Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:14

«Müşfiqin qızdırması 38-dən aşağı düşmür»


Tofiq Hüseynov və Dilbər Qasımova
Tofiq Hüseynov və Dilbər Qasımova
- İki oğlu var. Balacası onu tanımır, tutulanda 2 aylıq idi. Böyük oğlu isə 2-ci qrup əlildir. Hər gün soruşur ki, atam haradadır? Evdə alladırlar ki, atan Rusiyaya gedib. Uşaq deyir ki, atamı verin mənə, verə bilmirik…

Hazırda həbsdə olan «Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynovun atası Tofiq Hüseynov belə deyir. Rüşvət almaqda ittiham edilərək 5 il həbs cəzası alan Müşfiq Hüseynov hazırda Penitensiar Xidmətinin vərəmli xəstəliklər üçün ixtisaslaşmış tibb müəssisəsində müalicə olunur.

Müşfiq Hüseynovun artıq 2 aya yaxındır orada olmasına baxmayaraq, valideynlərinin deməsinə görə, müalicənin heç bir effekti yoxdur. Bacısı Dilbər Qasımova deyir ki, Müşfiq Hüseynov dekabrın 4-də də tibb müəssisəsindən onlara zəng vuraraq vəziyyətinin getdikcə ağırlaşdığını bildirib:

MÜŞFİQ DAYANMADAN ÖSKÜRÜR…

- Müşfiq tərləmədən, halsızlıqdan, iştahsızlıqdan əziyyət çəkir. Dayanmadan da öskürür. Qızdırması isə 38-dən aşağı düşmür.

Dilbər Qasımova deyir ki, Müşfiq Hüseynovun ya müalicə kursu dəyişməli, ya da o azadlığa buraxılmalıdır. Əks halda Novruzəli Məmmədovun aqibəti onun da başına gələcək. Dilbər Qasımova deyir ki, Müşfiq Hüseynovun həyat yoldaşı da xəstə olduğundan işləyə bilmir. Üstəlik, evləri də olmadığından həyat yoldaşı iki uşaqla gah atası, gah da qaynının evində qalır:

BU VİLLALAR, BAHALI MAŞINLAR HARDANDIR?

- Azərbaycanda yüzlərlə villalar var, bahalı-bahalı maşınlarda cavan uşaqlar gəzir. Bunlar hardandır? Ancaq iki uşağı qapılarda qalan Müşfiq həbsxanada çürüyür. O həbs ediləndə nazirlikdən dedilər ki, paltarını gətirin, Müşfiqin normal bir kostyumu olmadı. Müşfiqin rüşvətə görə tutulması gülünc bir məsələdir. Azərbaycanda hara gedirsən bizdən rüşvət istəyirlər…

«BU XƏSTƏLİK 1-2 AYA MÜALİCƏ OLUNAN XƏSTƏLİK DEYİL…»

Ancaq Penitensiar Xidmətdə isə deyəsən, Müşfiq Hüseynovun müalicə kursunu dəyişmək niyyətində deyillər. Hər halda bu xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov deyir ki, Müşfiq Hüseynovda hələ həbs edilməmiş vərəm xəstəliyi olub. Bir-iki ay ərzində vərəm xəstəliyinin tam aradan qalxmasını gözləmək düzgün deyil. Bununla belə, Mehman Sadıqov deyir ki, müalicə nəticəsində Müşfiq Hüseynovun səhhətində müsbət dəyişiklik yaranıb:

- Həkimlərin deməsinə görə, pozitiv dəyişiklik var. Ancaq yenə deyirəm, bu xəstəlik 1-2 aya müalicə olunan xəstəlik deyil…

Mehman Sadıqov deyir ki, Müşfiq Hüseynovun valideynlərinin hüququ var ki, oğullarının əfv olunması üçün dövlət başçısına müraciət etsinlər. Artıq bu müraciətin dəyərləndirilməsi də dövlət başçısından asılı olacaq.

İndilikdə isə hüquq müdafiəçiləri Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovla görüşmək istəyirlər. Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, məqsəd Müşfiq Hüseynovun azadlığa buraxılmasına nail olmaqdır.
XS
SM
MD
LG