Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:50
- Qardaş, mən başımı verərəm, əgər Ərçivan kəndindəki 6 məntəqədən birində protokollarla, bülletenlərin sayı üst-üstə düşsə. Mən onda həyatımı verməyə hazıram…

71 saylı Masallı Kənd Seçki Dairəsində Ərçivan bələdiyyəsinə namizədliyini vermiş Müsavat Partiyası yerli təşkilatının sədri Ramiz Abdulla belə deyir. O bildirir ki, Ərçivan kəndindəki 6 məntəqənin 5-də böyük səs çoxluğu qazanıb. İndi məlum olur ki, dairə seçki komissiyalarında başqa namizədlərin səsləri süni şəkildə şişirdildiyindən o bələdiyyə üzvü seçilə bilmir.

KİMİN SƏS TOPLAMASI YOX, SƏSLƏRİ KİMİN SAYMASI ÖNƏMLİDİR

Maraqlıdır ki, məntəqə komissiya üzvlərinin bəziləri də seçkidə Ramiz Abdullanın böyük səs üstünlüyü əldə etdiyini etiraf edirlər. Onlardan biri, 1 saylı məntəqənin üzvü Şərif Neftullayev üstəlik dairə seçki komissiyasında protokollarda rəqəmlərin dəyişdirilməsinə təəccübünü gizlətmir:

- Məni Ramiz müəllimin seçilib-seçilməməsi narahat etmir. Bu, kəndə hörmətsizlikdir. Seçkiyə qız-gəlin gəlmişdi, arvad-uşaq gəlmişdi. Onda biz bu seçkini niyə keçirirdik? Mən 92-ci ildə Naxçıvana gedib, Heydər Əliyev partiyasına üzv yazılmışdım, deməli, biz indi heç kimik də?

7 SƏS, 217 SƏSƏ NECƏ ÇEVRİLİR?

107 saylı Qazax Seçki Dairəsində Canəli bələdiyyəsinə namizədliyini verən Yusif Məmmədov da özünü protokolların dəyişdirilməsinin qurbanı sayır.
Natiq Məmmədov
Onun deməsinə görə, dairə seçki komissiyasında opponentlərin topladığı səslər şişirdildiyindən onun qələbəsi təmin edilmir:

- Belə ki, 7 səs qazanmış adamın səsini dəyişib 217 ediblər.

Oxşar iddialara ölkənin başqa bir çox dairələrində də rast gəlmək olur. Şikayətlərdə bir qayda olaraq iddia edilir ki, rəqəmlərin şişirdilməsi ilə bağlı müraciətlərə dairələrdə artıq heç bir reaksiya verilmir. Həm Masallı, həm də Qazax Seçki Dairələri ilə telefonla əlaqə saxlamağa cəhd göstərsək də, oradan bir dəfə də olsun dəstəyi qaldıran olmadı.

Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov isə deyir ki, indi bunu təbii qarşılamaq lazımdır. Çünki əksər dairə seçki komissiyalarının sədr və katibləri nəticələri onlara təqdim etmək üçün Bakıya gəliblər.

Natiq Məmmədov deyir ki, vaxtında və qanunauyğun tərtib edilən bütün şikayətlər araşdırılacaq:

- Ancaq kiminsə ehtimalı üzrə, qanunsuz nəyisə edəcəyimizi düşünmək düzgün olmazdı.

«Ümid» Partiyasının sədri İqbal Ağazadə isə deyir ki, dairələrdə protokolların dəyişdirilməsi bu seçkilərin çox həlledici göstəricilərindəndir. Seçki ərəfəsi və səsvermə günü pozuntularla hakimiyyət strukturları məqsədlərinə tam çatmadıqlarından bu ənənədən geniş istifadə edirlər.

İqbal Ağazadə deyir ki, hər bir dairədə seçiləcək şəxslərlə bağlı əvvəlcədən siyahılar olur. Bu siyahılar bütün məntəqələrə göndərilir və orada hər bir şəxsin nə qədər səs almalı olduğu əks edilir.
İqbal Ağazadə
İqbal Ağazadənin fikrincə, verilən göstərişdə qeyd edilir ki, məntəqələrdə protokollar həmin rəqəmlərə uyğunlaşdırılmalıdır, əks halda dairələrdə protokollar dəyişdirilir:

SEÇKİ SİSTEMİ SIRADAN ÇIXIR?

- Çox təəssüf ki, Azərbaycanda seçki sistemi tədricən sıradan çıxır. Müsavatın, «Ümid»in qələbə çalmaması faciə deyil, faciə seçki sisteminin sıradan çıxmasıdır. Çünki əhali daha seçki yolu ilə hakimiyyətin formalaşdığına inanmır. Nəticədə seçkiyə inam azalır. Buna görə də biz artıq seçkiyə nəzarəti təmin edə bilmirik…

Əslində, Azərbaycandakı seçkilərdə protokolların dəyişdirilməsi ilə bağlı iddialar yenilik deyil. Hələ 1998-ci ilin prezident seçkilərində AMİP sədri Etibar Məmmədov protokolların mətbuatda dərc olunmasını tələb edəndə onun istəyinin arxasında məhz bu iddialar dayanırdı. Əllərində təqribən protokolların 30 faizinin olduğunu iddia edən Etibar Məmmədovun sözlərinə görə, əgər hakimiyyət protokolları mətbuatda dərc etsəydi, onların sonradan dəyişdirildiyi üzə çıxardı. Ancaq o vaxt AMİP-in israrlarına baxmayaraq, hakimiyyət protokolları mətbuatda dərc etmədi.

Şərhləri göstər

XS
SM
MD
LG