Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:41

«50-dən çox polis gəldi, bülletenləri götürüb getdilər…»


Bələdiyyə seçkilərində əhalinin 32 faizi iştirak edib

Bələdiyyə seçkilərində əhalinin 32 faizi iştirak edib

«KOMİSSİYA SƏDRİNİ GÖTÜRÜB GETDİLƏR»

«Səsvermə qurtardı. Saat 19.00-da qapını bağladılar, sayılma gedə-gedə 50-dən artıq polis gəldi, camaatı qovdular, bütün bülletenləri qoydular maşının arxasına, çıxıb getdilər. Heç bir komissiya üzvü qol çəkməyib, ancaq komissiya sədrini götürüb getdilər».

AzadlıqRadiosuna zəng vuran YAP üzvü Yusif Qasımovun sözlərinə görə, müstəqil şəkildə 93 saylı Bərdə Şəhər Seçki Dairəsindən bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. Dekabrın 23-də səhər saat 8-də həmin dairənin 20 saylı məntəqəsində başlanan səsvermə sona qədər tam demokratik keçib.

«Ancaq səsvermə başa çatandan sonra məntəqə sədri polis işçilərini məntəqəyə dəvət olunub. Polis işçiləri səslərin sayılmasına imkan verməyiblər. 33 namizədin, müşahidəçilərin və seçki məntəqə komissiyası üzvlərinin etirazlarına baxmayaraq bülletenləri də götürərək məntəqə sədri Sənan Vəliyevlə birlikdə məntəqədən çıxıblar».

DSK SƏDRİ POLİSİN SEÇKİYƏ MÜDAXİLƏSİNİ «NORMAL HAL» SAYDI

93 saylı Bərdə Şəhər Seçki Dairəsinin sədri Şakir Əliyev AzadlıqRadiosuna faktı təsdiqləyib. Baş verənlər barədəsə bunları deyib:

- Polislər 20 saylı məntəqədən seçki qutularını hara aparıblar?

- Başa düşmədim, bəs seçki qutusunu hara apara bilərlər ki? 20 saylı məntəqədə tayfa davası düşüb. Tayfa davası düşəndə nağayrmalıdılar ki?

- Polis kim tərəfindən çağırılıb məntəqəyə?

- Məntəqənin sədri tərəfindən, kim tərəfindən çağırılacaq ki? Məntəqənin sədri də böyrümdədi. Hələ onunla əlaqədar bütün komissiya üzvlərini yığmışıq bura.

- Bəs orda dediyiniz münaqişəni konkret kim yaradıb?

(Dairə sədri sualı cavablandırmaqdan belə yayınır): - Elə indicənə məntəqənin sədrini çağırmışam, gəlib oturub böyrümdə.

- Seçki qutuları hardadır indi?

- Nətəhər, seçki qutusu harda olacaq, saydıqları yerdə dava düşüb, yığışdırıb götürüb gəliblər bura.

- Məntəqə sədri kimdir orda?

- Vəliyev Sənan.

- Bəs Salmanov Əfqan kimdir?

Şakir Əliyev bildirir ki, Salmanov Əfqan 20 saylı seçki məntəqəsinin sədri olub. Ancaq namizədlərdən biri ilə qohumluq əlaqəsi olduğuna görə seçki günü yerini 23 saylı seçki məntəqəsinin sədri Sənan Əliyevlə dəyişiblər.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, 93 saylı DSK-nın 20 saylı seçki məntəqəsində baş verənlər nəinki seçki pozuntusudur, hətta cinayət işi başlanması üçün ciddi əsasdır
- Zəhmət olmasa telefonu məntəqə sədrinə verin, onunla danışım.

«POLİS GƏLMƏSƏYDİ, PİS GÜNƏ QALMIŞDIM»

Şakir Əliyev telefonu məntəqə sədri Sənan Əliyevə ötürür. Söhbəti Sənan Əliyevlə davam etdiririk:

- Sənan müəllim, sizin məntəqədə nə baş verib?

- Bu gün bizim məntəqədə səsvermə prosesində qarşıdurma olduğuna görə, mümkünsüz bir variant yarandı. Polisin gəlməyi olmasaydı pis günə qalmışdım.

- Nə baş vermişdi, sizə hücum etmişdilər, yoxsa qutuları götürüb qaçırdılar?

- Mən məcbur idim ki, qutuları götürüm çıxım. Çünki gördüm ki, münaqişə getdikcə bərkiyir, içəridə səs-küy yaranır. Məntəqə dağılmaq vəziyyətinə gələcəkdi. Ona görə də mən polisi çağırıb müdaxilə elətdirdim ki, məni ordan çıxartsınlar.

- Asayişi pozanlar harasa aparıldılar, məsələn, polisə?

- Qoy verim özünə....

Məntəqə sədri telefonu DSK sədrinə qaytarır. Ona görə də sualları onunla davam etdirməli oluruq:

- Polis o zaman çağırılır ki, artıq vəziyyət son həddə çatıb.

- Çöldə dava düşüb əvvəldən, qızışıb giriblər içəri. İçəri girəndə bunlar da bülleteni sayırmışlar. Dava düşəndə bunlar da məcbur olub polisi çağırıb. Dediyinə görə, hələ bunun özünü (məntəqə sədri nəzərdə tutulur) döyürmüşlər orda.

- Döyülmə faktı ilə bağlı həmin adamlar polisə aparılıb?

- Yox. İndi elə ona görə çağırmışam, nə bilim, bəlkə elə mənim məntəqə sədrim yalan danışır.

POLİS BÜLLETENƏ ƏL UZADIBSA, NƏTİCƏLƏR LƏĞV OLUNMALIDIR


Məsələyə hüquqşünas rəyi öyrəndik. Hüquqşünas Ələsgər Məmmədli deyir ki, 93 saylı DSK-nın 20 saylı seçki məntəqəsində baş verənlər nəinki seçki pozuntusudur, hətta cinayət işi başlanması üçün ciddi əsasdır. Əgər polis bülleten qutusuna əl uzadıbsa, artıq həmin məntəqədəki səsvermənin nəticəsi sözsüz ləğv olunmalıdır. Məntəqə sədri buna şərait yaratdığına görə məsuliyyət daşıyır. Prosesdə iştirak etmiş polis əməkdaşları isə artıq birbaşa cinayət məsuliyyəti daşıyırlar:

«Asayiş pozuntusu ciddi hal olduğu zaman məntəqə sədri polis dəvət edə bilər. Polis gəldiyi andan etibarən orada səsvermə prosesi, yaxud bu proses bitibsə səslərin sayılması prosesi gedirsə, o proses dayandırılır, ta ki, asayiş bərqərar olunana qədər. Polis müdaxilə edib, 2 saat ərzində də orda asayişi bərqərar edə bilməyib, qutunu götürüb gedib, prosesi bütünlüklə pozub, nəticələr ləğv olunmalıdır».

Ələsgər Məmmədlinin bildirdiyinə görə, seçkinin işinə müdaxilə edən polis işçiləri Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və seçki sənədlərini saxtalaşdırmaq kimi maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Şərhləri göstər

XS
SM
MD
LG