Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:06
Jurnalistləri həbs etdirməyi senzuranın bir forması kimi istifadə edən İlham Əliyev hökuməti regionun ən çox jurnalist tutduran iqtidarıdır. Bu azmış kimi, rəsmilər yerli və beynəlxalq qurumların çağırışlarına baxmayaraq, həbsdə olan yaşlı bir jurnalisti vaxtında müalicə etməyərək, onun ölümünə də göz yumublar.

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda 2009-cu ildə söz azadlığının durumuyla bağlı hesabatı belə başlayır.

Hesabatda daha sonra qeyd olunur ki, 30 il Azərbaycana rəhbərlik edən atasından hakimiyyəti təhvil alan İlham Əliyevin prezident olduğu ölkədə siyasi fəallar və müstəqil fikirli adamların səsi onsuz da yaxşı batırılırdı. 2009-cu ilin martında, ömürlük prezident olmaq üçün Konstitusiyanı dəyişəndən sonra bu təzyiqlər daha da artıb.

MÜSTƏQİL TV VƏ RADİOLAR ARTIQ YOXDUR, OLANLAR DA EŞİDİLMİR


Hələ referenduma kimi Azadlıq, Amerikanın səsi və BBC radiolarının, xüsusən də FM tezliyində yetərincə populyar olan AzadlıqRadiosunun yayımının dayandırılması ölkədə müstəqil informasiyaya çatımı məhdudlaşdırıb.

Eynulla Fətullayev və Qənimət Zahid kimi redaktorlar həbsdə qaldı
Ölkədəki bütün televiziyalar hökumətin nəzarəti altındadır, yeganə ümummilli yayımı olan müstəqil telekanal ANS olsa da, 2006-cı ildə bir müddətliyinə lisenziyası alınandan sonra onlar da artıq tənqidi fikirlərə yer vermir.

QƏZETLƏR VƏ JURNALİSTLƏR SUSDURULUB

Hesabata görə, qəzetlərin dövriyyəsi çox aşağıdır və ictimai fikrə təsir imkanları zəifdir. Amma məmurların böhtan və təhqir kimi ittihamlarla jurnalistləri cinayət məsuliyyətinə cəlb etməsi və maddi cərimələr üzündən Azərbaycanda ancaq barmaqla sayılacaq qədər düşündüyünü yaza bilən jurnalist qalıb. Xüsusən də prezident Əliyev və ailəsi haqda.

TƏNQİDİ FİKİR ÖLÜMƏ SƏBƏB OLUR

Jurnalistləri Müdafiə Komitəsinin fikrincə, 2009-cu ilin avqustunda hakimiyyətin tənqidi fikirlərə qarşı dözümsüzlüyü ən amansız həddə çatıb. «Talışi Sədo» qəzetinin redaktoru, 10 il həbs cəzası alan Novruzəli Məmmədov cəzasının 2 ilini çəkəndən sonra ağırlaşan xəstəlikdən vəfat etməsi buna nümunədir. Jurnalistin yaxınları və hüquq-müdafiəçiləri onun xəstəliyinin ağır rəftar üzündən ağırlaşdığını bildirsələr də, rəsmilər vaxtında redaktoru həbsdən azad etmək və ya müalicəsinə icazə verməklə bağlı çağırışlara məhəl qoymadılar. Və 68 yaşlı jurnalist həbsxanada dünyasını dəyişdi.

HƏBSXANALARDA JURNALİST ƏSKİK OLMUR

İl ərzində «Azadlıq» qəzetinin jurnalisti Sakit Zahidov, «Təzadlar» qəzetindən Asif Mərzili və «İdeal» qəzetindən Əli Həsənov azadlığa buraxılsa da, Beynəlxalq Mətbuat Azadlığı mükafatının sahibi Eynulla Fətullayev və Qənimət Zahid kimi redaktorlar həbsdə qaldı.
Noyabr ayında Emin Milliylə Adnan Hacızadə 2 il və 2 il yarım həbs cəzası alıblar
Onlara qarşı il ərzində müxtəlif yeni iddialar irəli sürülməklə həbs müddətlərini uzatmağa və vaxtından əvvəl azadlığa çıxmalarının qarşısını almağa cəhdlər davam edir. Bundan başqa, il ərzində bir sıra başqa jurnalistlər də müxtəlif iddialarla fərqli müddətlərə həbs olundu.

BLOQQERLƏRİN HƏBSİ

İyul ayında bloqqerlər Emin Milli və Adnan Hacızadə də xuliqanlıq ittihamıyla həbs edildi. Ancaq istər yerli, istərsə də beynəlxalq institutların nümayəndələri bu ittihamların qurama olduğuna inanır və həbsin bilavasitə bloqqerlərin yerləşdirdiyi «Eşşək» videosuyla bağlı olduğunu düşünür. Noyabr ayında Emin Milliylə Adnan Hacızadə 2 il və 2 il yarım həbs cəzası alıblar.

NAXÇIVANDAN XƏBƏR VERMƏK XÜSUSİLƏ RİSKLİDİR

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin ötən illə bağlı hesabatında Naxçıvan Muxtar Respublikasında söz azadlığının durumuna da toxunulur. Hesabatda qeyd olunur ki, Ermənistan, İran və Türkiyə arasındakı bu yerdən xəbər vermək çox riskli iş olaraq qalır. Ancaq bir-iki müstəqil jurnalist burda baş verənləri işıqlandırır. Amma yerli polis və məmurlar agentlər tərəfindən daim təzyiqlərlə üzləşirlər. Üstəlik, 2009-cu ilin fevralında Naxçıvana səfər edən «Zerkalo» qəzetinin müxbiri İdrak Abbasov kimi gəlmələr də burdan məlumat toplayarkən zorakılığa məruz qalırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG