz və dəyişməz idi. Sübhdə 7.00-7.30 radələrində (bəzən 8.00-da) oyanıb hamama yollanıb, gödəkcəmi soyunub atelyedə (paltar yuyulan otaqda, daha doğrusu yuyulmaq üçün paltarların təhvil alınıb təhvil verildiyi otaqda) asılqandan asıb, botinkalarımı çıxarıb şəxsi rezindən olan tapıçkalarımı (onlar indiyə kimi həmin yerdə həmin otaqdadır) geyinib 3 saylı hamam nömrəsinin yanında yerləşən tualetə daxil olurdum. Həmin tualetdən 3-4 dustaq istifadə edirdi. Tualetdən istifadə etdiyimə görə hər ay 200 manat rəisin kommersiya məsələləri üzrə təmsilçisi (hamamı, tualeti, kafeni, kinoteatrı, kompyuter klubunu, bilyard və tennis odalarını işlədən, pulyığan) Tariyel Həsənova (o, Rüstəm Behrudinin qardaşını öldürməyə görə məhkum edilib, Heydər Əliyevin dönəmində prezident mühafizəçisi işləyib) şəxsən ödəyirdim. Tualet açarla bağlanırdı, aylıq haqqı ödənildiyinə görə mənə şəxsi açar verilmişdi. Bu tualetdən istifadə etməyimin səbəbi onunla bağlı idi ki, 800-dən artıq dustağın istifadəsinə verilmiş ümumi tualetin cəmi 26 kabinəsi mövcuddur. Kabinələrə su çəkilməyib, üz yumaq üçün isə yer yoxdur və ümumiyyətlə, tualetə daimi növbə var. Kabinələr nəcis və çirkab içindədir, demək olar ki, gündə bir dəfə təmizlənir (saat 17.00-da). Bu da işgəncənin bir növüdür. Beynəlxalq qırmızı xaç cəmiyyətinin müşahidə missiyası, hüquq müdafiəçiləri həyəcan təbili çalıb, tualetə suyun çəkilməsini tələb etsələr də, vəziyyət dəyişməz olaraq qalır. Tualetdən çıxdıqdan sonra mən tualet əşyalarımı – sabun, diş pastası və diş fırçasını atelyedəki rəfə qoyaraq, gödəkcə və botinkalarımı geyinib hər gün saat 9.00-da c/m-nin meydançasında keçirilən yoxlamaya (üstbaxışa və yerbəyerə) yollanırdım».

MEHMAN SADIQOV: «GÜLMƏLİ İTTİHAMDIR»

«Gülməli ittihamdır. Necə yəni rəisin kommersiya məsələləri üzrə təmsilçisi? Heç bir cəzaçəkmə müəssisəsində belə bir vəzifə yoxdur. Mən birinci dəfədir ki, belə bir şey eşidirəm. Cəzaçəkmə müəssisələrində məhkumlar üçün hamam, ayaqyolu, kompüter otaqları, digər istirahət otaqlarının istifadəsi pulsuzdur».

Eynulla Fətullayev cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində narkotik saxlama ittihamı ilə Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun istintaq müddəti bitsə də, fevralın 25-də Qaradağ rayon Məhkəməsi istintaq müddətinin uzadılmasına dair qərar qəbul edib. Eynulla Fətullayev isə qərardan apellyasiya şikayəti verib. Yuxarıdakılardan əlavə, Eynulla Fətullayev apellyasiya şikayətində göstərib ki, fevralın ortalarında Qaradağ rayon prokuroru istintaqın bitməsi barədə Bakı İstintaq təcridxanasına faksla məlumat verib. Bundan sonra heç bir istintaq hərəkəti aparılmayıb. Fevralın 25-də isə ona məlum olub ki, müddət uzadılıb.

DOSYE: Eynulla Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Jurnalist 2005-ci ildə qələmə aldığı «Qarabağ gündəliyi» adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və jurnalist 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Ötən il dekabrın 29-da, Eynulla Fətullayevin şikayətinə Avropa İnsan Haqları Məhkəməsində baxılma ərəfəsində cəza çəkdiyi 12 saylı Cəzaçəkmə Müəssisəsində jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Jurnalistə Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) yeni cinayət işi açılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG