Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:24

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü niyə gecikir?


Azərbaycan hələ 1997-ci ildə təşkilata üzv olmaq üçün rəsmi müraciət edib
Azərbaycan hələ 1997-ci ildə təşkilata üzv olmaq üçün rəsmi müraciət edib
Dekabrın 1-də Cenevrədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Nazirlər Konfransında Azərbaycanın bu quruma üzvlüyü məsələsi də müzakirə olunacaq. Azərbaycan hələ 1997-ci ildə təşkilata üzv olmaq üçün rəsmi müraciət edib. Ekspertlərin bəziləri hesab edir ki, Azərbaycanın ÜTT-yə üzvlüyünü əngəlləyən dövlət idarəçiliyinin düzgün qurulmamasıdır. Ancaq prosesin yubanmasını bəzi məmurların subyektiv münasibəti ilə əlaqələndirənlər də var.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, hakim YAP-dan deputat Nazim Məmmədov hesab edir ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmaq hər bir ölkənin arzusudur. Azərbaycanın da 1997-ci ildən bu arzusunu rəsmən büruzə verməsi təsadüfi deyil. Amma bir sıra subyektiv amillər buna mane olur.

«GUYA TƏŞKİLATA ÜZV OLSAQ BİZİM AQRAR SEKTORUMUZ ÇÖKƏCƏK»

Onun fikrincə, bu təşkilata üzv olmaq müəyyən imtiyazlar verməklə yanaşı həm də məsələn, gömrük siyasəti, subsidiyalaşma, açıq bazar, rəqabət mühiti kimi məsələlərlə bağlı müəyyən məhdudiyyətlər də qoyur. Bəzi məmurlar, iqtisadçılar isə bunları əsas götürərək deyirlər ki, əgər Azərbaycan ÜTT-yə üzv olsa guya ölkə iqtisadiyyatı çökə bilər:

«Dövlətin maraqları həmişə xalqın maraqlarına uyğundur. Ancaq bəzi məmurların marağı heç də həmişə dövlət maraqları ilə üst-üstə düşə bilməz.
Nazim Məmmədov
Çünki insan hər halda subyektiv fikir yürüdür. Müəyyən iqtisadi anlayışlarla spekulyasiyalara yol verir. Guya təşkilata üzv olsaq bizim aqrar sektorumuz çökəcək və sair. Mən belə insanların indi də idarəetmədə olduğundan heyfslənirəm. Və hesab edirəm ki, belə çağırışlara lobbiçilik marağı göstərənlər ciddi şəkildə cəzalandırılmalıdır».

Nazim Məmmədov deyir ki, hər halda ölkə başçısının tapşırığı var və Azərbaycan bu təşkilata üzv olmalıdır.

«ƏSAS SƏBƏB KORPORATİV MARAQLARDIR»

Bəzi iqtisadçılar isə hesab edirlər ki, ölkənin belə bir təşkilata üzv olmasını ayrı –ayrı məmurlar yox, bütövlükdə dövlətin idarəçilik sistemi əngəlləyə bilər.

İqtisadçı ekspert Qubad İbadoğlu düşünür ki, ÜTT-yə üzvlüyün uzanmasının bir səbəbi əlbəttə ki, ölkənin maddi, texniki və kadr baxımından bu işə hazır olmamasıdır. Amma əsas səbəb korporativ maraqlardır. Və bu maraqların daşıyıcıları mövcud situasiyada özlərini daha güclü hiss edirlər:

«Bir tərəfdən, bir qrup yaranıb ki, onlar hesab edirlər ki, gömrük sərhədləri onların nəzarətində olmalıdır. Burada müəyyən diskriminasiya, qapalı fəaliyyət imkanları olmalıdır ki, nəzarət mümkün olsun. Yəni, bu prosesə sırf biznes, ticari məsələ kimi yox, siyasi məsələ kimi yanaşırlar. Onların da marağındadır ki, ölkə bu təşkilata qoşulmaq üçün maddi, texniki və kadr baxımından problemlərlə üzləşirsə, proses uzanır və onların marağı daha çox təmin olunur».

Qubad İbadoğlu
Qubad İbadoğlu deyir ki, əgər belə davam etsə, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq barədə müzakirələrin müddətinə görə bütün rekordları təzələyəcək. Çünki artıq 12 ildir ki, ÜTT ilə Azərbaycan arasında bu barədə danışıqlar gedir. Və ola bilsin ki, hələ bir neçə il də bu proses uzanacaq.

Ekspertlərin fikrincə, məsələnin uzanmasından itirən hər halda ÜTT yox, Azərbaycandır. Çünki bu üzvlük istənilən halda ölkəyə daha çox üstünlüklər verir, nəinki məhdudiyyətlər qoyur. Belə ki, ÜTT-yə üzvlüyün köməyi ilə müəyyən ticari mübahisələrin ədalətli həllinə nail olmaq imkanı yaranır, sahibkarlar bütün üzv dövlətlərin bazarına çıxış imkanı əldə edir, milli bazarda rəqabət imkanı artır, milli qanunvericiliyin beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması baş verir, ölkəyə investisiya qoyuluşu ilə bağlı inam artır və sairə.

Qubad İbadoğlu isə hesab edir ki, hər halda bu addımın atılması ayrı-ayrı məmurların korporativ maraqlarından yox, dövlət başçısının siyasi iradəsindən asılıdır. Belə bir iradə olmasa, Azərbaycanın tezliklə ÜTT-yə üzv olması inandırıcı görünmür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG